Xalqımın taleyi ilə yaxından bağlıyam

Xalqımın taleyi ilə yaxından bağlıyam

Müşahidələrim…

Gülən və uşaqlar…

Fəthullah Gülən uşaqlar istisna, heç kəsin əlini öpməsinə icazə vermir. Onun uşaqlarla bambaşqa bir münasibəti var. Onlarla söhbət edir, adlarını soruşur, başlarını oxşayır, hər dəfə də iki şokolad verir. Bir dəfə əlini öpən altı yaşlı bir uşağa belə dedi: “Kəramətim yoxdur, olsaydı, hamısını sənə verərdim”.

Uşaqlar ona qəribə suallar verir: “Bu gün həkimə getdin? Sənə nə olub? Nə dedi həkim? Sən xəstələnmisən?”, “Niyə elə edirsən?”, “Əlin ağrıyır?”, “Niyə ağrıyır?”…

Nahar yeməyində balaca qızcığazı yanındakı stula çağırdı.. Adını soruşdu. Qız:

– Zeynəb, – deyə cavab verdi.

Gülən:

– “Zeynəb” adının mənasını bilirsənmi? – deyə soruşdu və özü də cavab verdi, – “atasının bəzəyi” deməkdir.

Zeynəbdən başqa hamı yeməyini yeyib qurtardı. Gülən balaca qızcığaza tərəf dönüb belə dedi:

– Sən yeməyi hamımızdan düzgün yeyirsən. Yavaş-yavaş, həzm edə-edə. Belə davam etsən, böyüyəndə də gözəl qalarsan.

Xalqımın taleyi ilə yaxından bağlıyam

Türkiyədə həmişə gizli işlər görən insanlar olmuşdur. Sağımızda, solumuzda kiçik dövlətlər şəklində təşkilatlanma cəhdlərinin kökündə də bizim içimizdən bəzi adamların əli var. Türkiyəni gözü götürməyənlər, həzm etməyənlər...

Bəzilərinin “cəmiyyəti-sirriyə” (gizli cəmiyyətlər) sözündən belə narahat olduğunu görəndə daha ətraflı danışmağa gərək qalmır. İnsan bunlara baxdıqca heyrət edir. Siz gözlənilən hadisələri əvvəlcədən dilə gətirəndə niyə bəzi insanlar bunu özlərinə aid edirlər?

“Məchul cinayətlər törədilə bilər” məzmununda açıqlamalarınız “kəşfiyyat məlumatları” kimi dəyərləndirilir. Yaxın günlərdə bir qəzet məlumatların sizə Prezidentdən, Baş Nazir və Silahlı Qüvvələrin başçısından bir neçə dəqiqə əvvəl gəldiyini yazmışdı. Nazlı İlıcaq da “Gülənin “kəşfiyyatı” güclüdür, “28 Fevral”ın yaxınlaşdığını da xəbər vermişdi” ifadələrini işlətmişdi. “Kəşfiyyat”ınız, doğrudan da, bu qədər güclüdür?

Mənim şəxsi “kəşfiyyat xidmətim” yoxdur. Ancaq bir Türk vətəndaşı olaraq xalqımın taleyi ilə yaxından bağlıyam. Bir insan bu və ya digər şəkildə şəxsi mənfəət güdmürsə, oturub-durub ancaq özünü həsr etdiyi qayəni düşünər. Mən əlaqə saxladığım hər kəsə qulaq asıram, müxtəlif qəzetlərə, xəbərlərə, saytlardan gələn məlumatlara baxıram. Onları təhlil edir, hökmlər çıxarır, gəldiyim qənaətləri bildirirəm. Qulağı darı dənləyən adamlarda bir qəbahət görmürlər, amma bəzi quşların mənə də xəbər verə biləcəyini qəribə qarşılayırlar! Başa düşmürəm. Ora-bura xəbər daşıyan ağzıyırtıq insanlar var...

İndi bunlar internetdə olur. Niyə “email”dən istifadə edilməsin? İstənilən adam mühüm bir mənbədən eşitdiyi bir xəbəri “filan işlər planlaşdırılır” deyə ötürə bilir. Mən bunları müxtəlif yollarla eşidə bilirəm. Nə qədər gizli olur-olsun, müasir informasiya və nəqliyyat vasitələrinin çoxalması məlumatların ötürülməsini sürətləndirir.

“28 Fevral”la bağlı narahatlığımı nəzərə almadılar

“28 Fevral” çevrilişinin olacağını, həqiqətən, əvvəlcədən xəbər verdinizmi?

Nazlı xanımın dediyi kimi, mən həmin “Fevral” narahatlığını doğrudan da keçirirdim. O məsələdə bəzən üslubuma sadiq qalmadım. Ogünkü iqtidarla bağlı narahatlığım vardı. Məni bu düşüncəyə onların davranışları, hərəkətləri və fikirləri sövq eləmişdi.

Mən o gün yol verdiyim bir hərəkəti hörmətsizlik hesab edi­rəm, çünki indiyə qədər ağzımdan elə söz çıxmamışdı, ağlıma elə fikir gəlməmişdi. Amma o gün bir televiziya kanalında fikrimi “üz-gözlərinə bulaşdırdılar” kimi xoşagəlməz bir cümlə ilə ifadə etmişdim. O sözlər o illərdə keçirdiyim narahatlığın bir təzahürü idi.

Bu əndişələrinizi o vaxtın səlahiyyətli şəxslərinə bildirmişdiniz?

Müxtəlif kanallarla, bəzi nazirləri araya salaraq əndişələrimi çatdırmışdım, “vəziyyət çox ciddidir, bildiyiniz kimi deyil, arxayın oturmaq olmaz, bütün millətə ağır zərbə olar, çox pis vəziyyətdə qalarıq” demişdim.

Xəbərdarlıqlarınıza necə cavab verdilər?

Əhəmiyyət vermədilər, inanmadılar. Bu azmış kimi, hətta bu xalqın səyi ilə, qeyrəti ilə görülən müəyyən işlərin əleyhinə zə­min hazırlandı. Bütün bunları nəzərə alaraq məsələni bildirdim. Bil­mirəm, düz iş gördüm, yoxsa xətamı elədim? Düzgün hərəkət eləmişəmsə, xalqıma qarşı vəfa borcumu yerinə yetirmişəm.

O həssaslığımı yenə də qoruyuram. Mən deyilənlərə acizanə qulaq asmağa, ölçüb-biçməyə çalışıram, bəzi nəticələrə hadisələri təhlil etməklə, sərf-nəzər etməklə gəlirəm. Mühüm hesab etdiyim məsələləri dəyərləndirir, xalqım, vətənim naminə dilə gətirməyi faydalı sayıram.

Xəbərdarlıqlarınız nəticə verdimi?

Birincisi, səlahiyyətli şəxslər xəbərdar olar, təhlükəsizlik orqanları, daxili işlər nazirliyi, JİTEM (Jandarma Kəşfiyyat və Terrorla mübarizə idarəsi) öhdəsinə düşən vəzifəni yerinə yetirərsə, bu təhlükəni beşikdə boğarlar.

İkincisi, bu məsələni planlaşdıranlar, təxribata alət edilənlər xalqın bu plandan xəbərdar olduğunu bilsələr, belə bir şeyə təşəbbüs göstərməz, vaz keçərlər. Heç bir şey etməsələr, vaz keçsələr belə, yenə qazanan xalqımız olacaq. Bu cür fikirlərim oldu, eyni nəticəni də verdi. Məncə, bu məsələni qəribə qarşılamağa ehtiyac yoxdur.

Belə əməllər törədildi, məsələn, bu yaxınlarda sinaqoq qarşısında partlayış olmadımı? Hal-hazırda da Türkiyədə bəzi hadisələr baş verir.

Universitet tələbələrinin əlinə bıçaq, balta alması heç də yaxşı şeylərdən xəbər vermir. Bu hadisələrin daha ağır nəticələrə gətirib çıxaracağını görməmək mümkün deyildir.

Bayağı olur...

Sizi tənqid edənlər də oldu…

Bəzi adamlar “Sən təhlükəsizlik işçisisən?” deyə bilərlər, “Nə işin var bu cür məsələlərdə? Məscid imamısan, otur oturduğun yerdə, öz işinlə məşğul ol, bunlardan sənə nə?” Bu cür düşünən və danışanlar özlərinə nəyin yaraşıb, nəyin yaraşmadığından bixəbər olan adamlardır. Mən olsam, onların haqqında elə sözlər demərəm. Nalayiq şeylərdir bunlar. Öz keçmişini yaşamış, 66 yaşına çatmış bir Türkiyə vətəndaşı heç bir şey oxumasa, heç bir şey düşünməsə, heç bir şey dinləməsə belə, ətrafda baş verən hadisələrə lal-dinməz baxmaqla gedişatdan müəyyən nəticələr çıxara bilər. Belə bir adamın dediyi sözlər qəribə qarşılanmamalı idi. Belə bir məsələyə edilən etirazlar bayağı olur.

Gizli cinayətlərin törədiləcəyindən yenə də narahatsınız?

Qismən. Dövlətin, təhlükəsizlik orqanlarının, ordunun xəbərdar olması qismən də olsa, o düşüncəni aradan qaldırar, onları hələlik bu işdən çəkindirər. Amma onlar heç vaxt öz niyyətlərindən birdəfəlik əl çəkəsi deyillər. Bu qənaətim sabit qalır.

Türkiyənin özünü toplayıb güclü bir dövlət olmasını həm da­xildə, həm də xaricdə istəməyən qüvvələr vardır. Allahın izni ilə, onlar da Türkiyəni yıxa bilməyəcəklər. İçəridə quyu qazanlar olduğu kimi, çöldə də “Türkiyədən istədiyimiz kimi istifadə edək, bu cür yarıcan qalsın, bəzi xırda-para işlər görsün, tampon (bufer) funksiyasını yerinə yetirsin, öz iradəsi, öz təşəbbüsü ilə bir iş görə bilməsin...” şəklində düşünən, plan quranlar vardır. Onlar Türkiyənin söz sahibi olmasını istəmirlər.

Bəziləri öz üstünə götürürlər

“İçəridəkilər”i bir az dəqiqləşdirə bilərsinizmi?

Bəlkə də, məsələnin üstüörtülü qalması daha əhəmiyyətlidir. Türkiyədə həmişə gizli işlər görən insanlar olmuşdur. Sağımızda, solumuzda kiçik dövlətlər şəklində təşkilatlanma cəhdlərinin kökündə də bizim içimizdən bəzi adamların əli var. Türkiyəni gözü götürməyənlər, həzm etməyənlər hər kəsimdə vardır.

Bəzilərinin “cəmiyyəti-sirriyə” sözündən belə narahat olduğunu görəndə daha ətraflı danışmağa gərək qalmır. İnsan bunlara baxdıqca heyrət edir. Siz gözlənilən hadisələri əvvəlcədən dilə gətirəndə niyə bəzi insanlar bunu özlərinə aid edirlər? Sən gizli təşkilatların üzvü deyilsənsə, niyə narahat olursan?

Bir sıra gizli təşkilatlanmaların hər zaman olduğunu dövlət demiş, daxili işlər orqanları söyləmiş, məhkəmələr üzə çıxarmışdır. Amma bunlar müxtəlifdir; kimisi dövlət əmlakını talamaqla, kimisi də qanlı qətlləri təşkil etməklə məşğuldur.

Görürsünüz, son vaxtlar uşaqların cibgirliyə, xuliqanlığa alət edilməsi ilə bağlı nələr ortaya çıxdı. Bu iş qaymaqamı şantaj etməyə qədər böyüdü. İndi sən bunları görə-görə, durub “gizli təşkilatlar, cəmiyyətlər yoxdur” deyirsənsə, deməli, sənin başqa problemin var.

Ölüm əbədiyyətin qapısıdır

Bəziləri “Ölümdən qorxur, Türkiyəyə gəlməmək üçün bunları bəhanə edir” dedilər.

Əksəriyyət ölümü hər şeyin sonu, yoxluq, çürüyüb torpağa qarışmaq kimi görür və onunla üz-üzə gəlmək istəmir. Xəstəliklər, yaşlılıq, müharibələr, yol qəzaları, zəlzələlər və s. ölümə səbəb olan hadisələrlə hər dəfə qarşılaşanda əsim-əsim əsir, qəbrin tənhalığını və vəhşətini düşünəndə ürpənir və nəticə etibarilə, həyatını dözülməz əzaba çevirir... Belələri ölümün hər şeyin sonu olduğunu düşünür.

Bəs sizin üçün ölüm nədir?

Bizim düşüncəmizdə ölüm Cənabi-Allahın “Haydı indi mə­nim hüzuruma gəl!” buyuraraq insanı, bir mənada, qulluq vəzifəsindən tərxis edib ruhun gəzib dolandığı çoxölçülü məkana və fövqəl zamana çağırmasından başqa bir şey deyil. Bu çağırış “Sıxıntılı, əzab-əziyyətli, keşməkeşli dünyadan qurtul! İtirdiyin Cənnətə və ruhun vətəninə qayıt” deməkdir. Ölümü bu cür iltifat çağırışı kimi qəbul edənlər dünyaya gəlişi məmurluq və əsgərlik, gedişi də tərxis, ikinci dəfə doğulmaq, əbədi aləmdə diriliş və əbədi varlığa keçid bilir, ölümün üzünə mərd-mərdanə baxırlar. Onlar ölməyi, məzara gömülməyi sünbül versin deyə torpağın köksünə atılan bir toxum kimi görürlər.

Dini azlıq statusunu niyə tələb edirlər, anlamıram

Avropa Parlamenti ələvilərin “dini azlıq” statusunu almasını istəyir. Ələvilər də cəm evlərinə rəsmi ibadətxana statusu almaq, Diyanət İşləri Başqanlığında təmsil olunmaq kimi tələblər irəli sürürlər. Ələvilərin tələblərinə necə baxırsınız?

İndiyə qədər ələvilərin Türkiyədə ciddi bir problemi olmayıb. Cümhuriyyətin ilk illərində bəzi xoşagəlməz hadisələrlə üzləşiblər, bəlkə də, o dövrün şəraitinə görə sıxışdırılıblar. İndi isə ələvilər bütün sahələrdə, hər yerdə, hər işdə iştirak edə bilirlər. Partiya da qura bilirlər, hərbçi də, vali də ola bilirlər. Türk xalqının bəzi fərdlərinin (bəzi ələvi qrupların) “dini azlıq” statusu istəməsini başa düşməkdə çətinlik çəkirəm. Dövlətin qanunları var, o çərçivədə istədikləri yerdə təhsil verə bilərlər. Bəlkə də, bəzi təlimlərini cəmiyyətə çatdırmağı düşünürlər.

Bir neçə il əvvəl görüşüb-danışdığım, yaxşı münasibətlərim olan bəzi ələvi qardaşlarıma: “Bu məsələni şifahi mədəniyyətlə davam etdirmək olmaz, gəlin yazıya alaq, kitab şəklinə salaq” demişdim. Zənnimcə, indi Diyanətin təşəbbüslərindən biri də elə budur. Əhməd Yəsəvinin “Divani-hikmət”indən Hacı Bektaşın “Məqalət”inə qədər 15-20 kitabı bir yerə toplayıb, bəlkə də, Ələvi kültürünü “Ələvi külliyatı” adı altında ortaya qoyacaqlar. O kitablardan doğan ehtiyac əgər bir cəm evidirsə, (ələvilərin ibadət etdiyi yer) demokratik sistemdə onlara o hüququ vermək lazımdır. Onsuz da cəm evləri var. Lakin həmişə bəzi yerlər bəzi ideologiyalara alət edildiyi kimi, cəm evlərinin də – bəzi məsələlərdə ələvi vətəndaşlarımızın iradəsi xilafına – istifadəsi ələviləri çətin vəziyyətdə qoydu. Onları tamamilə uzaqlaşdıra, qova bilmədilər.

Təkliflərimiz arasında “Məscidlərin yanında cəm evi də olsun” demişdik. Cəm evlərinə rəsmi status verilməsi üçün bir qanuna, bəlkə də, konstitusiya dəyişikliyinə ehtiyac var. Bu haqda qanun qəbul etmək mümkündür.

Ələvi qrupların bəziləri 17 dekabrdan (17 dekabr 2004-cü ildə Avropa Birliyi 3 oktyabr 2005-ci il tarixində Türkiyə ilə üzvlük müzakirələrinə başlamaq haqqında qərar qəbul etmişdir.) əvvəl Avropada bu istiqamətdə lobbi fəaliyyətləri həyata keçirdilər.

Əgər bəzi ələvi vətəndaşlarımız Türkiyədən Avropaya şikayət edirsə, məncə, bu, yaxşı iş deyil. Bəzi kürdlərin Türkiyədən Avropaya şikayət etməsi kimi... Türkiyədə türkü, kürdü, ələvisi, sünnüsü ilə köklü bir Türk cəmiyyəti vardır. Özlərini Anadolu insanı, türk kimi hiss edirlərsə, məncə, bir-birimizdən heç bir fərqimiz yoxdur.

Türkiyəni xaricə şikayət etmək heç kimə yaraşmaz

Diyanət İşləri Başqanlığından edilən tələbə necə baxırsınız?

Osmanlılar böyük ölçüdə təfərrüata aid məsələlərdə Hənəfi məzhəbinə mənsub olduğuna görə Hənəfi fiqhi daha çox inkişaf etmişdir. Bu, başqalarını məhv etmək bahasına deyil, ictimai vəziyyətin təbii nəticəsi kimi gerçəkləşmişdir. Cümhuriyyətin yaranması ilə Diyanət qurumu meydana gətirilmiş və dini məktəblər açılmışdır.

Çox gözəl, ələvilər Diyanətin, dövlətin açdığı məktəblərdə də oxuyaraq dini qurumlarda vəzifə tuta bilirlər. Özlərinin məscidləri vardırsa, həmin məsciddə imam ola bilirlər, cəm evində dini ayinlərini həyata keçirə bilirlər.

Ələvilər özlərini bir məzhəb hesab edirlərsə, Türkiyədə nuseyri, erməni, süryani, yunan, yəhudi, protestant, baptist, bəhayi, vəhhabi... də vardır. Əgər ələvilik məzhəb kimi status tələb edirsə, onlar da tələb edə bilərlər. Yox əgər ələvilik bir təriqət hesab edilirsə – Hacı Bəktaş Vəli həzrətlərinin də yolu bir təriqət sayılır, – o zaman başqa təriqətlər də xüsusi bir status istəyə bilərlər. Halbuki, onları da qadağan etmişlər. Bu gün təriqət, təsəvvüf məktəbləri yoxdur, o kültürün sadəcə təqlidi vardır. Bəzi insanlar ata-babalarından gördüklərini az-çox təmsil edirlər.

Zənnimcə, bu cür istəklər özü ilə bəzi problemlər gətirər, Türkiyədə başqa bir qarmaqarışıqlığa səbəb olar. Belə ki, demokratiyanın bir az yumşaq başa düşüldüyü dövrlərdə (28 fevral hadisəsindən əvvəl) bizim təsəvvüf və təriqət ənənəsində olmayan bir işi gördülər – bəzi adamlar küçələrə, meydanlara tökülüb zikir çəkməyə başladılar və ciddi narahatlıqlar oldu. Bunlar dinin adına yaraşmayan şeylərdir. Keçmişdə belə bir hadisə olmamışdı, o məsələdən heç bu cür “istifadə edilməmişdi”. O günədək xüsusi geyimlə, xüsusi görkəmdə küçələrə tökülən olmamışdı.

Yəni bu məsələdə kiməsə fərqli statusun verilməsi başqalarının da iştahasını artırar və Türkiyədə ciddi problemlərə gətirib çıxarar. Məncə, hər kəs öz yerində oturmalıdır.

Türk toplumunu, Türk dövlətini avropalılara şikayət etmə­mə­lidirlər. Bu gün avropalılara şikayətlənənlər sabah beynəlxalq aləmdə ağırlığını hiss etdirən Çinə, ertəsi gün də Amerikaya şi­ka­yət edərlər.

Ələvilər bu mərhələdə dövlətdən bir şey istəməməlidir?

Əgər cəm evi istəyirlərsə, dövlət ona bir şey demir, sistem bu qədərə icazə verir. Onların ayinlərinə bir şey demirlər. Televiziya kanallarında da ayinləri nümayiş etdirilir. Səmahlarına da heç kim qarışmır. Bunu evlərində də icra edə bilərlər.

Düzdür, hələ də, Türkiyədə kitab oxunan, zikir çəkilən evlərdən hücuma məruz qalanlar vardır, lakin 40-50 illik yaxın tariximizdə “ələvi ayini keçirilir” və ya “cəm evində toplantı var” deyə bir yerin basqına, axtarışa məruz qaldığını xatırlamıram. İndiyəcən səmaha görə bircə cinayət işi də açılmamışdır. Ələvilərə qarşı daha yumşaq davranılır.

Məsələn, evlərdə kitab oxunduğuna görə məhkəmələrdə iki min iş açılmış, təqsirli bilinənlər mühakimə olunmuşdur. Min beş yüzü bəraətlə nəticələnmişdir. Lakin ələvi vətəndaşlarımıza qarşı bircə dəfə də bu cür məhkəmə işi açılmamışdır. Zənnimcə, digər dini cərəyanlarla (istər təriqət, istərsə təsəvvüf məktəbləri, istərsə də məzhəblər) müqayisədə ələvilərə daha tolerant yanaşılmışdır.

Demokratiyanın imkanlarından ən çox onlar faydalanıb. Bu baxımdan Türkiyədən şikayət etməyə onların qətiyyən haqqı yoxdur.