Xoca Əfəndinin dialoq fəaliyyətləri Türkiyə daxilində və xaricində həyata keçirilməsinə görə bir-birindən fərqlənirmi?

Din, dil, mədəniyyət, bayraq, vətən və bunlara bənzər yüzlərlə ortaq dəyərlərimiz olan insanlarla münasibətlərimizin ortaq cəhətlərimiz olmayan insanlarla müqayisədə fərqli olması təbii haldır. Xristian olmayan xristiana, Yəhudi olmayan yəhudiyə, Müsəlman olmayan da müsəlmana görə dini baxımdan başqa kateqoriyada yer alır. Lakin bu dini fərqlərimiz həyatın digər sahələrində bizi bir-birimizdən uzaqlaşdırmamalıdır.

Bu cür baxış tərzi Xoca Əfəndinin daxili və xarici dünyadakı tolerantlıq fəaliyyətlərinin müxtəlif sahələrdə müxtəlif formalar qazanmasına gətirib çıxarmışdır. Bu suala ətraflı cavab vermək üçün 90-cı illərdən əvvəlki Türkiyənin vəziyyətini xatırlamaq lazımdır. Türkiyə 12 Sentyabr 1980-ci il hərbi çevrilişindən əvvəl çox ağrılı-acılı bir dövrü yaşayırdı. Fəhlə tətilləri, universitet tələbələrinin boykot və nümayişləri və təxminən hər gün ölən, yaralanan onlarla vətən övladı ölkənin ogünkü gündəmini təşkil edirdi. Əsgər, polis, vətəndaş fərqi olmadan cəmiyyətin bütün təbəqələrini əhatə edən bu gərgin şərait ideoloji səbəblərlə ortaya çıxmış olsa da, nəticədə Türkiyə insanının dünənini, bu gününü və sabahını qaralayırdı. Hətta bu gün ideoloji qütbləşmənin ən yüksək səviyyədə olduğu o qara günlərin izlərinin tamamilə silinməmişdir.

Əslində, 1980-ci ildən başlayan bu mərhələ yaxın tarix etibarilə daha da keçmişə aparıla bilər. Bildiyimiz kimi, tarixçilər "yaxın tarix" dedikdə ən az bir əsrlik zaman dilimini nəzərdə tuturlar. Bu nəzərlə yaxın tariximizə baxdıqda 12 Sentyabr öncəsinə bənzəyən bir çox mənzərələr görünür: cəmiyyət öz daxilində "düşmən düşərgələrə" bölünmüş,[1] vətən övladı fiqur kimi istifadə olunub qurban edilmişdir. Bundan daha pisi bu qədər ortaq dəyərlərə baxmayaraq, məşhur filosof Platonun dediyi kimi "Homo homini Lupus" – İnsan insanın qurdu (canavarı) olmuş və bu təxminən ümumi xarakterə çevrilmişdir. "Kafir", "fasiq", "əks cəbhənin adamı" kimi ittihamlar qütbləşmədən səslənən ifadələrdir. Halbuki Xoca Əfəndinin sözlərinə görə: "Nə kafir deyilənlər kafir idi, nə də "Müsəlmanam" deyənlər İslamın həqiqi təmsilçiləri idi".[2] Bütün bunlar ölkə mənfəətini düşünməyən (nə qədər elə görünsə də!) daxili və xarici qüvvələr tərəfindən planlanmış böyük bir oyundan ibarətdir.

Xoca Əfəndi uzaqgörən bir ziyalı olaraq yaşadığı zaman və məkanı, orada cərəyan edən hadisələrin görünən və görünməyən tərəflərini yax­şı dərk etdiyi üçün daim bu proseslərin əleyhinə olmuşdur. 1980-ci ildən əvvəl Manisada, İzmir Bornovada moizə və söhbətlərində, dövri mətbuatda yazdığı yazılarında milləti xəbərdar etməyi özünə vəzifə bilmiş, anarxiyaya zəmin hazırlamamağı dəfələrlə söyləmişdir.

Xoca Əfəndi mühitin də təsirilə 90-cı illərin əvvəlində saysız-hesabsız ortaq dəyərlərə malik türk insanının yenidən birləşməsi üçün sanki hücuma keçmişdi. Dünən bir-birinin ölümünə fərman verən insanları ölkə mənafeyi naminə vahid cəbhədə birləşdirməyi yeni bir missiya olaraq mənimsəyən Xoca Əfəndi özü bilavasitə bu fəaliyyətlərdə aktiv rol oynamışdır. Dini, siyasi, mədəni, iqtisadi, – demək olar ki, hər sahənin rəhbər insanları ilə müxtəlif vəsilələrlə bir araya gəlmiş, xırda məsələləri münaqişə səbəbi etməməyin vacibliyini vurğulamışdır. Bu qədər ortaq cəhətləri olan bir ölkənin insanları hətta bir zamanlar işğala məruz qalarkən məzlumiyyəti, əzabları və məhkumluğu da birlikdə yaşamışdır. Onun fikrincə, ortaq dərdər, problemlər belə, bir olmaq, bir araya gəlmək üçün səbəb sayılmalıdır.[3]

O ki qaldı, qloballaşma ruzigarı istər-istəməz bütün dünya ölkələri kimi Türkiyəni də axarına alıb bir istiqamətə aparmaqdadır. O zamanlarda əsəri hiss edilən bu ruzigar, əslində, yeni dəyişiklik və qayıdışların səsidir. Belə ki, neçə uzaqgörən elm, siyasət və din xadimi kin, nifrət, düşmənçilik səbəblərindən dövlətlər, millətlər, mədəniyyətlərarası və dinlərarası əlaqələrin qurulmasının mümkün olmayacağını söylə­miş­dir.

Bu insanlar arasında bir səs olan Xoca Əfəndi hələ o vaxtlar sözü­gedən mövzuda deyirdi: "Türkiyəni belə bir gələcək gözləyərkən onun ­öz içində didişməsinin normal məntiqlə izahı qeyri-mümkündür.[4] Gə­ləcəkdə uzaqlar yaxın olacaq və dünya qloballaşaraq bir kəndə çev­riləcəkdir. Odur ki, xristian, yəhudi, buddist və ateist fərqi qoymadan hər­ təbəqənin insanı ilə münasibət qurmaq və onlarla dialoq və anlaşma zəmini axtarmaq indidən qaçınılmazdır. Amma belə bir dövrün davamı hər şeydən əvvəl eyni prinsipi, eyni düşüncəni mənimsəyənlərlə anlaşma və uzlaşmadan asılıdır. Çünki yaxın çevrədə meydana gələn problemlərin qarşısı alınmadan və mövcud problemlər həll edilmədən cəmiyyətdə təsir qüvvəsinə malik olmaq qeyri-mümkündür".[5]

Xoca Əfəndi həyata keçirdiyi bu ideyaları ilə Türkiyə və dünyaya bu gözlə baxan sağlam fikirli, vətənini, millətini, dövlətini, dinini sevən hər təbəqə tərəfindən müsbət qarşılandı. Beləcə, ilk addımı Xoca Əfəndi atmış olsa da, bu dəvətə müsbət cavab verən insanları da qiymətləndirmək lazımdır. Hətta inanc, ideologiya, dünyagörüşü baxımından əks qütbdə olan bir neçə siyasət və elm xadiminin paralel addımlar atdığını da qeyd etmək lazımdır. Xoca Əfəndini burada şanslı edən, onu fikir və düşüncə rəhbəri olaraq qəbul edən insanların onun irəli sürdüyü ideyaya dəstək olması və həyata keçirməsidir. Bu insanların intellektual səviyyələrini də qeyd etmək lazəmdır.

Bundan başqa, Xoca Əfəndi geosiyasi və tarixi baxımdan Türkiyənin sahib olduğu mövqeyi nəzərə alaraq ölkədaxili qütbləşmələrin, qruplaşmaların kökündəki problemlərin tezliklə həll edilməsinin vacibliyinə inanırdı. Onun təsbitlərinə görə, Türkiyə bölgədə müvazinəti saxlamaq məcburiyyətindədir. Bu həqiqəti başda siyasi və bürokrat təbəqə olmaqla bütün cəmiyyətə səslənərək belə ifadə edir: "...bu səviyyədəki əhəmiyyəti əvvəlcə bilavasitə Türkiyənin dərk etməsi və həm daxildə, həm də xaricdə siyasətini buna uyğun qurması lazımdır. Yaxın Şərqdən Asiyanın mərkəzini təşkil edən Türk dünyasına, Şimali və Mərkəzi Afrikadan Balkanlara, Avropanın daxilindən Cənub və Cənub-Şərqi Asiyaya qədər olan geniş coğrafiyada bir çox faktordan qaynaqlanan Türkiyə təsirinin olması inkar edilməzdir. Bu təsir hər zaman həqiqi varlığı ilə görünməsə də, demək olar ki, o, hər dövrdə əhəmiyyətli funksiya daşımışdır".[6]

Elə isə Türkiyə dövləti və milləti ilə nə etməlidir? Xoca Əfəndi bu suala belə cavab verir: "Tarixindən, coğrafiyasından, sosial-siyasi mövqeyindən doğan bu böyük məsuliyyətlər Türkiyənin taleyinin əsas xəttini təşkil edir. Hər bir fərdindən ayrı-ayrı müəssisələrinə qədər bütün Türkiyə bu düşüncə ilə hərəkət etmək məcburiyyətindədir. Türkiyə bəsit məsələlərlə, birgünlük böhranlarla məşğul olmamalıdır".[7]

Bu düşüncələr Xoca Əfəndiyə fəaliyyət stimulu vermiş və sonrakı dövrlərdə böyük sıçrayışlara vəsilə olan əməli işlər həyata keçirilmişdir. O dövrlərdə bir qrup şəxslər bu həqiqəti dərk edə bilməmiş, tənqidlərlə bu prosesə qarşı çıxmışdılar. Lakin ən yaxşı meyar olan zaman, kimin haqlı olduğunu göstərmişdir.

 


[1]. Gülen, Fethullah, a.ç.ə., s.64
[2]. Gülen, Fethullah, a.ç.ə., s.75
[3]. Gülen, Fethullah, a.ç.ə., s.145
[4]. Gülen, Fethullah, a.ç.ə., s.141
[5]. Gülen, Fethullah, a.ç.ə., s.165
[6]. Gülen, Fethullah, a.ç.ə., s.69
[7]. Gülen, Fethullah, a.ç.ə., s.69