Fəthullah Gülən insan hüquqları barədə nə düşünür?
Sual: Fəthullah Gülən "İnsan hüquqları" haqqında nə düşünür? Bəzi şəxslər bu anlayışa “Türkiyəni bölmək istəyən imperialist dövlətlərin oyunu” kimi baxır?
Fəthullah Gülənin fikrincə, sülh dolu gələcək ancaq insan hüquqlarının hər kəsə şamil edildiyi bir mühitdə qurulacaq. İnsan hüquqları ümumbəşəri olub nə Qərbin, nə də Şərqin xüsusi mülkiyyətidir. Bütün səmavi dinlər insan hüquqları barədə həmfikirdir. Məsələn, Həzrəti Musanın (ə.s.) on əmri və İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.s.) vida xütbəsi.
Gülən İslamda insan hüquqlarını belə izah edir: "İslamda insan hüquqları olduqca tarazlı, əhatəli və ümumbəşəridir. Belə ki, Qurani-Kərim haqsız yerə bir insan öldürməyi bütün insanlara qarşı cinayət işləmək sayır (“Maidə” surəsi, 5/32). (Fəthullah Gülən, “Fasıldan Fasıla 4”, səhifə 92- 94)
"İslama görə, insanlar azad doğulur. Hüquqi baxımından bütün insanlar bir-birinə bərabərdir. İslamda fikir, söz və vicdan azadlığı mühüm hüquqlardandır… İslamda irq, cins, millət, dil, din ayrı-seçkiliyi yoxdur, hər kəs eyni hüquq və eyni imkanlara malikdir. Üstəlik bu hüquqlar insanın ruhi və cismani, -bu günə və gələcəyə aid- böyük-kiçik bütün haqlarını ehtiva edir" deyən Gülən İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.s.) Mədinədə müxtəlif inanc, düşüncə və etnik qruplarla bağladığı müqaviləyə (Mədinə vəsiqəsi) hərfinə kimi riayət etdiyini; dini, etnik, ictimai mövqeyindən asılı olmayaraq hər kəsin hüququnu qoruduğunu və Mədineyi-Münəvvərənin qısa zamanda bir "darul-əman"a (sülh yurduna) çevrildiyini vurğulayır. (a.ç.ə.)
Fəthullah Gülən deyir: "İslamda “haqlar” anlayışı təkcə insanları deyil, bütün varlığı əhatə edir". (“Bir Portre Denemesi”, Ali Ünal)
"İnsan hüquqları" termininin dünya ədəbiyyatına İkinci Dünya Müharibəsindən sonra girdiyini diqqətə çatdıran Gülən deyir: “Müasir dünyada hansı güclərin insan hüquqlarına həqiqətən dəyər verməsi, olduqca mübahisəli məsələdir”.
Gülən demokratiyanın insan hüqularının müdafiəsi mövzusunda böyük əhəmiyyət daşıdığına diqqət çəkir. Onun fikrincə, bəzi nöqsan cəhətlərə baxmayaraq, bu günün şərtlərində yeganə əlverişli sistem demokratiyadır. Gülən insanları demokratik müəssisələri modernləşdirib inkişaf etdirərək vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, imkan bərabərliyinə məhdudiyyət qoymayan bir cəmiyyətin əlçatmaz olmadığını isbat etməyə səsləyir. Onun fikrincə, bəşəriyyət demokratiyadan daha yaxşı bir idarə sistemi ortaya qoymamışdır. (“Müasir Türkiyede Devlet, Hukuk, Sivil Toplum və İslam Yaklaşımları”, İhsan Yılmaz, SOAS, London Universiteti)
Gülən insanın azadlıqlarının və hüquqlarının müdafiəsi mövzusunda tarix boyu ən yaxşı sistemin demokratiya olduğunu vurğulamaqla yanaşı, bu sistemin daha da inkişaf etdirilməsinin mümkünlüyünə inanır. "Demokratiyanın eyni zamanda bir üqba yönü də ola bilər. Yəni məna aləminə açılan bir qapısı da olmalıdır. Demokratiya mənim əbədiyyət arzularıma, əbədi mülahizələrimə, axirət inancıma da cavab verməlidir. Əks halda nöqsanlı olar" deyərək demokratiyanın təkmilləşdirilməsinin zəruriliyini vurğulayır (“Gurbette Fethullah Gülen”, Birinci Bölüm, Nuriye Akman).
Gülən bütün varlığın hüququnun qorunmasında "sevgi"nin –təkcə insana deyil, bütün varlığa olan sevginin– böyük rola malik olduğunu vurğulayır. O, ata-babalarımızdan nümunə çəkərək "Bilmədən bir çəyirtkəni tapdalasalar, dərhal cəzasını (kəffarəsini) ödəməyə tələsirdilər. Məscidlərin nurəfşan çöhrələrinə bir baxsanız, hər birinin alnında quşlar üçün hazırlanmış yuvalar görərsiniz. Bu, əcdadın əngin sevgisindən xəbər verir. Bizdə insanla yanaşı, heyvan hüquqlarının da qorunmasına dair elə heyrətamiz, bu gün belə heyrətlə tamaşa etdiyimiz elə mənzərələrlə qarşılaşırıq ki, bunu başqa yerdə görmək mümkün deyil" deyir (Hoşgörü ve Diyalog İklimi, Selçuk Camcı, Kudret Ünal, 218–26).
Gülən ümumbəşəri prinsiplər məcmusu olan İslamda sevgi anlayışının çox dərin, eyni zamanda tarazlı olduğunu xatırladır. Yəni İslam daim məzlumun tərəfindədir, sevgini zalıma layiq görmür. “Zalıma ən yaxşı mərhəmət, bir hədisdə deyildiyi kimi, onu zülmdən çəkindirməkdir” deyir.
Gülən təbiətdəki bütün canlıların da hüquqlara malik olduğunu bildirərək bizi bu hüquqları mühafizə etməyə və ekoloji tarazlığı qorumağa səsləyir. O deyir: "İslamda insan hüquqları ümumbəşəri və olduqca mühüm yerə malik olduğu kimi, ekoloji tarazlığın mühafizəsi də bir o qədər əhəmiyyətlidir" (“İnsanın Özündeki Sevgi” Fethullah Gülen, say:228 - 230).
Bu gün inkişaf etmiş bütün demokratik sistemlərinin bünövrəsini təşkil edən azadlıq və insan hüquqları məsələsini Fəthullah Gülən illərdir dilə gətirir. Gülənin nəzərində din, vicdan, habelə fikir və təşəbbüs azadlığı ən dəyərli insan haqlarındandır.
Dolayısilə, Gülən insan hüquqlarına“imperialist güclərin oyunudur" demək əvəzinə insanları ədalətli və hüquq normativlərinə riayət edilən bir dünya qurmağa çağırır. Gülənin sözü ilə desək, dünya gec-tez bu səviyyəyə çatacaq. Çünki dünyanın və insanlığın mayasında yaxşılıq və doğruluq var.
- tarixində yaradılmışdır.