405-ci nəğmə: “Münfiqlik çağı və prezident seçkiləri”

405-ci nəğmə: “Münfiqlik çağı və prezident seçkiləri”

“Gül xarə düşdü, sinə fikar oldu əndəlib / Bir xarə baxdı, bir gülə, zar oldu əndəlib” (Naili Qədim)
(Tikanlığa düşən gül bülbülün qəlbini yaraladı / Naçar qalan bülbül gah gülə baxdı, gah da tikana.)

Gül tikanlığa düşəndə bülbül dilgir olarmış... Zar qalıb bir xarə, bir də gülə baxarmış... Naili Qədim... Təhlili uzun çəkər... Çünki səbki-hindi üslübünda[1] qələmə alınmış... Buna baxmayaraq dövrümüzü gözəl təsvir edir. Ancaq əlavə olunası bir şey var. Gülünüz xarə düşsə də, əgər siz bülbül isəniz, məncə, gülə zar etməmək lazımdır. “Aşiqəm desən, bəlayi-eşqdən ah eyləmə / Ah edib əğyarı ahından agah eyləmə!” Bu misralar da “Şüəra ləşkərinə miri-livadır sühanım” (Sözüm şairlər ordusunun bayrağıdır) deyən şairlər sultanı Füzuliyə aiddir. Bir az dəyişdirərək deyim: “Dərdliyəm dersən, bəlayi dərddən ah eyləmə / Ah edib dərd bilməyənləri ahından agah eyləmə!” Alış, yan, amma qəmini izhar eyləmə, dərdini kimsəyə söyləmə. Belə bir zəmanəyə gəlib çatmışıq.

Əsl qəhrəmanlıq dayanmadan pislik edənə belə yaxşılıq etməkdir!

Şayəd qəlbin eynilə mədə kimi bir “həzm sistemi” varsa, buna uyğun müəyyən “fermentləri” varsa ki, biz var olduğunu deməyə çalışırıq... imanı-billah, həqiqi iman, mərifətullah, məhəbbətullah, iştiyaq liqaullah/Allaha vüsal və iştiyaq liqarəsulullah/Rəsulullaha vüsal kimi “ferment”ləri varsa... “Gəlsə, Calalından cəfa, yaxud Camalından vəfa...” Dayanmadan nizə yağışına tuş gəlsən də, mütəmadi səni iynələsələr də, tez-tez gah sağdan, gah da soldan çuvalduz batırsalar da, bütün bu zərbələri həmin “fertment”lərlə parçalamalı, bir “uf”la belə ağrını sezdirməməlisən. Təkrar edirəm: “Səbir qurtuluşun sirli açarıdır.” Zərbələr bəzən sağdan, bəzən soldan, bəzən öndən, bəzən arxadan, bəzən altdan, bəzən üstdən... Bəzən evinizin içindən, bəzən yanınızda səcdəyə gedəndən... Bəzən dirsək-dirsəyə, diz-dizə, topuq-topuğa təmas etdiyin insanlardan gəlir. Əsl qəhrəmanlıq bütün bunları içinə sinirmək, səsini çıxarmamaq və mərd-mərdanə “Haqqım halal olsun!” deməkdir.

Haqqın müdafiəsi naminə təshih, tövzih, təkzib haqqınız və yeri gəlsə, bu məşum ağızları susdurmaq üçün xarakterinizə uyğun şəkildə, insan kimi, hətta mələki, mələkuti cəhətinizlə cavab vermə haqqınız bundan istisnadır. Ancaq onlar kimi coşub-daşmaq; illah da “dediyini deyəcəyəm”, “elədiyini edəcəyəm”, “söylədiyini söyləyəcəyəm”, “yazdığını yazacağam”, “pozduğunu pozacağam”, “qaralayacağam”, “tutmasa da, qoy izi qalsın, ləkə yaxacağam”... kimi nəhs, ədəbsiz hərəkət və davranışlarla cavab qaytarmamaq əsl qəhrəmanlıqdır.

Həzrəti Məsih (əleyhissalam) dərin ruhaniliyi təmsil edən böyük peyğəmbərlərdəndir/ənbiyayi-əzəm. İnsanlığın İftixarı axırzamanada onun gələcəyini buyurur; şəxsi-mənəvi/mənəvi heyət olaraq, ya da ki bir başqa şəkildə, təfərrüatda mübahisəyə girməməli, mahiyyətdə ortaq qənaətə gəlməliyik. O, “Sağdan vursalar, çevir üzünü qoy soldan da vursunlar, ancaq şilləyə şillə ilə cavab vermə!” buyurur. Bu sözün sahibi, Söz Sultanı deyir ki: “Yaxşılıq, yaxşılıq edənə yaxşılıq etmək deyildir. Əsl yaxşılıq, dayanmadan pislik yağdırana yaxşılıq etməkdir.” Zənnimcə, bu ruha dilbəstə, bu ruha heyranlıq bəsləyən və ona iştiyaq izhar edən insanların öhdəsinə düşən də bu cür davranmaqdır. Əks halda şüarları bölüb-parçalamaq, insanlar arasına ədavət salmaq olan bəzi kimsələrə eyni şəkildə cavab verərsəniz, bir ayrılığı iki qata çıxararsınız. Bir-birinizdən uzaqlaşmağı iki qata çıxarmış olarsınız. Əgər bir gün tərəfələrdən biri peşman olarsa, enerjisini sərf edib bu iki qat uzun məsafəni qət etmək məcburiyyətində qalacaqdır. Siz yerinizdən tərpənməməlisiniz. Uzaqlaşanlar bir gün qayıdarsa, heç olmasa iki qat uzun məsafəni qət etməyə məcbur qalmasınlar. Artıq əziyyət çəkməsinlər. Ən pis insanlara belə zəhmət verməməyə qərarlı, əzmkar olmalı, niyyətindən dönməməli və alicənab olmalısızınız.

Belə bir zamanaya gəlib çatmışıq. Çünki İslam dünyasında münafiqlik dövrüdür. Minəş-şərq iləl-ğarb, minəl-cənub iləş-şimal, münafiqlik bütün İslam dünyasına hakim olmuşdur. Əgər reallığı görməsək, konyekturanı qavramasaq, heç xəbərimiz olmadan, Allah eləməsin, İslama çox ziyan vurarıq. Kim pislik edərsə-etsin, pisliklə cavab qaytarmamaq lazımdır.

O təcavüzkarlara yalnız acımaq lazımdır!

Adları çəkilsə də, çəkilməsə də, bunu deməkdən xoşum gəlmir... Ürəyinizə bir baxın, onların kim olduğunu görəcəksiniz. Ona görə, bunu deməkdən xoşum gəlmir. Ancaq, gördüyünüz kimi, elə bir dövrdür ki... Məsələn, desəniz ki “İnsanları cənnətə aparmaq istəyirik!” Aranızda bu gözəl niyyətə etiraz edən varmı? “Bir yol tapmışıq; gözü görməyənlərin əlinə çomaq verərək, ayağı tutmayanları çiynimizə alaraq cənnətə aparmaq istəyirik!” desəniz... Hal-hazırda hər şeyi elə təhrif edirlər ki... Sizə: “Dünyada o qədər vacib iş var, gör necə də bu işlərdən boyun qaçırırlar. Cənnətə gedib neyləyəcəksiniz!” deyərlər. Təhrifin meydan suladığı belə bir dövrdə hər halda bəzi kəsimlərə qarşı ağıllı davranmaq, Məhəmmədi əxlaqla davranmaq, – Ona minlərlə salət və salam olsun – Məsih ruhu ilə hərəkət etmək, Yunus Əmrə ruhu ilə hərəkət etmək, “Döyənə əlsiz, söyənə dilsiz, dərviş könülsüz gərək” demək lazımdır. “Dərviş xirqə ilə tac deyil / Könlünü dərviş eyləyən xirqəyə möhtac deyil!” Qoy el-aləm məqam-mənsəbləri ilə fəxr etsin, qoy məqamlarından öz mənafeyinə istifadə etsin. Sizin ən böyük məqamınız təvazökarlıq, məhviyyət, xəcalət, “nəfsini sıfırlama”dır. Yoxda var olduğunu iddia edən varlıqda yoxluğu bilməz, söhbəti-yar ləzzətini əğyar olan bilməz. Qoy onlar bunu bilməsinlər. Onsuz hər hərəkətdə bilmədiklərini izhar edirlər.

İllərdir yaxşılığın lisanı, yaxşılığın tərcümanı olmaya çalışan mübarək bir müəssisənin qarşısında etiraz məqsədilə – kaş bunu da deməsm – Bastilya qaçqınları kimi, bir qrup insan toplanmış, bir nəfəri də çiyninə çıxarmış bayrağı yerə salmağa çalışırlar. Sən demə çiynində gəzdirdikləri o adam da onların ağaları, başbilənləri imiş! “Lə iləhə illə Muhəmməd, Lə iləhə illə Muhəmməd” deyə haray salmışdılar. Demək, ömründə kəlmeyi-tövhidi, kəlmeyi-şəhadəti belə öyrənə bilməyib. Məni bağışlayın onlara “qaçqın” dedim, rica edirəm, onlar da öz nöqsanlarını bilsinlər. Bir başqası bunu desə, “çaşdı” deyərsiniz. Ancaq kütlə psixologiyası ilə ətrafına toplaşan oradakı yığın da – bəzilərinin dediyi kimi, mən “çapulçu/quldur” deməyəcəyəm, çünki o ifadə mənə çirkin gəlir. Ağzı pozuq xəstələrin sözüdür – eyni şeyi təkrar edir: “Lə iləhə illə Muhəmməd, Lə iləhə illə Muhəmməd” deyirdilər. Bu, bir mənada şirkdir. Guya kiməsə tövhid dərsi verirlər, amma xəbərləri yoxdur, şirkə girirlər.

Zənn etməyin ki, kimisə tənü-təşnə etmək üçün bunları dedim. Sizə söyən, ağzına gələni deyən, aleyhinizə olan bu anlayışa və bu mentalitetə mənsub insanlara, məncə, ancaq acımaq lazımdır. O çirkin səslərini çıxarmasınlar deyə bir loğma çörəyə bir az bal, bir az qaymaq yaxıb qabağına atmaq lazımdır ki, danışıb günaha girməsinlər. “Sümük” demədim, çünki o başqasına atılar. Əgər azacıq insafları varsa, mənə elə gəlir səslərini kəsərlər. Azacıq imanları varsa, səslərini kəsərlər. Azacıq şüurları varsa, səslərini kəsərlər. Çünki heyvanlar belə, ən vəhşi heyvanlar belə bu dərəcədə alicənablığa biganə qalmaz.

Yumşaq söz yumşaq qəlbin səsi, sədasıdır...

Allah-taala firon kimi, Amnofis kimi bir inadkarın yanına – bu, ən sevdiyi bəndəni təhlükəyə atmaq deməkdir – “Qorxuram ki, məni öldürərlər!” deyən bir bəndəni göndərir. Ona və qardaşına buyurur ki: “Fironun yanına gedin, yumşaq bir dillə duyğu və düşüncələrinizi çatdırın!” Bu həmin Amnofisdir ki, (yəhudi) qövmünü kasta sistemi ilə idarə edir, “Siz yalnız mənə xidmət etmək üçün yaradılmısınız!” deyir, bir ayənin də bildirdiyinə görə “Sizin – haşa – Tanrınız mənəm!” söyləyirdi. Belə bir adama Alla-taala şanlı elçisini göndərir və “qövli-leyyin olun / yumşaq dilli olun” deyirdi. “Ya Rəbbim, niyə yumşaq dillə danışaq?” Çünki yumşaq söz yumşaq qəlbin səsi, sədasıdır, mülayim düşüncənin səsi, sədasıdır, mülayim davranışın səsi, sədasıdır. Mərəkə qoparmaq, şivən salmaq, paxıllıq etmək, gözü götürməmək, kin, nifrət və intiqam hissi şeytan xarakteridir. O/şeytan, səcdəyə gəlmədi, hələ də inadkarlıq edir. Zəyif bir hədisə görə, Cənabi-Allah ona: “Get, Həzrəti Adəmin qəbrində ona səcdə et, qəbul edərəm!” demiş, lakin o, yenə inad edib “Getmərəm!” demiş. Kinin, nifrətin abidə şəxsiyyətini görmək istəyən ona baxsın. Hər dövrdə onun ardıcılları olmuşdur. Yumşaq davranar, yumşaq söz deyər, düşüncələrinizi yumşaq bir üslubla ortaya qoyarsanız, bəlkə ağlı başına gələr, xəşyət hissini duyar. “Gör bu qədər inadkarlıq, bu qədər kobudluq, bu qədər ədəbsizlik etməyimə, bu qədər intiqam hislərimə baxmayaraq, mənə cavab qaytarmadılar!” deyər.

İstər “mühavilə”, istər “mülainə”, istərsəniz “mabahələ” deyin. Mən “Pislik edən biziksə, Allah bizi lənət etsin, əks halda kim edirsə, onu lənət etsin!” demişdim. Bu, bir mənada “mübahələ”, bir digər mənada isə “mülainə”dir. Ləntləşmə “Nur” surəsində açıq şəkildə öz əksini tapmışdır. Bəzi alimlərə görə də bu, “mühavilə” – səhv olanı Allaha həvalə etməkdir. Bu söz də çox çirkin səslənir, möminə deyilməz, amma bəzi “cahillər” buna “bəddua” dedilər, “bəddua” kimi başa düşdülər. Bu son söylədiyim sözləri də bəddua kimi başa düşdülər.

Hazırda cəmiyyət müqab cəhalətdədir. Yeri gəlmişkən söyləyim: “müqab cəhalət” ifadəsini ola bilsin, hamı bilməsin. Bu ifadəni terminologiyamıza Ziya Gökalp gətirmişdir. Bir var “bəsit cəhalət”, bir var “müzaaf cəhalət”, bir də var “müqab cəhalət”. Bəsit cəhalətdə insan bilmir. Müzaaf cəhalətdə insan bilmədiyini bilmir. Müqab cəhalətdə isə insan bilmədiyini bilmir, ancaq elə zənn edir ki, bilir. Müqab üç qatlı, üç laylı cəhalət deməkdir. O müqab cahillər sözü başqa tərəfə çəkdilər, başqa mənada izah etdilər. Onların içində özünü qələm üstadı sayanlar da var, köşələrdə taxt quranlar da... Çox fərqli izah etdilər bunu; tənü-təşnəyə alət etdilər, qaralamaq üçün əlindən gələni əsirgəmədilər. Bəli, belələrinə belə “qövli leyyin olun” buyurulur. Onlar/Həzrəti Musa və Həzrəti Harun: “Allahım, bu adam üstümüzə gələr, zərər yetirər, bundan qorxuruq!” deyir. Allah-taala isə onlara tənbeh edir: “Qorxmayın Allah sizinlədir. Hər şeyi görən Odur, hər şeyi bilən Odur. Ona həvalə edin, qoy bu problemləri O həll etsin. Parçalamağa çalışdıqları bu xalqı Allah (cəllə cəlaluhu) birləşdirsin.”

Yolüstü mənzil – Anadolu və birlik ruhu

Bu xalqı bir kateqoriyaya salmaq mümkün deyil. Anadolu məmərri-əqdəmdir – hər kəsin gəlib keçdiyi bir mənzildir. Hunlar gəlib keçmişlər, Hititlər gəlib keçmişlər, müxtəlif Oğuz boyları gəlmiş keçmişlər... qərbə tərəf getmişlər. Ən son Qayı boyu gəlmiş. İlk dəfə Malazgirt döyüşü ilə Alparslan cənnət məkan – min dəfə məqamı cənnət olsun – həzrətləri Anadolunun qapılarını üzümüzə açmış. Daha sonra da Allahın işinə baxın ki, Anadoluda o müxtəlif qövmlər, bir-birindən fərqli toplumlar arasında birliyi təmin etmək onlara müəssər olmuşdur. Bir mənada Raşid Xəlifələrdən sonra bəlkə də ən mükəmməl bir dövlət sisteminə, ütopiyalardan da ucada dayanan bir dövlət sistiminə sahib olan Osmanlıya müəssər olmuşdur.

Siz hansı irqdənsiniz? Məsələn, Türksünüz. Bununla fəxr edə bilərsiniz. Bir insanın mənsub olduğu millətlə fəxr etməsi onun təbii haqqıdır. Ancaq bu o demək deyil ki, buna görə sən bir başqasını təhkir etməlisən. Belə hərəkət etməklə, siz öz millətinizin də qiymətini bilmədiyinizi göstərmiş olursunuz. Quran Zati-Üluhiyyətlə bağlı bir məsələdən bəsh edir: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər.” (“Ənam” surəsi, 6/108) El-aləmin Latına, Mənatına, Uzzasına, Zevsinə, Afroditasına söyməyin, yersiz sözlər deməyin, yoxsa onlar da sizin Allahınıza, Peyğəmbərinizə söz atarlar, beləcə o sözü siz söyləmiş olarsınız. Bilənlər üçün İslami əxlaq budur. Siz öz millətinizi sevirsiniz. Həzrəti Pirin dediyi kimi, getdiyiniz yola məhəbbət bəsləmək, millətə məhəbbət bəsləmək, mənsub olduğunuz irqə məhəbbət bəsləmək... Ancaq bu, insanı başqalarına qarşı ədavətə, düşmənçiliyə sövq etməməlidir. Türkiyədə müxtəlif qövmlər var. Məsələn, Babildən gələn Əqrad qardaşlarımız var. Bir vaxtlar elə bir sultanlıq qurmuşlar ki, dünyalara dəyər. Bir vaxtlar dünyanın taleyinə hakim olmuşlar və bu gün bu insanlar sizin bir parçanızdır. Bu parçanı görməzliyə vurmaq korluqdur. Abazalar var, xor baxmaq olmaz. Sən nə olursan-ol, millətini sevirsənsə... başqalarına xor baxa bilməzsən. Gürcülər var, Türklər var, bosniyalılar var, albanlar var, makedoniyalılar var... dünyanın dört tərəfindən gəlmiş, hətta fərqli dinə mənsub insanlar var. Süryanilər var, Kəldanilər var... Onların öz içində də müxtəlif məzhəblər var. Qəhrəmanlıq və doğru yol – bu, bir mənada dünyada sözünüzün keçməsi deməkdir - bütün bu xalqları ayrıseçkilik etmədən bağrına basmaqdır, onlara qucaq açmadır.

Bəziləri durub Rusiyadan, hətta bəzi fikirlərə görə, Dövləti-Aliyəni parçalamaq üçün gəlmişlər. Qaradəniz sahillərində məskunlaşmış, sonra da türklərlə qaynayıb-qarışmışlar. Sən birinə Laz, birinə Abaza, o birinə Kürd desən, bir mənada özünə “Sən filan-fəsmansan!” dedirtmiş olarsan. O baxımdan əsas olan insanları təfriqəyə, ixtilafa sövq etmədən, parçalamadan, bölmədən millətin birliyini təmin etmək, hamıya qucaq açmaqdır. Bir söz var: “Vicdanınız o qədər geniş olmalıdır ki, kim olursa-olsun, ürəyinizə girəndə ayaqda qalmayacağından arxayın olsun.” Bu gün o Mövlana ruhuna, Yunus Əmrə ruhuna ehtiyacımız var. Ürəyimiz bu qədər böyük olmalıdır.

“Gəl səni də bağrıma basım!”

İzninizlə bir məsələni bir daha çatdıracağam. Bildiyiniz kimi, Qitmir (özünü nəzərdə tutur) o qədər səbirli insan deyil. Bir nəfərin dediyinə görə altı-yeddi ay ərzində 150-200 həqarət, söyüş məzmnlu sözlər deyldi. Zənnimcə, Amnofis Həzrəti Musaya bunun onda birini belə deməmişdir. Amma mən, siz də şahidsiniz ki, bir kəlmə də olsun vacab vermədim. Bir kanala çıxıb fikrimi söylə bilərdim, ən azı buradan sözümü çatdıra bilərdim. “Qoy bir danışsınlar, söz qurtaranda görək nə deyəcəklər... bəsdi sizinki filan” deyə bilərdim....

Bir gün yenə bir nəfər – hər-halda eyni genlərə malik bir nəfər – bazarda gəzən Mövlananı görüb yolunu kəsir. Səhih hədisi-şəriflərdə “Yetmiş min şallı Süfyana arxa çıxacaq, onun ardınca gedəcək!” buyurulur. Çox güman ki, bu da həmin nadanlardan biri idi. İndi də belələrinin sayı hesabı yoxdur. Mövlananın yolunu kəsib “Deyirsən ki “yetmiş iki millətə qapım açıqdır, bir ayağım İslamın mərkəzində, o biri ayağım yeddi düvəldədir/dövlət”. Məlunsan sən, kafirsən sən, müfsidsən sən... sizin dininizdən belə şübhə edirəm... “sülük”sünüz, “paralel”siniz, alçaq məxluqlarsınız, təşkilatsınız...” ağzına gələni deyir, dağarcığında nəyi varsa boşaldır. Çox guman ki, bu sözləri söyləmək üçün günlərlə baş sındırmış, dağarcığını doldurmuş; bir neçə dəfə təkrar etmiş, əzbərləmiş sonra o şəfqətli, mərhəmətli, mülayim insanın yolunu kəsib bir başa üstünə püskürtmüşdür. Həzrət son dərəcədə təmkinlə, tədbirlə, təyəqqüzlə, bəsirətlə onu dinləmiş. Görəndə ki, sözü bitdi, dağarcığında bir şey qalmadı: “Sözünü bitirdin?!” demiş. “Vallah bitdi, deyəsi sözüm qalmadı”. Əlli ildir əleyhimdə yazı yazan da belə demişdi Qitmirə: “Vallah, əlli ildir yazı yazıram, daha sözüm qalmadı”. Həzrəti Mövlana: “Qardaşım, ürəyimin qapıları sənə də açıqdır. Gəl, səni də bağrıma basım!” demiş. Məncə bu dövrün insanına da, insanlığını dərk edən insana da, əhsəni-təqvimdə olan insana da bu yaraşır. Qitmirin bu mövzuda - ilk dəfə deyirəm – fikri budur. Sözlərimlə sizi və ya başqalarını incitdimsə, Allah məni bağışlasın...

Prezident seçkiləri və səsvermə

Sual: Prezident seçkiləri ilə əlaqədar fikirlərinizi və səsvermə haqqında tövsiyələrinizi bizimlə bölüşə bilərsinizmi?

Bu, çox vacib bir məsələdir, hər-halda növbəti parlamentin, nazirlərin seçimi bir az da bundan asılıdır; onların doğru seçimi bir az da bundan asılıdır. Türkiyənin gələcəyi də bundan asılıdır. Türkiyə son beş ildə problemlərdən yaxasını çəkə bilməyən, ətrafında dostu qalmayan qərib bir ölkəyə çevrilmişdir. Təzədən yeni yollar tapıb korpülər qurulmalı... Misirlə əlaqələr qurulmalı, Suriyə ilə əlaqələr qurulmalı.. İraqla, Pakistanla, Somali ilə, Sudanla, Mərakeşlə, Tunislə, Əlcəzayirlə əlaqələr qurulmalı... hətta illərdir AB-yə üzv olmaq üçün çırpındığımıza görə, demokratik dəyərlərin bərqərar olması üçün çırpındığımıza görə, Avropa dövlətləri ilə, Avropa parlamenti ilə əlaqələr qurulmalı... 1951-ci ildən üzv olduğumuz NATO ilə əlaqələri səhmana salmaq üçün mülayim bir zəmin hazırlanmalı... Daxili münaqişələrin xarici əlaqələrə təsir etməsi təbii hala çevrilib. “Biz beləyik!” Xeyr! Bunları həll etmək lazımdır. Daxili münaqişələri aradan qaldırmaq lazımdır.

M.Akif deyir: Təfriqə girmədən bir millətə düşmən girəməz / Toplu çarpdıqca ürəklər onu top sindirəməz.”

Ondan dörd əsr yarım əvvəl yaşayan Yavuz Səlim cənnət məkansa: “Millətimdə ixtilafü-təfriqə əndişəsi, / Hətta guşeyi-qəbrimdə biqərar eylər məni. / İttihad etmək ikən ədaya qarşı çarəmiz, / İttihad etməszə millətimiz, dağidar eylər məni.” – deyir.

Əvvəla, vəhdət ruhu, sevgi atmosferi, hər kəsə qucaq açma düşüncəsi, əngin insani anlayış öz ölkəmizə hakim olmalıdır ki, burada, bu sahədə təcrübə qazanan və sınaqdan keçən insanlar olaraq, bu təcrübələrimizdən istifadə edərək başqaları ilə dostluq münasibətləri qura bilək. O baxımdan bu kimi seçimlər çox vacibdir.

Ancaq dediyim kimi, xalqımızın əksəriyyəti kütlə psixalogiyası ilə... Qərbdə də həmçinin bu psixalogiya ilə... O inqilab tarixinin arxa fonunda həmişə o kor-koranə düşüncə olmuşdur... Bir nəfər ortaya çıxıb “İrəli!” demiş, xalq da ardınca getmişdir. Bu, doğrudurmu, deyilmi, məlum deyil! O baxımdan yanlış seçim ola bilər. Və bu yanlış seçim Türkiyədə ixtilafı, iftiraqı təzədən körükləyə bilər. Halbuki, hamıya qucaq açmaq lazımdır. Əks halda bu, bizi bölgədə tənhalığa sövq edər. Hal-hazırda çoxlu dostumuz yoxdur. Dost görünənlər varsa da, bundan mənafe güdənlərdir. Ortaq mənafe naminə dostluq münasibətlərini davam etdirməyə çalışanlardır. Yoxsa səmimi dostumuz yoxdur. Bu sözləri də nəsə bildiyimi göstərmək üçün demirəm. Onsuz bu hamıya məlumdur, Qitmir bilsə, nə olar.

Seçimi doğru etmək lazımdır. Bu bir!

İkinisi, mən indiyədək ömrümdə “Filana-fəsmana səs verin!” deməmişəm. Qətiyyən! Onsuz o vaxtlar təqib olunurdum, qaçırdım. Qaçmağa da gözəl bir bəhanə tapmışdım. Altı il qaçdım. Mənə “Qaçmasan olmaz?!” deyənlərə: “Mən Peyğəmbərimizdən (sallallahu aleyhi vəsəlləm) daha güclü deyiləm! O da məkkəli mütəmərridlərdən ayrıldı, Mədinəyə getdi” cavabını verirdim. “Qaçdı” sözünü məxsusi olaraq istifadə etmədim. Ancaq Həzrəti Musa bu sözü işlədir, Misirdən Eykeyə fərar edir. Həzrəti İsa gizlənir. Həzrəti Nuh qövmündən uzaqlaşır. Mən də bunu deyirdim. O böyük insanlar da təmərrüddən, təcavüzdən uzaq durmağa üstünlük vermişlər. Buraya da qaçıb gəlməmişəm. Xəstəxana adı ilə gəldim. İyun fırtınası qopunca “Bir az daha gözləyək. Türkiyə üçün problem olmasın!” dedik. Qeyri-səmimi çağırışlar oldu. Hər-halda adımı çəkməməyə and içmişdilər. Andın kəffarəsi var deyə (!) ancaq “Pensilvanya, Pensilvanya, Pensilvanya...” deyirdilər. Bəlkə də and içmişdilər, siz belə düşünün. Yoxsa özünə yaraşdırmır deyə deyil... Siz yenə də hüsnü-zənn edin.

Amma referendumda indiyədək eləmədiyim bir şey etdim! “Məzardakılar belə qalxıb demokratiya naminə, ümumbşəri insan hüquqları naminə, Avropa Birliyi naminə, Orta Şərqlə əlaqələrin möhkəmləndirilməsi naminə, hüquq sistemindəki inkişaf naminə hamı səs versin!” demişdim. Yaxın bir dostum indi deyir ki, - Allah ona uzun ömür versin - : “Bunlar haqqında yanılmışıq”. Guman ki, mən də o referendumda belə deməkdə yanılmışam. Həzrəti Pir deyir: “Axı biz müsəlmanıq, aldansaq da, aldatmarıq”. Hədidə buyurulur ki: “Mömin, sadəlövhdür (ürəyi təmiz və hüsnü-zənn edəndir), alicənabdır. Facir/münafiq isə hiyləgərdir, ləimdir (fəndgirdir, alçaqdır)” Bəli, mömin mərddir, aldana bilər. Münafiq isə, fəndgirdir, ləimdir. O baxımdan referemdumda belə deməklə aldanmış ola bilərik. Və onlar biz aldandıq deyə onun da axırına çıxdılar. Tövbələr tövbəsi olsun!.. Düzü referendumda verilən dəstək müəyyən bir partiyaya aid olmasa da, bir də “Filana-fəsməna belə edin!” deməməyi düşünürəm. Mənə nə? Ancaq bir şey söyləyəcəyəm, həqiqət naminə bir şey deyəcəyəm.

Bir daha filan, fəsman demərəm. Onsuz ömrümdə bir dəfə səs vermişəm. Yetmiş dörd yaşındayam, bir dəfə səs vermişəm. Onda da onların sevdiyi bir insana səs verdim... Aralarında mərhum Turqut Özal da vardı... bəlkə bir az da buna görə... Onda da mən səs verdiyimdən uduzdular... halbuki ondan əvvəl qazanmışdılar... Dostlarım mənə: “Xocam, qazanmasını istəmədiyimizə səs ver, onar da uduzsunlar!” “Onun da, - dedim, - Allaha hesabı var”.

Kimə istəyirsiniz verin, amma münafiqlik əlamətləri olana səs verməyin!..

Ancaq bir şey deməliyəm ki, məncə, millətimiz bəsirətlidir. Şəxs filan deyil, məncə, kimi seçdiklərinə fikir verməlidirlər! Yalan danışmırsa, çünki yalan münafiqlik əlamətidir... Əmanətə xəyanət etmirsə, çünki əmanətə xəyanət, nəfsinə xəyanət, ailəsinə xəyanət, millətin malına xəyanət... bütün bunlar Peyğəmbərimizin səhih hədisində münafiqliq əlamətidir. İnsanlara zülm etmək, insani hüquqları əllərindən almaq, bu da münafiqlik əlamətidir... Əmanət edilən bir şeyə riayət etməmək münafiqlik əlamətidir. Bir başqa yerdə də: “Söz verib aldadan və zülm edən” ifadəsi keçir... Həzrəti Ruhi-Seyyidil-Ənam – Ona canımız qurban olsun –: “Bu dörd əlamət olan adam, əsl münafiqdir!” buyurur. Namaz qılsa da, oruc tutsa da münafiqdir... Abdullah ibn Übeyy ibn Səlül də namaz qılırdı... 300 hampası vardı... Onlar da məscidə gəlirdilər... dəstəmazları vardı-yoxdu, namazları cəmmi edirdilər, birləşdirib gecəmi qılırdılar, Allah Rəsuluna nə deyirdilər, bəlli deyil. Ancaq Rəsulullah səhih hədisdə: “Bu dörd əlamət olan münafiqdir, xalis münafiqdir” deyir.

O halda mənim öhdəmə düşən şey bunu deməkdir:

Millətə zülm edənə səs verməyin... kimə verirsiniz-verin. Cənab Baş Nazir Tayyib Ərdoğana verin, Cənab Əkmələddin bəyə verin, Cənab Səlahəddin bəyə verin, kimə istəyirsiniz verin... Amma bu münafiqlik əlamətləri olana Allah eşqinə, Peyğəmbər xatirinə səs verməyin. Bu, kim olur-olsun! Mənim atam da olsa, əmim də olsa, doğma qardaşım da, 40-50 il bağrıma basdığım insan da olsa, bu əlamətlər olan insana səs verməyin. Kimə verirsiniz verin, amma zülm edənə səs verməyin, millətə haqsızlıq edənə səs verməyin, qanun-nizam tanımayanlara səs verməyin, kefini qanun yerinə qoyanlara səs verməyin...

Bu haqda artıq söz demək istəmirəm. Allah köməyiniz olsun. Səhv iş görməkdən, səhv söz deməkdən Allah sizi qorusun. Gedin, Cənabi-Allahın rizası yolunda imali-fikir edin, yəni ağlınızı işlədin... Vəssalam...

[1] Səbki-hindi - XVII əsr şərq ədəbiyyatında görkəmli nümayəndələri ilə əhəmiyyətli yerə sahib olan, Hindistan, Əfqanıstan, Tacikistan, Türkiyə və Azərbaycan kimi geniş ərazilərdə cərəyan edən bir üslubdur.