Dialoq və xoşgörüdən geri dönmək intihar olar
Müşahidələrim…
Hərə kəsə sayğı
Fəthullah Gülən “islamçı”, “dinçi”... kimi ifadələri heç işlətmir. İstifadə etmədiyi kimi, işlədilməsindən də narahat olur.
“Bizə görə, – deyir, – həqiqi iman və İslam düşüncəsi mənbəyini “kəlmeyi-şəhadət” və ya “kəlmeyi-tövhid” dediyimiz ən gözəl sözdən götürüb ta Haqq röyətinə (Cənnətdə Allahın camalını müşahidə etmə məqamı –red.) qədər uzanır. Dini bu çərçivədə qəbul edib yaşayan hər kəs, - qəlbləri Allah bilir, - Kitab və Sünnəyə görə, mömin, müsəlman və dindardır. Onları başqa ad və ünvanlarla anmaq bir hörmətsizlikdir”.
Gülən İslam terminologiyasında “İslam”, “müsəlman”, “dindar” sözlərinin olduğunu deyir. Gülən “Dini bir bütöv kimi yaşamaq istəyənə “islamçı” və ya “dinçi” demək nə qədər xoşagəlməzdirsə, bəzi islami əmrləri yerinə yetirməyən və ya yerinə yetirə bilməyən insanlara da “küfürçü”, “zəlalətçi”, “fisqçi”... demək bir o qədər hörmətsiz ifadədir. Məncə, hər kəs danışıq nəzakətini qorumalı, insan kimi düşünməli, insan kimi danışmalı və hər kəsə hörmətlə yanaşmağı bacarmalıdır”, – deyir.
Dialoq və xoşgörüdən geri dönmək intihar olar
Bizim dialoq və xoşgörü hərəkatımız bütünlüklə Türk millətlərinə aiddir, köklərini Türkiyədən götürür. Bu hərəkat bəzilərinin öz məqsədlərinə çatmaq üçün həyata keçirdiyi dialoq fəaliyyətlərinin bir davamı və ya əlavəsi kimi deyil, “onlar edirsə, biz niyə etməyək, nə üçün onlarla müştərək tədbirlər təşkil edib özümüzü tanıtmayaq” kimi düşüncələrlə meydana çıxmışdır.
Dialoq və xoşgörü son illərdə çox aktuallaşdı, amma bəziləri bu məsələdə sizin səmimi olmadığınızı düşünürlər. Sizə görə, dialoq strateji bir mərhələdir və ya sosial layihə, yoxsa dini bir zərurətdir?
Əgər dialoq və xoşgörü ideyası mənim fikrim olsaydı, o zaman uzun müddət davam gətirməz, bəziləri də şübhələrində haqlı olardılar. Amma mən dini mənbələrdən hərəkət edirəm, başımız dinimizə bağlıdır, nə qədər ki, din vardır, o da olacaqdır.
“Dinlərarası dialoq” kəlməsi mübahisələrə səbəb olur. Sizcə, belə bir ifadə düzgündür?
“Dinlərarası dialoq” məcazi mənadadır, yəni bu ifadə ilə dinlərin – din şəxsi-mənəvi (hüquqi şəxs) olduğuna görə – mənsubları arasında dialoq nəzərdə tutulur.
Bu məsələdə addan yapışıb qalmaq doğru deyildir, daha münasib olarsa “mədəniyyətlər arası dialoq”, “müxtəlif fəlsəfələr arası dialoq” kimi adlar qoyub əhatə dairəsini genişləndirmək və səmavi dinlərdən başqa inancların mənsublarını da bu fəaliyyətlərə daxil etmək olar.
“Dialoq və xoşgörü dinimdən qaynaqlanır”, ─ dediniz, Peyğəmbərimizin dövründə bunun bir nümunəsi varmı?
Peyğəmbərimiz Mədinəyə gələndən sonra “Mədinə bəyannaməsi”ni imzalayaraq müxtəlif dinlərin mənsublarını dialoqa çağırmış, onlarla razılığa gəlmiş və onları himayəsi altına almışdır. Onun bu mövqeyini görən – bağışlayın – münafiqlərin rəisi Abdullah ibn Übey ibn Səlül özündən çıxmış, dərhal Məkkənin yolunu tutmuşdu. Orada müşriklərin yığıncağında iştirak etmiş, “Bu adam hamını öz tərəfinə çəkir, sabah sizin üçün böyük bir təhlükəyə çevriləcək”, – deyib onları qızışdırmışdı. Yəni vəhmlərlə oturub duran insanlar bu gün olduğu kimi o vaxtlar da var idi.
Bundan başqa, Peyğəmbərimiz Nəcran xristianlarını qəbul etmiş və onları “mübahələ”yə (Hansı tərəf yalançıdırsa, Allahın ona lənət etməsini ürəkdən istəmək, qarşılıqlı lənətləmə) çağırmışdır. “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” (“Ali İmran” surəsi, 61) ayəsi nazil olmuşdur. Onlar peyğəmbər bədduasına tuş gəlməkdən qorxub Rəsulullahın çağırışını qəbul etməmiş və vətəndaşlıq vergisi verərək birlikdə yaşamağa razı olmuşdular. Peyğəmbərimiz də onlara amannamə vermişdi.
Təqlib xristianları ilə də razılığa gəlib onları öz tərəfinə çəkmiş, müsəlmanların Məkkəyə sərbəst gedib-gəlməsi üçün müşriklərlə Hudeybiyyədə ağır şərtli müqavilə bağlamışdı.
Raşid xəlifələr də bu yola sadiq qalmışlar. Səlahəddinin, Zənginin, Alparslanın, Fatehin gördüyü işlər hamıya məlumdur. II Bəyazidin yəhudiləri gəmilərə mindirib İspaniyadan gətirməsini də hamı bilir. Bu hadisənin xatirəsinə “500-cü il” cəmiyyəti qurulmuşdur. Cümhuriyyət dövründə həmin xoşgörü eyni qaydada davam etmiş, faşist zülmündən qaçanlar Anadoluya şığınmışlar. Biz buyuq. Dinimizdən qaynaqlanan bu düşüncə, bu hiss mədəniyyətimizin köklərini təşkil edir. Məscid, kilsə, sinaqoq, – hamısını bir yerdə idarə edirdik və hər kəs problemsiz yaşayırdı.
Dialoq davam edəcək
Gələcəkdə hərəkatın dialoq və xoşgörü məfhumlarına fərqli bir şey əlavə edilməyəcək ki?
Məncə, belə bir şeyin özünə qəsddən, intihardan fərqi olmaz... Hərəkatın dialoq və xoşgörü anlayışı öz inanc və dəyərlərini müasir dövrün üslubuna uyğun – çünki hər dövrün dəyərləri çatdırma tərzi və üslubu vardır, – çatdırmalıdır. Özünü tanıtmaq istəyənlərin başqalarına da qulaq asması zəruridir və bunda başqa mənalar axtarmağa lüzum yoxdur.
Bu gün terrorla, canlı bombalarla, robotlaşdırılmış insanlarla qaralan İslamın çöhrəsini dialoq vasitəsi ilə, yenidən və o gözəlliyə layiq şəkildə çatdırma prosesi başlamışdır, dolayısilə də, davam edəcəkdir...
Peyğəmbərimizin “Mənim adım Günəşin doğub-batdığı hər yerə gedib çatacaqdır”, – bəyanını qarşımıza qoyulmuş bir hədəf kimi başa düşür, Həzrəti Məhəmmədin adını dünyanın hər yerinə aparmaq, hər kəsə tanıtmaq vəzifəsi kimi anlayıram.
Mənim Peyğəmbərimin terroristlərin mənsub olduğu bir dinin banisi kimi tanınması çox böyük haqsızlıqdır. Dialoq və xoşgörü təmsilçilərinin qarşılarında Onu düzgün tanıtmaq kimi təxirəsalınmaz və ciddi bir vəzifə dura-dura başqa fikirlərə düşməsi insanların hüsnü-zənnini yerlə-yeksan etmək olar ki, bunun adına da xəyanət deyirlər.
Burada mövzudan kənar bir şey də deyim; bəzi alimlər məsələyə başqa cür yanaşırlar; sanki dialoq və xoşgörü hərəkatı başqa qurumlar tərəfindən təşkil edilir, bu hərəkatın təmsilçiləri də gedib onlara qoşulur, onlara qulaq asırlar...
Türk xalqına xas, köklərini Türkiyədən götürən bir hərəkat
Yəni missionerlərmi?
Bəli. Məlum həqiqətdir ki, kilsə təşkilatının dünyanın hər yerində və Türkiyədə ciddi cəhdlə çalışan nümayəndələri var.
Bostonda olan bir dostumuz 500 il əvvəl yazılmış bir əsərdən bəhs etdi mənə. Balkanların Türklərin əlinə keçdiyi bir dövrdə Osmanlı sərhədləri daxilində yaşayan dini azlıqlara xitabən yazılmış bu əsərdə “Özünüzü faş etmədən, duyğu və düşüncələrinizi qoruyaraq orada qalın. Bir gün gələcək öz sözünüzü deməyə fürsət tapacaqsınız”, deyilir. Burada mühüm məqam neçə əsr əvvəl bəzi insanların xəbərdarlıq edilməsidir, məncə.
Düzdür, belə şeylər vardır. Amma Vatikanda və ya başa yerlərdə həyata keçirilən bu cür fəaliyyətlərin bizim xoşgörü və dialoq hərəkatı ilə nə əlaqəsi var?! Nə mən, nə də mənimlə birlikdə bu hərəkatın ideyalarını mənimsəmiş dostlar kiminsə təsirinə düşməmişdir, kiminsə yolu ilə getmirik.
Dostlarımız Türkiyədə və Avropada, bəlkə də, yüz dəfə duyğu və düşüncələrini insanlara çatdırmaq üçün seminarlar keçirdilər, bu tədbirlərə başqa dinlərin mənsublarını dəvət elədilər, onlar da qəbul edib gəldilər. Çünki əvvəl də qeyd etdiyim kimi, başqalarının təsiri altında olmaq, onların sözü ilə oturub-durmaq işi iflic edər, yardım alanlar sonra diyə ödəmək məcburiyyətində qalarlar.
Bizim dialoq və xoşgörü hərəkatımız bütünlüklə Türk millətlərinə aiddir, köklərini Türkiyədən götürür. Bu hərəkat bəzilərinin öz məqsədlərinə çatmaq üçün həyata keçirdiyi dialoq fəaliyyətlərinin bir davamı və ya əlavəsi kimi deyil, “onlar edirsə, biz niyə etməyək, nə üçün onlarla müştərək tədbirlər təşkil edib özümüzü tanıtmayaq” kimi düşüncələrlə meydana çıxmışdır.
Heç vaxt güzəştə getməmişik
Dialoq prosesini güzəştə getmək kimi qəbul edənlər də var...
“Xoca” kimi görünən, ya da sələfdən miras qalanlara baxıb “qütb”lükdən, “qövs”lükdən söz açanlar nə fikirləşir-fikirləşsinlər, bizim qəlbimizi Allah bilir. Mən nəinki bu cür böyük məsələlərdə, hətta yatağa girərkən belə Allah Rəsulunun həyat tərzinə əməl eləməkdən vaz keçməmişəm. Yoldaşlarımın da vaz keçdiyini sanmıram. Biz dəyərlərimizi təfərrüatına qədər insanlara çatdırmaq istəmişik.
İsəvi (xristian) müsəlmanlar mövzusu da bu gün aktualdır. Xristian müsəlmanlar kimlərdir, həm müsəlman, həm də xristian olmaq necə mümkündür?
Dialoq fəaliyyətləri ərəfəsində mənim yanıma gələnlər də oldu, bəzi yerlərdə görüşlərimiz də oldu. Onlarla bir yerdə olanda bir də görürdün ki, namaz vaxtı girdi və ya həmişə oxuduğumuz virdin vaxtı çatdı. Biz ibadət vaxtı olduğunu deyib izin istəyirdik, onlar da hörmətlə yanaşırdılar. Bizim bəzi dindarlarımız kimi reaksiya vermirdilər. Bağışlayın, burada nə mümaşat (uyumulu hərəkət) vardı, nə də təqiyyə...
“Buyurun, siz ibadətinizi qurtarana qədər biz də burada dua edərik”, – deyirdilər. Belə həlim təbiətli yüzlərlə insan dialoq fəaliyyətləri sayəsində “Məhəmməd Allahın Rəsuludur. Quran Allah kəlamıdır”, – dedi. İndi Türkiyədə biri durub bu sözü söyləsə, siz onu Cəhənnəmə məhkum edəcəksiniz? Alah Rəsulunun adı və Quran bu insanların bəzisinin dilindən düşmür, hara getsələr, onlardan danışırlar.
Bədiüzzaman sanki kəramət göstərərək “İsəvi müsəlmanlar” ifadəsini işlətmiş, bununla həm də bir jest etmişdir. Bu ifadə müsəlman ola-ola dialoq fəaliyyətləri vasitəsilə xristianlığa simpatiya bəsləyən və ya xristianlaşmış insan demək deyildir. Əksinə xristian ola-ola dinimiz haqqındakı qərəzli düşüncələri bir kənara atmış, Peyğəmbərimizi Peyğəmbər, Quranı da Allahın kəlamı kimi qəbul etmiş adamlar deməkdir. Sizə yüzlərlə belə insan göstərə bilərəm.
Təəssüf ki, Türkiyədə xoşgörü və dialoq fəaliyyətləri “sayəsində” bəzi insaların xristianlığı qəbul etdiyini deyənlər var. Bu başdan-ayağa yalandır. Ancaq nə etmək olar, hər kəs öz xarakterini göstərir.
Qorxmaq lazımdırsa, başqaları qorxsun
Siz “Qurana arxalanan dialoqdan qorxmaz” deyirsiniz. Əgər din dialoqu məsləhət görürsə, buna etiraz edənlər belə çıxır ki, öz dindarlıqlarından ehtiyat edirlər.
Elə insanlar var ki, özləri necədirsə, hamını elə zənn edir. Xalqımıza baxsınlar; uzun müddət bir çox məhrumiyyətlərlə üzləşməsinə baxmayaraq, ruh və məna kökünə aid dəyərləri qoruyub saxlaya bilmişdirsə, bu onun nə qədər sağlam bir inanca malik olduğunu göstərir. Avropa Birliyi məsələsindən bəhs edərkən xalqı nəzərdə tutub ümumiləşdirmə aparmaq və bununla insanları şübhəyə, tərəddüdə sövq eləmək düzgün deyildir. Qorxmaq lazımdırsa, qoy başqaları qorxsun.
Burada bir keşiş qələmə aldığı əsərdə – kitabı dövlət adamlarına da göndərib – əndişələrini bu sözlərlə izhar edir: “Yaxın zamanlarda müsəlmanlar buralara hakim olacaq”.
“Buralar” deyəndə yəni Amerika?
Amerikanı nəzərdə tuturam. Burada İslama çox hörmətlə yanaşan bir din adamı ilə görüşürdük, “Bizim gənclər kilsədən qaçır”, – dedi. Mən də bizdə məscidə gedən gənclərin, oruc tutanların gündən-günə artdığını söylədim. O, sözünə davam edərək: “Gənclər mənəvi böhran keçirir. Sözün düzü, belə bir vaxtda Tanrının yerində olmaq istəməzdim”, – dedi. Mən də “Allahla bəndə münasibəti baxımından, bu cümlə sizin kimi bir din adamına yaraşmır”, dedim. O da alicənablıq göstərib “Allahdan çox əfv diləyirəm, bilmədən dedim” – dedi.
Bu insanlar öz nəsillərinə görə narahatdırlar. Bizim missionerlik etməyimizə gərək yoxdur, dəyərlərimizi düzgün tanıtmağa imkan tapaq, bəsdir.
Buradakı universitetlərdən birinin həm də rahib olan rektoru orada müəllim işləyən bir yoldaşımıza “Xristianlıqla əlaqədar bəzi boşluqlar vardır, heç cür doldura bilmirəm. Sonra müsəlmanlığı tədqiq etdim, indi bir qərar qəbul etməliyəm, nə deyirsən?” deyə sual vermişdi. Yoldaşımız da məndən soruşanda “Müsəlman olmasını, əlbəttə, istəyirik, amma qoy qərar verməkdə sərbəst olsun ki, öz iradəsi ilə və ürəkdən inana bilsin”, – dedim. Qısası, xoşgörü və dialoq vasitəsilə Rəsulullahın ruhunu şad edən gözəl işlər görülür və kim nə deyir, desin, bu işi təmsil edənlər öz yollarına davam edəcəklər.
Dialoq toplantılarından sonra əmələ gələn ab-havanı, Quranı dinləyənlərin, əzanımızı eşidənlərin keçirdiyi hisləri, hıçqıra-hıçqıra ağladıqlarını görənlər “Allah eşqinə, Quranı və Peyğəmbərimizi bundan gözəl necə tanıtmaq olar?!” deyirlər. Kaş, bilmədən danışmayalar!
“Cənab” sözünü belə tənqid etdilər
Papa ilə görüş zamanı işlətdiyiniz “cənab” sözünü ora-bura yozdular?
Bu gün demək olar ki, hər bir siyasi və ya dini liderdən, ya da cəmmiyyətin öndər insanlarından bəhs edərkən “hörmətli”, “möhtərəm” kimi sözlərin işlədilməsi nəzakət anlamına gəlir və bir mənada zəruri sayılır. Ancaq qəribədir ki, bir dini lider haqqında “cənab” sözünü işlətdiyimə görə məni tənqid edirlər. Halbuki həmin kəlmə də “hörmətli”, “möhtərəm” mənasını ehtiva edir və sələflərimiz tərəfindən də tez-tez işlədilmişdir, mən də buna vərdiş etdiyim üçün işlətmişdim. Belə bir xitabı da tənqid etdilər.
Allaha düşmənçilikdən əl çəkə bilsə…
Bir kitabınızda “Hər kəs kəlmeyi-tövhidi əsas götürərək ətrafa baxışını yenidən nəzərdən keçirməli və islah etməlidir. Hətta kəlmeyi-tövhidin ikinci hissəsini, yəni “Məhəmməd Allahın rəsuludur” qismini deməyib, yalnız ilk qismini təsdiq edən adama belə mərhəmətlə baxmalıdır..” sözlərinizə də bəziləri irad tutur.
Əvvəla, hər hansı bir sözü, fikri düzgün qiymətləndirmək üçün o sözün əvvəlinə və sonrasına da baxmaq lazımdır. (Sözügedən məqalənin olduğu kitabı istəyir və həmin səhifəni açır). Baxın, sizə o hissəni oxuyum, özünüz qiymət verin:
“Bu məsələ ilə əlaqədar başqalarının mənə danışdığı bir hadisəni ərz etmək istəyirəm. Yanıma bir nəfər gəlmiş, islami camaatlardan biri haqqında sual vermişdi. Mən də “Onlar bizdən çox-çox əvvəl Ədirnədən Ərdəhana qədər kəndbəkənd gəzib dolaşaraq ölkəmizin hər tərəfində kurslar, yataqxanalar açmışdılar”, – demişdim.
Aradan bir-iki ay keçəndən sonra Bornovada axşam söhbətləri zamanı yenə eyni sualı vermişdilər, mən yenə əvvəlki cavabıma bənzər cavab vermişdim. Bəlkə də, aradan iki-üç ay keçəndən sonra həmin adam təkrar gəlmiş, yenə eyni sualı vermişdi. Mən də birinci cavabıma oxşar cavab vermişdim.
Bəli, bizim üçün əsas meyar hansı yolla olur-olsun din və diyanətə xidmət etməkdir. Biz az və ya çox – bu işdə əməyi olan hər kəsi, təkrar edirəm, hər kəsi alqışlayır, başımızı onların ayağının altına qoya bilərik.
Qaldı ki, bu meyarı qoyan biz deyilik... Allah və Rəsulu bu məsələnin meyarını neçə əsrlər əvvəl qoymuşdur: “Lə iləhə illəllah, Məhəmmədən Rəsulullah” deyən hər kəs bizim din qardaşımızdır. Bundan başqa, qəbirdə Münkər-Nəkir “Rəbbin kimdir, nəbin kimdir, dinin nədir?” deyə sual verəcək. Filankəsi, bəhmənkəsi qəbul edib-etməməyi soruşmayacaqlar. Yəni onları qəbul etmək imanın əsaslarına daxil deyildir. O halda mən nə haqla bu və ya digər səbəbdən mənlə razılaşmayan din qardaşlarımın əleyhinə çıxmalıyam?!”
Bu cümələlərdən sonra sözügedən cümlələr gəlir: “Sözün qısası, hər kəs kəlmeyi-şəhadəti əsas götürərək insanlara baxışını yenidən müəyyən etməlidir. Hətta onun birini deyib, o birini, yəni “Məhəmmədən Rəsulullah” söyləməyən adamlara belə rəhmət, mərhəmət nəzəri ilə baxmaq lazımdır. Çünki hədislərdə buyurulduğu kimi, Allahın o əngin mərhəməti axirətdə elə təcəlli edəcək ki, şeytan belə “Görəsən, bundan mənə də bir pay düşərmi?” – deyə ümidələnəcək.
İndi Allahın əngin mərhəməti qarşısında xəsislik etmək və o xəsisliyi təmsil etmək bizə yaraşmaz. Həm də axı bizə nə? Mülk Onun, xəzinə Onun, qul Onun... Elə isə hər kəs həddini bilməlidir..”.
Üstəlik tənqid edilən o cümlədən dərhal sonra bu abzas gəlir və kəlmeyi-tövhidin bütövlüyü vurğulanır:
“Söz bura gəlmişkən, bir fikrimi də bildirərək bu fəsli yekunlaşdırmaq istəyirəm. 70-ci illərdən bu günədək məni və hərəkatımızı yaxından izləyən və əlinə düşən hər fürsəti fövtə verməyib iftira atan, hətta dövlət rəsmilərini belə aldadan, çox vaxt öz qəzetinin bir sütununu bu işlərə ayıran bir qələm sahibi bir gün “Lə iləhə illəllah, Məhəmmədən Rəsulullah” desə, inanın ki, o gün mənim üçün bayram olar. İllərdir dayanmadan, yorulmadan etdiyi düşmənçiliyi bir kənara atıb onu bağrıma basaram. Bəli, əsas məsələ o adamın Allaha düşmənçilikdən əl çəkməsi və Ona yaxın olmasıdır”.
Kəlmeyi-şəhadət bölünməzdir
Yəni tənqid edilən sözləriniz “Mücərrəd “Lə iləhə illəllah” demək qurtulmaq üçün kifayət edir” mənasına gəlmir. “Lə iləhə illəllah”ı deyən bir adamın “Məhəmmədun Rəsulullah” söyləməsə də, axirət əzabından qurtulacağını demiş olmursunuz, eləmi?
Əlbəttə... Bədiüzzamanın ifadələri ilə desək, “Kəlmeyi-şəhadətin iki kəlamı bir-birindən ayrılmır, bir-birini isbat və izah edir, tamamlayır, biri o birisiz olmur. İndi ki, Peyğəmbərimiz əleyhissəlatu vəssələm xatəmül-ənbiyadır, bütün ənbiyanın varisidir, əlbəttə, Haqla vüsala gedən bütün yolların başında O dayanır. Onun geniş yolundan başqa həqiqət və nicat yolu yoxdur”.
Mən ömrüm boyu Cənnət keşikçiləri kimi hər kəsə həlim olub yarım kəlmə ilə də olsa, insanlara bir ümid verərək qurtuluş yolunu xatırlatmağa çalışmışam.
Bəzən mükəlləfiyyətlərin mükəmməl yerinə yetirilməsinin belə qurtuluş üçün kifayət etməyəcəyini demişəm. Bu sözü də Allah Rəsulunun bir hədisi-şərifinə istinadən dilə gətirmişəm: Bir gün Allah Rəsulu: “Heç kəs əməlinə görə nicat tapa bilməz” – deyincə səhabələr: “Sən də mi, ey Allahın Rəsulu?” – deyə sual vermişdilər. Peyğəmbərimiz: “Bəli, mən də öz əməllərimlə qurtula bilmərəm. Ancaq Allah mərhəmət edərsə, qurtula bilərəm”, – cavabını vermişdi. Allah Rəsulu bir başqa hədisdə isə “Lə iləhə illəllah” deyin, qurtulun” – buyurmuşdur. Bəzən bu qorxu və ümid müvazinətini başa düşməyənlər ən məsumanə sözləri də öz anlayışlarına görə ora-bura yozurlar.
Bəli, ən məsumanə sözlərdən ağıla gəlməyən mənalar çıxaranlar kaş məscid kürsülərində Peyğəmbərimizlə bağlı verdiyim vəzlərə və sonralar “Sonsuz Nur” adı ilə çap olunan, təxminən iyirmi dilə tərcümə edilən, bu gün xarici ölkələrin universitetlərində dərslik kimi tədris edilən kitaba da bir baxaydılar.
- tarixində yaradılmışdır.