Bin Laden İslamın üzünü qara elədi
Müşahidələrim
Stomatoloq stulunda bir saat…
Fəthullah Gülənlə səhər tezdən diş həkiminə də getdik.
Maşına minərkən yenə də şəkər dizlərinə vurmuşdu. Çətinliklə yeriyirdi. Diş həkimi cəmi 15 dəqiqəlik bir məsafədə idi. Gülən əvvəllər bir-iki dəfə gəlibmiş buraya. Həkim və tibb bacıları onu tanıyırlar.
Olduqca mehriban qarşıladılar. Təqribən bir saat stomatoloq stulunda oturmalı oldu. Deyəsən, dişinə körpü qoyulacaqdı.
Burada ürəyi Güləni bir az narahat etdi. Həmişəki kimi Gülən buradakı həkim və tibb bacılarına da hədiyyə gətirməyi unutmamışdı.
Bugünkü hədiyyələr arasında Türk lokumu da vardı.
Bin Laden İslamın üzünü qara elədi
“Müsəlman” deyiləndə əgər bu kəlmənin arxasında İnsanlığın İftixar Mücəssəməsi Peyğəmbərimiz (s.ə.s.), Quran və Sünnə görünmürsə, kobud və ürəksıxıcı davranışlarımız onlara pərdə olur və çöhrələrini qaraldırsa, deməli, biz dinə yaxşılıq deyil, böyük pislik etməklə məşğuluq.
Bu gün Ladenin sağ olub-olmaması bilinmir. Kaş ölmüş olaydı, müsəlmanlar da bu yanlış anlayışdan qurtulaydı.
Necə olur ki, İslamdan bir-birinə daban-dabana zidd iki təlim meydana çıxır? Ladenin terror anlayışı, sizin isə sevgi, dialoq, xoşgörü təliminiz. Laden də dini mənbə kimi göstərir, siz də.
Bin Laden ailəsi böyük ailədir, eyni zamanda dövlətə borc verəcək qədər sərvətə malikdir. Həccə gedəndə o ailənin üzvlərindən biri ilə tanış olmuşdum. Dəyərlərə bağlı bir adam idi. Ailəsinin ondan imtina etdiyini deyirdi. O zamanlar ABŞ-ın Əfqanıstanda ruslara qarşı mübarizədə ondan istifadə etdiyini və Səudiyyə Ərabistanına girişinin qadağan edildiyini danışırdılar.
Nə vaxt?
Dəqiq xatırlamıram, ya yetmiş dörd, ya da səksən altıncı il idi. O zaman ondan ruslara qarşı istifadə edildiyinə görə, bəlkə də, insanların diqqətini çəkirdi, amma mən heç maraqlanmamışdım. Bundan sonrasını siz də bilirsiniz. “Bin Laden” deyiləndə ağıla “terrorun atası” gəlir. Sanki qəsdən saqqallı, sarıqlı və əli silahlı videogörüntüləri tez-tez ortaya ataraq mənfi müsəlman imicini formalaşdırmağa və müsəlmanlara qarşı nifrət oyatmağa çalışırlar.
Ola bilər ki, Laden fikirlərində tək deyildir, onun kimi düşünən başqa adamlar da var. Bəlkə də, – münasib deyil, – amma bir milyard yarımlıq müsəlman dünyasından belə üç-beş nəfər sərgərdanın çıxmasını İslami bünyənin “ifrazatı” da saymaq olar.
İslamın adına yaraşmayan əməllərlə İslamiyyətin par-par yanan üzünü qaraldır, yer üzündə müsəlmanlığı təbliğ edən adamların fəaliyyət sahələrini daraldaraq işlərini çətinləşdirirlər. Bu terror məsələsi elə ağır yük oldu ki, ondan yaxa qurtarmaq üçün sərf edilən əməklə İslamın gözəlliklərini xeyli insana çatdırmaq, neçə qəlbi fəth etmək mümkündü.
İndi müsəlmanlar müxtəlif yerlərdə dəyərlərini tanıtmaq üçün işə başlayanda əvvəlcə terrorçu və radikal, ya da kamikadze olmadığına qarşı tərəfi inandırmaq üçün xeyli tər tökmək məcburiyyəti qarşısında qalır. Çox vaxt da dinin gözəlliklərini çatdırmağa növbə çatmır.
Ladenin yanlış anlayışından qurtulmaq...
Eyni qaynaqdan bir-birinə zidd iki təlim, iki anlayış necə çıxır?
Bin Laden özünə görə Qurana və sünnəyə istinad etdiyini deyə bilər. Əgər Allah məni adi bir müsəlman kimi qəbul edəcəksə, İslam mütəfəkkirlərinin, sosioloqlarının, hüquqşünaslarının fikirlərinə istinad etdiyimizi, müsəlmanların içindən çıxmış əksər filosofların, sosioloqların və İslamı yaxşı bilən insanların da bizimlə həmfikir olduqlarını deyə bilərəm.
Əgər Peyğəmbərimizin və raşid xəlifələrin yolu əsas götürülürsə, orada Bin Ladendən söz gedə bilməz. Onun əməlləri ilə Rəsulullahın gördüyü işlərə qətiyyən eyni prizmadan baxmaq olmaz. Rəsulullahın siyərini (həyatından bəhs edən kitabları) siyər fəlsəfəsinin məntiqi ilə təhlil etsək, düşmənlərin amansız hücumlarına cavab olaraq qanuni müdafiə hüququndan istifadə edib öz sistemini və ya paktını qoruduğunu görərik. Ya da müqavilələri pozub Onun sisteminə və ya paktına xəyanət edənlərə həddini bildirmək məqsədi ilə hərəkət etmişdir ki, bu da təbiidir və Məkkənin fəthi də belə bir xəyanət nəticəsində həyata keçmişdir.
Bu gün belə şeylər müasir demokratik dövlətlərdə də olur və BMT səsini çıxarmır. Məsələn, ABŞ Koreyaya qoşun göndərdi və siz də öz əsgərlərinizlə getdiniz oraya. Əgər bəziləri demokratiyanı bərqərar etmək üçün İraqa girdiyini deyirsə, bu cür düşünənlərin Peyğəmbərimizin gördüyü işlərin əleyhinə bircə söz də deməyə haqqı yoxdur.
Bin Ladenin baxışı?
Peyğəmbərimizin tətbiq etdiklərini əsas götürsək, Bin Ladenin məsələyə bir bötöv kimi baxa bilmədiyini görərik. Yəni Kitab, Sünnə və saleh sələflərin anlayışına bir bütöv kimi yanaşmamış, yalnız bəzi hissələrini götürmüşdür.
Bir nümunəni çox verirlər: İslam ordusu Bizans qalalarına qədər gəlib dayanır, qaladan ordunun üstünə daş, ox atılır, qılınc çalınır, başlarına qaynar yağ tökülür. Bu zaman bəziləri ayə oxuyaraq “...Öz əlinizlə özünüzü təhlükəyə atmayın”, – deyə çığırmağa başlayır. Bunu görən Əbu Əyyub əl-Ənsari dərhal müdaxilə edir:
Səhv başa düşürsünüz. Bu ayə bizi xəbərdar etmək üçün nazil olub. Ayə “Sizə verdiyimiz şeyləri, malınızı və canınızı Allah yolunda infaq edin. Əgər zərurət ola-ola siz malınızı və canınızı ortaya qoymasanız, öz əlinizlə özünüzü təhlükəyə atmış olarsınız” mənasına gəlir, – deyərək səhvi düzəldir.
Bunun kimi məsələnin əvvəlinə, sonrasına baxmadan “Müşrikləri harada görsəniz, öldürün” ayəsini götürür və bu cür xətalara yol verirlər. Bunun mənası “Sizi qəbul edən, aranızda yaşayan, sonra da əleyhinizə üsyan çıxaran və xalqa xəyanət edən adamlar olarsa, cəzalandırın”, – deməkdir. Hər bir dövlət də bu cür üsyanlarla mübarizə aparır, asilərin cəzasını verir. Osmanlıda da, Cümhuriyyət dövründə də bu cür hadisələr baş vermişdir.
Ayənin ardı belədir, “Sonra tövbə edər, namaz qılar, oruc tutar və əvvəlki həyatlarına qayıdarlarsa, onlara toxunmayın”. Məsələ bir bütöv kimi götürülməyəndə, müəyyən ayələr əvvəlki və sonrakı ayələrdən qoparılıb ortaya atılanda da Bin Laden və onun kimilərin fikirləri ilə rastlaşmalı oluruq.
İnsanları sevgi və şəfqətlə qucaqlamaq
Problemi metodologiyada görürsünüz?
Bəli, metod problemi var. Məsələyə təktərəfli yanaşılır, “Baxın bunlar kafirdir”, “Kafirlərə bu münasibəti, dünyanı müstəbidcəsinə idarə edənlərə də bu münasibəti göstərəcəksən” demək məsələyə hərtərəfli baxmaq deyildir.
Əgər Peyğəmbərimizin gördüyü işlərə, ondan sonra gələn raşid xəlifələrin və sələfi-salehinin icraatlarına, ən yaxın misal kimi Osmanlı dövlətinə baxsaq, onların qətiyyən bu cür hərəkət etmədiyini, əksinə ölkədə yaşayan xristian və yəhudilərə qayğı göstərdiklərini, başqa yerlərdə zülm görənlərə pənah yeri olduqlarını, qətliamlara məruz qalanları himayə etdiklərini görərik. Bütöv yanaşma insanlara sevgi və şəfqətlə qucaq açmağı, dəyərləri tanıdıb sevdirməyi tələb edirdi, başqa cür hərəkət edə bilməzdilər.
“Müsəlman” deyiləndə əgər bu kəlmənin arxasında İnsanlığın İftixar Mücəssəməsi Peyğəmbərimiz (s.ə.s.), Quran və Sünnə görünmürsə, kobud və ürəksıxıcı davranışlarımız onlara pərdə olur və çöhrələrini qaraldırsa, deməli, biz dinə yaxşılıq deyil, böyük pislik etməklə məşğuluq.
Bu gün Ladenin sağ olub-olmaması bilinmir. Kaş ölmüş olaydı, müsəlmanlar da bu yanlış anlayışdan qurtulaydı.
İslamın müharibə hüququ aspektindən baxanda son vaxtlar İraqda əsirlərə göstərilən rəftarı necə qiymətləndirirsiniz?
Qureyzə və Nadir qəbilələri dalbadal xəyanət etmiş, düşmənlərlə ittifaqa girmiş, müsəlmanların ölümünə, irz və namusunun tapdalanmasına səbəb olmuşdular. Xəndək müharibəsindən sonra da əməllərinin cəzasını almışdılar. Xəyanətkarlar cəzalandırılanda qadınlara, bu işdə əli olmayanlara, uzaqda olanlara və uşaqlara qətiyyən toxunulmamışdır. Hətta həmin qəbilələrin övladları arasından Məhəmməd ibn Kab əl-Qurazi kimi İslam alimlərinin ehtiram göstərdiyi, tabiunun imamlarından sayılan insanlar çıxmışdır. Bu, istisna olmaqla, Peyğəmbərimizin zamanında, raşid xəlifələrin və Osmanlıların dövründə əsirlər öldürülməmişdir. Əksinə, o dövrdə müharibə əsirlərindən kölə kimi istifadə edilirdi. İslam da müxtəlif vasitələrlə insanları kölələrə azadlıq verməyə təşviq edirdi.
Dinin adından cinayət...
Bəs onda nəyə görə köləlik tamamilə aradan qalxmadı?
Məncə, o dövrdə köləliyi ləğv etmək üçün gərək bütün dünya dövlətləri birgə hərəkət edəydi ki, bir nəticə alınsın. Yoxsa köləlik məsələsini birtərəfli həll etmək mümkün deyildi. Hadisənin həm tarixi tərəfi vardır, həm də köləlik düşüncəsini beyinlərdən silmədən onu aradan qaldırmaq o qədər ağlabatan deyildir.
Bildiyiniz kimi, Avram Linkolnun bu sahədə gördüyü işlər əks-təsir göstərmiş, kölələr yenidən əvvəlki ağalarının yanına qayıtmaq istəmişdilər. O dövrdə kölələr ailələrin yanına verilir və müxtəlif vasitələrlə azad edilməsi təşviq olunurdu. Məsələn, Bədir əsirləri bir neçə müsəlmana oxuyub-yazmağı öyrətməyin müqabilində azad edilmişdi. Bu məsələdə tətbiq edilən üsullar nə qədər fərqli olsa da, nəticə etibarilə insanlar kölələri azad etməyə ciddi təşviq edilmişdir.
Məsələn, “Kim bir insanı azad edərsə, onu azad etdiyi andan cəhənnəmdən qurtular. Əlinin əvəzinə əli, ayağının yerinə ayağı, gözünün yerinə gözü, qulağının yerinə qulağı xilas olar”, buyurulmuşdur. Bu təşviqlər o qədər təsirli olmuşdur ki, təkcə Həzrəti Ömərin oğlu Abdullah min nəfər köləni azadlığa qovuşdurmuşdur.
Səhabə anlayışı, səhabə şüuru budursa, o zaman çox rahatlıqla deyə bilərik ki, müsəlmanlar təşviqlərin təsiri ilə müharibədə əsir düşən minlərlə insanı tərbiyə etmiş, ona hüriyyət düşüncəsi aşılamış və sonra da azad etmişlər. Elə bir sistem oturtmuşlar ki, bir müddət sonra alimlərin çoxu vaxtilə azad edilmiş əsirlərdən və onların övladlarından ibarət olmuşdur.
Əməvi hökmdarı Əbdülməlik alimlər haqqında məlumat almaq istəmiş və hansı alimi soruşmuşsa, onların azad edilmiş kölələrdən olduğunu demişlər. Buna cavab olaraq Əbdülməlik “Bəsdir, demək olar, azad insanlardan bir nəfər də böyük adam çıxmayıb”, demişdir. Yəni insanlar əvvəlcə müharibə meydanında əsir düşmüş, bir müddət təlim-tərbiyə aldıqdan sonra azad edilmişdir. Hətta bu məsələyə dair hüquqi qaydalar meydana gəlmişdir ki, ona da İslamdan başqa heç yerdə rast gəlmək mümkün deyildir. Məsələn, bir kölənin ağası vəfat etmişdirsə, onun da varisi yoxdursa, o zaman kölə onun malına varis olur, yəni bir mənada övladı kimi olur. İslamın əsirlərə ümumi baxışı belədir.
Yaxşı, İraqdakılar haqqında nə deyirsiniz?
İlk öncə deyək ki, oradakılar üsul baxımından əsir deyil, girovdur. Bir çoxu girov götürülür və öldürülür. Əgər bunu İraqdakı bəzi iraqlı müsəlmanlar edirsə, zülm etmiş, haqsızlıq etmiş olurlar. Yox əgər bu hərəkətləri ölkələrini işğal edən bir millətə qarşıdırsa, onların əsl vəzifəsi mərd-mərdanə istiqlal mübarizəsi başlatmaqdı.
Bir halda ki belədir, Amerika oraya girəndə təriflədikləri ordunu və ordu hissələrini hərəkətə gətirəydilər?!. Çanaqqalada, Balkanlarda qəhrəmancasına döyüşən Türk xalqı kimi, ölüm-dirim mübarizəsi aparaydılar. Çanaqqalada şəhid olan Mehmetcik kimi, çarpışanların yarısı bu müharibədə öləydi, ən azı sağ qalanlar azad bir ölkədə yaşayardı.
Vuruşmaq lazım gələndə vuruşmamaq, sonra da amerikalılar ölkədən çıxsın deyə günahsız insanları tutub öldürmək doğru iş deyildir. Əgər bunu oradakı müsəlmanlar edirsə, deməli, dinin adından böyük cinayət törədirlər. Çünki “Heç bir insan başqasının günahına görə cəzalandırıla bilməz” prinsipi Quranın əsas düsturlarındandır. Bir ailənin bütün üzvləri cinayət işləmişsə, bir fərdi cinayətdə iştirak etməmişsə, həmin ailəyə görə o bir nəfərə toxunmaq olmaz, onun qanı, namusu, malı – hər şeyi qorunur, toxunulmaz sayılır. Onların bu yolla bir nəticə əldə etməsi mümkün deyildir.
Məsələnin digər tərəfi də budur; əgər o cinayətlər oradakı bəzi xüsusi xidmət orqanları tərəfindən törədilirsə, demək, məqsədləri vəziyyəti gərginləşdirməkdir. Məsələn, istəyirlər ki, türk iş adamları oraya sərmayə qoymasınlar, çıxıb getsinlər. Məsələn, səfirliyi mühafizə etməyə gedən hərbi dəstəyə edilən zalım hücum bağışlanası hərəkət deyildir. Görünür, bəzi qüvvələr orada vəziyyəti qarışdırmaq istəyir.
Sanmıram ki, Allaha inanan bir müsəlman belə işlərə əlini bulaya. Bunu ancaq gözünü qan tutmuş insanlar edə bilər.
- tarixində yaradılmışdır.