Yararsız nəsillər və xeyirli xələflər

Fəthullah Gülən: Bəm teli: Yararsız nəsillər və xeyirli xələflər

Sual: “Məryəm” surəsində peyğəmbərlərin müxtəlif xüsusiyyətləri qeyd olunandan sonra Allah-taala belə buyurur: "Onlardan sonra elə bir nəsil gəldi ki, namazı hədər etdilər, şəhvətin dalınca düşdülər. Bunlar öz əməllərinin cəzasını görəcəklər". Bu nöqteyi-nəzərdən sələfi-salehinin yolundan ayrılmamaq üçün nələrə diqqət etməliyik? Əmanətə sadiq bir xələf olmaqla namazı iqamə etmək arasında əlaqəni necə izah edərdiniz?

  • Bu surə qadınlıq aləminin sultanlarından Həzrəti Məryəmin adı ilə anılmasına və Həzrəti İsanın dünyaya gəlişi təfsilatı ilə təsvir olunmasına baxmayaraq, Həzrəti Zəkəriyyadan (əleyhissalam) bəhslə başlayır. “Kəhf” surəsində keçən bəzi peyğəmbər qissələrinin ardınca Həzrəti Zəkəriyyə, Həzrəti Yəhya, Həzrəti İsa, Həzrəti İbrahim, Həzrəti Musa, Həzrəti İsmayıl və Həzrəti İdris (ala nəbiyyina və aleyhimüs-səlatü vəssalam) yad edilir. Bundan sonra peyğəmbər yolundan azanlardan bəhs olunur və hər cür şirkin batilliyi isbat edilir. (01:50)
  • Bu gün "mehrab" deyəndə ağıla ilk olaraq məscidin önündə olub imam namaz qıldırarkən dayandığı yer gəlir. Bu söz zikri-cüz iradeyi-küll (bir bütövün parçasının adı çəkilməklə bötövün nəzərdə tutulması) qaydasına əsasən məscid və məbəd haqqında da işlənə bilər. Qurani-Kərimdə Həzrəti Məryəmin ibadət etdiyi yerə də mehrab deyilir ki, bu da, çox guman, məbəddə hündür pilləkənli məhfil və ya bir nəfərlik ibadətgah, xüsusi otaq kimi bir məkandır. (03:00)
  • Surədə həmçinin Həzrəti İsmayılın ailəsinə namaz və zəkatı tövsiyə etməsindən də bəhs olunur. Ardınca dəridən paltar tikən, qələmlə yazı yazan ilk insan olan, ulduzları və hesab elmini bilən Həzrəti İdris və onun uca bir məqama yüksəlməsindən (merac) bəhs edilir. Sonra da "(Ey şanı uca Nəbi! ..) Bunlar, nemət verdiyimiz bu şəxslər, Adəmin nəslindən, Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar" (“Məryəm” surəsi, 19/58) ayəsi ilə həmin saleh qulların ortaq xüsusiyyətləri sadalanır. (04:30)
  • "Onlardan sonra elə bir nəsil gəldi ki, namazı hədər etdi, şəhvətin dalınca düşdü. Bunlar öz əməllərinin cəzasını görəcəklər " (“Məryəm” surəsi, 19/59) ayəsində peyğəmbər və saleh qullardan sonra gələn xeyirsiz nəsillər "xalf" sözü ilə ifadə olunur. Əslində "xələf" birinin yerinə sonradan keçən adam, atadan sonra yerinə keçən mənasına gəlir. Ayədə xüsusilə "xalf" sözündən istifadə olunmasında belə bir məna var: bu nəsillər elə bil o pak ata və babaların soyundan gəlməyib. Əcdadın heç bir gözəl cəhəti bunlara sirayət eləməyib və bunlar hər şeyi alt-üst edən baş-ayaq insanlardır. (07:00)
  • Xeyirsiz nəsillər ilk öncə namazı hədər ediblər. Ola bilsin bəziləri namazı tamamilə tərk etməyib, amma daxili və xarici rükünlərinə lazımınca diqqət yetirmirlər. Halbuki Qurani- Kərim kamil ibadətə “xuşu” və “hudu”nu şərt qoyur. “Xuşu” Allaha qorxu və sevgi hisləri içində boyun əymək, ürəkdən hörmət və itaətdir. “Hudu” Allahın əzəməti önündə məhviyyətlə boyun bükmək, səmimi təslimiyyətdir. “Xuşu və hudu” isə qulun Cənabi-Allahın əzəmət, qüdrət və ululuğunu öz acizlik, yoxsulluq və kiçikliyi ilə birlikdə düşünməsi və nəticədə qəlbinin daim Ona hörmət və təzim hissləri ilə döyünməsi, söz və hərəkətlərinin də bununla üst-üstə düşməsidir. Belə bir qul ilk günkü kimi daim ədəbli olar, sayğı və xəşyətlə oturub-durar, mələklərlə qoşa getsə də, məhviyyət və təvazökarlığı heç vaxt əldən verməz. Quran məhz bu cür namazı iqamə edənlərə, onun daxili və xarici rükünlərinə layiqincə diqqət yetirənlərə qurtuluş vəd edir. (08:10)
  • Bir insan namazını kamil qılsa, həyatında nurlu zaman dilimləri çoxalar, qaranlıq anlar isə azalar. Daxili aləmində şeytani, nəfsani boşluqlar azalar, mələki, ruhani qapılar da taybatay açılar. Ancaq bütün bunlar namazı şüurlu şəkildə qılınmasından... ürəyin atılmasından, hislərin cuşa gəlməsindən, ruhun ürpərməsindən asılıdır. Bu baxımdan mükəmməl namaz "Şübhəsiz ki, namaz həyasızlıqdan və pislikdən qoruyar" (Ənkəbut Surəsi, 29/45) ayəsində təsvir edilən namazdır. Bu səviyyədə kamil namaz qılmaynların xəta etməsi qaçılmazdır. Əmr edildiyi və Allahın rizası üçün qılınan namaz, başqa sözlə desək, mehvəri ixlas, məqsədi ilahi riza olan namaz, üstəlik mütəmadi yerinə yetirilərsə, bu gün olmasa da mütləq sabah insanı əxlaqızlıqdan və haramlardan qoruyar. İnsanı əxlaqsızlıq və haramdan qoruyan bir ibadət, şübhəsiz ki, şirkdən və şirk qoxusu gələn şeylərdən, zəlalət və zəlalətə aparan yollardan uzaqlaşdırar, çünki namaz başdan sona qədər qövli (sözdən ibarət), feili və hali zikrullahla hörülmüş bir ibadətdir. Belə bir zikir çox əzəmətlidir və Allahın ululuğuna layiq keyfiyyətə malikdir ki, Qurani-Kərimdə keçən "Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir!” (“Ənkəbut” surəsi, 29/45) ayəsi də bu məqamı vurğulayır. (14:07)
  • Namaz hədər edilincə əxlaqsızlığın (şəhəvat) önünü kəsən sədlər dağılır, bütün arzu-istəklər insanı şeytani yola sürükləməyə başlayır. Get-gedə o səviyyəyə çatır ki, şəhvani hislərə uymaq tədricən həmin insanın xarakterinə çevrilir. “Şəhəvat” “şəhvət” sözünün cəmidir, bütün heyvani hiss və nəfsani arzular bu sözlə ifadə olunur. Qurani-Kərimdə belə bir ayə keçir: "Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır." (“Ali-İmran” surəsi, 3/14). Bu ayədə "şəhəvat" kimi sadalanan şeylər halal nemətlər olsa da, harama səbəb ola bilər. Bunları halal dairədə süsləyib cazibədar göstərən Allah-taaladır. Haram dairədə bəzəyən isə şeytan və bəşəriyyətin cahilliyidir. Pislənməsi və qınanması da ilə məhz bununla bağlıdır. Bu cazibədar şeylər dünya həyatını yaşamaq və buradan keçib Allaha qovuşmaq üçün bir vasitədir. İnsanın bu vasitəni məqsəd halına gətirib Allah dərgahında dəyərini itirməsi isə böyük axmaqlıqdır. Çünki belə insanlar həyatın qiymətli çağlarını o zövqü əldə etmək ehtirası ilə alışıb-yanaraq keçirir, sonra da onlardan məhrum qaldıqlarına görə iztirab çəkirlər. (16:55)
  • Namazı hədər edənin və şəhvətə uyanın axırı "qəyya"ya yuvarlanmaqdır. Qəyya Cəhənnəmin ən amansız təbəqəsində qorxunc bir quyudur, ora düşənin qurtuluşu elə də asan deyil. (18:50)
  • İmanın dadını almayan insanlar təkcə öz əməlləri və bəzi xüsusiyyətlərinə görə deyil, görmədikləri işlərə və qazanmadıqları uğurlara görə də təriflənməyi, layiq olmadıqları gözəl xüsusiyyətlərlə yadda edilməyi arzulayırlar. Qurani-Kərim belələrinin acınacaqlı aqibəti haqqında buyurur: "Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!" (“Al-i İmran” surəsi, 3/188) Bir insanın əməllərinə görə sevinməsi, başqalarının uğurlarına görə alqışlanmaq, özünə aid olmayan gözəl vəsflərlə təriflənmək istəməsi küfür və münafiqlik əlamətidir. Alqış və tərif ummaq kimi qəlbi, mənəviyyatı öldürən viruslar bəzi möminlərdə də olur. (21:00)
  • Ayədən məalən belə buyurulur: "İman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq." (“Məryəm” surəsi, 19/96). Ərəb dilində bu feil təcəddüd (müntəzəm yenilənmə) mənasındadır. Ayədə keçən "amənu" sözü də feildir. Deməli, "iman edənlər" bir dəfə iman etdikdən sonra müntəzəm şəkildə özünü yeniləyərək hər gün yeni bir şey kəşf, yeni düşüncə və yeni mülahizələr ortaya qoyaraq irəliyə doğru addımlayırlar. Bununla da kifayətlənməyib "düzgün əməllər işləyir və imanın çərçivəsində yaşayırlar", yəni ömrü "saleh əməl"lərlə keçirirlər. Bu səviyyədə imana malik olan və imanın tələblərini Haqqın rizasına uyğun yerinə yetirən bu insanlar ilk öncə Haqqın, sonra da xalqın rəğbətini qazanırlar ki, "Həzrəti Rəhman onlara qarşı qəlblərdə sevgi oyadacaq və ins-cin − hər kəsin ürəyini onlara qarşı sevgi ilə süsləyəcəkdir."(26:45)
  • Allah Rəsulu (sallallahu əleyhi və səlləm) “Məryəm” surəsinin 96-cı ayəsi ilə əlaqədar belə buyurur: "Allah bir qulu sevəndə, “Mən filankəsi sevdim, siz də onu sevin” deyə səslənir. Cəbrail də bunu göylərə və yerə çatdırır... " Əslində məhəbbət və sevgi Onunla yarandı, nazlana-nazlana göyləri və yeri bürüdü. Bu, ya Allahın əvvəlcə məhəbbətə gedən yolları yaradıb sevgini onun üstündə bina etməsi ilə ya da insanın gələcək məqamını bildiyi üçün onu əvvəldən sevib sonra da vicdanını xeyirxahlığa, gözəlliyə və saleh əməllərə yönəltməsi ilə olur.. Hər iki lütfün kökündə ilahi yardım dayanır və hər ikisinin də əsası ilahi sevgidir. Bizdən bəzilərinə belə bir ərməğanın verilib-verilməməsi haqda bir söz demək iddia olsa da, dünyanın müxtəlif bölgələrində xidmət edən sevgi qəhrəmanları haqqında bu həqiqəti əks etdirir. Bəli, bu insanların xidmət etdikləri coğrafiyaya və onlara qarşı göstərilən sevgiyə bir nəzər yetirsək, bu həqiqəti aydın şəkildə görərik. Təkcə onların getdikləri ölkələrə baxanda“Cənabi-Allah bu yoldaşları insanlara sevdirməsə, insanların qəlbində onlara qarşı rəğbət hissi yaratmasaydı, bütün bunlara nail olmaq nə qədər mümkündü?” (32:15) deməmək olmur.
  • Nə qədər yaxşılığı, gözəlliyi və ya müvəffəqiyyəti özümüzdən bilsək, "biz etdik .. biz elədik .." desək və fani dünyada fani insanların alqışlarını umsaq, bir o qədər Baqi olan Allahın lütfündən məhrum qalar və Allah eləməsin, “Alın payınızı!" kimi qəzəbə tuş gələrik. (39:09)