Marks da Həzrəti Ömərə heyran idi

Marks da Həzrəti Ömərə heyran idi

Müşahidələrim

Gülənin kiçik otağına sığan dünyalar

Fəthullah Gülənin qaldığı otağın eni təqribən dörd metr, uzunluğu isə səkkiz metrdir. O, buradan həm iş, həm də yataq otağı kimi istifadə edir. Gülənin yatacaq yeri arakəsmə ilə ayrılmışdır. Otaqda yazı masası, vitrin, kitabxana, qarderob, qaçış aparatı, kreslo və bir şüşə vitrin var. Şüşə vitrinin içərisinə qutular düzülüb, qutularda Türkiyənin müxtəlif yerlərindən gətirilmiş torpaq var. Divarlardan müxtəlif şəkillər asılıb. Gülən vaxtının çoxunu bu otaqda keçirir. Bəlkə də, günün iyirmi saatdan çoxunu. Həkimlər hər gün qaçış aparatında bir saat yeriməyi məsləhət görürlər, amma o, yarım saat yeriyir. Otağının kiçik bir eyvanı var. Gülən oraya cəmi iki dəfə çıxıb. Üçüncünü bizimlə birlikdə çıxdı. Eyvana Türkiyədən göndərilən kiçik kilim və xalılar sərilib.

Evin təxminən 150 metrliyində bir göl var. Ora da altı ildə cəmi iki dəfə gedib. Gülən bayıra çox çıxmır, “Bir də mövsüm xəzan olunca, ona heç tabım yox”, – deyir. Gülənin otağına, həyatına baxanda onun Amerikada deyil, Türkiyənin bir bölgəsində yaşadığını sanır insan. Gülən qaldığı yeri türkləşdirib, Türkiyənin bir parçasına çevirib.

O kiçik otağa sanki bir neçə dünyanı sığışdırıb Fəthullah Gülən!

Marks da Həzrəti Ömərə heyran idi

Dörd xəlifənin hər biri özünəməxsus xüsusiyyətləri ilə mənə çox təsir edir. Məsələn, Hz. Ömərin həyata keçirdiyi böyük işlər və atdığı addımlar, eyni zamanda öz nəfsini sorğu-suala çəkməsi, son anlarında “Dünyaya gəldiyim kimi getsəm, özümü xoşbəxt sayaram” sözləri ilə dilə gətirdiyi dərin hisləri, haqpərəstliyi və Allahın inayətindən başqa pənahgah tanımaması məndə dərin heyrət oyadır. Marksın da ona heyran qaldığını deyirlər. Məsələn, ağlıma Ömər ibn Əbdüləziz gələndə gözlərim dolur. Sultan Mehmet Fatehə və xüsusən, Osman Qaziyə heyranam.

Siz hansı tarixin yetirməsisiniz?

Könlüm çoxdan qızıl dövrlərin həsrəti ilə, iştiyaqı ilə doludur, amma özümü tarixin konkret bir dövrünə aid edə bilmirəm. Tarix deyiləndə mərhum Akifin:

“Gül dövrünü görsəydim, onun bülbülü olardım,

Ya Rəbb, məni əvvəl gətirəydin, nə olardı!”

misraları ilə nəzmə çəkdiyi kimi, könlüm həmişə Səadət əsrinə səyahət etsə də, mən o çağların bir daha, inşallah, gələcəyinə inanıram və bizi belə bir dövrün ərəfəsində yaşatdığına görə, Allaha şükür edirəm.

Mənim tarix təsəvvürümdə bizlər köklərimizin zoğları olaraq xalqımızın gözəl dövrlərindən “şirə çəkirik”. Və toplum ruh və məna köklərinə söykənərək yenidən özünə qayıdaraq kimliksizlikdən xilas olur.

Tarixdə sizə ən çox kimlər təsir edib?

Dörd xəlifənin hər biri özünəməxsus xüsusiyyətləri ilə mənə çox təsir edir. Məsələn, Hz. Əbu Bəkir iki il kimi qısa zamanda o qədər iş görmüşdür ki, onları təsəvvür etməkdə çətinlik çəkirəm. Onu anlamaq üçün, o dövrü bir növ “rentgen”lə tədqiq etmək lazımdır.

Hz. Ömərin həyata keçirdiyi böyük işlər və atdığı addımlar, eyni zamanda öz nəfsini sorğu-suala çəkməsi, son anlarında “Dünyaya gəldiyim kimi getsəm, özümü xoşbəxt sayaram” sözləri ilə dilə gətirdiyi dərin hisləri, haqpərəstliyi və Allahın inayətindən başqa pənahgah tanımaması məndə dərin heyrət oyadır. Marksın da ona heyran qaldığını deyirlər.

Məsələn, ağlıma Ömər ibn Əbdüləziz gələndə gözlərim dolur. Sultan Mehmet Fatehə və xüsusən, Osman Qaziyə heyranam. Osman Qazinin gördüyü işlər Fatehin İstanbulu fəth etməsi ilə müqayisədə kiçik görünə bilər, amma o, bir millətin memarıdır. Böyük bir təşəkkülün təməllərini atarkən əqli, məntiqi, hissi, ruhi, mənəvi, bir sözlə, hər cəhəti nəzərə almış, hərbi və siyasi dühası ilə çətin bir dövrdə mühüm işlərə imza atmışdır.

Səid Nursi öz dövrünü doğru dərk etdi

Bəs Səid Nursi?

Böyük insan kimi tanıdığım və ömrüm boyu heyranı olduğum bəzi şəxsiyyətlər vardır. Məsələn, İmam Rəbbani, Mövlanə Xalid, Qəzali, Əqtabi-Ərbəa, Əbdülqədir Geylani, xüsusilə də, Şeyxül Harrani, Həsənül Haraqani, Aqil Mənbici və Məhəmməd Bəhauddin həzrətləri kimi təsəvvüf böyüklərinə heyranlıqla baxmışam, onların meyarlarını anlamağa çalışmışam.

Onların yolu ilə getməyi Rəsulullahın arxasınca yerimək bilmişəm. Lakin mənim üçün Bədiüzzamanın fərqi bu dövrə aid olması və zamanını çox yaxşı dərk etməsindən qaynaqlanır.

Bu dövrə aid olması və öz zamanını anlama tərzi sizə necə təsir etdi?

Onun ortaya qoyduğu əsərlər iman həqiqətlərinə ehtiyac duyanlar üçün gözəl mənbədir. Bundan başqa, tələbələri ilə yazışmaları olan məktublar, lahiqalar var, o yazılarda tələbələrini hay-küy salmadan, radikallığa, terrora əl atmadan, əmin-amanlıq və asayişi pozmadan həqiqətləri çatdırmağa çağırmış, bu şəkildə Haqq yolda xidmətin mümkünlüyünü və düsturlarını göstərmişdir.

Təkcə adını çəkdiyim şəxslər deyil, fikirlərindən və həyat yolundan faydalandığım hər kəsə minnətdaram. Minnətdarlığımı onlara dua etməklə bildirməyə çalışıram.

Bundan əlavə, müasir dövrdə cəmiyyətin çox faydalandığı insanlara, məsələn, Nəcib Fazil, Nurəddin Topçu, Sezayi Qaraqoç kimi şəxsiyyətlərə bəzən otağımda, bəzən qaçış aparatında adbaad dua edirəm.

Türkiyə özü bir dünyadır

Sizcə, Türkiyə nə qədər İslam dünyasına, nə qədər Türk dünyasına, nə qədər Avropaya aid ola bilər? Xüsusən də, hazırkı prosesi də nəzərə alaraq… “Dünya müvazinəsində bir millət” axtarışı çərçivəsindən baxanda nə görürsünüz?

Türkiyə həm tarixinə, milli və dini dəyərlərinə bağlı, həm də dini həyat sahəsində əsasən öz anlayışını ön plana çıxaran bir ölkədir. Dolayısilə duyğu, düşüncə, məntiq, fəlsəfə və həyata baxışda ona yaxın olanlarla yaxşı münasibəti ola bilər və kimlərlə daha çox ortaq cəhətləri varsa, bir sıra böyük işləri də onlarla həyata keçirəcəkdir. Bunlar beynəlxalq münasibətlər baxımından çox əhəmiyyətlidir, amma bu həqiqət Türkiyənin AB-yə girməsinə, avropalılarla birlikdə bir qisim layihələri gerçəkləşdirməsinə əngəl təşkil eləmir.

Onsuz da, indi Avropa Birliyinin verdiyi müddət bir başlanğıcdır, bir növ müzakirə mərhələsidir. Uzağa baxmaq və bəzi şeyləri yaxşı görmək lazımdır.

Məsələn, Avropanın elm, texnika, sənət və mədəniyyət sa­hə­lərində əldə etdiyi nailiyyətləri təqdirlə qarşılamaq vacib olduğu qədər onun qocaldığını, hətta Amerikanın da müəyyən qədər yaşlandığını görmək də lazımdır. Bu gün onlar səmada parlayan bir günəş kimi görünsələr də, getdikcə qüruba doğru əyilirlər. Türkiyə isə üfüqü şəfəq parıltıları ilə qızarmağa başlayan, yenidən dirçəliş dövrünü yaşayan dinamik və gənc bir dövlətdir. Onların gözqamaşdıran parlaqlığına deyil, parlamağa yeni başlayan və parlaması gözlənilən şeylərə baxmalıdır. Bizim vəziyyətimiz gələcək baxımından daha ümidvericidir.

Bunları sözgəlişi demirəm. Bir Türkiyə həqiqəti vardır və gələcəkdə başqalarının bizimlə yarışa girməsi qeyri-mümkündür. Çünki biz dəfələrlə, həm də cürbəcür şəkillərdə yıxılmış, amma hər dəfə ortaya qoyduğu sistemlərlə ayağa qalxmağı bacarmış bir millətik. Bu gün ölkəmizdə araşdırma eşqi oyanmış və beyin fırtınaları həyata keçirilir.

Dolayısilə, mövcud vəziyyətimiz sistem korluğunu deyil, yeni axtarışları göstərir. Əgər sahib olduğu mexanizmlərdən yaxşı istifadə edərsə, Türkiyə dövlətlərarası müvazinədə layiq olduğu yeri mütləq tutacaqdır.

Ancaq ictimai fəaliyyətlərdə arzu edilən şeylərin başladığını görsək belə, zamana ehtiyac olduğunu, bunların birdən-birə yoluna düşmədiyini nəzərdən qaçırmamaq lazımdır. Bu xalq bir gün öz xarakterini mütləq ortaya qoyacaqdır. Bir şairin dediyi kimi, “Gözlərimi yumub, belə bir Türkiyəni seyr edirəm indi”. (“Düşlerdeki Türkiye”, Sızıntı, İyun 1992)

Prezidentli respublikaya çoxdan keçmək lazımdı

Mövcud dövlət sistemi Türkiyənin reallıqlarına cavab verirmi? Yoxsa prezidentli respublika sisteminə ehtiyac var?

Prezidentli respublika sisteminin – ara-sıra tövsiyə etməyə də çalışdım – Türkiyə üçün daha uyğun olduğunu düşünürəm. Xatırlayırsınızsa, cənab Süleyman Dəmirəl prezident olduğu dövrdə bunu təklif də etmişdi və mən o zaman “Eyvah, “özü üçün istəyir” deyəcəklər və təklif havada qalacaq” deyə heyfsilənmişdim. Elə də oldu, “Dəmirəl diktator olmaq istəyir” deyənlər çıxdı, belə bir bəyanat etirazlara səbəb oldu. Sistemin ehtiyaca cavab verib-vermədiyini heç müzakirə də etmədilər. Halbuki qənaətimcə, məsələni daha yumşaq üslubla və cəmiyyətin razılığını alaraq müzakirəyə qoysaydılar, müasir prezidentli respublikalardan (Fransa, Amerika) hansının sistemi əsas götürülür-götürülsün, Türkiyənin xeyirinə olardı.

Əgər bu gün də prezidentli respublika sistemini gətirmək düşünülürsə, məncə, mövcud sistemlər təkmilləşdirilməli, mütəxəssislər tərəfindən onların kəm-kəsirləri düzgün müəyyənləşdirilməli, parlamentar sistemin üstün yönlərinin prezidentli respublika sisteminə necə əlavə ediləcəyi ciddi araşdırılmalı və Türkiyənin xüsusiyyətlərinə uyğunlaşdırılaraq tətbiq edilməlidir. Çünki böyük bir Türkiyə üçün prezidentli respublika sisteminə ehtiyac var və bunun vaxtı çoxdan çatmışdır. Dövlət təcrübəmiz bu işin öhdəsindən gəlməyə artıqlamasıyla kifayət edir.

Məncə, bəziləri prezidentli respublika sisteminə onu məntiqsiz saydıqlarına görə deyil, məhz müxalifət düşüncəsi ilə etiraz edirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.