"Əfv" anlayışı dialoq düşüncəsinə digər bir amil kimi təkan verə bilərmi?
İslami çərçivədə qəbul edilib tətbiq olunan əfv insan və sevgi anlayışları kimi insanlarla dialoq düşüncəsini qidalandıran ünsürlərdən biridir. Lakin dialoq istiqamətində bəzi tarixi həqiqətlərin qəbul edilməsi lazımdır.
Dialoqa girdiyimiz dairələrlə keçmişdəki münasibətlərimiz çox da yaxşı olmamışdır. Səlib yürüşləri, Monqol işğalı və imperializm dövrlərində baş verən hadisələr heç də ürəkaçan deyildir. Düşmənçilik bu dövrlərin xarakterik münasibət tərzidir. Qılınc, ox, yay, mizraq, tüfəng, dinamit, top, tank, təyyarə, qırıcı təyyarə, atom bombası və s. adları dövrlərə görə dəyişsə də, dəyişməyən ünsiyyət vasitələri olmuşdur. Təbii ki, bunların ünsiyyət vasitəsi olduğu yerdə nəticə qan, irin, ölü, yaralı, dul, yetim, nifrət, kin, qeyz, qəzəbdir. Xoca Əfəndinin bu çərçivədə konkret bir təklifi var: "Tarixi hadisələr öz tarixiliyi içində qalmalıdır."[1] Onun fikrincə, hər hansı haqlı, və ya haqsız səbəblərlə baş verən müharibələr onsuz da keçmişin dərin qatlarında qalmışdır. Kin və nifrətlə dolu bu qatları yenidən gündəmə gətirib yeni nəsilləri bununla bulaşdırmağın bir mənası yoxdur.
Bu düşüncənin həyata keçirilməsində yeganə ünsür əfvdir. Peyğəmbərimizin (s.ə.s.) örnək davranışları bunu gerçəkləşdirmək üçün yetərli mənbədir. O, Məkkə fəthində illər boyu həm özünə, həm də bütün inananlara min bir əziyyət verən müşrikləri Hz. Yusifin qardaşlarını bağışladığı kimi əfv etmişdir. Hz. Yusif: "Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın. Çünki O, rəhm edənlərin ən rəhmlisidir,"[2] – demiş, Peyğəmbərimiz (s.ə.s.) isə belə buyurmuşdur: "Daha əvvəl etdiklərinizə görə bu gün heç kim sizi qınamayacaq. Allah sizi də əfv edər. O, mərhəmətlilərin ən mərhəmətlisidir. Gedin, hamınız azadsınız".[3]
Hz. Məhəmməd (s.ə.s.) illər boyu Ona və bütün inananlara əziyyət vermiş Əbu Cəhlin oğlu İkriməni də əfv etmişdir. Hətta Əfəndimizin (s.ə.s.) bəzi müsəlmanların Əbu Cəhl haqqında namünasib sözlər söyləməsini və bunun da İkrimənin qəlbinə dəyəcəyi ehtimalını nəzərə alan Allah Rəsulu belə buyurmuşdur: "Atalarını qınamaqla və haqlarında lüzumsuz sözlər söyləməklə övladlarını incitməyin".[4]
Xoca Əfəndiyə görə insan Allah Rəsulunun (s.ə.s.) bir hədisində təşbehlə qeyd olunan "əkin zəmisi" kimidir. Əkin isə küləyin əsməsi ilə istiqamətini dəyişir. "Bu xarakterə sahib insanlar üçün enişlər və yoxuşlar, günah və savablar normaldır. Ara-sıra günahlarla xarakterini kirlədən insan üçün isə əfv hər şey deməkdir. Günahlarından, əməllərindən peşman olub əfv gözləmək bir saflıqdırsa, əfv etmə bundan daha uca və yüksək fəzilətdir". Xoca Əfəndi əfvlə bağlı düşüncələrini Hz. Adəmin əfv edilməsi, daş-qalaq edilməyə məhkum olan bir insan haqqında Hz. Məsihin: "İlk daşı heç vaxt günah işləməyən insan atsın" - deməyi kimi hadisələrlə qüvvətləndirir. parılan günahkara ilk daşı günahsız bir insanın atmasını istəməsi kimi hadisələrlə qüvvətləndirir. Daha sonra isə deyir: "Başqalarını əfv etməyənin əfv gözləməyə haqqı yoxdur... Dərəcəsinə görə hər kəsə sayqı, ehtiram göstərməyən hörmət görməz. Hər kəsi sevməyən sevgiyə layiq deyil. Bütün insanlara xoşgörü və müsamihə ilə qucaq açmayan əfvə layiq deyil."[5] "Ona görə də bugünkü nəsillərin öz övlad və nəvələrinə ən böyük hədiyyəsi "əfv etməyi" öyrətmək olmalıdır.[6]
[1]. Gülen, Fethullah, a.ç.ə., s.185
[2]. Yusuf, 12/92
[3]. İbni Esir, Üsdül-Ğabe, 3/567; Kenzul Ummal, 13/540
[4]. Müstedrek, 3/241; Kenzul Ummal, 13/540-541
[5]. Gülen, Fethullah, a.ç.ə., s.29
[6]. Gülen, Fethullah, a.ç.ə., s.25
- tarixində yaradılmışdır.