Dünyada təmənnam deyil, dərdim var

Dünyada təmənnam deyil, dərdim var

Müşahidələrim…

Bir ovuc torpaq...

Fəthullah Gülənin otağında bir küncdə, bir az hündür yerdə şüşə qapılı bir dolab qoyulub.

İçərisində qutular, onların da içində Türkiyənin müxtəlif yerlərindən gətirilmiş torpaq vardır.

Gülən Türkiyə həsrətini “Türkiyə torpağı” ilə ovundurmağa çalışır.

Qutuları bir-bir açır, əlini onlara sürtür, qoxusunu ciyərlərinə çəkir...

Kim bilir, xəyalında nələr canlanır...

Kim bilir, haralara gedir...

Doğma torpağının qoxusuna həsrət qalan bir adamın “müqəddəs varlıq” deyib saxladığı bu qutular, bəlkə də, onun üçün Amerikada ən qiymətli şeylərdir...

Kiminə görə sadəcə bir ovuc torpaq, kiminə görə isə üstünə şəhidlərin qanı damlamış, məzlumun göz yaşları düşmüş müqəddəs torpaq, müqəddəs varlıq...

Dünyada təmənnam deyil, dərdim var

Dünyada təmənnalarım deyil, dərdim oldu. O dərdi dilə gətirməkdə davam edəcəyəm, şərait necə olur-olsun, sözümə dəyər verənləri dünyanın hər yanına gedib təhsil fəaliyyətlərini həyata keçirməyə təşviq edəcəyəm. Məzara qoyulanda belə imkanım olsa, yenə “gedin, məktəb açın, Türk dilini dünya dilinə çevirmək üçün əzmlə çalışın”, deyəcəyəm.

Türkiyə xəyallarınızda necə qalıb?

Türkiyənin hal-hazırkı fotoşəkilləri var. Əmin-amanlıq isti­qamətində addımlar atılır, irəliləyişlər var. Demokratiya inkişaf edir. Daha yaxşı günlərin dan yeri ağarmağa başlayıb. Bir tərəfdən də Türkiyəni istəməyənlər və ya bambaşqa bir Türkiyə istəyənlərin fitnə-fəsadları, təxribatları, ölkəni qarışdırma cəhdləri vardır. Bunları görəndə adam bir az ürpərir. Yəni yenidən anarxiyaya zəmin hazırlanır, küçələri yenidən qan gölünə çevirmək istəyirlər, əmin-amanlığa zərbə vurmağa çalışırlar...

Bir də dönüb inkişafa, yaxşı və gözəl işlərə, mütərəqqi tə­şəbbüslərə baxanda başınızdan – bağışlayın – o çirkin fikirləri silib atırsınız. Nəcib Fazil kimi: “Əbəd bizimdir, əlbət, bizimdir”.. deyirsən. Gələcəyin təmiz insanların olacağını görürsünüz. Məşhur şeirində “Vur külüngü, Fərhad, çoxu getdi, azı qaldı..”, – deyir. Məncə, Türkiyədə də pis günlərin çoxu gedib, azı qalıb.

Xalqımız Türkiyə həqiqətlərini daha yaxşı qavrayacaq və dövlətlər arasında sözü keçən böyük bir Türkiyə qurmaq, bölgədə hakim dövlətə çevrilmək üçün əl-ələ verəcək. Xırda fərqləri bir tərəfə atacaq və inşallah, gözəl bir Türkiyə inşa edəcək.

Türkiyədən yanınıza gəlib-gedənlər olurmu, kimlərlə görüşürsünüz?

Bir vaxtlar tələbəm olmuş insanlar var. İstanbulda olanda bir vəqfin idarəçilərindən tez-tez yanıma gələnlər vardı. “Jurnalistlər və Yazarlar vəqfi”ndən Harun bəylə və bəzi yoldaşlarla görüşürəm.

Yaşar Tunagür xoca ilə bir-birimizə haqqımız keçib. 60-cı illər­də mən Ədirnədə imam işləyəndə o da müfti idi. Sonralar onun istəyi və təşəbbüsü ilə İzmirə təyinat aldım. Hər qəndildə, hər Ramazanda Yaşar xocaya zəng eləməyə çalışıram.

İki bacım, beş qardaşım var. Böyük bacım anam vəfat edəndən sonra bir müddət mənə ana əvəzi olmuşdu. Onunla hal-əhval tuturam. Sağlığında Aydın Bolak bəyi demək olar, hər qəndildə axtarar, halını soruşardım. O, mənim üçün dəyərli bir insan idi. Onunla danışanda kövrələrdim, o da mənim kimi...

Evyapgil ailəsindən bir qadın vardı, xeyli yaşlı idi... Anamdan sonra mənə ana kimi idi... Mənə “Uşaqlarımdan əvvəl sənə dua edirəm”, – deyərdi.

İlhan bəyin qaynanasına da zəng vurardım.

Aydın ağabəy dünyadan köçdü, o da vəfat etdi. Mənim də qəndillərdə, Ramazanlarda, bayramlarda danışdığım insanların sayı gündən-günə azalır, üçə, beşə düşür.

Ara-sıra bir yol tapıb mənə zəng edənlər də olur... Əsgərlikdə rabitəçi idim, telefon məndə olardı, makinada yazardım, telefon aparatını söküb mikrofonunu, qulaqlığını təmir edə bilirdim. İnziva həyatında bunlardan çox uzaqlaşdım. İndi internetdən istifadə etməyi də bacarmıram. Hamıya qəribə görünə bilər, amma həyatın kənarında yaşayıram. Bunu ona görə deyirəm ki, həyatdan bu qədər kənarda yaşayan bir insandan bu qədər ehtiyat etmək hər halda kənarı, künc-bucağı bilməməkdən irəli gəlir.

Siyasi dairələrdən kiminləsə görüşürsünüzmü?

Tayyib bəylə bələdiyyə sədri olanda görüşmüşdüm. Seçildikdən sonra görüşmək imkanım olmayıb, telefonla da danışmamışıq. Abdullah bəylə də tanışıq, amma bu tanışlıq çox da yaxın deyil. Bülənt Arınc bəylə Manisada işlədiyim illərdən tanışam. Bəzən yanına gedənlərlə salam göndərirəm, o da onlardan səhhətimi soruşur və salam göndərir.

Türkiyəni necə izləyirsiniz?

Yoldaşlarım internetdən aldıqları bəzi xəbərləri gətirirlər, bir də “TRT” və “Samanyolu”na baxmaq imkanı olur. Televiziya ekranı Türkiyəni nə qədər əks etdirir, o qədər seyr edə bilirəm, ancaq televiziyada göstərilənlərlə tanıya bilirəm. Ekranda, bəlkə də, dar, bəlkə də, geniş çərçivədə, bəlkə də, real informasiyalarla təsvir olunan Türkiyə... Ancaq bu çərçivədə baxa bilirəm.

Türkiyənin hər şeyi üçün darıxıram

Türkiyədə ən çox nə üçün darıxırsınız?

Düzünü desəm, Türkiyənin hər şeyi üçün darıxmışam. Çayından qəhvəsinə qədər... Az da olsa, hərdən səfərə çıxardım, yol uzunu qəhvəxanalarda oturub çay içmə üçün də... Adamlarımızın saf, təmiz, dupduru düşüncələri üçün... çöhrələrindəki təbəssümlərinə qədər, hətta geyim-kecimimizə qədər hər şey üçün... Qaracaoğlanın dediyi kimi... Bağları var, amma bizim bağlara bənzəməz... Dağları var, bizim dağlara bənzəməz. Bunların göydələnləri gözəl görünə bilər, amma bizim “yerdələnlərimiz” (kiçik evləri nəzərdə tutur – red.) mənə daha cazibədar gəlir. Dünən də xəstəxanada yuxarıdan baxdım... Mənasız ehramlar kimi binalar mənim üçün heç nə ifadə etmir. Soyuq gəlir mənə. Gəldiyim gündən indiyədək Türkiyənin hər şeyini bütün hərarəti ilə içimdə hiss edirəm.

Türkiyəni bir az da içimdə yaşayıram. Xəyallarımda rəsmini çəkirəm. Bəzən gülürəm, bəzən darıxıram. Bəzən həsrətdən gözlərim dolur, ürəyim qanayır. Bəzən də “Türkiyə üçün bu qədər iztirab çəkməyə dəyər” deyirəm. Hər yanının həsrətindəyəm. Qoyunların mələşməsi üçün də darıxıram.

Buraların hər şeyi mənə çox mənasız gəlir. Onlar üçün çox mənalı olanlar mənə anlamsız görünür. Mən öz mədəniyyətimin övladıyam.

Türkiyədən danışanda gözləriniz dolur. Lakin altı ildir, buradasınız, geri qayıtmağa hüquqi maneə yoxdur. Bu, nə qədər çəkəcək? Daha nə qədər bir ovuc torpaqla təsəlli tapıb həsrətlə yaşayacaqsınız? Vətən həsrəti nə vaxt sona çatacaq?

Müəyyən yaşdan sonra vücud davam gətirmir. Nə qan-damar sistemi, nə də başqa bir şey buna dözəsi gücdə deyil. Türkiyənin həsrətinə dözmək çətindir, amma orada da başqa şeylərə qatlanmağa məcbur olacağam. Onu düşünürəm. Bəzi xoşagəlməz şeylər insanın içində istər-istəməz iz qoyur...

Bir ərəb şairi belə deyir: “Bundan sonra evimin uzaqda olmasını, gözlərimdən də yaşlar axmasını arzulayıram”. Ona yaxın olmağa əngəllər çıxmasın deyə burada qalıb qəlbən, vicdanən orada olmağa üstünlük verirəm. Qəlbən oralarda oluram, həsrəti mənə daha da zövqlü gəlir. Təsəvvüfdə bir məqam vardır – aşiqlərfövqü bir məqam. O məqama çatanlar vüsləti belə istəmirlər. Yəni içimə atəşlər sal, məni yandır, yax, göz yaşlarım selə dönsün, həmişə hicranla sızlayım, lakin yenə də vüslət istəmirəm. Çünki bu, daha şirin gəlir. Türkiyəyə qarşı bu cür zövqlü bir həsrət, zövqlü bir hicran mənə daha dərin, daha vəfalı, daha ürəkdən görünür.

Qorxuram ki, məni bəhanə edib əmin-amanlığı pozsunlar

Yəni dönməyəcəksiniz?

Onsuz da geri qayıtmaq üçün hüquqi əngəl yoxdur. Türki­yəyə qayıtmağı bir an olsun ağlımdan çıxarmamışam. Yenə də Türkiyədəki əlaqədar yerlərdən soruşdurdum. “Bir şey yoxdur, gələ bilər”, – dedilər, amma “gələ bilər”i elə tərzdə dedilər ki, sanki “gələn kimi onların başını ağrıdaram”, mənasını sezdim.

“Bu həsrətə, hicrana son qoyub Türkiyəyə gəlmək xeyirlidirsə, Allah-Təala nəsib etsin”, deyirəm.

Dövlət adamlarından idi?

Bəli, mühüm bir vəzifədən təqaüdə çıxmış yaxın adamlarından biri vasitəsilə “Əgər gəlsəm, onlara problem olmaz ki?” – deyə xəbər göndərib soruşdurmuşdum. Təbəssüm ediblər, amma “gəlməsə, daha yaxşı olar” deyiblər. Hər halda elə fikirləşirlər ki, mən geri qayıtsam, bəzilərinin əlinə fürsət düşər. Mənə elə gəlir ki, bəzi qüvvələr bəzi adamları küçələrə tökəcək, qarışıqlıq salacaqlar. Mən də Türkiyədə yaranmış sabitliyin pozulmasına fürsət vermək, səbəb olmaq istəmirəm. Başqaları belə bir şeyə görə narahat olmaya bilər və bu da mənim üçün əhəmiyyətli deyil.

Özümü deyil, ölkəmi düşünürəm

Bu narahatlıqların şəxsinizlə bir əlaqəsi var?

Özümlə əlaqədar heç bir narahatlığım yoxdur. Ən çoxu, məni tutarlar, həbs edərlər. Mən də burada elədiklərimi orada davam etdirərəm, oxuyaram, yazaram, pozaram... Hər halda mənə baxan adam da olar orada. Dərmanlarımı verərlər, xəstə olanda xəstəxanaya apararlar. Əsas məsələ bunlar deyildir, bir başqa yerə də gedə bilərəm. Türkiyəyə girib çıxaram, bir az orada qalaram, bir az başqa yerdə. Ancaq sonra bir sıra ciddi təxribatlara səbəb olmaqdan ehtiyat edirəm. Bəzi insanların indi də hansı arqumentlərdən sui-istifadə edəcəyini bilmirəm, təxmin edə bilmirəm.

Yəni Amerikada yaşamağı iradi bir sürgünə çevirmək istə­yir­siniz...

Taleyin bir cilvəsi ilə buraya gəldik. Digər tərəfdən, tanıdığım, sevdiyim dostlardan bəziləri Bizim təhsil və kültür fəlsəfəmizi dünyanın dörd bir tərəfinə aparmaq üçün hicrət etmişdi. Dedim, onlar kimi mən də hicrət edim. Sözün düzü, əvvəllər “Allah izin versə, Pekinə gedərdim”, – deyə fikirləşirdim. Ən uzağa gedən dostlardan da uzaqlara getmək istəyirdim. Orada beş-altı adama bir şey çatdıra bilsəydim, anlada bilsəydim, faydalı iş görmüş olardım. Oralara getmək qismət olmadı, hər halda mümkün deyildi, şərait də əlverişli deyildi.

İş elə gətirdi ki, buraya gəldik, burada qalmalı olduq, mənim üçün bura bir hicrət yeri oldu. Amma öz vətənimə qayıtmağı bir an da olsa, yaddan çıxarmamışam. İndi Türkiyənin müxtəlif yerlərindən gətirilən torpaqları, torpaq parçalarını qoxulayaraq təsəlli tapıram. Hələ də əynimdəki paltarların üstündə Türkiyənin tozu qalır. Altı ildir yudurtmamışam, təmizlətməmişəm. Onların üstündə Türkiyənin tozu var, onlarla təsəlli tapıram. Şəkillərinə baxır, təsəlli tapıram, gələnlərdən soruşur, təskinlik tapıram. Rəbbim murad buyursa, bir gün bu həsrətin də sonu çatar...

Özüm kimi qayıdaram

Türkiyəyə Xomeyni kimi qayıdacağınızdan ehtiyat edənlər də vardır...

Qayıtsam, özüm kimi, Ramiz əfəndinin Üç Şərəfəli məsciddə imamlıq edən oğlu kimi qayıdaram. Sizə gülməli gələ bilər, amma qayıdanda – təqaüd yaşım da keçib, mənə imamlıq verməzlər, amma vallah – “görəsən, Ədirnəyə getsəm, mənə o məsciddə imamlıq vəzifəsi verərlərmi, yenə eyni pəncərədə qala bilərəmmi?” deyə düşünürəm. Köhnə xatirələri ilə yaşadığım yerlərdən biri də Kəstanə bazarıdır. Fikirləşirəm ki, Kəstanə bazarında bir iş verməsələr belə, taxta daxmama oxşar bir komada qalmağa razı olarlarmı?”. Bütün səmimiyyətimlə deyirəm, kəndimdə, babalarımın torpağında tikilmiş bir qonaq evi var, gedib orada da qalmaq istərdim. Doğulduğum, böyüdüyüm kənddə bir kəndli kimi ölmək istərdim.

Bir kəndə gedib susacaqsınız?

Dünyada təmənnalarım deyil, dərdim oldu. O dərdi dilə gətirməkdə davam edəcəyəm, şərait necə olur-olsun, sözümə dəyər verənləri dünyanın hər yanına gedib təhsil fəaliyyətlərini həyata keçirməyə təşviq edəcəyəm. Məzara qoyulanda belə imkanım olsa, yenə “gedin, məktəb açın, Türk dilini dünya dilinə çevirmək üçün əzmlə çalışın”, deyəcəyəm.

İş adamlarımıza “Dünyanın dörd bir yanında toxum kimi tor­pağa düşün və sonra ağaclara çevrilin, lobbilər təşkil edin və Türkiyəni dəstəkləyin. Dünyadan təcrid olunmuş bir Türkiyənin var olması mümkün deyildir”, – deməkdə davam edəcəyəm.

Əgər bir gün xüsusi qanun çıxarıb ağzıma qıfıl vursalar belə, əlimlə, ayağımla bunları yazacaq, amma təşviqimdən əl çəkməyəcəyəm.

Çünki bunları dövlət məmuru kimi məscid minbərlərindən açıq-aşkar – bəzilərinin sayğısızca dediyi kimi desək “müridlərə” deyil – hər kəsə dedim. Hətta başqa din adamlarımızdan fərqli olaraq dedim ki, “Türkiyəni inkişaf etdirin, qoy hər yerdə Türk xalqının səsi eşidilsin”. Məncə, budur əsl millilik də, millətçilik də budur, nağıl danışmaq, insanları küçə-meydanlara tökmək deyil.

“Türkiyənin məfkurəsi böyük bir məfkurədir. Ona İstiqlal Mübarizəsində olduğu kimi bütün millətin dəstək olması lazımdır”, – deməkdə davam edəcəyəm. Elə bir qanun da yoxdur ki, məni susdursun və bunları mənə qadağan etsin. Hətta öz keyflərinə görə bir qanun çıxarsalar belə millətimə bir vəfa borcu olaraq bunları deməkdə davam edəcəyəm.

Vəzifə istəməyin

Vəsiyyətiniz varmı?

Əvvəllər bir vəsiyyət yazmışdım. O zaman sarığıma və ya cübbəmə bükülüb dəfn edilmək istəmişdim. İndi potmanatımda kəfən və dəfn xərclərinə çatacaq qədər pul var. Qonorar məsələsində şübhəli olduğum üçün onun dəfnə sərf edilməsini istəmirəm, dövlətdən aldığım maaşın da dəfnə xərclənməsini istəmirəm. Bu pulu ona görə saxlayıram.

Kitablarımın bir qismini maaşımla almışam, onları dövlətin malı hesab edirəm, bir qismini də xoca olduğuma görə bəzi nəşriyyatlar hədiyyə etmişdi. Bu səbəbdən insanlardan gələn hədiyyələri saxlayıb yenidən camaata hədiyyə etdiyim kimi, kitablarımın və şəxsi əşyalarımın da hansı müəssisədədirsə, oraya aid olduğunu yazmışdım.

Bir yerə gedəndə çay pulunu, yemək pulunu ödəyən yoldaşlarım vardır. Həyatdadırsa onlara, vəfat etmişlərsə, övladlarına məndən qalan şeylərdən verilib məmnun edilməsini yazmışdım. Buraya gələndə də, “Uzaqda bir yerdə ölsəm, xərc çəkib aparmağa gərək yoxdur”, demişdim, amma vicdanım və hislərim buna çox razı olmur. Türkiyədə, atamın və ya anamın yanında dəfn edilməyi arzu edirəm.

Hərəkatla əlaqədar olaraq isə, “Dost və yoldaşlarım əvvəl və axır, yəni nə indi, nə də daha sonra vəzifə arzusunda olmasınlar, siyasətə girməsinlər. Dünya səltənəti və dəbdəbəsi ayaqlarına qədər gəlsə belə, məni sevən və məsləhətlərimi dinləyən yoldaşlarım ona gözlərinin ucu ilə də baxmasınlar. Başqaları anlamasa da, “Allah rizası” desinlər, Allahın adını ucaltmaq naminə bir an da dayanmadan səmimi şəkildə səy göstərsinlər” kimi mülahizələrim olmuşdu.

İndi yeni bir vəsiyyətnamə yazmaq və bu məsələləri daha da dəqiqləşdirmək istəyirəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.