344-cü nəğmə: ““Kaş” deməmək üçün...”

344-cü nəğmə: ““Kaş” deməmək üçün...”

  • Elə ömür yaşamalıyıq ki, sonra nə dünyamıza, nə də axirətimizə baxıb “kaş” deməyək. Dünya və axirətimizi "kaş" nədaməti ilə ləkələməmək üçün bəsirətli, diqqətli və təmkinli ömür sürməli, yolundan gedib Ona vasil olmağa can atmalı, mövqeyimizin məsuliyyətini dərk edib ona əməl etməli və Onun haqqı bizim də vəzifəmiz olan nə varsa hər şeyə riayət etməli və bu barədə nöqsana yer verməməliyik.
  • Cəhənnəmə atılanlar dünyada etdikləri əməllərin - pis söz, rəftar və hərəkətlərin - cəzasını üzündən tanıyacaqlar. Zülmkarlar, müstəbidlər dünyada etdikləri hər bir zülmün axirətdə əzaba çevrilib önünə sərildiyini görəcəklər: "Bu od filan küfür sözün.. bu acı filan şirk hərəkətin.. bu peşmanlıq bu insafsız düşüncənin nəticəsidir!.." deyəcəklər.. deyəcək və “Kaş torpaq olaydım!” (“Nəbə” surəsi, 78\40) fəryadıyla inləyəcəklər.
  • “Furqan” surəsində məhşər meydanından bir mənzərə təsvir olunur və buyurulur ki, zalımlar, müstəbidlər dünyada Peyğəmbər yolunda getmədiklərinə görə, peşmanlıqdan əllərini çeynəyəcək və “Kaş filan kəslə dost olmayaydım! Vallah nəsihətdən (Qurandan) məni o uzaqlaşdırdı”, - deyib yanıb-yaxılacaqlar. Bu boş istəkləri və faydasız “kaş”ları üstüörtülü şəkildə çatdıran ayədə buyurulur: “O gün zalım əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım; Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim; And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan o uzaqlaşdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).” (“Furqan” surəsi, 25\27-29)
  • Elə bir gün gələcək ki, o gün kafirlər onlar üçün hazırlanan zəncirləri, qandalları və qızğın alovu görüb dəhşətə gələcək; cəzasını gözləyən üzü zil qara, qaraqabaq münkirlərin nə dizində taqət, nə də vücudunda qüvvət qalacaq; dünyada ilahi qanunlara əməl etməyənlərə: “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!” (“Mursəlat” surəsi, 77\29), “Girin kölgəsi olmayan, odlu-alovlu, üç ölçülü (təbəqə-təbəqə olan) Cəhənnəmin zülmətinə!” deyiləcək. Varı-yoxu əlindən alınan bu müflislər sürünə-sürünə oda atılacaqlar və o gün onlara yalnız əməllərinin qarşılığı veriləcək. Mücrimlər əməl dəftərini görüb qorxacaq, dəhşətə gələcək, “Vay halımıza! Bu necə bir dəftər imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” (“Kəhf” surəsi, 18\49) ağlayıb-sızlayacaqlar. Əməl dəftəri sol əlinə veriləndə isə elə həsrət çəkib, elə peşman olacaqlar ki.. elə inildəyib, elə fəryadü-fəğan edəcəklər ki, təsviri mümkünsüzdür. O gün onların “Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi) olaydı! Mülküm (səltənətim) də məhv olub getdi!” (“Haqqə” surəsi, 69\25-29) fəryadları ərşə çəkiləcək.
  • Çoxlu və müxtəlif “kaş”lar var. Bəzi insanlar orada “Kaş Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman, Həzrəti Əli (radiyallahu anhum əcmain) kimi yaşayaydım, onlar kimi imkanlardan yararlanaydım, onlar kimi dünyaya bel bağlamayaydım, onların yolunda gedəydim!”, - deyib inildəyəcəklər.
  • “Kaş” deməmək üçün insan “Yadındadır, doğulduğun günlər? \ Sən ağlardın gülərdi aləm \ Elə ömür yaşa ki, olsun \ Ölümün sənə bayram, xalqa matəm” misralarına sadiq bir ömür yaşamalıdır.
  • Bu məfkurəyə könül verənlərin həyatı “kaş”lardan uzaq olmalıdır. “Kaş” onların nə bu gününə, nə sabahına, nə də ki axirətinə yaxın düşməməlidir.
  • Bilmirik nə vaxt bizə: “Növbə səndədir” deyəcəklər. Bunu bilə-bilə əksəriyyətimiz ölümə biganəyik. İbn Hacərin “Münəbbihat” əsərinin girişində bu həqiqətdən bəhs edən belə bir nəsihət var: “Ey dünya işləri ilə başını qatan zavallı! Uzun ömür ümidi ilə elə hey aldandın. Bəs deyil bu qədər qəflət, biganəlik. Bax axirətə yola çıxma vaxtı gəlib çatdı. Unutma, bir gün ölüm qapını döyəcək. Əməl sandığı – qəbir səni gözləyir. Elə isə başından at dünyanın dərdini-sərini və səbrə sığın; əcəl gəlib çatanadək hələ də fürsət var”.
  • Həzrəti Pir bizim əvəzimizə deyir: “Eyvah, aldandıq! Bu dünya həyatını daimi zənn etdik. Buna görə də tamamilə hədər etdik. Bəli, bu güzərani-həyat bir yuxudur, bir röya kimi keçdi. Bu təməlsiz ömür də çay kimi axıb gedir."
  • Həzrəti Ustad başqa bir yerdə də ruhunun ehtiyacını dilə gətirir:
  • Faniyəm fani olanı istəməm. Acizəm aciz olanı istəməm.
    Ruhumu Rəhmana təslim etdim, qeyri istəməm.
    İstərəm, fəqət bir Yari-Baqi istərəm.
    Zərrəyəm, fəqət bir Şəmzi-Sərməd istərəm.
    Heç əndər heçəm, fəqət bu mövcudatı birdən istərəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.