Bəlkə də, bir az artıq dini hərəkat kimi göründük
Müşahidələrim
Yalnızlıq onun öz seçimidir
Siz Fəthullah Güləni heç təkbaşına, bu qədər yalnız gördünüzmü? Mən gördüm. Hələ şəklini də çəkdik. Onlarla stul.. hamısı da boş... Bircə dənəsi doludur, onda da Gülən oturub...
Bu şəkil əməliyyatı uzun çəkən göz həkimini gözləyəndə çəkilmişdir. O, nə qədər çox adam arasında olur olsun, əslində, çox vaxt yalnızdır. Bəlkə də, bu yalnızlıq onun öz seçimidir.
Qərib adam haqqında bir yazısına rast gəldim. Lap çoxdan qələmə alıb. Orada qəribi belə təsvir edir: “Qərib, yurdundan-yuvasından uzaq qalan deyildir, qərib halı, dili başa düşülməyən insandır”.
Bu fotoşəkil məndə belə bir hiss oyatdı.
Mənə elə gəlir ki, əslində Gülənə təsir edən ölkəsindən uzaqda olmaq deyil, daha çox düzgün başa düşülməməkdir.
Bəlkə də, bir az artıq dini hərəkat kimi göründük
Təhsil fəaliyyətlərini faydalı görən, dünyanın gələcəyi üçün bunun əhəmiyyətinə inanan sizin tanıdığınız-tanımadığınız bir xeyli insan çiyin-çiyinə verir. Bu cəhətinə görə ona geniş mədəni fəaliyyət də demək mümkündür. Bu hadisəni bir az da elmi ilə mənə təsir edən mərhum Nurəddin Topçudan ilhamən “hərəkat” adlandırmağı daha məqsədəuyğun görürəm. Öz duyğu və düşüncələrimizi, Türk fəlsəfəsini əvvəlcə Türkiyədə oturtmağa, sonra da dünyada tanıtmağa çalışan könüllülər hərəkatı...
Sizin içində olduğunuz hərəkata bəziləri “camaat”, bəziləri “təriqət” deyir. Siz isə “Örnəkləri özündən olan bir hərəkat” adlandırırsınız. Nə üçün “camaat” yox, “hərəkat”?
Ata-babaların sözü ilə desək, bir şey zatında (mahiyyətcə – red.) nədirsə, adını da ona uyğun vermək lazımdır. Belə baxanda mən “hərəkat” sözünü daha uyğun görürəm. Bəlkə də, “cəmiyyət”, “camaat” və ya “qeyri-hökumət təşkilatı” da demək olar. Ancaq “cəmiyyət” hüquqa görə əsasnaməsi, nizamnaməsi olan təşkilatlara deyilir, camaat isə bir nəfər tərəfindən ortaya atılmış müəyyən bir düşüncə ətrafında birləşənlərə deyilir, onun da özünəməxsus qaydaları vardır. Mən əslində “camaat” deyilməsini yanlış görmürəm, çünki insanlar həcdə, məsciddə bir yerə yığışdığı kimi, İslam çərçivəsində bir duyğu və düşüncənin ətrafında da birləşə bilərlər. Bəzilərı də qeyri-hökumət təşkilatı dedilər, xaricdə bu hərəkatı araşdıranlar da eyni qənaətə gəldilər, amma məncə, o, bu çərçivəyə də tam oturmur. Bu işin mahiyyətinə baxanda görürəm ki, bir vaxtlar irəli sürülmüş bəzi fikirlər Türk toplumunun böyük əksəriyyəti tərəfindən qəbul edilmiş, mənimsənilmişdir. Bu gün də vacib sayılan, faydalı hesab olunan məsələləri həyata keçirmək üçün əl-ələ verir, lazımi fəaliyyəti ortaya qoyurlar.
Nə kimi fəaliyyətlər?
Məsələn, təhsil fəaliyyətlərini faydalı görən, dünyanın gələcəyi üçün bunun əhəmiyyətinə inanan sizin tanıdığınız-tanımadığınız bir xeyli insan çiyin-çiyinə verir. Bu cəhətinə görə ona geniş mədəni fəaliyyət də demək mümkündür. Bu hadisəni bir az da elmi ilə mənə təsir edən mərhum Nurəddin Topçudan ilhamən “hərəkat” adlandırmağı daha məqsədəuyğun görürəm. Öz duyğu və düşüncələrimizi, Türk fəlsəfəsini əvvəlcə Türkiyədə oturtmağa, sonra da dünyada tanıtmağa çalışan könüllülər hərəkatı...
Nəyə görə “nümunəsi özündən” deyirsiniz?
İnsanları təşviq etmək, onların marağını çəkmək üçün misal vermək istəyəndə ya Əsri-Səadətə, ya da tariximizə müraciət edirdik. Tariximizin o şanlı səhifələri daima təqdirlə yad ediləcək və nə zaman anılır-anılsın, gözlərimiz dolacaqdır. Ancaq bir şeyin daha da təsirli olması üçün nümunəsi öz içindən olmalıdır. Səhabənin də, Osmanlı dövlətini quranların da, İstiqlal mübarizəsi aparan qəhrəmanların da nümunələri özlərindən çıxmışdı. Bu baxımdan həmin ad mənə çox əhəmiyyətli gəlir.
Əgər bir hərəkat nümunəsini öz içindən çıxarmışsa və insanlar onu bəyənmiş, özlərini bu yola həsr etmiş, onu qayəyə çevirmişlərsə, Ziya Göyalpın ifadəsi ilə bunu “məfkurə” seçmişlərsə və onun ətrafında birləşib lazımi işləri görürlərsə, məhz o zaman işin başında görünən şəxsin həyata keçirilən fəaliyyətlərdən çox vaxt xəbəri olmaz. Bir-birini tanımayan insanlar hər yerdə oxşar işlər görürlər. Çünki onların arasında çox möhkəm düşüncə və məfkurə bağları vardır.
“Nümunələri özündən bir hərəkat” tərifi həm də bu hərəkatın bir model təşkil etməsi mənasına gəlir?
Mənim fikrimcə, model olmuşdur. Əgər başqaları da etmək istəsə, eyni şeyləri dəyərləndirə bilər. Ancaq təəssüf ki, yanlış bir düşüncə var Türkiyədə, anlamaqda çətinlik çəkirəm. Belə ki, əvvəlcə bir işin gözəl, ideal, ağlabatan, uzunmüddətli olmasına deyil, onu kimin, ya da kimlərin gördüyünə baxırlar. Əgər bu işlə əlaqələndirilən, – bəlkə də, “istinad edilən” demək daha doğrudur – şəxsi məqbul görürlərsə, o işi də məqbul sayırlar, əks təqdirdə isə, ən gözəl işləri belə rədd edirlər.
Türkiyədən kənarda necə?
Türkiyədən kənarda bizdəki kimi bir yanlış anlayışa şahid olmamışam, çünki elə olsaydı, göz açmağa qoymazdılar. Əslinə baxanda, hərəkatın fəaliyyət göstərdiyi yerlərə ən güclü kəşfiyyat orqanları nəzarət edirdi, buna paralel hər şeyə şübhə ilə baxılırdı, üstəlik həm içəridən, həm də çöldən təhriklər vardı, bütün bunlara baxmayaraq oralarda problem olmadı.
Məsələn, öz dininə, diyanətinə möhkəm bağlı olan, öz məzhəblərindən başqa heç bir şeyə imkan verməyən ölkələrdə belə təhsil könüllülərinin rəğbətlə qarşılanması onların məsələyə obyektiv baxdığını, faydalı görüb qəbul etdiyini göstərir. Ancaq Türkiyədə cəmiyyətin hər təbəqəsi tərəfindən bu səviyyədə gözəl qarşılandığını demək mümkün deyildir.
Canımı al, amma bu hərəkata zərər vermə
Bu, müvəqqəti bir dövrdür? Yoxsa ümumi durumdan qaynaqlanır?
Bəlkə də, bəzilərimizə bəslənən antipatiya və bəzi davranışlarımızın yanlış göstərilməsi mövcud şəraitdən irəli gəlir. Bu yerdə subyektiv fikrimi çatdırmaq istərdim: Bu hərəkatın dünyanın müxtəlif yerlərində fərqli düşüncələrə malik insanlar tərəfindən müsbət qəbul edilməsinə baxmayaraq, Türkiyədə bəzi adamların onun əleyhinə çıxmaqdan, sərt davranmaqdan əl çəkmədiyini görəndə, öz-özümə, bəlkə də, yüz dəfə belə demişəm: “Ya Rəbbi, Türk xalqının adını, dilini, mədəniyyətini dünyaya tanıdan bu mühüm hərəkata əgər mənim şəxsimə görə antipatiya bəsləyirlərsə, mənim canımı al, amma bu hərəkata zərər vermə”.
Mənim xalqıma, dinimə və diyanətimə xidmət etməkdən başqa fikrim olmayıb. Bunu dilə gətirməyi ehtiyac bildim, çünki əgər bu hərəkat dünyanın müxtəlif yerlərində və bir-birinə zidd, bir-birindən çox fərqli anlayışların hamısı tərəfindan məqbul sayılırsa, ancaq təkcə bir yerdə qəbul edilmirsə, o zaman dönüb ya onları sorğu-suala çəkmək lazımdır, ya da özümüzü.
Başqalarını sorğu-suala çəkməyə başlasaq, sorğu-sualları genişləndirə-genişləndirə sui-zənn edə bilərik. Möminə yaraşan hərəkət də nəfsi sorğu-suala çəkməkdir. Əgər biz qüsurlarımıza və yanlış hərəkətlərimizə görə səhv başa düşülmüş və başqa cür qəbul edilmişiksə, demək, təqsirkar özümüzük. “Görəsən, bəzi adamlar nəyə görə bizə qarşı antipatiya bəsləyir?” deyib hərəkət və davranışlarımızı bir daha gözdən keçirməliyik. Heç kəsi günahlandırmaq istəmirəm, “Hər halda üslub xətasına yol vermişik”, – deyirəm.
Həqiqətlər bir gün ortaya çıxacaq
Bunu bir az ətraflı izah edə bilərsinizmi? “Üslub xətasına yol verdik” deyəndə nəyi nəzərdə tutursunuz?
Ola bilsin ki, məsələyə tam dini hərəkat görünüşü vermək kimi bir xəta işləmişik. Bəzilərini bəlkə də, “Türk milləti” kəlməsi narahat etmişdir. Bunlar “iyun” fırtınasında ortaya çıxdı. Bir-birinə zidd kimi görünsələr də, oxumuş, mühüm vəzifələrə gəlmiş adamlardan bəziləri “Nə haqla həddinizi aşıb “pantürkizm”, “panislamizm” məqsədi ilə başqa ölkələrə gedib fəaliyyət göstərirsiniz?” dedilər. Bununla da kifayətlənməyib hətta həmin dövlətlərdə bəzi şayiələr yaymaqla onların xüsusi xidmət orqanlarını şübhəyə saldılar. Buna görə də “Yəqin, biz özümüzü lazımınca tanıda bilməmişik, yaxınlaşaq, bizi yaxından tanısınlar” deyə düşündük. Xoşgörü məsələləri də bir az da bu yönə istiqamətlənmişdi. Ancaq bəzilərinə uzatdığımız əllər havada qaldı, heç görüşmək istəməyənlər də oldu, əvvəlcə görüş təyin etdikləri halda, sonra “gəlməyin” deyənlər də oldu. Bunları başa düşməkdə çətinlik çəkirəm, amma nə edəsən, insan təbiətidir bu... İnanan da, inanmayan da, dini qəbul edən də, etməyən də bəzi məsələlərə ilişib qala bilər.
Amma nəticə olaraq biz də Qərb kimi bir maarifçilik dövrü keçiririk. Vaxtilə orada da cəmiyyət daxilində ciddi qarşıdurmalar, ədavət və fikirlərə dözümsüzlük halları oldu, insanlar gilyotində edam edildi və tonqalda yandırıldı. Axırda sahələri bir-birindən ayırmaqla, yaxud da maarifləndirmə işi ilə bu fırtınaların qarşısını aldılar. Mən Türkiyədə də həqiqətlərin bir gün ortaya çıxacağına inanıram. Hətta artıq bu prosesin başladığını da deyə bilərəm. Çünki artıq elitar təbəqənin böyük əksəriyyəti bunları alqışlayır. Bəziləri də “görülən işlər çox gözəldir, amma kaş ki, arxasında filankəslər, bəhmənkəslər olmayaydı”, – deyirlər.
Görülən işlər bəyənilir, amma işi görənlər bəyənilmir, bu nə deməkdir?
Bir fikir bəzi adamlar tərəfindən ortaya atıla bilər, lakin əsas məsələ bu düşüncənin xalq tərəfindən qəbul edilməsidir. O zaman arxasında filan-fəsməkan qalmaz. Məsələn, Milli Azadlıq Mübarizəsi dövründə xalq düşmənləri ölkədən qovub çıxarmaq fikrini bu cür mənimsəmişdi. Ona görə də İstanbulun Antepdən, Urfadan, Maraşdan, hətta qapının ağzı olan Bandırmadan, Balıkəsirdən xəbəri yox idi. İnsanlar həmin fikir istiqamətində səylə çalışırdılar. Sonra İstanbul bu işə qarışmaq istədi. Bir çox ziyalının da qəbul etdiyi kimi, xalqın başlatdığı və davam etdirdiyi bu mübarizəni sonradan Ankara təşkilatlandırdı. İndi bu hərəkat da xalq tərəfindən mənimsənilmişdir. İnsanlar bir-birindən xəbərsiz çalışır, hər kəs nəsə bir iş görür.
Əsas məsələ millətin bu fikri mənimsəməsidir, əgər bu işdə bir fayda görməsəydi, etibar etməsəydi, yararlı olacağına inanmasaydı, mənimsəməzdi və bu könüllülər hərəkatı da meydana gəlməzdi. O zaman “nümunəsi özündən” də olmazdı.
Və nümunəsi özündən olmayan hərəkatlar uzun müddət yaşaya bilməz.
- tarixində yaradılmışdır.