Xoca Əfəndinin dialoqla bağlı düşüncələrinin formalaşmasında "insan" və "sevgi" anlayışının rolu varmı?

Xoca Əfəndidə insan məfhumu və buna bağlı olaraq insana sevgi və mə­həbbət anlayışı başqaları ilə dialoqda önəmli rol oynayır. Onun insan anlayışı, bir sözlə, İslamın insan anlayışıdır. Yunus Əmrənin "Yaradandan ötrü yaradılanı sevmək" sözləri ilə ifadə etdiyi bu anlayış Xoca Əfəndinin insanlarla fərdi və ictimai münasibətinin əsasını təşkil edir.

Xoca Əfəndi diqqəti iki nöqtəyə yönəldir: "Birincisi, sevgi varlı­ğın­ səbəbi, əsası və varlıqları bir-birinə bağlayan ən güclü bağdır. İkin­cisi, insan Allahın sənətidir. Elə isə Allahın sənəti olan insana sevgi­ ilə yanaşmamaq Allahı da, Allahı sevənləri də, Allahın sevdiklərini də­ incidər. Allahı incidər, çünki bu, Onun sənətinə qarşı laqeydlikdir. Alla­hı sevənləri və Onun sevdiklərini incidər, çünki Allaha qarşı olan la­qeydlik onlara qarşı da laqeydlikdir. Elə isə insana başqa bir baxış müsəlmanın öz əsas yolundan kənara çıxması deməkdir".[1]

Bir italyan qəzetinə verdiyi müsahibədə Xoca Əfəndi belə deyir: "Sevgi yaşadan bir iksirdir. İnsan sevgi ilə yaşayır. Sevgi ilə xoşbəxt olur və sevgi ilə ətrafını xoşbəxt edir. Allah insanları bir-birinə bağlamaq üçün sevgidən daha güclü bir əlaqə ünsürü, bir zəncir yaratmamışdır. Varlığın kökü, təməli sevgidir. O, yaratdığı hər şeyi sevgi ilə yaratmışdır. Varlıq və insanlarla münasibətini sevilməyin ruhabi zövqünə kökləmişdir! Sevginin təcəlli yeri ruhdur, biz onu haraya və nəyə istiqamətləndirsək də, o, hər zaman Allaha yönəlmişdir. Buna görə biz əvvəlcə Allahı sevər və məhz Onun üçün başqa insanlara sevgi bəslərik. Haqqın təcəlli və təvəccöhü (yaxınlığı) üçün hər kəslə və hər şeylə bir cür münasibət qurar, Allah naminə onları təqdir edər və eşqimizi, sevgimizi bildirərik.

Təxmin edildiyi kimi, Xoca Əfəndinin düşüncə dünyasındakı insan (anlayışı) din, dil, irq, cins ayırıseçkiliyi qoymadan insan surətində yaradılan hər kəsi ehtiva edir. Bu, bir yəhudi cənazəsi keçərkən ayağa qalxdıqda əshabın yəhudi cənazəsi olduğunu xatırlatmasına: "Amma bir insandır!"[2] sözləri ilə cavab verən Peyğəmbərimizin (s.ə.s.) insana baxışının müasir dünyamızda əks etdirilməsidir.

Qıvrım saçlı bir qul idarəçi olsa, itaət edilməsi,[3] Allah qatında həqiqi üstünlüyün təqva ilə olmasının daim vurğulanması[4] kimi başqa dəlillərlə yanaşdıqda Xoca Əfəndinin insan anlayışı təməl dini əsaslarla üst-üstə düşür. O ancaq 15 əsrlik İslam tarixində siyasi, iqtisadi, hərbi və s. səbəblərlə baş verən müharibələrdən qaynaqlanan düşməncəsinə yanaşmaların müvəqqətiliyini vurğulayır və nəzərləri əsl mənbələrə yönəldir.

İnsan sevgisinə gəldikdə Bədiüzzamana əsaslanaraq "kainatın mayası və varlıq səbəbi" fikrini olduğu kimi qəbul edən Xoca Əfəndi sevgini yer üzünün ən böyük güc və qüvvəti kimi dəyərləndirir. Belə ki, dünyada sevginin qalib gələ bilməyəcəyi heç bir qüvvə yoxdur. Sevgidən məhrum insanlar eqoizmin labirintində dolaşan və ömürlərini qaranlıqlarda puç edən zavallılardır.[5] Çünki "sevgini sevmək, düşmənçiliyə düşmən olmaq inancla coşub-daşan bir qəlbin ən gözəl vəsfidir. Hər kəsə nifrət isə, ya qəlbi şeytana vermək, və ya bir dəlilik əlamətidir". Xoca Əfəndi sözlərini belə tamamlayır: "Sən insanı sev və insanlığa heyran ol! Sinəni bacardığın qədər hər kəsə aç, ümmanlar kimi olsun! İnancla gəril və insana sevgi duy, qayğı göstərmədiyin və əl uzatmadığın bir qəmli könül qalmasın! ..."[6]


[1]. Gülen, Fethullah, a.ç.ə., s.31
[2]. Nesai, Cenaiz, 46
[3]. Buhari, Ahkam, 4
[4]. Hucurat, 49/13
[5]. Gülen, Fethullah, a.ç.ə., s.17-18
[6]. Gülen, Fethullah, a.ç.ə., s.31