Ön söz
Fəthullah Gülən adını ilk dəfə nə vaxt eşitdiyimi xatırlamıram.
Ancaq istər idarəçisi, istərsə də oxucusu olduğum qəzetlərdə onun haqqında bir-birindən fərqli o qədər xəbər və fikirlər dərc edilib ki, neçə ilin jurnalisti ola-ola hansına inanacağımı bilmirəm.
Mehmet Gündəm “Milliyyət” qəzetində Fəthullah Güləndən müsahibə götürməyi təklif edəndə ağlıma ilk gələn “Fəthullah Gülən kimdir?” sualı oldu.
Adi din xadimi? Yoxsa iddia edildiyi kimi, bütün dövlət sistemini saran “sarmaşığın kökü”mü? Yoxsa dünyanın mədəniyyətlər toqquşmasından danışdığı bir vaxtda gözümüzün qabağında dayanan bir “uzlaşdırıcımı”? Bir din filosofumu? Xaricdə məktəblər açmağı təşviq edən bir missionermi?...
Bu və bu kimi suallar...
Bu suallarımı yığsam, bir kitab qədərdi...
Mehmet Gündəmin təklifini bir az da bu suallar “izdihamı”na görə dəstəklədim.
“Madam ortada bu qədər sual var, niyə bu sualları özünə verməyək?” deyə düşündüm.
Açıq desəm, həm də narahat idim. Birdən Fəthullah Gülən bəzi sualların verilməsini istəməz, bəzi sualları cavabsız qoyar, deyə...
Dolayısilə, natamam bir müsahibənin oxucuları məlumatlandırmaqdan çox, yeni mübahisələrə zəmin hazırlamasını istəmirdim.
Fikrimi Mehmet Gündəmə bildirib bu məsələni əvvəlcədən aydınlaşdırmasını xahiş etdim.
Fəthullah Güləndən müsbət cavab gəldi: “İstədiyinizi soruşa bilərsiniz!”
Odur ki, mən də öhdəmə düşəni yerinə yetirməyə söz verdim: müsahibə neçə gün davam edir-etsin, nöqtəsinə, vergülünə kimi dərc ediləcək!
Söz verdiyim kimi də oldu.
Mehmet Gündəmin 11 gün boyunca Fəthullah Gülənə verdiyi bütün sual və cavabların qəzetimizdə dərc olunması nə az, nə çox 22 gün çəkdi.
Səmimi deyirəm, bir jurnalist olaraq müsahibəni oxuyanda ürəyim rahat oldu.
Lazımi suallar verildi, cavablar dərc olundu.
Bu müsahibələri oxuyan oxucular öz mühakimələrini yürüdə bilərlər. Qəzet oxucularının buna qabil olduğuna inanıram.
Bir qəzetin ən ümdə vəzifəsi cəmiyyətə ayna olmaqdır.
Cəmiyyətə hamar, kələ-kötürsüz ayna tutmaq və aynada əks olunan hər şeyi oxucuya çatdırmaq...
Bəzən bu aynanın əks etdirdikləri xoşumuza gəlməsə də, aynanı tutmaqda davam etmək...
Bu fikrimin Türkiyənin ənənəvi jurnalistika anlayışından çox uzaq olduğunu bilirəm.
Bizdə jurnalistika bir fikri yaymaq, bir düşüncəni təbliğ etmək şəklində formalaşmışdır.
Qəzet təsisçisinin qəzetə baş redaktorluq və redaktorluq etdiyi dövrlərin izləri hələ də qalır.
Buna görə də qəzetlərin hər xəbərə yer verməməsi onların məsələlərə münasibəti kimi qəbul edilir.
Fəthullah Güləndən alınan bu müsahibənin “Milliyyət” qəzetində 22 gün boyunca dərc edilməsi heç də birmənalı qarşılanmadı.
İş o yerə gəlib çatdı ki, axırda mənə də “Fəthullahçı” deyənlər oldu.
Bunların heç birinə əhəmiyyət vermədim. Bizim işimiz sadəcə cəmiyyətə ayna tutmaqdır.
Son illərdə mətbuatda fikirləri, şəxsiyyəti ən çox müzakirə olunan bir şəxsiyyət kimi Fəthullah Gülənə ayna tutduq, o da orada öz görüşlərini və fikirlərini əks etdirdi.
Bu səmimi müsahibəsinə görə təşəkkürümü bildirdim.
Bu kitab “Milliyyət” qəzetində dərc olunan həmin müsahibədir.
Bir jurnalist olaraq Mehmet Gündəm öz vəzifəsini yerinə yetirdi.
Lazımi sualları verdi, cavablarını aldı.
Artıq söz oxucudadır.
Həmişəki kimi, ən layiqli qiyməti onlar verəcək...
Mehmet Y. Yılmaz
“Milliyyət” qəzetinin baş redaktoru
Fevral, 2005
- tarixində yaradılmışdır.