Dinin yenilməz gücünə dövlətin ehtiyacı var

Dinin yenilməz gücünə dövlətin ehtiyacı var

Müşahidələrim

Türkiyənin tozu hopmuş paltar

Hər axşam Arda Yavuzla birlikdə gün ərzində çəkilən fotoşəkilləri gözdən keçirirdik. Bu, bəzən saatlar çəkirdi. Bir ara “Arda, çox gözəl, çox özəl şəkillər çəkdik. Amma onu Türkiyədən gələrkən geydiyi kostyumda hələlik çəkə bilməmişik”, – dedim.

Ertəsi gün yenə bu barədə danışanda oradakı yoldaşlarımız “Neçə gündür elə o paltarı geyinir”, – dedilər, – özünüz də bilmirsiniz, çoxdan çəkmisiniz”, – dedilər.

Həmin gün müsahibəyə başlarkən Güləndən soruşdum:

– Əyninizdəki kostyum Türkiyədən gələrkən geydiyiniz kostyumdur?

Gülən:

– Bəli, – dedi, – altı ildir qoruyuram. Heç yudurtmamışam, tozunu belə aldırmamışam, tozunda, qoxusunda Türkiyə var.

Gülən müsahibə boyu bu “türkiyəli” kostyumunu geyindi.

Dinin yenilməz gücünə dövlətin ehtiyacı var

İnsanların dinlərini könül rahatlığı ilə yaşaması və mənən rahat olması üçün dövlətin dəstəyinə, əlverişli mühit hazırlamasına ehtiyac vardır. Dövlətin də fərdləri kamilləşdirməkdə, ailə və cəmiyyəti nizama salmaqda, vicdanlara hökm edərək qəlblərin qapısını aralamaqda və bu yolla bir çox qarşısıalınmaz problemləri aradan qaldırmaqda dinin malik olduğu yenilməz gücə ehtiyacı vardır. Dövlət yüksək keyfiyyətli dini təhsili təmin etməklə bu gücdən faydalanmağa çalışmalıdır.

Həm radikal dünyəviçilər, həm də ifrat islamçılar “İslam bütün həyatı əhatə edir” deyirlər. Məsələn, Konstitusiya Məhkəməsi bunu əsas gətirərək Qərbdəki kimi liberal dünyəviliyin bizdə qeyri-mümkün olduğunu deyir və mövcud dünyəvilik anlayışını müdafiə edir. Radikal islamçılar da eyni səbəbə görə dünyəviliyin əleyhinə çıxır, İslamın dövləti də əhatə etməsini istəyirlər. Bəs İslam nəyi əhatə edir və nələri fərdlərin, dünyəvi fəlsəfi dəyərlərin və ağılın öhdəsinə buraxır?

Bəşəriyyətin bugünkü səviyyəsi etibarilə mühüm məsələlərdən biri də insanlara inanma və inandığı kimi yaşama haqqının verilməsidir. Ola bilsin ki, müəyyən bir dövrdə sistemi oturtmaq üçün baş­qa cür hərəkət ediblər, amma bu gün Türkiyədə demokratiya artıq mənimsənilmişdir, anlayışlar oturuşmuşdur. On il əvvəl biri durub “Artıq demokratiyadan dönüş yoxdur” (Jurnalistlər və Yazarlar Vəqfinin açılışındakı nitqinə işarə edir) dediyinə görə istintaqa cəlb edilirdi. Ancaq bu gün hər kəs demokratiyanın müxtəlif növlərindən danışırsa, demək, demokratiya çərçivəsində həll yolları tapmaq müm­kündür.

“İslam bütün həyatı əhatə edir” anlayışı ilə əlaqədar meydana gələn ziddiyyətlər.

Qarşılıqlı reaksiyalar münasibətləri kəskinləşdirdiyinə görə, bu cür qütbləşmələri bir kənara qoymaq olmur. Tərəflərdən biri bir az yumşalsa, o biri də yumşalar.

Zənnimcə, sanki bəziləri narahat olur ki, AB ilə müzakirə müddətindən müsəlmanlığı tam yaşamaq üçün istifadə edəcəklər. Bu da gərginliyə səbəb olur.

Dinin bütün həyatı əhatə etdiyinə inanan bir insan bəzi məsələlərdə daha yumşaq davranmağı necə bacaracaq?

Din həyatdır, hətta həyatın həyatıdır, yaşandıqca var olur. Dini yaşarkən başlıca şərtlərə əməl etmək lazımdır. Məsələn, heç kimin “dinin möhkəmatı” adlanan təməl əsasları güzəştə getməyə haqqı yoxdur.

İkincisi, hər bir müsəlmanın Quran və Sünnədə fərd və ailəyə aid əmrləri necə başa düşürsə, o cür yaşamasına imkan verilməli, sərhədlər çəkilib məhdudiyyətlər qoyulmamalıdır. Digər tərəfdən, müsəlman kimi yaşamağa çalışanlar da bəzi şeyləri qarışdırmamağa ciddi diqqət yetirməlidir.

Hansı məsələləri?

Bəzən dinin təfərrüatlarını, ikinci dərəcəli məsələlərini dinin təməl əsaslarının yerinə qoyurlar. Məsələn, namaz kimi, oruc kimi dinin təməl əsasları fərdi həyatda yerinə yetirilməlidir. Dünyəviliyə etiraz edənlər dinin fərd və ailə həyatına dair əmrlərini nə qədər həssaslıqla yerinə yetirirlər? Buna baxmalıdırlar. Görəsən bu əmr­lərin hamısına nöqtəsinə, vergülünəcən əməl edirikmi?

Bunları deyəndə utanıram: əgər bir fərz namazını vaxtında qıla bilməmişiksə, bir günün orucunu tutmamışıqsa, başqa iddialar irəli sürərkən papağımızı qarşımıza qoyub düşünməli və Allahdan utanmalıyıq. Çünki bu ibadətləri ehmal etmək olmaz. İslamın namaz, zəkat, oruc kimi əmrlərini qüsurlu yerinə yetirənlər, məncə, dində ciddi nöqsan işləmiş olurlar. Deməli, iftira atanlar, qeybət edənlər, əlinə qələm alıb müsəlmanların bostanına daş atanlar dinə görə ciddi qüsura yol verirlər. Allah Rəsulu qeybəti “zinadan daha dəhşətli” sayır, iftiranı “bağışlanmaz günah” kimi təqdim edir. Riyakarlıq, özünü göstərmə kimi günahları az qala şəkk gətirməyə tən tutur.

Bu cür qüsurlar ola-ola, dini tam yaşamaqdan söz açmaq dinə, Allaha və Rəsuluna qarşı hörmətsizlikdir. Allah xatirinə, gə­lin əvvəlcə şəxsi həyatımızda, ailə həyatımızda, uşaqlarımızın tər­bi­yəsində, düşüncə və qəlbimizdə dini tam yaşayaq...

Sonra?

Bu tamlığın bəhrələri həyatımızda bir görünsün. Yəni dinin fərdə aid əmrlərinə, rahatlıqla yerinə yetirilən əsaslarına əməl edərkən qüsura yol verə-verə, böyük günahları işləyə-işləyə dini tam yaşamaq iddiası ilə ortaya atılmaq və başqları ilə münaqişə eləmək bir təzaddır və bu təzaddan qurtulmaq lazımdır. Bu, bizim xətamızdır.

Ondan sonra deyək ki, bu məsələlərdə dinimizin əmrlərini tam yerinə yetirə bilmədiyimiz üçün vicdanımız rahat deyil. Gəlin, siz də ehtimallara görə hökm verməyin, insafımızı ortaya qoyub bunlara bir çarə tapaq.

Sizcə, çarə tapmaq mümkündürmü?

Bu gün demokratiyanın müxtəlif formaları vardır: xristian demokratlar, sosial demokratlar, liberal demokratlar. Ruslar da özlərini sosializm dövründə demokrat adlandırırdılar.

İslami hiss və düşüncələrə yer verən bir demokratiya niyə olmasın ki? Biz insanıq və bir sıra ehtiyaclarımız vardır. İçimizdə əbədiyyət duyğusu var, yox olmaq istəmirik. Allahdan və onun vəd etdiyi əbədi həyatdan başqa qəlbim heç bir şeylə aram tapmır. Qarşımda əbədi bir həyatın var olduğunu düşünməsəm, bilsəm ki, ölərkən yox olacağam, mənən böhran keçirərəm. Mən əbədiyyət duyğusu ilə, Allaha qovuşma düşüncəsiylə nəfəs alıram.

İnsani bir demokratiya bərqərar olacaqsa, mənim bütün cə­hətlərimi nəzərə almalı, bu cür mənəvi ehtiyaclarıma da cavab verməlidir.

Deyirsiniz ki, demokratiyanın metafizik tərəfi də ol­ma­lıdır...

İnsanın hər cür ehtiyacını nəzərə almaq lazımdır. Metafizikaya ehtiyac hiss edən vardırsa, təlim və tərbiyəsi verilərək bu ehtiyacı təmin etmə yolları göstərilməlidir. Boşluq buraxmamaq lazımdır, məktəb, küçə, məbəd və ailə insanın əlindən tutmalıdır. Məncə, mütərəqqi demokratiyada dünyəvilər kimi xoşbəxt yaşamaq imkanı da, sırf axirət üçün yaşamaq imkanı da olmalıdır. İstəyən səhabə kimi yaşaya bilməlidir.

Demokratiya da öz inkişaf dövrünü keçirir. Məsələn, demokratiyaya çoxdan keçmişik, amma “Kopenhagen normativləri” bizdə nə qədər çatışmazlıq və qüsur olduğunu göstərdi. Bu mərhələ təkamül edə-edə təkmilləşəcək.

Belə ki, Avropa özü də demokratikləşmə dövrünü yaşayır, bu dövrü başa vurduğunu, mükəmməl səviyyəyə çatdığını demək çətindir.

Bir gün qəlb, ruh, fikir, hiss – bütün ehtiyaclara cavab verən demokratiyanın bərqərar olacağına inanıram, o istiqamətə doğru irəlilədiyimizi də görürəm. Dünyəviçi və İslamçı − qeyd edim ki, bu ifadələrdən heç də xoşum gəlmir − tərəflər arasında sərt münasibətlərin də yumşalacağına inanıram. Oxumuş, ziyalı insanlar məsələlərə anlayışla yanaşmalı, əbəs yerə vahiməyə düşüb qorxu içində yaşamaqdan azad olmalıdır.

İki tərəf də?..

İki tərəf də!

Dövlət dini təhsillə bu gücdən faydalanmalıdır

Dinin dövlətə, dövlətin dinə nə qədər ehtiyacı var? Hər ikisinin də varlığını davam etdirməsi baxımından?

İnsanların dinlərini könül rahatlığı ilə yaşaması və mənən rahat olması üçün dövlətin dəstəyinə, əlverişli mühit hazırlamasına ehtiyac vardır. Dövlətin də fərdləri kamilləşdirməkdə, ailə və cəmiyyəti nizama salmaqda, vicdanlara hökm edərək qəlblərin qapısını aralamaqda və bu yolla bir çox qarşısıalınmaz problemləri aradan qaldırmaqda dinin malik olduğu yenilməz gücə ehtiyacı vardır.

Dövlət yüksək keyfiyyətli din təhsilini təmin etməklə bu gücdən faydalanmağa çalışmalıdır. Çünki insan təkcə dünyəvi varlıq deyildir, mənəvi yönü, əbədiyyətə aid tərəfi də vardır və bu yerdə dünyəvilik anlayışı dinin yerini tuta bilməz. Məsələn, qardaşı və ya dostu ölən bir uşağa həm Allaha və axirətə inanan bir insan kimi, həm də inanmayan bir adam kimi nə deyəcəyimizi, necə təskinlik verəcəyimizi bir düşünək. Bu məsələdə dinin verdiyi təsəllini heç bir qanun-qayda verə bilməz. Dinin bu gücündən istifadə edilməlidir.

Gəncləri narkotikdən, terrordan, satanizmdən, nə bilim, nə qədər yanlış işlərdən çəkindirməkdə ən effektli yol onları Allah inancı ilə yetişdirmək və əməllərinə görə sorğu-suala çəkiləcəklərini öyrətmək lazımdır. Əks təqdirdə qanunlarla, qaydalarla bunların qarşısını almaq mümkün deyildir. Qabaqlayıcı tədbirlər, qanun və intizam mütləq olmalıdır, amma təhsil (təlim-tərbiyə) hamısından əhəmiyyətlidir. Təhsildə də din əvəzsiz rol oynayır.

Qurtuluşa vəsilə ola bilər…

Sizin mühüm saydığınız bu mülahizəni dünyəviliyə zidd görən çox adam vardır.

Bəli, vardır, amma mən təhsildə dinin çox mühüm olduğunu bir daha təkrar edirəm. İcazənizlə, bu məsələ ilə əlaqədar haşiyəyə çıxıb bir fikri ərz edim: Evrən paşanı demokratiyaya zərbə vurmaqda və bir çox məsələdə tənqid etdilər. Amma məktəblərdə seçməli fənn kimi keçirilən din dərslərini icbari etməklə faydalı bir iş gördü. Gənclərin çoxu onun bu xidməti nəticəsində dini təhsildən faydalandı. Bu, məncə, elə böyük işdir ki (doğrusunu Allah bilir), heç bir savabı olmasa belə, bu xidməti ilə axirətdə qurtula bilər, Cənnətə də gedə bilər.

Dövlət adamlarımız dinin əhəmiyyətini nəzərdən qaçırmamalıdır. Yoxsa hamımızın şikayət etdiyi tüfeylilərin, cibkəsənlərin qabağını almaq çox çətindir. Bu insanları belə əməllərdən ancaq Allah qorxusu çəkindirər.

Bundan başqa, xəstələr, şikəstlər, bir ayağı məzarda olan qocalar vardır. Hər gün ölümü göz qabağına gətirirlər. Bu insanların ruhundakı fəryadı axirət inancından başqa nə sakitləşdirə bilər?

Demək, dövlət adamlarımız dinin bu yenilməz əsaslarından faydalanaraq mənəviyatlı, əxlaqlı insanlar yetişdirməklə asayiş və əmin-amanlığın təmin edilməsini asanlaşdırarlar. Bu, o demək deyildir ki, dini təhsil veriləndə daha qanuna, nizama, qanunun keşiyində dayanan adamlara, polis və məhkəmələrə ehtiyac qalmayacaq. Bunlara yenə ehtiyac olacaq, amma problemli insanların sayını azaltmaqla işləri asanlaşdıracaq. Zənnimcə, bu ricamla, bu düşüncəmlə çox adam razılaşar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.