Üsul, üslub və imtahan

Fəthullah Gülən: Bəm teli: Üsul, üslub və imtahan

Çay süfrəsində həqiqət damlaları...

  • Dəyərlərimizin təqdimatında üsul və üsluba diqqət yetirməliyik. “Üsul” sözü təməl, əsas, kök, məbdə (başlanğıc) və həqiqət mənalarına gələn "əsl" sözünün cəmidir. Kamil həyat tərzinə aparan qanun, qayda və prinsiplər toplusuna da üsul deyilir. Təfsir, hədis, fiqh kimi hər bir elm sahəsinin özünəməxsus üsulu vardır. Məsələn, lüğəvi mənasına görə "dinin əsas qayda və prinsipləri" olan "üsuliddin" Kitab, Sünnədən və sələfi-salehinin bu iki əsasa istinadən ortaya qoyduğu fikilərdən ibarət inanc sisteminin adıdır. Keçmişdən bu günə "Üsuliddin" istilahı ilə ümumiyyətlə, islami əsaslar çərçivəsində Cənabi-Allahın zat və sifətlərindən, nübuvvət və etiqada aid məsələlərdən bəhs edən "kəlam elmi" nəzərdə tutulmuşdur, ancaq “kəlam” əslində üsuliddinin bir yönünü təşkil edir. Belə ki, ilk dövrlərdə "isimsiz müsəmma" şəklində, daha sonrakı dövrlərdə isə sistemli olaraq ortaya qoyulan İslam əqayidinin bütün əsasları haqqında "Üsuliddin" istilahı işlənir. “Üslub” isə tərz, metod və tərtibat deməkdir; həmsöhbətin xarakterinə uyğun gələn ən düzgün izah metodunu müəyyənləşdirməyə və həqiqətləri müəyyən bir tərtibat çərçivəsində çatdırmağa üslub deyilir. Bəli, müxtəlif xarakterə malik insanlara haqq-həqiqəti çatdırmağın da mütləq bir üslubu olmalıdır. İnsanların xarakterini də nəzərə alaraq ən uyğun ümumi bir üslub müəyyənləşdirməli və müxtəlif arqumentlərdən istifadə etməliyik. Əks halda dinə dəvətlə dindən uzaqlaşdırma bir-birinə qarışar və Sonsuz Nura can atmasını umduğunuz insanlar Ondan elə uzaqlaşar ki, onların təkrar geri qayıtması mümkün olmaz. Beləliklə, üsulda ilk sırada dayanan "Lə iləhə illəllah Muhammədun Rəsulullah" həqiqətini izah edəndə müəyyən bir üslubdan faydalanmalıyıq ki, məqsədə çata bilək. (00:43)
  • Qırxlarelində olanda çörəkçi Əhməd Əfəndidən bir hekayə eşitmişdim: Bir mahir aşpaz var imiş. O qədər ləziz yeməklər bişirirmiş ki, dadından doymaq olmurmuş. Bir gün xidmətçi işə gəlmir, ömründə bir dəfə də olsun müştəriyə xidmət etməyən aşpaz müştəriyə özü baxmalı olur. O da əllərini belində çarpazlayıb: "Qardaş, ün görmüşəm, gün görmüşəm, başdan gəlsin paxlava!" deyir. Bir hekayə olsa da, çox məna ifadə edir. Bəli, sizin müştəriyə təqdim etdiyiniz yemək paxlava kimi ləziz ola bilər və siz o paxlavanı səmimi qəlbdən, yaxşı niyyətlə də təqdim edə bilərsiniz. Ancaq heç vaxt yaddan çıxarmamalısınız ki, hər şeyin bir vaxtı-vədəsi, yeri və insanların müəyyən vərdişləri var. Söz və hərəkətlərin vaxtını düzgün müəyyənləşdirmə və həmsöhbətləri yaxşı tanımaq, onların yetişdiyi mədəni mühiti öyrənmək bu baxımdan çox vacibdir. İşin əvvəlini, axırını düşünmək, məsələlərin mahiyyətinə baxmaq, mövzuya bir bütöv kimi yanaşmaq, işin başından sonunadək səbəb-nəticə əlaqəsi prinsipi ilə hərəkət etmək “bəsirət” kimi fəzilətə xas cəhətlərdir. (04:27)
  • Həzrəti Əlinin (bəzi rəvayətlərə görə, İmam Əzəm Əbu Hənifə Həzrətlərinin) "Dəhriyyun" adlanan və hər şeyin zamandan asılı, kainatın isə əzəli və əbədi olduğunu iddia edib axirətə inanmayan münkir, imansız insanların yanlış yolda olduğunu göstərən kəlamlar dərin məntiqin sadə sözlərlə ifadə edilməsinə gözəl örnəkdir: "Siz deyirsiniz ki, “Cənnət yoxdur”, “o biri aləm yoxdur”, “əbədi səadət yoxdur”, mən də deyirəm ki, “inkar etdiyiniz hər şey var”. Əgər mənim dediyim doğrudursa, siz bilirsiniz, nələr itirirsiniz?! Fərz edək ki, sizin dediyiniz doğru çıxdı. Ondan mən nə itirirəm?! Sadəcə nizam-intizamlı ömür keçirmiş oluram."(09:08)
  • İman və Quran uğrunda görülən hər bir xeyirli iş bəyənilir və rəğbətlə qarşılanır. Biz də hər birini alqışlamaq məcburiyyətindəyik. Ancaq şəxs olaraq, hansı xeyirli xidməti daha çox bəyəniriksə, bütün himmətimizi, səylərimizi həmin xidmət istiqamətində sərf etməliyik. Bu da inanan insanların bəsirət və idrakına həvalə edilmişdir. İnsan araşdırıb ən doğru yolu tapmalı və könül verdiyi yol əgər doğru və məqsədəuyğundursa, bütün səylərini o istiqamətə yönəltməlidir. Əgər şübhə və tərəddüdü varsa, təkrar araşdırmalı, həqiqətə aparan ən kəsə yolu tapmalı və o yolda yoluna davam etməlidir. Çünki haqq hər şeydən üstündür. Təcrübənizə arxalanaraq həqiqətən insanı yarı yolda qoymayan, ümidləri puça çıxarmayan doğru bir yol tapmısınızsa, ən düzgün qərar həmin yoldan ayrılmamaqdır. Ən doğru, ən gözəl və ən məqsədəuyğun bir yol tapdığımıza inanırıqsa, o yoldan ayrılmamalı və bütün himmətimizi o yola sərf etməliyik. Əks halda himmətinizin dağılması nəticəsində işləriniz ləngiyər və ətrafınızdakı insanları bədgümanlığa sövq etmiş olarsınız. Bununla yanaşı, digər yolların yolçularına da sevgi, qayğı və hörmət etməliyik: "Əli Əfəndi Həzrətləri”, “Vəli Əfəndi Həzrətləri”, “Mahmud Əfəndi həzrətləri”, “Sami Əfəndi Həzrətləri” demək (ki, həqiqətən onlar bu adlara layiqdi), təqdirlə qarşılayaraq sevgi bəsləmək və “hər kəs hökmən mənim yolumla getməlidir” fikrinə qapılmamaq da çox əhəmiyyətlidir. (13:40)
  • Əsgərlikdən qabaq Şafi məzhəbinə mənsub bir nəfərlə birlikdə işləyirdim. Söhbət edəndə ona səmimi olaraq Həzrəti İmam Şafidən danışırdım. Məsələn, deyirdim ki: İmam Şafinin hemoroid kimi çox ciddi xəstəlikləri olsa da, qətiyyən şikayət etməmiş və xəstəliyinə baxmayaraq bir çox sahədə mükəmməl biliklərə yiyələnmişdi. 54-55 yaşlarında vəfat etmişdi. Həzrətin həyat və fəaliyyətini araşdıranlar yazır ki, o, öz dövründə fiqh və hədis elminin ən yaxşı bilicilərindən biri olmuş, təbibliyi və şairliyi ilə tanınmışdır. Hətta bir divanı da var. Özü deyir ki: "Əgər şeir üləmaya layiq olsaydı, mən Ləbiddən daha yaxşı şair olardım. Amma məşğul olmadım". Qəzzada ölüm ayağında belə demişdi:

وَلَمَّا قَسَا قَلْبِي وَضَاقَتْ مَذَاهِبِي جَعَلْتُ الرَّجَا لِعَفْوِكَ سُـلَّمَا
تَعَاظَمَنِي ذَنْبِـي فَلَمَّا قَرَنْـتُـهُ بِعَفْوِكَ رَبي كَانَ عَفْوُكَ أَعْظَمَا

“Qəlbim qəsvət bağlayıb çarəsiz qalınca, ümidimi əfvinə nərdivan etdim. Günahım gözümdə böyüdükcə böyüdü, amma onu götürüb əfvinin yanına qoyuca əfvinin yanında çox kiçik qaldı.”

  • Mən Həzrəti İmam Şafidən bu cür bəhs edəndə o da:"Yoox, sən Əbu Hənifəni yaddan çıxarma, fiqhin atası odur ... " deyirdi. İnsanları mənfi münasibətə sövq etməmək üçün, zənnimcə, məsələləri bu üslubla ortaya qoymaq lazımdır. Əks halda, üslubda xəta üsulu da kökündən sarsar. (17:49)
  • Rəsuli-Əkrəmdən öyrəndiyimiz bu dua ağlımıza, məntiqimizə, gücümüzə, qüvvəmizə, iradə və ixtiyarımıza güvənməməyi və Cənabi-Allahın himayəsinə sığınmağın zəruriliyini necə də gözəl ifadə edir:

يَا حَيُّ يَا قَيُّومُ، بِرَحْمَتِكَ أَسْتَغِيثُ، أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ
وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ

“Ey hər şeyi yaradan həyat sahibi Hayy və ey hər şeyin varlığını, bəqasını qüdrət əlində saxlayan Qəyyum, əngin mərhəmətinə etimadla Səndən mərhəmət diləyirəm. Hər qüsurumu islah et, bütün hərəkət və davranışlarımı qulluq şüuru ilə bəzə və bir göz qırpımı qədər də olsa, məni nəfsimlə üz-üzə buraxma, məni pisliyi əmr edən mərhəmətsiz nəfsimin ümüdünə qoyma!” (22:30)

  • Üsul və üslubda yol verilən xətalar çox zərərli olduğu kimi, bu vəya digər şəkildə səhvə yol verdikdən sonra günahı onun-bunun üstünə yıxıb başqalarını ittiham etmək ondan daha böyük və zərərli xətadır. Bütün mənfi nəticələri, istər səbəblər, istərsə də Allahla irtibat baxımından olsun öz xəta və qüsurlarımızdan bilməliyik. Çünki bu düşüncə hər şeyi qədərin üstünə yıxmağın qarşısını alar, üslub etibarilə, haşa, günahı Allahda görməyin və günahkarı başqa yerdə axtarmağın da önünü kəsər. Əks halda, Allah eləməsin, “Filankəs elə elədi, belə elədi!" deyib başqa yerdə günahkar axtarmaqdan yaxa qurtara bilmərik. Ya da "Biz neyləmişik ki, bunlar gəldi?" deyərək ilahi icraatı və taleyi tənqid etməkdən uzaq qala bilmərik. Təkrar xatırlatmaqda fayda görürəm: Uhud döyüşündən əvvəl Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) döyüş strategiyası ilə əlaqədar səhabələri ilə məsələhət-məşvərət etmişdi. Şəxsi fikri şəhərdən kənara çıxmayıb Mədinəni müdafiə etmək idi. Meydan müharibəsinin tərəfdarları çox olduğuna görə, onların fikri ilə razılaşıb Uhuda yola düşdü. Oxçuların və ictihad xətasının nəticəsində döyüşdə yetmişdən çox səhabə şəhid oldu. Döyüşdən sonra nazil olan və məğlubiyyətə baxmayaraq yenə də məşvərəti əmr edən “Ali-İmran” surəsinin 159-cu ayəsi günahı başqalarının üstünə atmama barədə inananlara bir üslub öyrədir:

فَبِمَا رَحْمَةٍ مِنَ اللهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللهِ إِنَّ اللهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ

““(Ya Rəsulum!) Allahın mərhəmətindəndir ki, sən onlarla yumşaq rəftar etdin. Əgər sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanma dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!" (24:42) (24:42)

Sual: "Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz axırda Bizim hüzurumuza qaytarılacaqsınız!" (“Ənbiya” surəsi, 21/35) məallı ayədə vurğulanan "xeyirlə imtahan" ifadəsini necə başa düşməliyik? İnsanlar ən çox hansı sınaqdan çıxa bilmirlər: xeyirlə edilən imtahandan yoxsa şərlə edilən imtahandan? (30:30)

  • Əslində, insan ölümü anbaan dadır və ona şahid olur. Hüceyrələrin dayanmadan təzələnməsi ölüm və diriliş hadisəsi olduğu kimi, yuxu da bir növ ölümdür. “Ənbiya” surəsinin 35-ci ayəsində keçən sözlərin xüsusiyyətinə baxanda insanın hər an ölümü dadması barədə də işarələri görmək mümkündür:

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ

  • Fitnə sınaq, imtahan, süzgəcdən keçirmə, xalisi saxtadan, qızılı toz-torpaqdan ayırma mənasına gəldiyi kimi, qarışıqlıq çıxarma, fitnə-fəsad törətmə, hərcü-mərcliyə səbəb olma və insanları bir-birinə vurdurma da fitnə sayılır. O cümlədən bəzən bizi təhlükəyə atan cismani arzularımız, mal-mülk, ailə-övlad, sağlamlıq, gənclik, vəzifə, şan-şöhrət kimi şeylərlə yanaşı, yoxsulluq, xəstəlik, qocalıq, günahla dolu mühitdə olmaq, nəfsi-əmmarənin əsarətində olmaq, ins-cin şeytanların toruna düşmək, əhli-küfür və əhli-ilhadın zülm, işgəncə və təzyiqinə məruz qalmaq, dinə-diyanətə zidd əməllərə məcbur edilmək, dindanlığa görə məhkəmələrdə sürünmək, zindanlara atılmaq, sürgünə göndərilmək, yaxın insanların, xüsusilə də övladların inanc və düşüncəsini korlayan axınlar qarşısında mətin dayanıb-dayanmamaq, münafiqlərin müxtəlif yollarla millətin birliyini pozma cəhdi ilə mübarizə aparmaq... Bəli, bunların hər biri bir fitnədir və bəzisi Quranın ifadəsi ilə desək, insan öldürməkdən daha böyük cinayətdir. Əslində Qurani-Kərim "Biz sizi şər və xeyirlə imtahana çəkərik" (Ənbiya surəsi, 21/35) buyuraraq bizə fitnələrin müxtəlif olduğunu öyrədir və getdiyimiz yolun peyğəmbəranə mətanət tələb etdiyini vurğulayır. (33:28)
  • Sözügedən ayədə keçən "وإلينا ترجعون Və siz ancaq (ora-bura, ona-buna, başqa surətə deyil, yalnız) Bizim hüzurumuza qaytarılacaqsınız" ifadəsi axirət və həşr etiqadı zəif olanlara da cavab sayılır: Reinkarnasiya (tənasüh: bədənin ölümündən sonra ruhun yeni bir bədənə girib təkrar dünyaya qayıtması) olmayacaq, başqa bir canlıya çevrilməyəcəksiniz... ölüb yox olmayacaqsınız, torpağa qarışıb çürüməyəcəksiniz, "Bizim hüzurumuza qaytarılacaqsınız." (34:35)
  • Allahın bəxş etdiyi nemətlərin sayı-hesabı yoxdur, amma ülfət və ünsiyyət (vərdiş) qoynunda böyüyən, inkişaf edən və cismani yönünə çox əhəmiyyət verən insan bu nemətlərin qədir-qiymətini ancaq əldən çıxandan sonra başa düşür. Halbuki əsas məsələ nemətin dəyərini vaxtında bilmək, bilib bütün varlığımızla Allaha yönəlməkdir. Allah neməti bir hikmətlə əldən alanda da bir qul olaraq səbir etmək, "qəhrin də, lütfün də birdir Allahım!" deyərək qulluğa zidd əməllərə yol verməməkdir. "Möminin halı təqdirə layiqdir. Onun hər əməli xeyirdir və bu yalnız möminə xas bir məziyyətdir. O, şad xəbər eşidəndə sevinər, şükür edər ki, bu, onun üçün xeyirdir. Çətinliyə düşəndə səbr edər, bu da onun xeyrinədir." İmamlıq, müəzzinlik, müəllimlik, hərbiçilik, vəkillik ... hər biri bir nemətdir. Ondan Allah rizası istiqamətində, millətin xeyrinə yararlanmağa çalışmaq şükürdür və xeyirlə imtahandan üzüağ çıxmağa vəsilədir. (36:20)
  • Allahı unutduran və Ondan uzaqlaşdıran nemət zahirən nemətə bənzəyən nikmətdir (bəla və müsibətdir). Səbrə və Allaha yönəldən nikmət isə nəticə etibarilə nemətdir. (44:48)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.