Etirazların psixoloji müharibəyə, qaralama kampaniyasına çevrilməsinin səbəbləri nələrdir?
Suala Xoca Əfəndinin fikirləri ilə cavab verək: "Doğrusunu Allah bilir, mənə elə gəlir, Türkiyə, hökumətin ağıllı siyasəti, dövlət-millət birliyi ilə doğru yolda irəliləyir. Bəzi problemlər olsa da, müəyyən ölçüdə uzlaşaraq birlikdə yaxşı işlərə imza atılır. 40-50 illik Avropa Birliyi xəyallarının gerçəkləşməsində ilk dəfə bu qədər konkret addımlar atılır, irəliləyişlər müşahidə olunur.
Türkiyə NATO toplantısına müvəffəqiyyətlə ev sahibliyi edir. İqtisadi sahədəki dirçəliş, inflyasiyanın düşməsi, xarici investisiyanın ölkəyə cəlb edilməsi, turizm gəlirlərinin artması və s. kimi çox əhəmiyyətli dəyişikliklər, inkişaf göz qabağındadır.
Allahu-Aləm (Ən doğrusunu Allah bilir), bu inkişafı baltalamaq, boykot etmək istəyən insanlar, qruplar, dairələr, daxili və xarici düşmənlər vardır. Türkiyə parlaq gələcəyə doğru addımlayarkən, kimlərsə həmişəki kimi əl altından bəzi işlər görmək istəyirlər. Təəssüf ki, bu vəziyyət, Türkiyə vətəndaşına yad deyildir. İndiyə qədər müəyyən vəzifələrə yüksələnlər elə fəaliyyət göstərdilər ki, sanki, o yerlərə qohumlarına havadarlıq etmək, onları da özləri ilə irəli çəkmək üçün yüksəlmişlər. Təhlükəsizlik qurumlarının gözünün içinə baxa-baxa qaçaqçılıqla məşğul olmadılarmı? Dilə gətirməyə belə utanıram. Dövlət əmlakının mənimsənilməsinə nə demək olar? İşin ən vacib tərəfi də odur ki, bütün bunlar pərdə arxasında həyata keçiriləndə Türkiyədə "irtica", "Fəthullah Xoca" və buna bənzər xəbərlərlə gündəmi dəyişdirdilər. Dövləti rahat soymaq üçün ictimai fikri başqa istiqamətə yönəltdilər. İndi də yəqin ki, ortada belə bir plan var. Bu planla bağlı ortaya yalan xəbər atdılar və gündəmi dəyişdirmək istədilər".[1]
Xoca Əfəndi eyni suala başqa zamanda belə cavab verir: "Onları müəyyən mənada anlamaq, "Öz pis xislətlərini ortaya qoyur, vəzifələrini yerinə yetirirlər" demək mümkündür. Lakin millətimizin dirçəlişini istəməyən bəzi xarici qüvvələrin əlaltılarına, bəzi vədlərinə aldanaraq onların arxasına düşüb dünən "millət və xalq düşməni" dedikləri insanlarla bugün çiyin-çiyinə işləmələrinə nə ad vermək olar? Dünənin dostlarının bugünün düşmənləri ilə əlbir olmasına təəccüb edirəm. Təəccüb edir, və "dəyərdimi?" deməkdən özümü saxlaya bilmirəm. Bir neçə illik dünya həyatı üçün axirəti təhlükəyə atmağa dəyərdimi? Şan-şöhrət üçün din düşmənlərinə dəstək olmağa dəyərdimi? Pul-para xatirinə o qədər dosta xəyanət etməyə dəyərdimi?
Bəli, mən, şəxsən məruz qaldığım yalan, böhtan, ittiham və iftiralara dözür və hər şeyi içimə çəkə bilirəm. Lakin dininə və millətinə xidmətdən başqa bir sevdası olmayan, "Bu bir könüllülər hərəkatıdır" deyib üzərlərinə düşən yükü çiyinlərinə alarkən heç bir dünya malına göz dikməyən bəxtiyar insanlara atılan iftiraları və böhtanları görəndə çox kədərlənirəm. Bir də mənə istinadən o böyük xidmətlərə qarşı çıxılmasına və müasir mədəniyyətləri qabaqlama perspektivinə malik Türkiyənin yolunun bağlanmasına heç dözə bilmirəm.
Əslində, mənə və mənim şəxsimdə könüllülər hərəkatına edilən həqarətləri heç çəkinmədən bütün dünyanın eşidəcəyi şəkildə o həqarət müəlliflərinin üzünə vura bilərəm. Ancaq düşünürəm ki, indi ölkəmizin sülhə, sabitliyə, daxili əmin-amanlığa və dövlət-millət birliyinə həmişəkindən daha çox ehtiyacı var. Bunun üçün bizə edilən hər şeyə dözmək məcburiyyətindəyik.
Elə bu duyğu ilə illərdən bəri zülmü lənətləmək, iftira atanın cavabını vermək, qara yaxana "bəsdir" demək dilimin ucuna qədər gəlir, amma millətimin sülh, sabitlik və əmin-amanlığını düşünərək heç kəsə heç nə demirəm. Allahın bütün bunları görüb bildiyini düşünürəm. Xarakter, düşüncə və üslubumun xatirinə hər kəsin yalan-doğru səsini yüksəltdiyi vaxtlarda da mən bir "Lə Havlə (Allahdan başqa güc və qüvvət sahibi yoxdur)" hayqırıb "bu da getsin" deməklə kifayətlənirəm. İcazənizlə, bir yerdə işlətdiyim sözləri təkrar edim: "Nə edək, Allah dişləmək üçün bir diş, parçalamaq üçün bir vəhşi pəncə verməyib, əlimizdən bir şey gəlmir ki..!" Bundan əlavə, hamı öz xarakterinə uyğun hərəkət edir, fitrətimizin, xarakterimizin əksinə, ziddinə davranmağı özümüzə hörmətsizlik sayır və belə bir hörmətsizliyi etməmək üçün danışa biləcəyimiz yerdə udqunmaqla kifayətlənirik".
Baxmayaraq ki, belə davranmaq zalımı daha da cəsarətləndirir, iftiraçını daha da azğınlaşdırır, təcavüzkarları qızışdırır, amma mən öz-özümə:
"Necə olsa, bunlar da insandır, gün gələr insan olduqlarını anlayar və bu cür davranışlardan vaz keçərlər" ‒ deyir və hər kəsin insafa gələcəyi şərəfli zamanı gözləyirəm.[2]
[1]. http://herkul.org/kiriktesti
[2]. http://herkul.org/kiriktesti
- tarixində yaradılmışdır.