Ümid və Əndişə

Sual: Bəzən: "Allaha sonsuz həmd-səna olsun ki, hələ də bu dairədəyik?" deyir və ümidlənirik. Bəzən də: "Allah, bu dini facir bir adamın əli ilə də dəstəkləyər!" həqiqəti ruhumuzu zəbt edir və o facirlərdən biri olma ehtimalı bizi təşviş və qorxuya salır? Bu xüsusdakı mülahizələrinizi lütf edə bilərsinizmi?

  • Xalis, səmimi bir mömin Allah naminə gördüyü  işlərdən nəfsinə pay çıxarmaz, əldə olunan müvəffəqiyyətləri heç vaxt özünə bağlamaz. O, həm Allah naminə yaşayanlarla birlikdə olmağı, həm də bu yolun müvəffəqiyyətlərini Cənabi-Haqqın rəhmətinin və İlahi mərhəmətin bir təcəllisi olaraq dəyərləndirər. "Bu qədər günahıma və bu pərişan halıma baxmayaraq, məni bu müqəddəs insanların arasına daxil edən Rəhməti Sonsuz, deməli dinə xidmət sayəsində təmizlənməm üçün mənə fürsət verir!" – fikri ilə yaşar. Sonra isə: "Hal-hazırda bu insanların arasındayam, amma sabah aqibətimin necə olacağını bilmirəm. Elə isə, gördüyüm işlərə görə qürrələnməməli, aldığım vəzifəni daha səmimi yerinə yetirməliyəm." - düşüncəsi ilə saleh əməllərə dörd əllə sarılar. (01.10)
  • Əməlinizə, məqamınıza, mövqeyinizə, əldə etdiklərinizə, qazandıqlarınıza və daxilində olduğunuz şəxsi-mənəvinin (mənəvi heyətin) müqəddəsliyinə etimad etmək əvəzinə, Cənabi-Allaha təvəccöh edərək Onun himayəsinə girməyə çalışmalısınız. Həm dünənin, həm də bu günün Belam İbn Bauraları, Bersisaları önünüzdə bir ibrət mənzərəsi kimi durur. Allahın dinini öyrənən, elm və ürfana malik olan, duası qəbul olunan və İsmi-Əzəmi (Allahın ən əzəmətli adları) də bilən Belam İbn Baura kiçik bir səhvə meyl göstərməklə girdiyi üsyan dəryasından bir daha geri dönə bilməmiş, məzhər olduğu nemətlərə güvənib təkəbbürə qapılınca başıaşağı yumalanıb getmişdir. (04.22)
  • Peyğəmbər yuvasında və vəhyin endiyi ab-havada nəşət etdiyi halda eqoizm, təkəbbür, kin, nifrət, hər müvəffəqiyyəti nəfsindən bilmə və özünü faiq görmə kimi - şeytan mexanizminin düymələri hökmündəki - zəif nöqtələrdən biri ilə yol azan bir çox insan olmuşdur. Qabildən Kənana, Həzrəti Nuhun (ə.s.) həyat yoldaşından Həzrəti Lutun (ə.s.) xanımına, Həzrəti İbrahimin (ə.s.) atasından İnsanlığın İftixarının (s.ə.s.) əmilərinə qədər bir çox insan onlara bəxş edilən qürbət iqlimini (Allaha yaxınlıq iqlimi) səmərəli  dəyərləndirə bilmədiklərinə  görə əbədi qürbətə düşmüşlər. (05.07)
  • Heç kim nəfsinə etimad etməməlidir. Axirətə inanan insan Allaha xidmətdə ən önlərdə olsa da, nəfs və şeytanın toruna düşməmək üçün təmkinli olmalı, özünün, hədisdə qeyd olunan, facir olma ehtimalından çox qorxmalı, lakin bu saleh dairədə olduğuna görə də Allaha həmd-səna hissləri ilə dolmalı və bəxş olunan bu təmizlənmə, saflaşma fürsətini ən səmərəli şəkildə dəyərləndirməyə çalışmalıdır. (13.10)
  • Həzrəti Ustad: "Sən, ey riyakar nəfsim! “Dinə xidmət etdim” deyə qürrələnmə. “Şübhəsiz ki Allah, bu dini facir adamla da dəstəkləyər və möhkəmləndirər.' hədisinə görə, müzəkka (təmizlənmiş olan) olmadığına görə, sən özünü o facir bilməlisən. Allaha olan xidmətini və übudiyyətini verilən nemətlərin şükrü, fitri bir vəzifə, yaradılmış olmağının bil, riyakarlıqdan xilas ol." demişdir. (14.35)
  • Dinə xidmət dairəsinə sövqü ilahi ilə daxil olduğumuzu göstərən bir misal... (16.00)
  • Həsən Bəsri həzrətləri kimi Haqq dostları özlərini xətanın ən çirkinini etmiş və günahın ən böyüyünə girmiş, beləcə qəlbini tamamilə məhv etmiş və ruhunu kirlətmiş bir insan kimi görmüş və buna görə də daim istiğfar etmişlər. Onları tanımayan, ruh ənginliklərinə bələd olmayan və onların özünü hesaba çəkmə üfüqünün sərhədlərini müəyyən edə bilməyən nadanlar bu yalvarışları eşidəndə: "Bu insan nə günah işləyib ki belə, mən o günahlara girmədiyimə görə bu sözləri deyə bilmərəm!" - deyə düşünə bilərlər. Halbuki, dövrümüzün insanı həyatına nəzər salsa, özü haqqındakı hökmü yenə də özü verəcək və facir bir insan olaraq cəhənnəmə düşmə əndişəsi ilə boynu büküləcək. (17.53)
  • Bütün xeyir və həsənələr axirətin gözəlliklərinə nail ola bilmək üçün adi bir səbəbdir, insanlara baxan yönü ilə bir bəhanədir. Çünki heç kim Cənnətə əməli ilə girə bilməz. Cənnətin nemətləri ancaq Allahın rəhməti və lütfü ilə əldə edilə bilər. Buna baxmayaraq, Sonsuz Mərhəmət Sahibi Rəbbimiz qullarının ən kiçik yaxşılıqlarını belə nəzərə alır, onları bir qürbət və vüslət vəsiləsi kimi qəbul edir. (23.17)
  • Biz Onun qapısında boynu boyunduruqlu qapı qullarıyıq, qayəmiz də Özünü bizə tanıtmanın vəfa borcunu yerinə yetirməkdir. Sığındığımız qapı Onun hər an, hər kəsə açıq olan qapısıdır. Qapının önündəkilərə əl uzadıb onları içəri alacaq və könüldən-sirrdən keçən uzun bir səfərdən sonra hər şeyi fərqli görüb, fərqli duyacağımız vüslət sahilinə çıxaracaq da yenə Odur. (26.05)