X Fəsil: 2008-ci il: Fəthullah Gülənin dünyası
Professor Deyl Eyklmən[1] (Dale Eickleman) 1997-ci ildə İstanbulda Fəthullah Gülənlə görüşündən yeddi il sonra, 2004-cü ilin may ayında Pensilvaniyada onu ziyarət edir. Amerikalı professor Eyklmən Orta Şərq üzrə mütəxəssis idi. Türkiyə və İslam dünyasına aid bir sıra kitabların müəllifi idi. 1966-cı ildən bəri Orta Asiya ölkələrinə səyahət edib araşdırmalar aparırdı. Antropologiya sahəsinə də yaxşı bələd olan Eyklmən bəşər tarixində mühüm rol oynamış din və inancların bu əsrdə də ön plana çıxacağına inanırdı. Professor Eyklmən ABŞ-ın keçmiş prezidenti Bill Klintonun məsləhətçisi də işləmişdi.
Eyklmən Gülənlə görüşə professor dostu Riçard Nortonla (Richard Norton) birlikdə gəlmişdi. Siyasət tarixçisi Norton Boston Universitetində işləyirdi və Türkiyə üzrə mütəxəssis idi. Türkiyəyə aid bir neçə kitabı da çapdan çıxmışdı.
İngilis professorun sualları
İngiltərədən professor Simon Robinson[2] da Güləni ziyarət edir. 2007-ci ilin noyabrında Gülənlə görüşmək üçün Pensilvaniyaya gələn professor Robinson İngiltərə Lids (Leeds) Universitetinin idarəçilərindən olub “Qlobal etika” fənnini tədris edirdi.
2007-ci il noyabrın 17-də Gülənin qaldığı evdə ikinci mərtəbənin salonunda birgə şam edirlər. İngiltərəli professorun Gülənə ilk suallarından biri belə olur: “Məktəb açmaq ideyası nə vaxt və necə ortaya çıxdı?” Bu suala Gülən: “Birdən-birə baş vermədi, müəyyən zaman içində oldu. Onsuz da, yataqxanalar var idi. Sonra da bu məktəblər açıldı”, – cavabını verir.
Robinson Gülənin dünyaya yayılmış türk məktəbləri başda olmaqla, ilham verdiyi fəaliyyətlərin gələcəkdə bir dəyişikliyə uğrayıb-uğramayacağı ilə maraqlanırdı. “Bu hərəkata xas Anadolu müsəlmanlığı və Türk xarakterinin tədricən aşınması mümkündürmü?” sualına cavab axtarırdı.
Gülənin izahlarından sonra, “Ümumbəşəri dəyərlərin Türklük aynasında yansıması olan bu hərəkatın bu şəkildə yoluna davam edəcəyini anladım” deyən Robinson söhbətin bu hissəsində İngiltərədə universitetin mühəndislik fakültəsində “Qlobal etika” dərsində gördüklərini danışır. Robinson dərs zamanı axırıncı kurs tələbələrində ibarət 100 nəfərlik auditoriyadan həyatda hansı etik dəyərlərə istinad etdiklərini və bu dəyərlərin mənbəyini soruşur. Suala tələbələrindən biri “empatiya”, digəri “qarşılıqlı mənfəətlər” cavabını verir.
Gülən Robinsonu müşayiət edən universitet müəllimi doktor İhsan Yılmazın tərcüməsini diqqətlə dinləyirdi. Robinson sözlərinə davam edir: “Bəzi tələbələr “Etik dəyərlərimin qaynağı humanizmdir”, – dedi. Başqa fikirlər də səsləndirildi. O anadək etik dəyərlərdə inancın böyük önəm daşıdığını heç bir tələbə dilə gətirməmişdi. Arxa cərgədən bir səs eşitdim. Bu tələbə “Mənim etik dəyərlərimin təməlində inancım dayanır”, – dedi. “Yəqin bunu deyən yevangelik xristiandır”, – deyə düşündüm. Arxaya baxdım. Danışan tələbənin müsəlman bir qız olduğunu gördüm. Onun ardınca başqa bir xristian tələbə də “Mənim də həyatımda etik dəyərlərim inancımdan qaynaqlanır”, – söylədi. Onlara baxan bir ateist tələbə “Bura mühəndislik fakültəsidir, ilahiyyat fakültəsinə döndərdiniz”, – deyib etiraz etdi. Bu vaxt tələbə qızlardan biri qalxıb ateist tələbəyə belə cavab verdi: “Mən nə müsəlmanam, nə də xristian. Mənim də bir inanc sistemim var. Etikamın təməlini də məhz bu inanclarım formalaşdırır”, – dedi.”
Professor Robinson bu hadisəni danışdıqdan sonra gəldiyi qənaəti diqqətə çatdırır: “Həmin gün auditoriyada ortaya çıxan nəticə bu idi: inanc etik dəyərlər üçün vacib istinadı təşkil edir. İnanc etik dəyərlərin müntəzəmliyini də təmin edir”.
Söhbət əsnasında professor Robinson Güləndən bir məsələni də soruşur: “Bu hərəkatda yorğunluq meydana gələrsə, nə baş verər?” Gülən sualı belə cavablandırır: “Burada bir vacib məqam var. Doymaq bilmədən müntəzəm şəkildə formatı dəyişdirərək iş görmək. Biz özümüzü bu işə adamış insanlarıq. Bu məfkurə uğrunda mümkün olsa, hətta cənnətdə də səy göstərmək lazımdır”.
Yeməyin sonunda professor Robinson Gülənə “Universitet olaraq sizə “fəxri doktor” ünvanı vermək istəyirik” deyir. Gülən təşəkkür edib nəzakətlə “xeyr” cavabını verir. Sağollaşıb yola düşən Robinson Güləndən bərk təsirlənmişdi. Onu müşayiət edən İhsan Yılmaza: “Bu insanın ətrafında bir aura var”, – deyir. Aura bir insanın ətrafını bürüyən işıq haləsi deməkdir.
Bu işin tarixini yazanlar yanılacaqlar
2006-cı ildə politologiya sahəsində professor Luis Kantori (Louis Cantori) də Güləni ziyarət edir. Amerikalı professor Kantori söhbət əsnasında konfranslarda da səsləndirilən “Gülən hərəkatı” ifadəsini tez-tez işlədincə Gülən etiraz edir:
“Bu hərəkatın mənim adımla anılmasına razı deyiləm. Gülən hərəkatı adlı bir şey yoxdur. Ortada bir dərd var. Bu dərdin iztirabını duyanlar bir dava, bir məfkurə ətrafında birləşmişlər. Əgər bu hərəkata illah da, bir ad qoymaq istəyirsinizsə o halda belə deyə bilərsiniz: Yüksək insani dəyərlər ətrafında toplanan insanların hərəkatı. Bu hərəkatın üç əsas xüsusiyyəti var. Birincisi, bu hərəkata dəstək verən insanlar maddi və mənəvi heç bir şey ummazlar. İkincisi, insanmərkəzli hərəkatdır və fəlsəfəsinin təməlində İslam Peyğəmbəri Həzrəti Məhəmmədin bir yəhudinin cənazəsi keçərkən, “o da bir insandır” deyib cənazə qarşısında ayağa qalxması dayanır. Üçüncüsü, bu hərəkata könül verənlər öhdələrinə götürdükləri vəzifəni yarımçıq qoymaz, axıracan yerinə yetirərlər”.[3]
O, 2001-ci ildən etibarən ABŞ-da, İngiltərədə və Hollandiyada keçirilən “Gülən hərəkatı” adlı konfranslara göndərdiyi ismarıclarda həmişə bir məqamı diqqətə çatdırır: “Hərəkatda böyük rol oynadığımı söyləyə bilmərəm. Düşünürəm ki, bu hərəkatın mənsubları yaxşı niyyətlərinin göstəricisi olaraq mənə də öz aralarında bir yer veriblər. Bir çox insanın iştirakı ilə həyata keçirilən bu fəaliyyətləri bir adamın adına yazmaq olmaz”.
Gülən bütün bu fəaliyyətlər ətrafında birləşən insanlara “camaat” deyilməsini də etirazla qarşılayır: “Camaatda insanlar mükəlləfiyyətə görə bir yerə toplaşır. Camaat deyilirsə, onda məni məsciddə dinləyən hər kəs bu camaatın üzvü sayılır. Hər həftənin cümə günü məscidə yığışan insanlar, hər il həcdə Ərafat dağında toplanan üç milyon insan camaatdır”.
Məkkənin 20 kilometrliyində yerləşən Ərafat dağı Həzrəti Adəmlə Həzrəti Həvvanın yer üzünə endiyi və həyatın başladığı yer kimi qəbul edilir. Orada hər kəsin əynində eyni ağ parçadan ibarət geyim olur, yəni birinin digərindən üstünlüyünə dair heç bir əlamət gözə çarpmır. Ərəfatda dil, irq, millət, status fərqləri olmur, orada hər kəs bərabərdir.
Dünyanın müxtəlif ölkələrində “Gülən hərəkatı” adı ilə keçirilən çoxlu sayda konfrans və toplantılar haqqında “Allah canımı alsın, məndən bəhs edən bu şeyləri görməyim” deyən Gülənin bu qədər təvazökarlığını müasir həyat anlayışı ilə başa düşmək çox çətindir. Gülən 1980-ci illərin sonunda – hələ onda ölkə xaricində bircə lisey də açılmamışdı – deyirdi: “Gələcəkdə bu işin tarixini yazanlar “Bu insanlar bu cür qardaş idilər” deyəcəklər, “Belə fədakar insanlardı”, “Belə böyük insanlardı” deyəcəklər. Ancaq hamısı yanılacaq. Deməyəcəklər ki, “Bu işi Allah etdi”.”Bu fikirlər də həmin dövrə aiddir:
“Gələcəkdə bu işin tarixini yazanlar onu bəzilərinin dahiliyində və fərasətində axtaracaqlar. Hələ indidən haray çəkib elan edirəm ki, bununla böyük bir xəta etmiş olacaqlar. Əgər gələcəkdə bu dövrün tarixini yazanlar məsələnin əsl mahiyyətini bilsələr, onu ilahi lütflərin leysan kimi yağdığı dövr adlandıracaqlar.”
Həsən Əli Ucalın Atatürkə cavabı
Gülən bütün əlverişsiz şəraitlərə baxmayaraq, bu gedişatın yalnız Allahın qüdrəti ilə mümkün olduğunu düşünür. O elə bir qüdrətdir ki, diləsə, bir qarışqa fil xortumunu qoparar. Ona görə də dünya miqyasında Allahın izni ilə gerçəkləşən bu fəaliyyətlər haqqında “Necə olur ki, belə böyük bir layihə baş tutur” sualını ortaya atanlar bu işin əsl sahibi olan Allahı görməyənlərdir.
Gülən İngiltərə Lids Universitetindən professor Robinsonla yanaşı, ABŞ-ın ən nüfuzlu universitetlərindən Corctaun Universitetinin rektoru Con Dicoyanın (Jhon Degioia) da “fəxri doktorluq” təklifini qəbul etməmişdi. Bu günədək heç bir fəxri doktorluq təklifini qəbul etməyən Gülənin cavabı həmişə eyni olub: “Məzarda mələklər məndən “Doktorluq dərəcən varmı?” deyə soruşmayacaq”. Dicoya Corctaun Universitetində tanınmış simaların iştirakı ilə keçirilən seminara Güləni də dəvət etmiş, ancaq müsbət cavab ala bilməmişdi.
Gülən 1995-ci ilin sonlarında doğma Qorucuq kəndində Ərzurum millət vəkili İsmayıl Kösə (İsmail Köse) ilə söhbət edərkən belə demişdi: “Keçmiş günlərdəki kimi gizlənib ömrümün qalan hissəsini keçirmək üçün bir mağara axtarıram”.
1998-ci ildə fransız jurnalist Nikol Popa verdiyi müsahibədə isə deyirdi: “Davranışlarımla və ya rəftarımla insanların təsir altına salmışamsa, heç də haqqım olmayan möhtərəmlik ünvanını və ya liderlik mövqeyini qəsb etmişəmsə, onda Allahdan da, insanlardan da üzr istəyirəm... “Allah adım-sanım eşidilmədən canımı alsın” deyə gəncliyimdən bu günə qədər dua edirəm. Əgər Rəbbim mənə xidmət etdirəcəksə, xidmət etdirsin. Amma mən o xidmətin torpaq altından bir çiçək, bir gül kimi başını qaldırıb görünməsini belə nəfsimin adına pay ayırmaq qorxusu ilə görmək istəmirəm. Rəbbimlə münasibətim bunu tələb edir. Hər kəs bunu anlamaya bilər. Onu anlamaq üçün Allaha dərindən inanmaq lazımdır”.
Gülənə görə, ali dəyərləri qayə seçən bir insanın ilk iş özünü “sıfırlamaq” (heç bilmək) olmalıdır: “İnsanlardan nəfəri (sıravi, sadə insan), rəqəmlərdən sıfırı sevirəm... Sıfır çox gözəldir. Nöqtə ondan da gözəldir. İnsan özünü məhz belə görməlidir. Hər gün özünü bir neçə dəfə sıfırlamalıdır... İnsanın özünü silib bir kənara qoymaması düşüncənin fəlakətidir. Özünü silə bilməyən, heç saymayan Allahı tapa bilməz. Allahı tapa bilmək üçün özünü silməlisən. Dabbağın dərini yerdən-yerə vurması kimi sən də özünü yerdən-yerə vuracaqsan. Özünü yox saydığın an varlıqda önəmli bir addım atmış olarsan... Qəlbən bəyəndiyim insan iddiasız insandır”.
Gülən söhbətlərində Atatürk dövrünün təhsil nazirlərindən Həsən Əli Ucalı (Hasan Ali Yücel)[4] iki məsələyə görə tez-tez xatırlayır. Bunlardan biri Həsən Əli Ucalla Atatürk arasında olmuş dialoqdur. 2007-ci il noyabrın 25-də Gülən söhbətində – mən də oradaydım – bu dialoqu danışdı: “Atatürk Həsən Əli Ucaldan “Həsən Əli, sonsuz nədir, sıfır nədir?” soruşur, Həsən Əli Ucal isə “Paşam, sonsuz sizsiniz, sıfır da mənəm” cavabını verir. İnsan Allah qarşısında ən azından belə söyləməlidir. Allah sonsuzdur, sən sıfırsan... Allaha aid şeyləri bir kənara qoyub, Allaha hesab ver, bax gör səndə sənə aid nəsə qalırmı? Heç bir şey...” Gülənin fikrincə, insan “mən sıfıram” deyəndə belə özünü latın əlifbasının sıfırı kimi deyil, Osmanlıcadakı kiçik nöqtə – sıfır kimi görməlidir. Əsas məsələ sıfırın qiymətsizliyi ilə Sonsuzun (Allahın) dəyərini anlamaqdır. Çünki yer üzündə olan bütün qum dənələri və xırda çay daşlarının hər biri bir sıfır olsa və bunların sol tərəfinə ən böyük bir rəqəm gəlsə, ortaya çıxan bu müdhiş rəqəm belə Sonsuzluq qarşısında heç bir şey ifadə etmir. Trilyon illərlə ömrü olan qalaktikalar belə əzəl və əbəd qarşısında sıfırdır.
Özünü nəsə hesab etmək, yəni qürur insan təbiətində dərin bir boşluqdur. Böyüklüyün ən aydın əlaməti daima təvazökar olmaqdır. Qısa boylular ayaq barmaqlarının ucunda dikələrək uzun görünməyə çalışır. Uzun boylular isə görünməmək üçün ikiqat olurlar. İnsan hay-küyün deyil, elmin insanı olmalıdır. Hay-küylü olmaq, özünü hər fürsətdə göstərmək kiçiklik əlamətidir.
“Mən etdim, mən bacardım. Mənim bilik və gücüm sayəsində bu iş baş tutdu” demək özünü Allahın yerinə qoyub “mən yaratdım” deyən Firon və Nəmrudun düşüncə tərzidir. Bunlar şeytani mırıltılardır və Allaha şərik qoşmaqdır. İnsan başqası ilə rəqabətə girə bilər, amma Allahla rəqabət etmək hörmətsizlikdir. Əgər bir insan bu uğurları öz şəxsi ilə əlaqələndirirsə, onun ürəyinin “şuntlama” əməliyyatına ehtiyacı var.
Gülən 23 noyabr 2001-ci ildə tarixli söhbətində deyir: “Bu bir vəsiyyətdir. Nə qədər əlinizdən gəlir, ətrafınızdakı insanları xudbinlikdən, eqoizmdən uzaqlaşdırmağa çalışın. Əgər bir gün o ideal, utopiyalarda təsəvvür edilən nəsil gələcəksə, o, təkəbbürdən uzaq, “mən” davasından vaz keçmiş, eqoizmi tərk etmiş, tövhidi qəbul etmiş nəsil olacaqdır”.
Gülən: “Bu gün insanı eqoizmə sövq edən elə ünsürlər var ki, heç Allahı nəzərə alan yoxdur. Bu dövr eqoizm dövrüdür”, – deyir. Onun fikrincə, halbuki insan Allahın verdiyi ən kiçik nemətlərə müqabil səmazənlər kimi başı gicəllənərək coşub-daşmalı və bu neməti bəxş edənin Allah olduğunu unutmamalıdır. Ancaq “mən” düşüncəsi insanın içində bir oğru kimidir, bunları insana unutdurur.
2007-ci il noyabrın 23-də Avstraliya universitetlərinin birində Fəthullah Gülən kürsüsünün açılış mərasimi keçirilirdi. Gülən universitetin açılış mərasimə dəvət məktubunu alanda üzünü tələbələrinə tutub deyir:
“Bilsəniz, orda-burda adımın çəkilməsi məni necə narahat edir, mənə göstərilən iltifatlara görə Rəbbimdən nə qədər utanıram... Görəsən, mən bu iltifat və tərifləra layiqəmmi? O dünyada bunlara layiq olub-olmadığımı soruşsalar, nə cavab verərəm?.. Bu son vaxtlarda, Allahın canımı almasını o qədər arzulayır və ölümü o qədər istəyirəm ki, kəlmələrlə ifadə edə bilmirəm. Burada adımı çəkirlər, orada tərif düzürlər... Bu çox təhlükəlidir... Bəzi mənbələrdə Münkər və Nəkir adlı mələklərin[5] haqqında təriflər yağdırılan və “elə yaxşı idi, belə dəyərli idi” deyilən insanları: “De görək, sən, həqiqətən də, onların söylədiyi kimi idin?” deyib sorğu-suala çəkməsindən, sonra da tərifə layiq olmayanların cəzalandırmasından bəhs edilir. Əsl mömin Allah rizası üçün dünyada qalmalı, Allah üçün yaşamalı, Allah üçün oturmalı, Allah üçün durmalı və hər şeyi Allah üçün etməlidir. Təriflənəndə də həyatdan “istefa etməli” və belə deməlidir: Rəbbim, “istefa ərizəmi” verirəm. Sənin işinə qarışa bilmərəm, amma həyata gücüm çatmır, çiynimə mənə aid olmayan şeylər yükləyirlər, hər gün yüklərim daha da ağırlaşır... İnsan yalnız bu duyğu sayəsində burada Allah üçün ola bilər. Allah üçün var olan da şeytan üçün olmaz. Şeytan üçün olmaq hər fürsətdə özündən bəhs etdirmə şəklində təzahür edər. Şeytanın oyuncağına çevrilən insan adının dünyada dillərə dastan olmasını, qəhrəmanlaşmasını istəyər... Məhz belə təhlükəli mərhələyə girmədən Allaha getməyi (ölməyi) arzu etmək sədaqətdən qaynaqlanır...”
“Günəş şəhəri”nin müəllifi Kampanella kimi
Gülənin düşüncəsində kainatda heç bir şey ileyi-kəlimətullahdan önəmli deyil. Ona görə, ileyi-kəlimətullah, yəni insanlara Allahı anlatmaq bu gün İstanbulu min dəfə fəth etməyə bərabər vəzifədir. İleyi-kəlimətullah hər şeydən əvvəl Yaradana qulluq borcu və yaradılana xidmət vəzifəsidir. “Gələcək 50-100 illə bağlı hansı planlarınız var?” sualına “Allah rizası və ileyi-kəlimətullah. Başqa heç bir şey” cavabını vermişdi.
Gülən 1996-cı ildə ABŞ-a səfər edəndə Nyu Cersidə bir türk iş adamının qonağı olmuşdu. Qonaq qaldığı mənzil Nyu Yorkla Nyu Cersini bir-birindən ayıran Hudzon çayının kənarındakı bir göydələndə yerləşirdi. Başda Dünya Ticarət Mərkəzinin əkiz qüllələri olmaqla Nyu York göydələnlərinin Hudzon çayında göz vuran işıqları möhtəşəm bir mənzərə meydana gətirirdi. Gülən bir müddət bu mənzərəni seyr etdikdən sonra üzünü yanında olanlara tutub demişdi: “Qorucuq kəndində bir iman həqiqətini iki insana anlatmağı bu şəhərin ehtişamına dəyişmərəm”.
Necə ki bir insan 70 illik qısa dünya həyatında rahat yaşamaq üçün 15 il təhsil alır. Bunun kimi də əbədi həyatı qazanmaq üçün ən etibarlı yol insanlara Allah anlatmaqdır. Həyatda böyük düşünmək mənsəb düşkünü olmaq deyil, məhz budur. Başqa sözlə desək, böyük düşünmək “Könüllərin fəthini amal bilmək, hər insana Allahı anlatmaq, Allahı çatdırmaqdır”. Heç bir iş “insanları yaxşılığa çağırıb pis əməllərdən uzaqlaşdırmaq” qədər qiymətli və müqəddəs deyildir. Bir insanın Allahı tanımasına vəsilə olmaq üzərinə günəşin doğduğu hər şeydən daha xeyirlidir”.
Bu səbəbdəndir ki, Allah bütün peyğəmbərləri yer üzünə yalnız bu vəzifəni yerinə yetirmək üçün göndərmişdir. Bəşər tarixi boyunca heç bir peyğəmbər “texnologiya peyğəmbəri”, “İntibah peyğəmbəri”, “elm peyğəmbəri” olaraq göndərilməmişdir.
Allahın insanlara ileyi-kəlimətullah vəzifəsini verməsi öz-özlüyündə böyük mükafatdır. Çünki dünya və axirət səadətinin əsası ileyi-kəlimətullahdır. Bu vəzifə dura-dura başqa şeylər axtarmaq, fani dünyanı (pul, şan-şöhrət və s.) ummaq həm çirkin, həm də Allaha hörmətsizlikdir. Hətta bu yolda mənəvi üstünlük belə məqsəd olmamalıdır, çünki bu işin bir sıravi fərdi olmaq “Allahın vəli qulu” olmağa çalışmaqdan daha qiymətlidir. İleyi-kəlimətullah vəzifəsi cənnətlərdən belə üstün tutulur. Bu vəzifənin əri birinin imana gəlməsinə vəsilə olarkən cənnət qapılarının səkkizi birdən açılsa və içəri dəvət edilsə belə, “Bir az gözləyin, bu vəzifəmi yerinə yetirim” deməlidir.
1996-1997-ci illərdə Gülən İstanbulda çətin günlərini yaşayırdı. Angioqrafiya ürək damarlarında daralmadan xəbər verirdi. Çox vaxt nəfəs almaqda çətinlik çəkir, bəzən də az qala huşunu itirirdi. Bir gün bir dostu istirahət üçün İstanbul boğazının sahillərində bir az gəzməyi təklif edir. Gülən bu təklifə belə cavab verir: “Oraya xidmət[6] etməyəmi gedəcəyik?”
“Mən xidmət edərkən ölmək istəyirəm” deyən Gülən ileyi-kəlimətullah yolunun yolçularını xarakterizə edərkən: “Adanmış (fədakar) ruhlar” ifadəsini işlədir. Gülənin dünyasında fədakar ruh İspaniya zindanlarında 27 il əzab çəkən “Günəş şəhəri”nin müəllifi italyan mütəfəkkir Tomas Kampanella (Tomasso Campanella) kimi, əlinin təri ilə dəmir barmaqlıqları çürütməli və düşüncələrindən zərrə qədər də vaz keçməməlidir.
Mikelancelo bir heykəlin yonulmasında işinə elə bağlanır ki, heykəl tamamlanınca çəkmələrini çıxaranda ayağının dərisi çəkmə ilə birlikdə gəlir. Fədakar ruh da vəzifəsinə məhz bu şəkildə bağlanmalıdır. Çünki tarixi yazanlar kiçik düşünməzlər, onların kitabında “olmaz”a yer yoxdur.
Bir insan şərəflə ucalmaq istəyirsə, varlıqların ən şərəflisi olaraq yaradılan insana xidmət etməlidir. İmana və insanlığa xidmət edən fani həyatını əbədiləşdirər və əbədi səadəti qazanar. Allahın ən sevdiyi insan ona iman edən və insanlara faydalı olan insandır. Bu gün bəşəriyyətin baş gicəlləndirən fəlsəfi düşüncələrə, super güclərə deyil, kainatın çöhrəsini bir daha güldürəcək bu adanmış (fədakar) könüllərə ehtiyacı var.
Adanmış ruh bal küpəsinin ətrafında altı ay dolaşıb bir deşik axtaran, bir dəlik tapmayanda da küpənin bir yerini çürüdüb deşməyə çalışan qarışqa kimi olmalıdır. Oturub xəyallara inci düzməməli, gündə hətta 18 saata qədər işləməli və bu dünyada işini qurtaran kimi başqa planetlərə getmək üçün yollar axtarmalıdır.
Gülən bir gün bir neçə nəfərlə yemək yeyirdi, dostu Necdət Başaran da süfrə başında idi. Yemək əsnasında Başaran: “Xocaəfəndi doymaz” deyir. Gülən: “Necə yəni? Mən şəkər xəstəsiyəm. Nə vaxt çox yemək yediyimi görmüsünüz” deyə Başarana cavab verir. Başaran isə “Xidmətdən doymazsınız” deyincə Gülənin cavabı belə olur: “Bəli, xidmətdən doymaram. Sən bir gün Allahı anlatmaq üçün Mars planetinə getsən belə, yenə doymaram.”
Adanmış insan bütün dünyanı versələr, bir gününü də satmaz. Dünyanın sultanlığını qızıl məcməyidə ona təqdim etsələr, alıb yerə çırpar. Özünə bir arpa dənəsi qədər dəyər verməz. Kimsə şəxsinə baxıb tərəddüd etməsin deyə cənnət quşu kimi kölgəsi ilə yaşamağı seçər. Gözə görünməz və adını qənimətlərə yazdırmaz. O, yaşatma zövqü üçün yaşama zövqündən keçmiş insandır. O öz zövqlərinə zəhər qatıb qurtulmuşdur. Özünü hər kəsdən aşağı, hər kəsi özündən üstün görür. Başqalarını özündən üstün tutur. Adanmış insan, yəni ileyi-kəlimətullah aşiqi, siyasi mübahisə və əməllərdən uzaqdır. Bilir ki, Allah rizası üçün dinə xidmətin maddi qarşılığı yoxdur. Bircə şey istəməli, bircə şeyə can atmalıdır. O da Allahın rizasıdır.[7]
Son sözləri “məktəb, məktəb, məktəb...” oldu
Orta Asiya Türk məktəblərində böyük fədakarlıq göstərən və çox az məvaciblə işləyən müəllimlər bu adanmışlara ən bariz nümunədir. Kayserili bir iş adamı Azərbaycanda tanış olduğu türkiyəli müəllimdən Azərbaycanda nə qədər qalmağı düşündüyünü, Vətənə nə zaman qayıdacağını soruşmuş, eşitdiyi cavabdan heyrətə gəlmişdi: “Biz buraya qayıtmaq üçün deyil, ölməyə gəldik”. Bunu həmin məktəblərə dəstək verən türkiyəli iş adamlarına da aid etmək olar. Ölkə xaricində Türk məktəblərindən dəstəyini əsirgəməyən türk iş adamları üçün təşkil edilmiş bir ziyafətdə mükafat alan iş adamlarından biri: “Mən bu mükafatı o biri dünyada almaq üçün kömək etmişdim” demişdi.
Gülənin televiziya serialları və sənədli filmlərin adı olan ifadələrindən biri də “adanmış ruhlar”dır. Samanyolu televiziyası 1960-cı illərdən bəri ölkə daxilində və xaricində məktəblərin açılmasında böyük əməyi olan insanlara “Adanmış ruhlar” adlı sənədli film silsiləli həsr etmişdir. Bu adanmış insanlardan biri də Gülənin 35 illik dostu olan və 1997-ci ildə dünyasını dəyişən Kamal Əriməz idi. 1960-cı illərdə İzmirə gəldiyi ilk günlərdə Əriməzlə tanış olan Gülən onu Namiq Kamala bənzədir. Nizaməddin Nazif “vətən şairi” kimi tanınan Namiq Kamaldan danışarkən “Öləndə son sözləri vətən, vətən, vətən oldu” demişdi. Gülən isə Əriməz haqqında belə deyir: “Son sözləri məktəb, məktəb, məktəb oldu”.
O, 2007-ci il noyabrın 27-də qonaqları ilə bir söhbətində “Bəzi insanların yerini doldurmaq olmur” deyərək dünyalarını dəyişən Kamal Əriməz və İzmir iş adamlarından Naci Şənçəkiəri xatırlamışdı.
Kamal Əriməzin Gülənə hədsiz sevgisi var idi. Gülənin yanına gedəndə onun ogünkü əhvalını öyrənmək üçün tələbələrindən: “Bu gün ağanın vəziyyəti necədir?” – deyə soruşurdu. Əriməzin qəlbində Gülənin yeri bambaşqa idi. Sevgisini “ağa” kəlməsi ilə dilə gətirirdi. Gülən də: “Biz ağalığı ondan öyrəndik”, – deyirdi.
2004-cü ildə Gülən bir neçə qonağı ilə söhbət edərkən bir nəfər: “Hacı Kamal bəy sağ olsaydı, sizi burada tək qoymazdı”, – deyir. Gülən onu təsdiq edir: “Hacı Kamal sağ olsaydı, Türkiyədən bu qədər ayrı düşməyimə tab gətirə bilməz, məni burda qoymazdı”.
Əriməz 1980-ci illərdən əvvəl Gülən İzmirdə olarkən “Türkiyə deyəndə İstanbul nəzərdə tutulur. Bütün Türkiyəyə xidmət etmək üçün Xocaəfəndi (Gülən) İstanbula köçməlidir”, – demiş, bir çox siyasətçi və iş adamını onunla tanış etmişdi.
Gülən Əriməzin ölkə daxilində və xaricində yüzlərlə məktəbin açılmasında əməyi olduğunu deyir. 1982-ci ildə İstanbulda Fateh liseyinin inşaatında Kamal Əriməzin çiynində sement kisəsi daşıdığını görmək olardı. 80-ci illərin əvvəlində İzmirdə Yamanlar, İstanbulda Fateh liseylərinin açılmasında yaxından iştirak edən Əriməz Vana məktəb açmağa yollanır. 1990-cı illərin əvvəlində isə Türkiyədən uzaqlara – Tacikistana üz tutur. Əriməz 1992-ci ilin mart ayında Tacikistana gedəndə orada vətəndaş müharibəsi hökm sürürdü. Amma o, ümidsizliyə düşüb geri qayıtmır. 1992-93 tədris ilində beş ay gec olsa da, (yanvar ayında) ilk türk məktəbini açır. Vətəndaş müharibəsinin davam etməsinə baxmayaraq, 1993-cü ilin sonlarında ikinci türk liseyi paytaxt Düşənbədə fəaliyyətə başlayır.
O illərdə Tacikistanda vətəndaş müharibəsi ilə əlaqədar silahlı qruplaşmalar meydana gəlmişdi. 1994-cü ildə Düşənbəyə gələn türkiyəli müəllimlər kompyuter kimi məktəb ləvazimatlarını təyyarə ilə gətirməli olurlar. Onları Kamal Əriməz qarşılayır. Ləvazimatları bir yük maşınına yükləyib yola düşürlər. Yolda bir silahlı dəstə onların qabağını kəsir. Maşından düşən Əriməz onlarla danışır, hətta dəstənin başçısı onun sözlərindən təsirlənib ağlayır. Dəstə başçısı Əriməz və türkiyəli müəllimlərdən üzr istəyir, hətta başqa bir dəstənin hücum ehtimalına qarşı onları məktəbə qədər müşayiət edir. 1997-ci ilə qədər Tacikistandakı türk məktəbləri belə şəraitdə fəaliyyət göstərirdi. 1996-cı ildə türk liseyinin ilk məzunları olan 41 şagirdin 23-ü Türkiyə universitetlərində təhsil almağa gəlirlər. Altı şagird Boğaziçi Universitetinə, dörd şagird Orta Doğu Texniki Universitetinə qəbul olur. 1997-ci ildə Türkiyəyə gələn tacikistanlı şagirdlərin sayı 99-a çatır. Onların yeddisi Boğaziçi Universitetinə, 18-i Orta Doğu Texniki Universitetinə daxil olur. Əriməz Mavəraünnəhr adı ilə tanınan və Türk mədəniyyətinin ilk məskənlərindən biri olan Xocabənd şəhərində də məktəb açılmasına nail olur. Bu şəhər Amudərya ilə Sırdərya çayının arasında yerləşir.
Doktor Mahmud Akdoğan, professor Şərif Əli Təkalan və Əbdülqadir Aksoy bir gün Marmarisdə Okluk Koyunda yerləşən Prezidentlərə məxsus istirahət məkanında T. Özalı ziyarət edir. Özal onlardan Kamal Əriməzi soruşub: “Bu Kamal Əriməz nə enerjili adamdır. Vana gedirəm qarşıma çıxır, İstanbula gedirəm qabağıma çıxır, xaricə səfər edirəm, orada görürəm. İndi haradadır?” – deyir. Tacikistanda məktəb açmağa çalışdığını deyirlər. Özal: “Ona deyin, Türkmənistana xüsusi əhəmiyyət versin”, – deyə bildirir. Əriməz 1950-ci illərdə Adnan Mendereslə, 1960-cı illərdə Süleyman Dəmirəllə yaxın dialoq qurmuşdu. Menderes Aydına gələndə Əriməzlə birlikdə İncirliovanı gəzmişdi. Dəmirəl İzmirdə Ali İslam İnstitutunun təməlatma mərasiminə Əriməzlə birgə getmişdi. Əriməz Turqut Özal 1977-ci ildə millət vəkilliyinə namizəd olarkən onun yanından ayrılmamışdı.
Özalın təbirincə desək, Əriməz enerjili insan idi. Gülən onun bu xüsusiyyətini belə təsvir edir: “Dünyanın müəyyən hissəsində, xüsusilə, Asiyada indiyəcən Türkiyənin tanıdılması istiqamətində heç bir nazir, heç bir diplomat onun qədər mühüm, onun qədər geniş, onun qədər dərin və onun qədər müntəzəm xidmət göstərməmişdir. Bunu gələcəyin bəxtiyar tarixçiləri yazacaq. Elə bil məktəb xəstəsi idi. Həyat yoldaşı dünyasını dəyişəndə burada deyildi. Qızı vəfat edəndə də güclə gəlib çatdı”.[8]
Göyərçin yumurtasına sığışdırılmış qartal
Gülən bir gün yuxuda atasını görür. Dostlarından biri yuxu yozma ensiklopediyasına baxır. Ensiklopediyada yuxusunda atasını görən adamın muradına çatacağı, bir itiyi varsa, tapacağı yazılmışdı. Dostları yuxunun yaxın zamanda Türkiyəyə qayıtmaq üçün əlverişli şərait yaranmasına işarə olduğunu deyir. Lakin Gülənin cavabı fərqli olur:
“Çətin ki, mən itiyimi tapam. Çünki mənim itiyim hamımızın itirilmiş cənnətidir. İtiyimiz ölkəmiz, milli dəyərlərimiz, mənəvi dinamiklərimiz, dinimizi anlatma həyəcanıdır. İtiyimiz yolumuzdur... Digər itiklərimə gəlincə, onlara zərrə qədər də əhəmiyyət vermirəm. Onsuz da, bir şeyim olmayıb ki, onu da itirim. Özümü belə itirsəm, Allah şahiddir ki, yadıma düşməz. Yetər ki, tezliklə əsl itiklərimizi tapaq”.
Gülənə görə, Türk millətinin bir tırtıl kimi ağac qabığı üzərində gəzməkdən əl çəkib kəpənəyə dönərək uçmağa başlaması İslam dünyasının dirçəlişi və bütün dünyada sabitliyin, müvazinətin bərqərar olması deməkdir. Çünki türklər 1400 illik İslam tarixinin 1100 ilini – otuz il ehtişamlı səhabə dövrü başda olmaqla, ilk 300 il istisna –İslamın keşikçisi olmuşdur. Türklər müsəlmanlığı qəbul etdikdən sonra onuncu əsrdən başlayaraq İslamın əzəmətini bir daha bütün dünyaya göstərmişlər.
Türklərin 900 il davam edən bu mövqeyi bütün millətlərin təhtəlşüurunda silinməz izlər buraxmışdı. Türk xalqının yenidən dirçəlişi bu tarixi missiyaya qayıdış deməkdir. Türkiyənin bu missiyaya yenidən dönüşü uzun illərdir, dünyanın qaynar bölgəsi olan Yaxın Şərqdə sabitliyin yaranması deməkdi.
Gülənin fikrincə, kommunizmin süqutu ilə Orta Asiya ilə mədəni-iqtisadi əlaqələrin qurulması üçün əlverişli şərait yaranmışdı. Çünki Asiya dəhlizi Türkiyənin Şərqə və Sakit okeana açılan qapısıdır. Gülən 1990-cı illərdə, “Asiya Türkiyənin köküdür. Türkiyə Asiyadan qopduğu an köksüz və qurumağa məhkum ağac kimi ortada qalar”, – deyirdi. Digər tərəfdən Kiçik Asiya – “Anadolu” Böyük Asiyaya, yəni Orta Asiyaya borclu idi. Çünki Kiçik Asiyanı “ata yurd” Böyük Asiya bəsləyib böyütmüşdü. Bura Çar Rusiyasının hakimiyyətindən əvvəl Anadolunu və Rumelini[9] “bəsləyən” bir inanc vahəsi idi. İslam dünyasının nəhəng şəxsiyyətlərini də bu coğrafiya yetirmişdi.
Gülən məhz buna görə Orta Asiya Türk Respublikalarında açılan liseylərə paralel olaraq, Türk iş adamlarını bu ölkələrə sərmayə yatırmağa çağırırdı. Gülən: “Göy üzündə taleyimizin nişanəsi olan ulduz yenidən ayparanın iki ucu arasına girib”, – deyirdi. Əlbəttə ki, məktəblər də buralarda Türk millətinin bir “sərmayəsi” idi, amma Türkiyənin böyük iqtisadi gücə çevrilməsi iş adamlarının bu ölkələrə getməsindən asılı idi. Bu səbəbdən də o, Anadolunun iş adamlarına: “Güclərinizi birləşdirin, holdinqlər qurun”, – deyirdi. İllər sonra Amerikada bir söhbətində “Gələcəkdə türk iş adamları amerikan neft milyarderlərindən daha varlı olacaq” deməsinin səbəbi türk liseyləri kimi iş adamlarının da uğur qazanacağına sonsuz inamı idi.
Məsələn, Gülən Saqib Sabançı və Üzeyr Qarih kimi iş adamları ilə görüşür, onları Orta Asiya ölkələrinə sərmayə yatırmağa çağırırdı. O, başqa bir məsələni də gündəmə gətirmişdi. Türkiyə Sənayeçi və İş Adamları Dərnəyi (TÜSİAD) bu bölgədə açılmış türk məktəblərində çalışan müəllim və idarəçilər üçün kurslar təşkil etməklə onların həmin ölkələrə sərmayə qoyacaq türk iş adamlarına yüksək səviyyədə dəstəyini təmin edə bilərdi. Liseylər iş adamlarına zamin olacaq, onlar da əldə edilən gəlirin bir hissəsini məktəblərə ayıracaqdı. Bununla da məktəblər “öz yağı ilə qovrulacaqdı”.[10]
Şərqlə Qərb arasında körpü olan Türkiyə 1990-cı illərdə hələ də “tək ayaqlı körpü”nü andırırdı. Hələ də bu körpünün “Qərb ayağı” inşa edilməmişdi. İslamın səsinin Qərbə çatmaması da bu təkayaqlılıqdan irəli gəlirdi.
Gülən: “Türkiyədə ümumən heç bir irəliləyiş əldə edilmir, elə bil köhlən karvanının başına bir mərkəb (uzunqulaq) bağlanıb”, – deyirdi. ABŞ-da 24 may 2002-ci tarixli söhbətində Türkiyənin vəziyyətini şərh edərkən təxminən belə cümlə işlətmişdi: “Qoca bir qartal göyərçin yumurtasına sığışdırılıb”.
Onun fikrincə, Türkiyədə uzun illər ancaq müəyyən zümrəyə “aslanım” deyib onların kürəyinə vuranlar Anadolu insanına nəinki “aslanım”, hətta “pişiyim” desəydilər, bugünkü Türkiyənin mənzərəsi belə acınacaqlı olmazdı. Anadolu xalqı yoxsul qaldı, çünki firavanlıq kiçik bir qrupun inhisarından xilas ola bilmədi. Gülənə görə, bütün bunlara baxmayaraq, dünyanın dörd tərəfində xidmət edən türk insanının ən üstün cəhəti müsəlman kimi yaşamaqdan doğan gücə sahib olmasıdır. Bu xidmət yolunda türk insanının ən böyük üstünlüyü isə tarixi mirasıdır.[11] Çünki Asiya çöllərindən qalxıb at belində dəfələrlə Qərbə keçən Türk milləti dünyanın ən problemli bölgələrini 900 il ədalətlə idarə etmiş və əmin-amanlıq gətirmişdir. Osmanlı 24 milyon km2-lik əraziyə və 250 milyonluq əhaliyə hökmranlıq etmişdi. Bu 250 milyonluq əhalinin cəmi 11 milyonu türk idi. Əgər Osmanlı müstəmləkəçi dövlət olsa idi, bu gün nə serblər, nə də yunanlar öz dillərində danışa bilərdi.
“Türklər icarə haqqını 400 il əvvəl ödəyib”
2004-cü il. Bosniyada olan türk əsgərləri 30 avqust Zəfər bayramı münasibətilə Sarayevoda bir tarixi binada tədbir təşkil edirlər. Tədbirə bəzi amerikalı zabitlər də qatılır. Amerikalı zabitlərdən biri: “Biz də burada tədbir keçirmək istəyirik. Salonu neçəyə icarəyə götürmüsünüz?” soruşunca türk zabiti salona baxan şəxsi işarə edir. Salon işçisi amerikalı zabitə belə deyir: “Türklər buranın icarə haqqını 400 il əvvəl canları ilə ödəyiblər. Sizə isə salonu beş min dollara icarəyə verərik.”
Türk əsgəri təkcə Bosniyada deyil, Koreyadan İsrailə qədər dünyanın 34 ölkəsində şəhid məzarında uyuyur.[12]
Cənubi Koreyada hər hansı bir icmanın sayı min nəfəri keçərsə, dövlət onlara əlavə hüquqlar verir. Bir neçə il əvvəl Cənubi Koreyada yaşayan 300-ə yaxın türk bu hüquqları əldə etmək üçün dövlətə müraciət etmişdi. Koreyalı məmur: “Siz axı 1000 nəfər deyil, 300 nəfərsiniz”, – deyə etiraz edincə “700 türk də torpağın altındadır” cavabını almışdı. Cənubi Koreyada 717 türk əsgəri şəhid olub ki, onların da 400-dən çoxu Pusan şəhərində türk qəbiristanlığında yatır. Koreyalı məmur həmin gün 300 nəfərlik türk icmasına min nəfərlik icmalara şamil edilən statusu vermişdi.
Gülən “Türk insanının ən böyük üstünlüyü tarixi mirasıdır” sözləri ilə məhz Bosniya, Koreya kimi ölkələrdə ata-babalarından qalan bu silinməz izləri nəzərdə tuturdu. 2008-ci ildə Cənubi Koreya da türk liseyi olan ölkələr arasına qatılır. Martın 6-da paytaxt Seulda ilk türk liseyinin rəsmi açılışı olur. Bosniyada türk məktəbləri isə daha tez – 1995-ci ildə fəaliyyətə başlamışdı.
İsrail prezidenti Şimon Peres bir ABŞ rəsmisinə deyir: “Siz amerikalılar əsgərlərinizin qanı ilə bir çox milləti azadlığa qovuşdurdunuz. Bunun əvəzində isə, o millətlərdən ancaq bir şey istədiniz: Ölən əsgərlərinizi dəfn edəcək qədər torpaq”. Peres ən böyük tərəfdaşına təşəkkür borcunu belə ifadə edirdi. Amma bu dəyərləndirməyə layiq ən bariz nümunə Türk millətidir. Osmanlı Amerikanın İstiqlaliyyət mübarizəsinə kömək üçün hərbi dəstə göndərmiş, həmin dəstə amerikalılarla birlikdə ingilislərə qarşı döyüşmüşdü. Hollandiyanın Leyden şəhərində Barbaros Xeyrəddin Paşanın büstü qoyulub, üstünə də “Qızıl türkün xatirəsinə” sözləri yazılıb. Çünki Barbaros Hollandiyanı ispanlardan qorumuşdu.
1996-cı ilin dekabr ayı idi. İrlandiyanın paytaxtı Dublində Avropa Birliyinin zirvə görüşündə jurnalist kimi iştirak edirdim. Baş nazir Nəcməddin Ərbakan Avropa liderlərinin dəvətini qəbul etməyib Dublinə gəlmədiyi üçün Türkiyəni Xarici İşlər Naziri Tansu Çillər təmsil edirdi. AB zirvə görüşünün son günü Türkiyənin İrlandiya səfiri Murad Ərsavzı (Murat Ersavcı) Tansu Çillərin səfirlik binasında türkiyəli jurnalistlərlə görüşəcəyini xəbər verdi.
Həmin gün səfirliyin binasında səfir Ərsavcı bizə maraqlı bir əhvalat danışdı. İrlandiyanın ən işlək limanlarından biri Droedada (Drogheda) hər il Türkiyəyə təşəkkür günü qeyd olunur. Bu təşəkkür gününün tarixi belədir: 150 il əvvəl 1847-ci ildə İrlandiyada böyük qıtlıq baş verir. İrlandiya tarixinə “kartof qıtlığı” adı ilə düşən bu hadisə zamanı xalq bir tərəfdən aclıq, digər tərəfdən də yoluxucu xəstəliklərdən əziyyət çəkir. O dövrdə Osmanlı padşahı olan Sultan Əbdülməcid irland xalqına kömək əlini uzadır. Sultanın 10 000 sterlinq kömək təklifini İngiltərə kraliçası Viktoriya “Osmanlı padşahı məndən artıq kömək göstərə bilməz” deyib 1000 sterlinqə endirir. Çünki o vaxtlar İrlandiya İngiltərə ərazisinə daxil idi. Kraliça isə 2000 sterlinq yardım göndərmişdi. Bunu görən Sultan Əbdülməcid İrlandiyaya ərzaq dolu üç gəmi göndərir. İngilis məhkəməsi gəmilərin İrlandiya ərazisinə girməsinə qadağa qoymağa çalışır. Lakin Osmanlı dənizçiləri yükləri Dublin limanı deyil, gizlicə Droeda limanına boşaldır. O dövrdə İngiltərə və Avropa ölkələri İrlandiyaya kömək etmədiyi halda, Osmanlı dövləti 4000 kilometr uzaqda yerləşən bu ölkəyə İngiltərə ilə siyasi böhran və dənizçilərin həyatı üçün təhlükə riskini gözə alaraq bu yardımı çatdırır.
İrlandlar 750 000 insanın ölümü, 1 000 000-a yaxın insanın Amerikaya köçməsi ilə nəticələnən o ağır günlərdə Osmanlıdan gələn köməyi heç vaxt unutmur. 2 may 1995-ci ildə Türkiyənin Dublin səfirinin də iştirakı ilə keçirilən mərasimdə türk dənizçiləri qonaq edildiyi keçmiş bələdiyyə sarayının divarına təşəkkür lövhəsi vurulur. (Hazırda bu bina “Westcourt” adı ilə hotel kimi fəaliyyət göstərir) Lövhədə Türkiyəyə və türk xalqına təşəkkür öz əksini tapır. Mərasimə qatılan Droeda bələdiyyəsinin sədri Aldemman Qodfrey: “Dostumuz Türkiyəni ən yaxın zamanda Avropa Birliyində görmək istəyirik”, – demişdi.
İrlandiya bu dostluğunu Türkiyə Cümhuriyyətinin qurulduğu 1923-cü ildən bəri nümayiş etdirir. Yəhya Kamal Bayatlı Lozan müqaviləsinin müzakirələrində Türk nümayəndə heyətinin tərkibində iştirak etmişdi. İrlandiya tərəfinin Türkiyə lehinə çıxış etdiyini görən Bayatlı: “Hər kəs əleyhimizədir, bəs siz niyə lehimizəsiniz?” – deyə soruşur. İrlandiya heyəti belə cavab verir: “Tariximizin ən böyük qıtlığı zamanı çarəsiz xalqımıza məhz sizin Osmanlı babalarınız pul və gəmilərlə dolu ərzaq göndərib. Avropa ölkələrindən deyil, sizdən kömək görmüşdük. Buna görə də hər zaman dəstəyə layiq millətsiniz”.
2000-ci ildə keçirilən Türkiyə-İrlandiya futbol oyunundan əvvəl, Milli Komandanın baş məşqçisi Mustafa Dənizli onu tənqid edən bəzi idman yazarlarına “içimizdəki irlandlar” deməsi də Türk xalqının irlandlara isti münasibətindən qaynaqlanırdı. Droedanın məşhur futbol komandası Droeda Yuneytidin (“Drogheda United”) emblemindəki ay-ulduz Türk bayrağındakı ay-ulduzdan fərqlənmir.
İrland xalqının başqa bir özəlliyi də var. Qıtlıq illərində Amerikaya köçən bir milyon İrland əhalisinin sayı indi 25 milyondur. Con Kennedidən Ronald Reyqana, Corc Buşdan Bill Klintona qədər Amerikanın 16 prezidenti İrland əsillidir.
Abdullah Aymaz qıtlıq dövründə irlandiyalı əsilzadələrin Osmanlı padşahına göndərdiyi təşəkkür məktubunu Topqapı Saray arxivlərindən tapıb. Məktubda belə deyilir:
“Aşağıda imzası olan biz İrlandiya əsilzadələri, ağaları və sakinləri Əlahəzrətlərinin əziyyət çəkən kədərli İrland xalqına göstərdiyi xeyirxahlığa və qayğıya ən dərin minnətdarlığımızı ehtiramla ifadə edir və onların adından Əlahəzrətlərinin İrlandiya xalqının ehtiyaclarını qarşılamaq və əziyyətini yüngülləşdirmək üçün hədiyyə etdiyi min sterlinqə görə təşəkkürlərimizi bildiririk”.
Abdulla Aymaz arxivlərdən o dövrdə İngiltərə səfirinin İstanbulda Osmanlı dövlətinə təqdim etdiyi təşəkkür yazısını da tapmışdır. O halda dostluqda təşəkkür günü ilə kifayətlənməməli, bu məktubları və hadisəni ABŞ-da yaşayan 25 milyon İrlandiya əsilli amerikalıya da çatdırılmalı idi. Hər iki yazının bir nüsxəsini götürüb, böyüdərək çoxaldan Aymaz bunları çərçivəyə saldırıb ABŞ-a aparır. A. Aymazın bu sənədləri başda Bill Klinton olmaqla Amerika cəmiyyətinin irland əsilli tanınmış simalarına təqdim etməkdə məqsədi toplumda böyük çəkisi olan İrland əsilli amerikalılarda Türkiyəyə rəğbət oyatmaqdı. Uzun illər “Gecə yarısı ekspresi” və “Musa dağı” kimi filmlərlə imici zədələnən Türkiyənin əsl simasını 160 il əvvəl İrlandiyada olmuş bu kimi hadisələr ortaya qoyurdu.
Gülənə görə, bu tarixi mirasa sözün əsl mənasında sahib çıxmaq Türk xalqının vəzifəsidir. Yoxsa tarixin dastanları ilə coşub təsəlli tapmaq fərdi və ictimai vəzifələrini yerinə yetirməyən, aciz və cılızlıq hissinə qapılmış insanlara xas xəstəlikdi. Belə fərdlərdən ibarət bir cəmiyyətdə insanlar ancaq keçmişin nəğmələrini pıçıldar, dastanlar, marşlar içində batıb gedərlər. Türk insanının çiyninə düşən vəzifə bu tarixi mirası canlandırmaqdı. Bu gün onlarla ölkədə açılan türk məktəbləri də buna bariz nümunədir.
“Məni Əfqanıstanda gömün”
1990-cı illərdə Əfqanıstanda vətəndaş müharibəsi hökm sürürdü. Talibanla Raşid Dostumun qüvvələri arasında şiddətli döyüşlər gedirdi. Döyüş bölgəsində fəaliyyət göstərən türk məktəbinin müəllimləri belə ağır şəraitdə işləməyin mümkün olmadığını görüb ailələrini də götürərək təyyarə ilə Türkiyəyə qayıdırlar. Onların dönüşünü öyrənən Gülən çox məyus olur. Çünki bu işdə, bu məfkurədə şərait necə olur-olsun geriyə dönüş olmamalı idi. Bu işi də yalnız geridönməz insanlar görə bilərdi. Gülənin çox məyus olduğunu görən həmin müəllimlər yenidən Əfqanıstana qayıdırlar. Hətta bəziləri yaxınlarına: “Dünyanın harasında ölsəm, məni Əfqanıstanda gömün”, – deyə vəsiyyət də etmişdi.
2007-ci ilin oktyabr ayında Əfqanıstanda türk liseyinin 600 şagirdlik qəbul yerinə 15 000 şagird imtahan vermişdi. Təkcə paytaxt Kabilin Qazi Stadionunda təxminən 3400 şagird tər tökmüşdü. 2008-ci ildə Əfqanıstanda artıq səkkiz türk məktəbində 2000 şagird təhsil alırdı. Anadolunun fədakar insanlarını Tacikistanın, Bosniyanın, Filippinin, Əfqanıstan və Qafqazın müharibə və böhran şəraitində məktəb açmağa sövq edən güc məhz bu adanmışlıq ruhu idi. Əfqanıstanda dəfn olunmağı vəsiyyət edən insanların varlığı “İslamın parlaq simasını” ləkələyən Əl-Qaidənin birdəfəlik məhvi deməkdi. Bu, Əfqanıstanda köklü dəyişiklik deməkdi. Artıq Mövlanə doğma ölkəsini Bin Ladinin əsarətindən azad edirdi. Mövlanə Əfqanıstanda doğulmuş, Türkiyədə yaşamışdı. Onun yaşadığı ölkə anadan olduğu ölkəni Bin Laden ideologiyasının pəncələrindən xilas edirdi.
Bu yolda Heydər Əliyevlə birlikdə Araz çayı körpüsündən çaya düşmək təhlükəsi də vardı, Tacikistanda, Əfqanıstanda, Qafqazda, Filippində bir gülləyə tuş gəlmək də, Raşid Dostumun dəstəsi ilə Taliban qüvvələri arasında qalıb can vermək də...
Bu yolda Bosniyada tuneldən sağ çıxmamaq da vardı. Bir vaxtlar “Avropanın Qüdsü” olan Sarayevoda 1994-cü ilin oktyabr ayında – müharibənin ən qızğın çağında məktəb açmaq üçün işə başlamışdılar. Yuqoslaviyanın dağılması ilə Bosniya 1992-ci ildə öz müstəqilliyini elan etmiş, çox keçmədən də serblərin hücumuna məruz qalmışdı. Serblərin mühasirəsinə düşən Sarayevonın dünyaya bircə çıxışı vardı ki, o da BMT hərbçilərinin nəzarət etdiyi hava limanı idi. Lakin serb snayperləri şəhər ətrafında yerləşən dağı tutmuşdular, ona görə də bu yoldan istifadə etmək mümkün deyildi. Bosniyalılar buna cavab olaraq 800 metr uzunluğunda tunel qazmışdılar. Məktəb açmaq üçün 1994-cü ildə Saryevoya gedən türklər hündürlüyü 1,5 metr olan bu tunel vasitəsilə şəhərə daxil ola bilmişdilər. Kitab və əşyalarını da kürəklərində daşımışdılar. Üç gün çəkən yolda aclıq, susuzluq onları əldən salmışdı, bəziləri huşunu itirmişdi.
1992-ci ilin aprel ayında başlayan müharibə 1995-ci ilə qədər üç il yarım davam edir. 20 000-i uşaq olmaqla 250 000 bosniyalı canından olur. Minlərlə insan əlil olur, yüzlərlə uşaq itkin düşür. Fransa prezidenti Mitterandın “Mən Avropanın içində müsəlman dövlətini həzm edə bilmirəm” sözləri kimi bir çox faktorlar bu qırğınlara zəmin hazırlamışdı.
Müharibə qurtarandan bir il sonra Sarayevoda açılan ilk türk məktəbində oxuyan bir qrup şagird İstanbula gəzintiyə gəlmişdi. Şagirdlərdən biri serb idi. Gəzintinin sonunda gəmi İstanbul boğazından Mərmərə dənizinə yan alanda serbiyalı şagird İstanbuldan uzaqaşdığı üçün ağlamağa başlayır. “Avropanın Qüdsü” ünvanını daşıyan Sarayevoda əsrlərdir, üç dinin mənsubları xoşgörü şəraitində, əmin-amanlıq içində yaşamışdı. Gəmidə ağlayan bu serbiyalı şagirdin göz yaşları Sarayevoda yeni ruhun qaranquşu idi. Baxmayaraq ki, Sarayevo dörd il qanlı-qadalı günlər yaşamışdı. 2000-ci illərdə Sarayevoda yerləşən türk ibtidai məktəbində 22 millətin nümayəndəsi təhsil alırdı. Dörd il vəhşətə məruz qalan Sarayevonu yenidən “Avropanın Qüdsü”nə çevirən ruh məhz bu idi.
Qafqaz və Asiya ölkələrində açılmış türk məktəblərində müsəlman, hindu, şaman, buddist, yəhudi, xristian uşaqları, Sarayevoda serb, xorvat, bosniyalı uşaqları, Balkan ölkələrində xristian və müsəlman uşaqları, Şimali İraqda şiə, sünni, türkmən və kürd uşaqları bir yerdə, əl-ələ oxudan güc də məhz bu idi. Filippinin Mindonao adasında 1995-ci ildə yarısı müsəlman, yarısı xristian olan min şagirdi türk məktəbində oxudan faktor bu idi. Burada Filippin hərbi qüvvələri iyirmi il Moro separatçı hərəkatı ilə müharibə aparmışdı.
Bir müddət Madaqaskarda yaşayan fransız iş adamı Parisdə dəbdəbəli restoranda bir dostu ilə yemək yeyərkən: “Uşaqlarımızı Madaqaskarın ən yaxşı məktəbinə göndərmək istəyirdik, bizə türklərin açdığı bir məktəbi məsləhət gördülər”, – deyir. Madaqaskardan Tanzaniyaya qədər, demək olar, bütün Afrika qitəsində bu cür məktəblər açılıb, yüksək nailiyyətlər əldə edilib. Bu dastanlar Uqandada beş il işləyən, həyat yoldaşı ilə birlikdə malyariya xəstəliyinə tutulub Türkiyədə müalicə olunan, sağalar-sağalmaz yenidən Uqandaya qayıdan fədakar müəllimlərin dastanı idi.
1995-ci ilin sentyabr ayında Rusiyanın paytaxtı Moskvada ilk türk liseyi açılanda rusiyalı Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi deyirdi: “Rusiya tarixində iki əhəmiyyətli hadisə var. Birincisi, Qaqarinin Aya çıxması, digəri Moskvada bir türk məktəbinin açılması”.
Qırğızıstanda yaşayan və övladını oradakı türk məktəbinə göndərən yüksək rütbəli rus zabiti bu liseylərin dəyərini yaxşı anlayır: “Tarixi düşmənçiliklər artıq keçmişdə qaldı. Dünya dəyişir. Mən bu məktəbləri yaxından təqib edirəm. Övladımın da buradakı yüksək keyfiyyətli təhsildən və tərbiyə sistemindən yararlanmasını istəyirəm”. Uşağı türk məktəbində oxuyan Qalatasaray futbol komandasının azarkeşi rus polkovnik: “Çox şey xəyal edə bilərdim. Amma günlərin birində bir türk komandasına azarkeşlik etmək qətiyyən ağlıma gəlməzdi”, – deyirdi. Türk Respublikalarında fəaliyyət göstərən bütün türk məktəblərində rus şagirdlərinə yer ayrılırdı. Çünki bu ölkələrdə çoxlu rus yaşayırdı. Təkcə Qazaxıstan əhalisinin təxminən 40%-ni ruslar təşkil edirdi.
Adanmışlar bu rus şagirdlərlə birlikdə 70 il sovet əsarətində qalan azəri, qırğız, türkmən, qazax uşaqlarını beynəlxalq təhsil sistemi vasitəsilə qlobal dünyaya inteqrasiya edirdi.
İngilis “Ekonomist” (The Economist) jurnalı 2008-ci il 6 mart tarixli sayında yazırdı: “Pakistanda Gülən məktəblərinin şagirdləri ən son texnologiya ilə təchiz edilmiş laboratoriyalarda işləyir, eyni zamanda türk dilində mahnılar öyrənirlər... İngilis və türk dilində səlis danışan olduqca alicənab bir orta asiyalı gəncə rast gəlsəniz, onun Gülən məktəblərinin birində təhsil aldığına əmin ola bilərsiniz”.
“Le Monde” qəzeti 21 yanvar 2008-ci il tarixli sayında Alman-türk məktəblərinin Almaniya təhsil sistemində qazandığı uğurlardan danışırdı. Pakistan türk məktəbləri həmin il mayın 4-də “Nyu York Tayms” qəzetinin manşet xəbəri olmuşdu.
160 milyon əhalisi olan Pakistanda ilk türk liseyi 1995-ci ildə açılıb. Hal-hazırda 13 Pakistan türk məktəbində 3000 pakistanlı şagird təhsil alır. Pakistan prezidenti Pərviz Müşərrəf[13] bu məktəbləri ən böyük dövlət nişanı ilə təltif etmişdi. Qardaşı türk məktəbində oxuyan bir pakistanlı “Nyu York Tayms” qəzetinin müxbirinə belə demişdi: “Əşirətimizdən iki qardaş kamikadze kimi həlak oldu. Qardaşım həqiqi bir müsəlman kimi insanlara ədalətli və ağıllı yanaşacaq, dözümsüz deyil.” Övladı türk məktəbində oxuyan bir pakistanlı isə deyirdi: “Bütün müvəffəqiyyətsizliyimizin səbəbkarı kimi Amerika və ya Qərbi görürdüm. İndi öyrəndim ki, əsl problem bizim içimizdə imiş”.
Parisdə doktorluq dissertasiyası müdafiə edən Burkina Fasonun (Afrika ölkəsi) Təhsil Naziri Jozef Peyr (Josef Pare) 2008-ci ilin aprel ayında: “Türk məktəblərindən öyrənəcəyimiz çox şey var”, – deyirdi. Bir Qərb yazarı isə heyrətini dilə gətirməkdən çəkinmirdi: “Papua Yeni Qvineyada hələ də hannibalizm var, insan yeyənlər var. Ora heç turist kimi də getmərəm. Amma türklər oralara da gediblər”.
Adanmış insanların fədakarlığı Usamə Bin Ladenin Yəməndə türk məktəbində oxuyan həmyerlisinə Beynəlxalq bilik olimpiadalarında üçüncü yeri qazandırırdı! Yəhya Kamalın vətəni Makedoniyada 1997-ci ildə açılmış Yəhya Kamal liseyinin məzunu serb əsilli Stanisa Valjovik Makedoniya tarixində Harvard Universitetinə ödənişsiz qəbul olan ilk tələbə idi .
CAR-ın Yohannesburq (Johannesburg) şəhərində yerləşən türk liseyinin qaradərili şagirdi axşam evlərində: “Ana, ağ adam (müəllim) başımı sığalladı”, – deyirdi. 2008-ci ilin iyun ayında dünyanın 110 ölkəsindən 550 şagirdi Anadoluda Türk dili olimpiadalarında Türk insanının qarşısına çıxaran güc gəncliyin ən gözəl illərini müharibə şəraitində və yoxsul bölgələrdə keçirən, Afrikada qaradərili, Rusiyada ağ dərili uşağın başını sığallayan müəllimlərdəki ruh idi.
Nyu Yorkda Əmiti skul (Amity School) adlı türk məktəbini ziyarət edən şəhərin Polis Şöbəsinin rəisi Reymand Kelli (Reymand Kelly): “Türk toplumu bu şəhərə müsbət enerji verir” deyirdi. Bu məktəb 2007-ci ildə Nyu York ştatının bilik olimpiadalarından 28 medal gətirmişdi.
Albaniyada Xristian Demokrat Partiyasının sədri: “Ölkəmizin cənub bölgəsində yaşayan katolik və pravoslavlar arasında uzun illərdir, gərginlik hökm sürür. Orada bir türk məktəbi açılsa, bu problemlər aradan qalxar”, – deyirdi. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov isə türk məktəbləri haqqında belə düşünür: “Bu məktəblər qlobal kəndin (dünyanın) başına bəla olan terrorun padzəhəri olacaq”. Şimali İraqda Təlabani və Barzani qüvvələri arasında toqquşma baş verəndə günahsız insanların pənah apardığı yer orada yerləşən türk məktəbləri idi.
Rusiya və Türk soylu Respublikaların liseylərində oxuyan onlarla rus şagirdi boşanan valideynlərini barışdırmağa sövq edən bu məktəblərdə işləyən müəllim və qrup rəhbərləri idi. Kambocada türk liseyində oxuyan, amma heç cür məktəbə uyğunlaşmayan bir şagirdi çıxarmaq istəyəndə müdirin yanına gələn ana belə deyirdi: “Nə olar, oğlumu məktəbdən çıxarmayın. Həyat yoldaşımı itirəndən bəri, oğlum hər axşam evə gələndə məni döyürdü, amma sizin məktəbdə oxuyandan sonra artıq mənə əl qaldırmır”.[14]
2005-ci ildə Əfqanıstanda NATO qüvvələrinin mülki təmsilçisi Hikmət Çətin (Hikmet Çetin) və NATO qüvvələrinin Türk komandiri general leytenant Əthəm Ərdağı (Ethem Erdağı): “Burada olan bütün xarici diplomatlar uşaqlarını türk məktəbinə qəbul etdirmək üçün bizdən vasitəçilik etməyi xahiş edirlər”, – söyləyirdi.
Mövlanənin ana yurdu Əfqanıstan hələ 1930-cu illərdə yönünü tamamilə Türkiyəyə çevirmişdi. Əfqan Hərbi Məktəbi türkiyəli zabitlər tərəfindən qurulmuşdu və tədris Türk dilində aparılırdı. Türk zabitlər 1970-ci illərə qədər Əfqanıstanda çalışmışdılar.
Əfqan ordusundakı generalların əksəriyyəti Türkiyədə təhsil almışdır. Əfqanıstanın yeganə ali məktəbi Kabil Universitetinin hüquq və tibb fakültələrini türkiyəli professorlar açıb. O dövrdə Əfqanıstanın baş naziri hər cümə günü Türkiyənin Kabil səfiri ilə bir süfrə başında yemək yeyər, hökumət dəyişikliklərini belə onunla müzakirə edərdi.
Bir Əfqan generalının sözü ilə desək, o dövrdə Əfqanıstanda gözə çarpan yaxşı nə vardısa, hamısı türklərin əsəri idi. Hətta 1950-ci illərdə Kabildə işləyən türkiyəli universitet müəllimləri, türk zabitlər və Türkiyədən gələn mülki işçilərin övladları üçün Türk dilində xüsusi məktəb də açılmışdı. Həmin dövrdə Kabildə əcnəbilər də üç lisey açmışdılar: biri fransız, biri alman, biri ingilis məktəbi.
Əfqanıstanın faciəli günləri 1979-cu ildə başladı. Sovet İttifaqının[15] Əfqanıstana təcavüzü nəticəsində bir milyon insan öldürüldü, üç milyon əfqan yerindən-yurdundan didərgin salındı. 1989-cu ildə Sovet qoşunlarının çəkilməsindən sonra ölkəni fasiləsiz vətəndaş müharibəsi və iqtidar uğrunda çəkişmələr bürüdü. Sovet qoşunlarına qalib gələn əfqan mücahidlərinin uzun illər bir-biri ilə vuruşması nəticəsində 1998-ci ildə hələ də Əfqanıstanda vahid hakimiyyət qurulmamışdı, ölkə faktiki olaraq parçalanmışdı. Buna baxmayaraq, dünyanın hər tərəfində yayılan türk məktəbləri Əfqanıstanda da açıldı. Vətəndaş müharibəsi zamanı 1992-93-cü tədris ilinin ortasında Tacikistanda türk məktəbləri açıldığı kimi, Əfqanıstanda da 1994-cü ildən türk liseyləri açılmağa başlandı.
Pakistan mədrəsələrində təhsil almış radikal düşüncəli tələbələrin hərəkatı olan Taliban 1998-ci ildə paytaxt Kabili ələ keçirdikdən və şimalda General Raşid Dostum qüvvələrini də məğlub etdikdən sonra Türk məktəblərini işğal etdi. Yayda məktəblərdə növbətçi qalan müəllimləri girov götürüb, müsəlman olub olmadıqlarını soruşdular.
Biri paytaxt Kabildə olmaqla Əfqanıstanın digər bölgələrində açılmış dörd türk məktəbi 2001-ci ilin yanvar ayına qədər çətin şəraitdə də olsa, öz fəaliyyətini davam etdirdi. Ancaq Taliban 2001-ci ildə “Türkiyəni sevən dünyəvi insanlar yetişdirdiyi “əsas gətirərək” məktəblərin dördünü də bağladı. 2001-ci ilin may ayında türkiyəli müəllimlərin hamısı ölkədən çıxarıldı. Türk müəllimlərlə əfqan şagirdlər hüzn içində vidalaşdılar.
Ancaq üç ay sonra 11 sentyabr 2001-ci ildə Əl-Qaidənin ABŞ-a hücumundan sonra, həmin ilin dekabrında Taliban devrildi. 2002-ci ilin yanvar ayında da Türk məktəbləri öz binalarına qayıtdı.
Talibanın devrilməsindən sonra 2002-ci ilin fevral ayında Kabildə müvəqqəti hökumət quruldu. Bir müddət sonra Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi 5-6 ölkənin səfiri və Türkiyə konsulunun qatıldığı bir toplantıda belə deyirdi: “Əfqanıstanın gələcəyi qaranlıqdır. Amma bu qaranlıqda bir işıq var. Həmin işıq türk liseyləridir. Çünki bu məktəblərdə puştu, özbək, türkmən və tacik əsilli bütün əfqan uşaqları təhsil alır. Bəlkə, bu nəsil Əfqanıstanı daxili xaosdan xilas edə”.
2006-cı ildə Türk liseylərini bitirən 150-dən artıq əfqan gənci Kabildə xarici ölkələrin səfirliklərində və BMT-nin Kabildəki müxtəlif qurumlarında işləyirdi. Uzun illər, Əl-Qaidənin terroruna məruz qalan Əfqanıstandakı bu mənzərələr “Dünyanın harasında ölsək, bizi Əfqanıstanda gömün” deyən müəllimlərin əsəri idi.
2003-cü ildə Yaponiyada ilk türk liseyi açılanda Yaponiya Xarici İşlər Nazirliyinin Türkiyə Masası üzrə nümayəndəsi olan və 2007-ci ildə Yaponiyanın İstanbul konsulluğunda baş konsul köməkçisi təyin edilən Hori Quçi (Hori Guçi) deyirdi: “Bura ən az otuz ölkədən adam gəldi, varlı ölkələr gəldi. Nə qədər cəhd göstərsələr də, heç biri məktəb aça bilmədi. Siz gəlib açdınız. Bu, müdhiş bir şeydir”. 2007-ci ilin sentyabr ayında Yaponiyadakı Türk Mədəniyyət Mərkəzlərində 10 000 yapona türk dilini öyrədən bu fədakar müəllimlərdi.
Yaponiyda əcnəbilərin məktəb açması olduqca çətindir. Həm böyük məbləğ tələb olunur, həm də prosedura qaydaları uzun çəkirdi. Sadə bir məktəbə icazə almaq üçün özəl məktəb binası, binanın da ən az 100 şagirdlik yeri olmalıdır. Belə bir bina Yaponiyada 2000-ci illərdə 17-20 milyon dollar idi. Lakin Türkiyənin yapon dostlarının köməyi ilə Tokioda 1 milyon 750 min dollara bina almaq mümkün olur. Binadan sonra vəqf qurmaq üçün icazə almaq lazım idi. O vaxtlar Türkiyənin Tokiodakı səfiri Gündüz Aktan idi. Ölkə xaricində açılmış türk məktəblərinin Türkiyənin gələcəyi üçün böyük önəm daşıdığına ürəkdən inanan diplomat Aktan 2002-ci ildə vəzifəsini yeni səfir Yaman Başkuta təhvil verir. Yeni səfir Başkut da sələfi kimi məktəbin açılmasına dəstək olur. 2003-cü il Yaponiyada “Türkiyə ili” elan edilir. İki-üç ilə ancaq verilən icazə kağızı üç aya alınır. Nəhayət, həmin il Tokionun ətrafında, Yokohamada ilk türk məktəbi açılır. 2007-ci ildə Tokioda bir türk liseyi açılır. Rəsmi açılışda səfir Solmaz Ünaydın da iştirak edir.
Yaponiyada əldə edilən uğurların kökündə Gülənin qeyd etdiyi kimi tarixi mirasla “adanmışlıq ruhunun” imtizacı yatırdı.
1889-cu ildə Osmanlı padşahı II Əbdülhəmid “Ərtoğrul” freqatını 600 əsgərlə Yaponiyaya göndərib, yaponlara hərbi yardım təklifini edən ilk dövlət adamıdır. II Əbdülhəmid Yapon İmperatoruna Osmanlı İmperatorluğunun ən önəmli dövlət nişanı olan “Osmanlı İmtiyaz Nişanı”, həm də müxtəlif hədiyyələr göndərmişdi. 11 aylıq dəniz səfərindən sonra Yaponiyaya çatan kapitan Osman Paşa üç ay qalıb 1890-cı ilin sentyabr ayında geri dönərkən Yaponiyanın Oşima adasında[16] fırtınaya düşür. Fırtına zamanı 527 türk dənizçisi həyatını itirir. Onların yalnız 69-u xilas edilib yapon Hərbi Dəniz Qüvvələri tərəfindən İstanbula gətirilir.
Yaponların yaddaşına həkk olunan digər bir hadisə isə 1980-88-ci illərdə bir milyon insanın ölümü, iki milyon insanın yaralanması ilə nəticələnən İran-İraq müharibəsi zamanı baş vermişdi. 1985-ci ildə Qərbin hava yolu şirkətləri artıq İranın paytaxtı Tehrandan uçuş həyata keçirmir və yaponların biletini ləğv edirdi. Yapon hava yolları belə “Tehran təhlükəlidir, ora enə bilmərik” deyirdi. Beləcə 215 nəfər yaponiyalı İrandan çıxa bilmirdi. Bu vaxt bir yapon firmasının Tehrandakı nümayəndəsi çoxdan tanıdığı Baş Nazir Turqut Özala zəng edərək kömək istəyir, Özal bu yardım istəyinə müsbət cavab verərək: “Təyyarə göndərib sizi oradan gətirdəcəyəm”, – deyir. Türk Hava Yollarına (THY) bir təyyarə hazırlaması və könüllü pilot heyətinin təyin edilməsi təlimatını verən Özal eyni zamanda İraq prezidenti Səddam Hüseynlə də əlaqə saxlayaraq yardım məqsədilə ediləcək uçuş əsnasında İrana raket atmamağı xahiş edir. Yapon sərnişinlər arasında hamilə qadınlar da vardı. Yaponlar həmin gün Tehrana enən THY təyyarəsinə minəndə hələ də qorxu içindəydilər. Çünki təyyarə havada olanda Tehrana bomba atıldığını görürdülər. Türkiyə təyyarəsi, demək olar ki, bombaların arasından qalxırdı. Ancaq təyyarə Türk hava məkanına daxil olandan sonra rahat nəfəs alırlar.
Bu hadisənin ardınca Yaponiya deputatları birbaşa Parlamentin iclasından Baş Nazir Turqut Özala zəng edirlər. Özalın Yaponiayanın Baş Naziri ilə telefon danışığını yapon deputatlar da dinləyir. Yaponiyanın Baş Naziri: “Möhtərəm Baş Nazir, bizim hava yolları şirkəti belə bu riskdən çəkindiyi halda, siz bunu nə üçün etdiniz? Bu dəqiqə Yapon Parlamenti sizi dinləyir”, – deyə soruşur[17] Özalın cavabı belə olur: “Bu, çox da böyüdüləsi bir şey deyil. Biz yaponları sevdiyimiz üçün etdik”.
Həmin an Yaponiya Parlamentini gurultulu alqış səsləri yüksəlir. O vaxtlar Türkiyəyə 27 milyon dollar kredit verməyi planlaşdıran Yaponiya bu məbləği 250 milyon dollara qaldırır və həmin kreditlə Türkiyədə bəzi şose yollarının çəkilişi həyata keçirilir.
Faust-Mefisto mübarizəsi
Gülənin dünyasında adanmış insanın tam əksi təkəbbürlü, eqoist insandır. Elə eqoist insanlar vardır ki, onların şişmiş təkəbbürünü günəş də əridə bilməz. Onların eqoizmi o qədər güclüdür ki, bütün insanlar arasında bölüşdürsəniz, yenə də azalmayıb artar. Eqoizm, mənəm-mənəmlik hislərinə qalib gələ bilməyən bu insanlar özlərinə məftun adamlardır. Fironlaşmış mənliyinə göylərdə belə taxt tapa bilməzlər. Bunlar tərifləndikcə hind quşu kimi sinələri qabarar. Amma mənəm-mənəmliyin “pəmbə” rəngli səmasında bir “supernova” kimi şişdikcə aqibətləri öz dağıntı və küllərinin altında qalıb əzilmək olur. Çünki eqoizm hissi zəhər kimi insani məziyyətləri öldürür.
Təkəbbürlülər, yəni “xudbin” və “eqoist” ruhlar “Od düşdüyü yeri yandırar” prinsipi ilə yaşarlar. Bütün dünya yansa, bunlara zərrə qədər təsir etməz. Ancaq adanmışlar “Od haraya düşərsə düşsün, məni də yandırar” deyər. Bu gün dünyanın harasına bir od düşür-düşsün, ona ürəyi yanıb mütəəssir olan insanlara ehtiyac var. Hansı dərədə, hansı dağın arxasında olursa-olsun, məzlum bir körpənin halı bir qığılcım olub bu insanın qəlbinə düşər. O yalnız başqaları üçün yaşayar.
Gülən 2000-ci illərin əvvəlində ziyarətinə gəlmiş bir qrup jurnalistlə söhbətində: “Birmada 300 000 müsəlman yaşayır. Onlara vətəndaşlıq hüquqları, pasport verilmir. Bu, mənim içimdə bir hicrandır”, – demişdi. Həmin görüşdə iştirak edən bir jurnalist belə deyir: “Xarici siyasət şöbəsində işləsəm də, o günə qədər Birmada 300 000 müsəlman olduğunu bilmirdim”. 2008-ci il mayın 3-də Birmada on minlərlə insanın ölümünə səbəb olan Nərgiz qasırğası baş verəndə orada yerləşən türk məktəbinin yeddi birmalı şagirdi Türk dili olimpiadalarında iştirak etmək üçün İstanbula gəlmişdi. Hal-hazırda Birmada açılan liseylərdə 700 şagird təhsil alır. Orada ilk türk liseyi 2000-ci ildə fəaliyyətə başlamışdır.
2007-ci ildə ABŞ-da ziyarətinə gəlmiş Şişli Etfal Xəstəxanasının həkimi Əbdülqadir Ünsalın (Abdülkadir Ü.) nefroloq işlədiyini, nefrologiyanın böyrək xəstəlikləri ilə əlaqədar elm sahəsi olduğunu öyrənən Gülən “Kaş ki, bir də cəmiyyətdəki nifrəti təmizləyən “nifrətologiya” adlı bir şey olaydı” demişdi.
Onun fikrincə, cəmiyyəti nifrətdən təmizləməyin yolu “Bir nəfərin mənə əlli dəfə pislik etməsi belə ona pislik etməyimi məşru (halal) etməz” düşüncəsinin bütün fərdlərdə hakim olmasıdır. Yaxşı insan kobralara belə insan kimi yaşama ədəbini öyrədən, əqrəblərə sancmağı unutduran insandır. Yaxşı insan sözləri ilə kobranı və əqrəbi deşiyindən çıxarıb rəqs etdirən insandır. İnsan kin, nifrət, qəzəb və hərisliyin zindanına düşməməli, əksinə bu hislərini əbədi bir məhbəsdə məhkum etməlidir.
Yaxşı insan həmişə özündə qüsur axtaran, hər gün bu yöndə şəxsi “təhqiqatını” daha da genişləndirən bir müstəntiq, başqasının isə hər zaman könüllü vəkili olmalıdır. Alvarlı Lütfi Əfəndi kimi, “Hər kəs yaxşı mən yaman, hər kəs buğda mən saman” deməyi bacarmalıdır.
İnsana öz nəfsindən barışmaz və amansız ikinci bir düşmən yoxdur. Ən doğru düşmənçilik insanın öz nəfsinə, mənəm-mənəmlik hislərinə düşmən olmasıdır. Çünki eqoizm hissi insanın içində bəslədiyi azğın canavar kimidir, hətta azğın canavardan da yırtıcıdır. Bu hissin təcavüzünə məruz qalmış insanlar hər kəsi düşmən kimi görər. Halbuki insan özünü pislik, başqalarını isə yaxşılıq mərkəzi, timsalı kimi görməlidir. Xudbinlik hissinə qalib gəlmək çox çətindir. Həzrəti İsa belə həvarisi Yahudanı bu çıxılmaz vəziyyətdən xilas edə bilməmişdi. Xudbinlik hissi ilə mübarizə Allah üçün aparılan mübarizədir.
Ən pis insanla belə dolana, yola gedə bilməyən insan pis insandır. Yaxşı insan çöldə-bayırdakı deşiklərdə ilan-çayan axtarmaqdansa, əlindəki fənəri qəlbinə çevirməlidir. Bunun üçün də eqoist hislərini mərhələlərlə əritməlidir. Məşhur filosof Sokratın “özünü tanı”, İslamda təsəvvüf alimlərinin “nəfsini tanıyan Allahı tanıyar” fikirləri də buna söykənir.
İnsanın qəlbindəki həsəd hissini pas kimi görməsi və ondan arınmağa çalışması ibadətdir. Çünki həsəd və qısqanclıq insanı hər cür pisliyə və xəyanətə sövq edir. Şeytanı məhv edən də “Adəm torpaqdan yaradıldı, mən oddan. Od torpağa əyilməz” düşüncəsi idi. Bizim vəzifəmiz Adəm babamızın yolu ilə getməkdir, şeytanın deyil. O, qadağan olunmuş meyvəyə əl uzatdığına görə cənnətdən çıxarılmaqla cəzalandırılsa da, belini dikəltdi və yoluna davam etdi. Şeytan isə fikir yürütdü və aldandı. Şeytanı Allahın hüzurundan qovduran da onun təkəbbürü, mənəm-mənəmliyi oldu. Həzrəti Adəm təvazökarlıq və tövbə ilə qalib gəldi. Şeytan isə təkəbbürlülüyü üzündən məhv oldu, uduzdu.
Bəşər tarixi müəyyən mənada Hötenin “Faust” əsərində ortaya qoyduğu Faust-Mefisto mübarizəsidir və bu mübarizə hələ də qurtarmamışdır. Faust-Mefisto mübarizəsi insanın şeytanla mücadiləsidir. Faust təcrübəsiz bir gənc, öz həyatını yaşayan insandır. Şeytan isə bütün bəşəriyyətin həyatını zəhərləryən bir bədheybət.
“Faust” əsərinin sonunda Hötenin bildirdiyi kimi, hələ də davam edən bu mübarizə şeytanın Həzrəti Adəmə düşmənçiliyi və Həzrəti Adəmin oğlu Habilin qardaşı Qabil[18] tərəfindən öldürülməsi ilə başlamışdır. Bu imanla küfrün mübarizəsidir.
Nə Allahın vəkili, nə də cəhənnəmin zəbanisi
Gülən cihada insanın nəfsi ilə mübarizəsi prizmasından yanaşır. Cihad insanın bütün gücünü toplayıb, bütün əngəllərə sinə gərərək öz əsl mahiyyətinə qovuşmasıdır. Budur böyük cihad. İnsanın varlığında kin, nifrət, qürur, lovğalıq, həsəd kimi bütün zərərli hislərə cihad elan etmək çox çətin olduğundan buna “böyük cihad” deyilir. Bu mübarizə insanın “öz”ünü tapmasına qədər davam edir. Kainatda seldən, zəlzələdən, yanğından daha böyük bir bəla varsa, o da insanın qəflətə düşməsidir.
“Kiçik cihad” isə başqa insanların “öz”lərini tapmasına kömək etmək, insanlarla Allah arasında olan əngəlləri aradan qaldırmaqdır. Bu düşünüldüyü kimi, müharibə meydanında döyüşmək deyildir. Çünki cihad döyüş deyil, bir ibadətdir. Bu səbəbdən də cihad edən insan mənasına gələn “mücahid” kəlməsi əvəzinə “İslamın döyüşçüsü” sözünü işlətmək doğru deyildir. Döyüş kiçik cihadın bir formasıdır, yalnız məcburiyyət qarşısında dövlət tərəfindən edilir və müəyyən qaydalar çərçivəsində aparılır. Bu cihad düşmənlərə qarşı və ancaq dövlət tərəfindən edilir.
Böyük cihadda qalib gələn əksər insanlar kiçik cihadda zəfər qazanırlar. Ancaq böyük cihadda məğlub olanın kiçik cihadda qalib gəlməsinə heç kəs şahid olmamışdır. Həm böyük, həm də kiçik cihadın məqsədi “kamil insana” gedən yolu açmaqdır.
Allah yolunda canla cihad etmək təkcə döyüş meydanında ölməkdən ibarət deyildir. Allah yolunda ayağın toza batması da canla cihad etmək sayılır.
Gülənə görə, özünü bu işə həsr etmiş insanlar dövlət və ya hökumətdə bir mövqe qazanma arzusuna düşməməlidir. “Mən din üçün çalışım, Allah iqtidar versin” düşüncəsi Allahla alver etmək deməkdir. Din adına ölkəni idarə etmək iddiasında olmaq, dini siyasiləşdirib siyasi sistem kimi təqdim etmək dinə böyük xəyanətdir. İslam tarixində teokratiya, yəni Allah üçün hərəkət etdiyini söyləyən din adamları sinfinin hakimiyyəti mövcud olmamışdır. Çünki İslamda din adamlarına aid xüsusi sinif, təbəqə yoxdur və keç kim Allah üçün hərəkət etdiyini irəli sürə bilməz.
Dini siyasiləşdirmək onu əsl qayə və mahiyyətindən uzaqlaşdırmaq deməkdir. Halbuki bir şey hökmən istismar edilməlidirsə, o da axirət üçün dünya olmalıdır. İslam aləmində bəzi cərəyanlar Qərbin hərbi və texnoloji üstünlüyünə qalib gəlmə yolunu İslamı siyasiləşdirməkdə və ya siyasi bir sistem kimi qəbul etməkdə gördülər. Halbuki İslam bir din olaraq əqlən və mənən nurlanmağa əsaslanır. Din ağlın və qəlbin təmininə söykəndiyi üçün iman və ibadət ən öndə gəlir. İman və ibadətin bəhrəsi də gözəl əxlaqdır.
Gülən 31 may 2000-ci il tarixli söhbətində deyirdi: “Nə hikmətdirsə, bu gün müsəlman olanlar və ya müsəlman olduğunu yeni kəşf edənlər radikalizmə meyil edir. Siyasi və ya ictimai sahələrə yönəlirlər. Halbuki hər şey “mən”də (insanda) başlayıb “mən”də (insanda) bitir”.
Buna görə də dünyada islahat istəyənlər öncə özlərini dəyişdirməlidirlər. Əvvəlcə öz daxili dünyalarındakı nifrət, qərəz və qısqanclığı təmizləməli və xarici dünyalarını hər cür fəzilətlərlə bəzəməlidirlər ki, digər insanları daha gözəl dünyaya aparan yola yönəldə bilsinlər.
Gülənə görə, başqalarının qüsurlarına gözsüz, qulaqsız və dilsiz ola bilmək bu fəzilətlərdəndir. Birinin bir eybini örtmək ona atlas libas geydirməkdən daha xeyirlidir. Bütün insanları xoşgörü ilə qarşılamayan insan bağışlanma ləyaqətini itirmiş sayılır. Başqalarını bağışlamayanın əfv gözləməyə haqqı yoxdur. Hər kəsə yerinə görə hörmət etməyən hörmət görə bilməz. Bütün insanları sevməyən sevilməyə layiq deyildir.
Allah heç kimə insanların qüsur və günahlarını ortaya çıxarma vəzifəsini verməmişdir. Heç kim yer üzündə Allahın vəkili olmadığı kimi, yol ayrıcında durmuş nəqliyyat məmuru da deyildir. Allah bizi nə cəhənnəm zəbanisi, nə də cənnət keşikçisi etmişdir. İnsan başqalarının qüsurlarını görməmək üçün gözlərinə mil çəkməli, eşitməmək üçün qulaqlarına qurğuşun tökməlidir. İnsan başqasından gördüyü pislikləri kompyuterin yaddaşındakı lazımsız fayllar kimi silib atmalıdır.
“Nə üçün Dəmirəli dəstəkləmirsən?”
1974-cü ilin payızı idi. Bəzi dindarlar siyasi səhnədə Süleyman Dəmirəlin dəstəklənməsini vacib sayırdı. Gülənə görə isə, siyasətdən tamam uzaq olmaqla dinə xidmət etmək mümkündü. Bu ərəfədə dostu Mehmet Əli Şəngül onu ziyarət edir. Gülən evdə xəstə yatırdı. Mehmet Əli Şəngüldən şkafın qapısını açmasını və üst-üstə yığılmış məktublardan birini götürüb oxumasını xahiş edir. Dostu Gülənin bu istəyini yerinə yetirib, məktublardan birini zərfdən çıxarıb oxumağa başlayırdı. Məktubda Gülən Dəmirəli dəstəkləmədiyi üçün tənqid edilirdi. Gülən: “Bizim bunlarla məşğul olmağa vaxtımız yoxdur”, – deyib həmin gün məktubların hamısını sobaya atır.
1970-ci illərdən bəri Gülən əleyhinə yazıları ilə tanınan “Cümhuriyyət” qəzetinin yazarı Hikmət Çətinqaya 1990-cı illərdə də eyni “kursu” davam etdirirdi. O illərdə Gülənin vəkili Feti Ün Çətinqaya haqda bir sənəd əldə edir. Çətinqaya 1981-ci ilin iyun ayında bir solçu təşkilatın üzvü olduğu üçün nəzarət altına alınmışdı. Xanımı Çətinqayanın “kəskin paranoyya” xəstəsi olduğuna dair Egey Universiteti Tibb fakültəsi psixiatriya klinikasından xəstəlik kağızı almış və aiddiyyat orqanlarına təqdim edərək onun azadlığa buraxılmasına nail olmuşdu. Çətinqaya 26 iyun 1981-ci ildə aparılan istintaqda kommunist olduğunu bildirərək, “1974-cü ildə Türkiyə Kommunist Partiyasına üzv olmaq istədim, yaşım çatmadığı üçün məni qəbul etmədilər”, – demişdi. Həmin sənədlərin vəkilində olduğunu öyrənən Gülən bunların Çətinqaya əleyhinə istifadə edilməsinə razı olmur. Gülən “Bir fikrə fikirlə cavab vermək lazımdır. Bir insanın şəxsi məsələlərindən və zəif cəhətlərindən yararlanmaq doğru deyildir”, – deyir.[19]
Ona görə, yaxşı insan yolu cəhənnəmə düşsə belə, orada cəhənnəm zəbaniləri ilə söhbət etməyi bacaran insandır. Yaxşı insan kobraya da rəqs etdirə bilər, yetər ki, onun mahnısını bilsin. Əqrəbə də sözünü dinlətdirə bilər, əsas odur ki, üslubuna uyğun danışmağı bacarsın.
Pakistan Hindistanın tərkibindən çıxıb müstəqil olmuşdu. Gərginliyin kulminasiya nöqtəsinə çatdığı bu günlərdə müsəlmanlarla hindular arasında toqquşmalar baş verirdi. Bu toqquşmada səhvən və ya bir qəza üzündən bir hindli uşaq həyatını itirir, hindli ata isə qisas olaraq bir müsəlman uşaq öldürəcəyinə and içir. Ata fürsət düşən kimi bir müsəlman uşağa hücum edir, ancaq yaxındakılar müdaxilə edib uşağı xilas edirlər. Sonra da həmin adamı hindlilərin rəhbəri Qandinin yanına gətirirlər. Qandi ondan nə üçün günahsız bir uşağı öldürmək istədiyini soruşur. Hindli ata: “Onlar mənim övladımın canına qıydılar, mən də onlardan bir uşaq öldürüb qisasımı alacağam”, – deyir. Qandi ona yol göstərir: “Bilirsən ki, öldürdüyün uşaq sənin övladını geri qaytarmayacaq. Əgər ölmüş övladının yerini doldurmaq istəyirsənsə, onlardan bir uşaq al, övladlığa götür və öz övladın kimi bağrına bas”.
Gülənə görə, bu hadisənin həqiqət və ya rəvayət olması önəmli deyil. Əsas məsələ buradakı Qandi kimi yaxşı insan olmağı bacarmaqdır.
Bu yaxşı insanla yanaşı, qabağına çıxanı sancan, xasiyyəti başqalarına zərər vermək olan elələri də vardır ki, onları ilanlar aləminə qoysan, bəlkə də, oranın kralı olarlar. Onlar bu nəhəng yer üzündə belə qəzəb və nifrətini basdırmağa məzar tapmazlar. Bir gül bağçasına girsələr də, gül yarpaqlarının üzərindəki zanbaqları görsələr də, ətrafı bürüyən ətri qoxulasalar da, əllərinə batan bir tikana görə “viran olsun, bu gül bağçası” belə deyə bilərlər.
Romalı komandir Katon və Napoleon
Gülənin dünyasında ileyi-kəlimətullahın yeganə hədəfi insandır. O, 1998-ci ilin aprel ayında fransız jurnalist Nikol Popa verdiyi müsahibədə deyirdi: “Ən önəmli məsələ əxlaqi cəhətdən mükəmməl və fəzilətli insan olmaqdır. Fərabi kimi utopiya müəllifləri, fəzilətli şəhərdən bəhs edənlər şəhəri ön plana çəkmişlər. Halbuki insan həmişə birinci planda götürülməlidir. Şəhər, mədəniyyət, ölkə, bölgə ondan sonra gəlir... İslamın 98%-i fərd və ailənin həyatını, ictimai əxlaq və mənəvi dəyərləri ehtiva edir. Yalnız 2%-i dövlət işləri ilə əlaqədardır. 98%-i nəzərə almayıb o 2%-i müsəlmanlıq kimi təqdim etmək həm doğru deyildir, həm də 98%-ə hörmətsizlikdir... İslamı siyasi sistem kimi qəbul edənlərə baxıb 98%-i tərk edərək 2%-i İslam kimi təqdim etmək və sonra siyasi İslamdan danışmaq İslam həqiqətlərinə ziddir”.[20]
Gülən 1999-cu ildə kanadalı yazar Fred Ridə (Fred Reed) verdiyi müsahibədə isə bunları dilə gətirirdi: “Həzrəti Əlinin bir kəlamı var. İkinci cümləsi çox təsiredicidir: “Sən özünü kiçik bir zərrə sanırsan, amma əslində bütün aləmlər sənin içində kök salıb”. Əgər inancımızın bizə öyrətdiyi kimi, insan bütün yaradılışın özü, əsası olaraq ən mükəmməl şəkildə yaradılıbsa, onda Allahı əks etdirən parlaq bir güzgüdür... Daha açıq desək, insan müstəsna varlıqdır... Əgər İslam bir inanc, ibadət və əxlaq dinidirsə, demokratik ölkələrdə heç kim belə bir sistemə etiraz edə bilməz. Lakin bu sistemə əhəmiyyət verməmək və İslamı sırf idarəçilik forması kimi qəbul edərək müxtəlif siyasi mövqelərə namizəd olmaq və bu istiqamətdə çalışmaq İslamın yanlış izahından başqa bir şey deyildir... İslamı cəmiyyətin böyük kəsimlərin əhatə edən, əsasən inanc, əməl və əxlaqa bağlı mütləq həqiqət kimi təqdim etməliyik. Eyni zamanda İslamın demokratiya ilə ziddiyyət təşkil etmədiyini ortaya qoymalıyıq. Bunu bacarmaq üçün insanlar digərqəm və təmənnasız olmalıdır. Gələcək nəsillərin sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bu gün insanlar öz şəxsi zövqlərindən vaz keçməli və rahatlıqlarını tərk etməlidir. Mən bu sözlərlə heç də həmin insanlardan olduğuma işarə etmirəm, lakin inanıram ki, bu vəzifəni layiqincə yerinə yetirən insanlar çıxacaq. Mən özümü Allahın inayəti və lütfü ilə bu tip işlərə qeyri-iradi və müvəqqəti sövq edilmişlərdən biri hesab edirəm”.
O hesab edir ki, İslamiyyət yaxşı vətəndaş və insanın yetişdirilməsində demokratiya üçün faydalı dinamiklərə sahibdir və demokratiya buna görə ona minnətdar olacaqdır. Problemi kamil insan həll edəcək. Bu səbəbdən də ən böyük sərmayə insana, kamil insana qoyulan yatırımdır.
Kamil insan eyni zamanda mücadilə və məfkurə insanıdır. Zərrə qədər mücadilə ruhuna sahib insan əlli qat bilikli dahidən güclüdür. Həzrəti İsanın həvariləri və Həzrəti Məhəmmədin səhabələri getdikləri ölkələrin dillərini bilmirdilər. Ancaq Həzrəti İsanın ölümündən otuz il keçməmiş davamçıları Romanı sarsıtdı. Çünki onlarda mücadilə insanının gücü vardı. Həvari və səhabələr bu yolda səmimi və cəsur olduqları üçün uğur qazanırdılar.
Səmimiyyət elə bir sirdir ki, buz dağlarını belə əridər. Həzrəti İsanın saf və səmimi ardıcıllarını – ilk dövrün xristianlarını meydanlarda aslanlara yem elədilər, ağaclardan asdılar, tonqal qalanmış xəndəklərə salladılar. Bütün bunlara baxmayaraq dinlərindən dönmədilər. Bu uzun mücadilədən sonra, nəhayət, uğur qazandılar: I Konstantin xristianlığı Romanın rəsmi dini kimi qəbul etdi.
İslamın ilk müsəlmanları qısa müddətdə tarixin axarını dəyişdilər. Həzrəti Osmanın zamanında Xəzər dənizini aşıb Amudəryaya çatdılar. Aral gölü ətrafı və Palantökən İslamı tanıdı. Həzrəti Əlinin dövründə bu mücadilə insanları İslam dinini Öküz çayına[21] və Cəbəllütariq boğazına qədər yaydılar. Hətta müsəlman elçiləri Çin sarayına qədər gedib çıxdılar.
İslam mənbələri Həzrəti Məhəmmədin yüz min səhabəsindən bəhs etsə də, Mədinə qəbirstanlığında uyuyan səhabələrin sayı on mini keçmir. Demək ki, əksəriyyəti ileyi-kəlimətullah uğrunda yollara düşdü. Çünki Kəbədə ölüb orada dəfn edilmək Allahı anlatmaq üçün Pekinə gedib orada ölməkdən və dəfn edilməkdən daha xeyirli deyildir. Səhabə Allahın adını yaymaq üçün dünyanın ən ucqar bölgələrinə üz tutdu. Kənardan baxanlar onlara dəli deyirdi. Çünki onların əməlləri, fədakarlığı, səmimiyyəti, məfkurəyə sədaqəti nə ağılın, nə də xəyalların sərhədinə sığırdı. Məhz bunun üçün otuz il davam edən səhabə dövrü möhtəşəmlik mücəssiməsidir.
Gülənə görə, ruhən çökmüş bir ölkənin hər bucağını yüzlərlə zəfər tağı və əsgər heykəlləri ilə bəzəsən də, onun məzardan bir fərqi yoxdur. Romalı sərkərdə Katon karfagenliləri məğlub etdiyi zaman deyil, ordusu zəfər nərələri ilə paytaxta daxil olarkən sərkərdə atını və zirehini imperatora təslim edib, “Mən millətimə xidmət üçün döyüşmüşdüm, indi vəzifəm sona çatdı, kəndimə qayıdıram” dediyi zaman müzəffər idi. Bunun əksinə nəfsinin və zərərli ehtiraslarının əsarətindən xilas ola bilməmiş səfil ruh dünyanı fəth etsə belə, məğlub sayılır. Özünü dünyanın hakimi sanan Napoleonun filosof Molmeyin şəxsiyyətində elm və fəziləti çılğıncasına qamçılarkən ruhən düçar olduğu məğlubiyyət Vaterluda düçar olduğu məğlubiyyətdən daha acı və alçaldıcı idi.
Roma İmperatorluğu nə qədər ki möhtəşəm legionlara sahibdi, senatında qanunlar hakimdi, dini etiqadlara qarışmırdı, o qədər varlığını qoruyub saxlaya bildi. Neron gəlib xristianlara zülm etməyə başlayanda bu düşüncəsiz davranışları da Romanın süqutunu hazırladı. Bu, gücün, qüvvənin ağılı məğlub etməsi idi. Napoleonun dühasını dəlik-deşik edən, Böyük İsgəndərin başını gicəlləndirən, Hitleri dövrün dəli təkəsinə çevirən səbəb eyni idi: güc, qüvvət çılğınlığı. Halbuki əsl zəfər daxildəki ehtirasları cilovlamaq və azğın hislərə imkan verməməkdi. Fateh Sultan Mehmet azğın maddi gücün deyil, hərbi dühası ilə yanaşı bu ali ruh və inancın timsalı idi. Buna görə də İstanbula girişi Sezarın Romaya girişinə bənzəmirdi.
Fəzilət xalq arasında döşəkçə və ya yerdə oturar. Qürur isə möhtəşəm taxtlara sığmaz. Qürur tərsinə çevrilmiş qübbəni andıran quyu kimidir. Fəzilət isə üfüq nöqtəsindən yayılan göy üzünə bənzər. Qürur cəhalətin “qeyri-qanuni” övladıdır. Fəzilət isə “hikmətin əsil-nəcabətli övladı”dır. Qürur zülm və istibdad, fəzilət isə azadlıq və bərabərlik tərəfdarıdır.
Həqiqi dəyərlərin alt-üst olduğu, etibarın, insanlığın pul, yayqış evləri, şəxsi mənzil və villalarla ölçüldüyü bir cəmiyyətdə maddi dəyərlər vəhşi qladiatorlar kimi fəzilətə hədə-qorxu gəlirlər. Belə bir toplumda fırıldaqçıların, mənfəətpərəstlərin, iki addım önünü görə bilməyən fərasətsizlərin hakim olması təbii haldır. Belə bir toplum ruhən çökmüş sayılır.
Pərixan Savaşa verilən mükafatın anlamı
Gülən 2008-ci ilin mart ayında ABŞ-da bir qrup jurnalistlə söhbətində televiziyalarda nümunəvi, dəyərlərə bağlı türk ailəsi haqqında bir serialın çəkilişinə ehtiyac olduğunu deyir. “Televiziya bir toplumun görünməyən güzgüsüdür” deyən Gülənin fikrincə, uşaq zehninin kiçik yaşlardan kirlədilməsinə qarşı “müharibə” elan edilməlidir. Ədəbsiz və zorakılıq təlqin edən filmlər gənclər üçün çox zərərlidir. Bu filmlərin gənc düşüncələrə mənfi təsiri qarşısıalınmaz fəlakətlərə yol açar. Çünki aşınan əxlaqı texnologiya kimi transfer etmək mümkün deyildir. Bunların hər biri əslində degenerasiyadır.
1997-ci ildə Jurnalistlər və Yazarlar Vəqfi cəmiyyətin qabaqcıl insanlarını xoşgörü mükafatı ilə təltif edir. Bu mükafata layiq görülənlərdən biri də Pərixan Savaş idi. Bəziləri onun bu mükafata layiq görülməsini tənqidlə qarşılayır, hətta lüzumsuz sayırdılar. Ancaq Gülənin nəzərində Pərixan Savaş dəyərli bir insan idi, çünki vəfalı bir qadın kimi qəzaya düşüb iflic olan həyat yoldaşı Yılmaz Zəfərin yanından ayrılmamış, ona dəstək olmuşdu. Gülən deyirdi:
“Düşünün ki, bu mükafatın Yeşilçam filmlərinin bir aktrisasına (Pərixan Savaşa) verilməsini tənqidlə qarşılayırlar. Ənənəvi türk ailə əxlaqında qadının həyat yoldaşına sədaqəti ailənin davam etməsində çox önəmli faktordur. Həmin xanım bu ənənəni yaşadan, iki il xəstələnib yatağa düşən həyat yoldaşının yanından ayrılmayan, ona sədaqətlə xidmət edən parlaq bir örnəkdir. Allah bilir, ancaq inanclı insan sırf belə bir əməllə cənnətə gedə bilər. Dolayısilə, həyat yoldaşına bu qədər sadiq və vəfalı olan bir xanıma nəinki bir mükafat, hətta dünyalar verilsə belə, mənə görə, yenə də azdır”.
Onun qənaətincə, fəzilətli insanlardan ibarət cəmiyyətin formalaşması bəzən bir, iki, hətta üç nəslin ömrünə bərabər zəhmət tələb edir. Din bu cür insanlardan təşəkkül tapmış bir toplumun həyatında əvəzedilməz dinamikdir. Çünki insanlar mövcud qanunların 60-70%-ni öz ağılları ilə poza bilirlər. Onlar yalnız fəzilətli yaşamaqla bundan çəkinə bilərlər. Türkiyə, cəmiyyətin bu şəkildə yenidən təşəkkülünə ehtiyac vardı.
Belə bir cəmiyyətin inşası üçün uşaqlar beşikdən adanmışlıq nəğmələri ilə böyüdülməli, oyun xatirinə də olsa, yalana alışdırılmamalıdır. Çünki şüuraltı 15 yaşına qədər götürdüyünü götürür. Ana və ataların övlad yetişdirilməsində zəruri olan pedaqoji və psixoloji savada yiyələnməsinin vacibliyini bildirən Gülən izlədiyi bir televiziya proqramı haqda fikirlərini dilə gətirir: “Televizorda “Yetim qız” ilahisini seyr etdim. Bir qızcığaz: “Yetim qızın başını oxşayan mübarək əl, mən də yetim qızam, nə olar mənə də gəl” deyir və yanaqlarından süzülən yaşları silirdi. Hər vicdan sahibi kimi mən də çox kədərləndim. Özümü o yetimlərdən biri bilib ağladım. Ancaq bir fikir bir duman kimi gəlib beynimi sarınca diksindim. Əgər bu ilahini deyən o şirin qız yetim deyildirsə, bu, ona belə kiçik yaşda yalan söylətdirmək olmurmu? Qızcığaza yetim olmadığını bilə-bilə bu misraları söylətdirmək, sonra da alqışlamaq bir mənada ona yalan danışmağı təlqin etmək deyildirmi? O uşaq bu yaşdan yalana öyrəşmiş olmurmu?”
Gülənin fikrincə belə bir cəmiyyətin inşası üçün insanlar “mövsümi ifrat müsəlman” deyil, “mütəmadi sadə müsəlman” olmalıdır. Məsələn, dinin əmrlərini yerinə yetirdiyini iddia edən bir şəxs işıq və sudan qanunsuz yolla istifadə edə bilməz. Çünki o işıq və suda 70 milyonluq Türkiyənin haqqı vardır. Su və elektrikdən qanunsuz istifadə edən şəxs bu 70 milyonluq xalqın hər bir fərdi ilə ayrı-ayrılıqda halallaşmaq məcburiyyətində qalar. Yoxsa məsuliyyətdən qurtula bilməz.
Əgər mütəxəssislər “Saatda 90 kilometrdən artıq sürətlə gedən sürücü sükana nəzarəti itirər” deyirsə, saatda 150 kilometr sürətlə getmək intihara təşəbbüs, bu sürətin ölümlə nəticələnməsi isə məhşərdə cinayət və intihar kimi insanın qarşısına çıxa bilər.
Gülənin dostu Sadəddin Başər bir gün avtomobilinin qarşısına çıxan uşağı görmür və yüngülcə maşına dəyən uşağın qulağı sıyrılır. Gülən həmin gün dostuna bir müddət maşın sürməməyi məsləhət görür. Başər bu hadisədən sonra iki il sükan arxasına oturmur.
Gülənə görə, belə sağlam bir cəmiyyətin qurulması üçün dini və elmi dəyərlər yan-yana olmalıdır. Çünki dini nəzərə almayan təhsil inancsızlığa, elmsiz təhsil isə fanatizmə yol açar. İlahi bəyandan məhrum olan təhsil və elm müəyyən ideologiyaların əsiri olunca həqiqətin yolunu kəsən bir qulyabanıya çevrilir. Səmavi həqiqət – din isə fanatik düşüncənin əlinə keçərsə, kin, nifrət və intiqam hislərinin mənbəyi halına gələr. Elm tarixinin böyük dühası Albert Eynşteynin sözü ilə desək, elmsiz din topal, dinsiz elm isə kordur. Dindən qopan elm amansız silaha çevrilir. Ağıl, həyat və elmdən uzaq din isə insanlar və millətlər arasına süni sədlər çəkən təəssübkeşlik, fanatizm müəssisəsinə dönür.
Əgər bəziləri elm ocağından şəxsi villası kimi istifadə edərsə, ora ideologiyalar stendinə və bu ideologiyaların nümayiş arenasına çevrilər. Bunun kimi özündən savayı hər kəsi “zındıq” və “münafiq” sayan din anlayışı da dini insanları Allahdan uzaqlaşdıran bir fobiyaya çevirər. Din adından nümayiş etdirilən fanatizm də qatı təəssübkeşlik doğurar. Qatı təəssübkeş və fanat isə sadəcə bu günün paraziti deyildir, ta keçmişdən müxtəlif səs və formalarda varlığını qoruyub saxlayan bir virusdur.
Dünya və axirət səadətinə yönəlmiş bir dünya qurmaq üçün Qəzalini oxuyanlar Paskalı unutmamalı, Mövlanə ilə səmaya yüksələnlər laboratoriyalara baş çəkib Pasteri salamlamağı yaddan çıxarmamalıdır.
1996-cı ildə Urfada kesar əməliyyatı ilə doğuş zamanı Müzeyən İşıqgözə[22] (Müzeyyen Işıkgöz) əlavə qan vurulmuş, AİDS virusu daşıyan qan da onu və yeni doğulan qızı Ruqiyyəni AİDS-ə yoluxdurmuşdu. Gülən bu ailənin dramını nə vaxt televiziya xəbərlərində eşidirdi, göz yaşlarına hakim ola bilmirdi: “Yüz şagird müəllimləri ilə toplaşıb AİDS-ə və ya xərçəngə çarə tapmaqla bir insanın xilasına səbəb olsalar, çox güman, hamısı cənnətə girər”.
Gülənə görə, son illərdə beynəlxalq bilik olimpiadalarında qazanılan uğurların mütəmadiliyini təmin etmək bir dövlət siyasəti qədər önəmlidir.
Sənaye inqilabını dəyərləndirməyən və bunun hesabını çox ağır ödəyən bir millətin övladları olaraq indi kosmosda şəhərlər salınacaqsa, bunu bizim insanımız etməli idi. Amerikanın Milli Aerokosmik Araşdırmalar Mərkəzinə (NASA) bərabər TÜRKSA-lar qurulmalı idi. Əlbəttə, uzun illər davam edən və genimizə işləmiş “Bizdən elm adamı çıxmaz” anlayışı ilə bunu həyata keçirmək asan iş deyildi. Qərbin bu sahələrdə üstünlüyündən doğan psixoloji təzyiq bizdə acizlik və məzlumluq düşüncəsini formalaşdırmışdı. Amma artıq bu düşüncənin də axırı çatmışdı.
Ürək ağrıdan video kadrlar
2004-cü il idi. ABŞ-da Pensilvaniya ştatının Allentaun (Allentown) şəhərində yerləşən Nort Hempton (North Hampton) Universitetinin Siyasi elmlər fakültəsində professor Harol Veys (Harol Weiss) dinlər tarixi dərsini keçirdi. Professor dərsin izahında video kadrlardan da istifadə edirdi.
İslam haqqında video müsəlman hindlilərin olduqca ibtidai həyatından bəhs edən kadrlardan ibarət idi. Kadrlarda insanlar çılpaq gəzir, dilənir, “şeyx”in ayaqlarını öpürdü. Bəzi insanlar əllərində daş səcdə edir və daşları öpürdülər. Qadınlar köhnə və çirkli burka[23] geyinmişdilər. Belə demək mümkünsə, bütün kadrlar başdan-ayağadək Müsəlmanlığın olduqca çirkin bir inanc sistemi olması təəssüratını oyadırdı.
Auditoriyada əyləşən xristian və yəhudi tələbələr bu görüntüərə qəhqəhə ilə gülürlər. On beş dəqiqə keçmişdi ki, auditoriyada olan türk tələbə ağlamağa başlayır. O an bütün sinif susur. Professor Veys videonu dayandırıb işıqları yandırır. Türk tələbə ayağa qalxır. Əslində, məqsədi auditoriyanı tərk etmək idi. Amma professor dərhal yanına gəlib: “Nə oldu, nəsə problem var?” – deyə soruşur. Türk tələbə “İslam belə deyil” cavabını verir. Professor Veys: “Mən dörd institutda dərs deyirəm. Dördünün də kitabxanasına baxdım. İslam haqqında ən yaxın tarixə aid videonu götürdüm”, – deyir. Türk tələbə isə: “Bu kadrlar olsa-olsa, iki min nəfərin yerli inancına söykənən həyat tərzidir. Bunun müasir dövrün İslami həyatı ilə heç bir əlaqəsi yoxdur. Əsl İslam belə deyil. Mən müsəlman ola-ola bu görüntülərdən qorxdum”, – cavabını verir.
Professor Veys videonu söndürdüb: “O halda de görək, nə üçün namazı gündə beş dəfə qılırsınız? Nə üçün daşa tapınırsınız? Qurbanda nə üçün o qədər qan tökürsünüz?” Professor kadrda insanların daşlarla yerə əyilməsini müsəlmanların həcc ziyarəti zamanı Kəbədə Həcərül-Əsvəd daşına göstərdiyi ehtiramla qarışdırmışdı. Həcərül-Əsvəd Kəbənin şərq tərəfində yerləşən, 1,5 metrə qədər hündürlükdə olan parlaq, qara daşdır. Müsəlmanların inancına görə, Həzrəti İbrahim və oğlu Həzrəti İsmail Kəbəni inşa edərkən sövqü-ilahi ilə bu daşı dağdan götürüb Kəbədə yerləşdirmişdilər. İslamda daşlara tapınmaq qadağandır. Tam əksinə, daşa tapınmaq İslamdan əvvəlki Cahilliyyə dövrünə aid adət idi və İslamın gəlişi ilə qadağan edilib aradan qaldırıldı. Türk tələbə professor Veysin qurban və namazla bağlı suallarını da cavablandırmağa çalışır.
Auditoriyada ağlayan həmin türk İzmir ilahiyyat fakültəsini bitirən və uzun illər Fəthullah Gülənin yanında qalıb ondan İslam klassiklərini öyrənən tələbələrdən biri – Osman Şimşək idi. Dərsdən sonra Şimşək həm təhsil aldığı Hempton Nort universitetinin, həm də professor Veysin dərs dediyi digər üç universitetin – Lihay Universiteti, Karbon Universiteti (Carbon) və Filadelfiyada yerləşən Templ Universitetinin (Temple) kitabxanalarına baş çəkir. Həqiqətən də, professor Veysin dediyi kimi bu dörd universitetin kitabxanalarında İslamiyyət haqqında ən yaxın tarixə aid video bu idi. Üstəlik də, bu dörd universitetin kitabxanasında İslamla bağlı iki-üç video ancaq olardı.
Bu gün artıq Fəthullah Gülənin tələbələri və onun fəlsəfəsindən ilham alan minlərlə insan dünyanın hər tərəfində “Əsl İslam”ın səsi kimi qəbul edilir. Gülən deyirdi:
“Bütün dünyanın Allaha inandığı günü xəyalımda canlandırıram və bu xəyalın dünyalardan dəyərli olduğuna inanıram... Şərqlə Qərbin həqiqi iman məsələsində qaynayıb-qarışıb eyni taleyi bölüşməsi həyatımın ən böyük qayə və əməllərindən biri olmuşdur. Cənnətin eşiyində olarkən mənə gəlib Şərqlə Qərbin bütünləşdiyini, bu iki dünyanın öz dəyərlərini qoruyaraq və qarşılıqlı hörmət, sayğı anlayışı içində bir vücuda çevrildiyini desələr, bunu həyatımda ən böyük müjdələrdən biri sanaram”.
Dünyanı gözləyən qaçılmaz böhran
Gülən belə davam edir:
“XX əsr özünü inkar edənlərin əsridir. Bəşəriyyət təmtəraqlı şüarların qurbanı oldu. XXI yüzillik isə inanc və inanmışlar əsri olacaqdır. Bu yüzillik iman və əxlaqi dəyərlər çağı olacaq və bütün dünya inananları Renessans və yenidən diriliş dövrünü yaşayacaq”.
Lakin onun fikrincə, qoca dünyamızı bir də qaçılmaz böhran gözləyir. 2003-cü ilin iyulunda iki ayrı söhbətində deyirdi: “Dünyanın qismətində bütün ölkələri əhatə edən bir böhran görünür. Onun vaxtı məlum deyil. Bu böhran zamanı bəşəriyyət ölüm-qalım təhlükəsi ilə üzləşəcək”.[24]
O hesab edir ki, türk insanının dünyanın hər tərəfində həyata keçirdiyi fəaliyyətlər bu böyük böhran zamanı bəşəriyyətin sığınacağına, pənah yerinə çevriləcək. Məsələn, dünyanın hər bucağında açılmış türk məktəbləri bu nəhəng fırtınada insanların sığınacağı olacaq. 1990-cı illərdə “Türk xalqı qütblərə qədər gedib məktəb açmalıdır”, – deyən Gülən arzusunu da gizlətmir: “Kaş ki bu gün yüzlərlə deyil, minlərlə məktəb olaydı”.
1990-cı illərin əvvəlində: “Türkiyədə əhalinin sayı çoxdur, on milyon insan ölkə xaricinə getməlidir”, – deyən Gülən 25 fevral 2005-ci il tarixli söhbətində də eyni məqama toxunurdu: “Əlimdən gəlsə, Türkiyədən bir milyon insanın yollara düşüb köç etməsini təmin edərəm”. Bu, köçlərdə məqsəd gələcəkdə labüd görünən fırtınalara qarşı “dalğaqıranlar” və “sülh adacıqları” inşa etməkdi:
“Əgər həqiqətən də, Hantinqtonun iddia etdiyi kimi gələcəyin dünyasında “mədəniyyətlər toqquşması” baş verəcəksə, əgər belə bir dalğa qabarıb gəlirsə, bircə yol qalır, o da bu toqquşma dalğasının qarşısına daha böyük dalğaqıran çıxarmaq və onu bəşəriyyəti haqlamadan parçalamaqdır. Bunun üçün bir mənada səfərbər olmaq lazımdır”.
Bu gün dünyanın hər tərəfində müxtəlif millətlərə mənsub minlərlə insan türk insanına: “Müsəlmanlığı bizə siz tanıtdınız və sevdirdiniz”, – deyir. Çünki onlar müsəlmanın qantökən, təcavüzkar, təxribatçı və mənfəətpərəst olmadığını türk insanı sayəsində görmüşlər. Əgər Türk milləti bəşəriyyətin bu şəkildə bəyəndiyi dəyərlərə malikdirsə, ehtiramla qarşılanan mədəni mirası varsa, o zaman daha çox yerlərə köç edib daha çox insanla təmas quraraq onlara da: “Müsəlmanlığı sizinlə tanıdıq və sevdik”, – dedirtməlidir. Onlar da müsəlmanın qantökən, təcavüzkar, fəsadçı və mənfəətpərəst olmadığını görməlidir. Gülən 2008-ci il mayın 28-də deyirdi: “Çaldığımız musiqi alətlərindən musiqiyə və dinə aid dəyərlərə qədər hamısı ümumbəşəri dəyərlərdir. Heç kimi bu ali dəyərlərdən məhrum etməyə haqqımız yoxdur”.
2006-cı ilin əvvəlində Gülənin ziyarətinə gələn Çikaqo Universitetinin müəllimi professor Skot Aleksandr (Scott Aleksander) ona Allah Rəsulunun adı yazılmış bir kristal brilyant hədiyyə edir. Professor Aleksandr hədiyyəsini təqdim edərkən: “Mənə Həzrəti Məhəmmədi siz sevdirdiniz. Mən də hədiyyə olaraq sizə Onun adını gətirdim. Dostlarınızı görəndə elə bil səhabələri görürəm”, – deyir.
Gülənin fikrincə, dünyanın hər tərəfində insanlar Türk xalqının ən azı 40 il rəhbərlik etdiyi fəaliyyətlərə tamaşa edəcək, bunların təmənnasız və sırf Allah rizası üçün edildiyini görəcəklər.
12 may 2008-ci il tarixində bir daha türk insanına səslənərək onu bu məfkurə uğrunda dünyanın hər tərəfinə köç etməyə çağırırdı: “Türkiyədə kifayət qədər düşünən beyinlər var. Bir neçə milyon insanın öz dəyərlərimizə arxalanaraq dünyanın müxtəlif bölgələrinə köçməsi bizim üçün itki olmaz, əksinə bunun həm ölkəmizə, həm də bəşəriyyətə böyük faydası dəyər”.
Eyni zamanda uzun illər Almaniya, Fransa və Hollandiya kimi ölkələrdə yaşayan və oralarda iş quran türklərin də yeni bir ölkəyə köç edə biləcəyini bildirir.
Gülən türk insanının tarixdən və İslamdan aldığı güclə yenidən dünyanın dörd bir tərəfində bir inam ünsürünə çevrilməsinin vacibliyini bu hadisəni misal gətirərək izah edir:
“12 sentyabr 1980-ci il çevrilişindən əvvəl dövlət rəsmilərindən biri o vaxtlar Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olan Özbəkistana rəsmi səfər edir. O dövrdə Sovetlər İttifaqında pambıq istehsal edən əsas ölkələrdən biri də Özbəkistan idi. Türkiyədən gedən nümayəndə istehsal etdiyi pambığı arpa və buğda ilə mübadilə edən əkinçilərdən: “Haradan bilirsiniz ki, bu üsulla sizi aldatmırlar?” – deyə soruşur. Özbək kəndlisinin cavabı isə belə olur: “Sosialist aldatmaz!””
Məhz Türk insanının da vəzifəsi bu etibarı, bu sonsuz inamı Müsəlmanlıq adından bütün bəşəriyyətin qəlbinə həkk etməkdir.
Gülən 1999-cu il 1-8 dekabr tarixində Cənubi Afrikanın Keyp-taun (Cape Town) şəhərində keçirilən və müxtəlif inanc mənsublarının iştirak etdiyi toplantıya “Yeni minilliyin astanasında” (“Yeni bir milenyumun eşiğinde”) adlı ismarıc göndərmişdi. İsmarıcda deyilirdi:
Bu minillikdə sözügedən baharın (inanc və inanmışlar çağının) inşa edilməsində ən böyük rol, zənnimcə, Türkiyəyə və Türk dünyasına düşəcəkdir. ABŞ prezidenti möhtərəm Klintonun (Bill Clinton) bu mövzuda dediyi sözlər – hansı məqsədlə deyilməsindən asılı olmayaraq – sezilən və özünü göstərməyə başlayan bir həqiqətin ifadəsindən başqa bir şey deyildir. Bu səbəbdən Türkiyə tarixin onun çiyninə yüklədiyi bu vəzifəyə görə özünü “dizayn” etmək məcburiyyətindədir. Yoxsa tarixin bu coşğun seli, Allah qorusun, bizi də önünə qatıb apara bilər”.
ABŞ prezidenti Bil Klinton 15 noyabr 1999-cu ildə Türkiyəyə səfəri zamanı Böyük Millət Məclisindəki çıxışında bunları söyləmişdi:
“Türkiyənin tarixi XX əsri anlamaq üçün bir açardır. Ancaq mən inanıram ki, Türkiyənin gələcəyi XXI minilliyin ilk əsrinin formalaşmasında da son dərəcə mühüm rol oynayacaq. Bu gün bir neçə dəqiqə vaxt ayıraraq, nə üçün buna bu qədər inandığımı açıqlamaq istəyirəm. İnsanlar xəritə çəkməyə başlayandan bu yana Türkiyə coğrafiyasının sabit reallıqlarına diqqət çəkmişlər... Önümüzdə imtahan edilməmiş bir əsr dayanır. Bu, böyük bir fürsətdir. Türkiyə daha çox şey edə bilər. Sizin timsalınızla və səylərinizlə Türkiyə dünyanın ilham mənbəyi ola bilər”.
Fəthullah Gülən haqda yazılmış dissertasiya
Bu gün Fəthullah Gülən Türkiyədə və dünyada ən nüfuzlu liderlərdən biridirsə, bunun arxasında yetmiş illik bir həyat hekayəsi dayanır.
2003-cü il idi. Egey Ordusunun Komandiri general Xurşid Tolon (Hurşit T.) komandanlığın İzmir qərargahında 36 ildir Güləni tanıyan jurnalist Xalid Əsəndirlə söhbət edirdi. General Tolon Əsəndirə deyir: “Fəthullah Xoca bir məscid xocası ola-ola, necə olur ki, bu qədər ali təhsilli, həm də istedadlı insan onun ətrafına toplaşır? Bunu başa düşə bilmirəm”.
Əslində, Gülən çoxlarının zehninə yerləşmiş bu köhnə “xoca” obrazını yerlə yeksan-etmişdi. O, heç vaxt klassik məscid imamı olmamışdı. 30 il məscid kürsülərində vəz verib söhbət etmək onun həyatının sadəcə bir parçasını təşkil edirdi.
1990-cı illərin əvvəlində relsə buraxılan sürət qatarının ilk səfərində (Paris-Lion) səyahət edən, Londonda təyyarə muzeyini gəzən, Romada Renessans dövrünün əsərlərini incələyən, ABŞ-da kosmik mərkəz NASA-ya gedən, “Gələcəyin TÜRKSA-larını qurmalıyıq” deyən, Türkiyənin Avropa Birliyinə üzvlüyü üçün Papadan dəstək istəyən məhz Gülən idi.
1990-cı illərdə radikallığı ilə tanınan bir şəxsə “Fəthullah Xoca çox gözəl şeylərdən danışır. İntellektual səviyyəsi son dərəcə yüksəkdir. Ancaq İslam dövlətindən milçəkdən bəhs etdiyi qədər danışmır” dedirdən, bir ankaralı iş adamına: “Xocadır, amma Aristoteli şərh etməsi, Monteskyödən bəhs etməsi – bu qədər məlumatlı olması insanı heyrətə salır”, – dedirdən Gülən idi.
1990-cı illərdə Gülənin dostlarından professor Suat Yıldırımın qızının toyu olur. Fəthullah Gülən də toy mərasimə qatılmışdı. Toy mərasiminə o vaxtlar Ali Təhsil Qurumunun üzvü olan və hal-hazırda (2008-ci ildə) isə Dövlət Naziri kimi işləyən professor Səid Yazıçıoğlu (Said Yazıcıoğlu) da dəvət edilmişdi. Yazıçıoğlu Güləni görüncə yanında olan Şərif Əli Təkalana dönərək: “Xocaəfəndi ütülü şalvar geyinir. Heç güman etməzdim ki, ütülü şalvar geyinər”. Halbuki Gülən gündəlik həyatında, hətta evdə olanda da ütüsüz şalvar geyinmirdi.
Hələ 1950-ci illərin əvvəlində Ərzurumda mədrəsədə oxuyarkən çox səliqəli geyindiyinə görə mədrəsə yoldaşları ona: “Ay qardaş, bir az təqvalı olsana,” – deyirdilər. Onlar ütülü şalvarı “təqvaya” zidd hesab edirdilər. Ancaq Gülənə görə, dindar bir insanın imkan daxilində səliqəli geyinməsi elə təqvanın özü idi. Gülən 1950-ci illərdə təkcə ütülü şalvarı ilə deyil, oxuduğu romanlarla da mədrəsə yoldaşlarını təəccübləndirirdi.
Gülən illərdi Türkiyə Elmi və Texniki Araşdırmalar Qurumunun (TÜBİTAQ) “Elm və Texnika” jurnalını və “Elm və texnika seriyası”nda çap etdirdiyi kitabları oxuyurdu.
Gülən ABŞ-da Pensilvaniya bölgəsində 17-18 ildə bir dəfə may ayında yağış yağandan sonra çıxan, günəşin qızınması ilə ağaclara dırmanan, sonra da ölüb gedən böcəklər haqqında deyirdi: “Mən bu böcəklər barəsində bir jurnaldan oxumuş, Allahın varlığına aid bir söhbətimdə ondan danışmışdım”.
1995-ci ildə “Hürriyyət” və “Sabah” qəzetlərinə verdiyi müsahibələrdə Motsartın musiqisindən, Pikassonun rəsm əsərlərindən bəhs edirdi. “Hind musiqisi qədim musiqilərdən biridir. Qanq hövzəsinin səsi, sədası çox dərindir, insana çox təsir edir. Klassik Qərb musiqisi də çox xoşuma gəlir” fikirləri də Gülənə aiddir. O, bir gün Emil Zolyanın “Həqiqət” romanından, o biri gün Sartrın “Ürəkbulanma” əsərindən bəhs edir, Dostoyevskinin bütün kitablarını oxuduğunu deyirdi.
Gülən bir vaxtlar Ərzurumda “Və insan aldandı” adlı roman yazmağa başlamışdı. Yazdığı hissələri Ərzurumda yaxın dostu Cevdət Bilicana[25] (Cevdet Bilican) oxudan Gülən ondan təşviqedici sözlər eşitməyincə romanı yarımçıq qoymuşdu. Gülən “Və insan aldandı” sözlərini bir tabloya yazdırıb ABŞ-da yaşadığı evin divarından asdırmışdı. 2007-ci il noyabrın 23-də qonaqları ilə söhbət edərkən: “İlahiyyatçılar roman oxumur”, – deyib yaxın dostu ilahiyyatçı Necdət Başaranı işarə edir: “Kaş min roman oxuyaydı”.
Yüzlərlə yazı və şeir müəllifi olan Gülənin 66 kitabı 2007-ci ildə təxminən 5,5 milyon ədəd satılmışdı. Qəzetlərin bu günəcən oxucularına hədiyyə etdiyi yüz minlərlə kitab bu 5,5 milyona daxil deyildir. Onun mindən artıq vəz kasetinin satışı isə milyonlarla ədəddir.
Gülən 1998-ci ildə bir müsahibəsində “Hafizəmdə 2000-ə yaxın şeir var”, 2008-ci ildə isə kitabxanasında olan türk divanlarından danışarkən: “Məndə qırx Divan var”, – demişdi. Bir gün “Babilistanda ölüm, İstanbulda eşq” (Babilde ölüm, İstanbulda aşk) kitabının müəllifi professor İsgəndər Palaya “Qəzetdə çıxan yazılarınız üçün darıxmışam” deyən, bir gün də tələbələrinə “Kaş bir-ikiniz ədəbiyyatla məşğul olaydı, yoxsa bağçamdakı kölgəsiz qovaq ağaclarından nə fərqiniz olar!” söyləyən Güləndi.
Bir ədəbiyyat professorunun fikrincə, Gülənin xitab gücü onun ədəbiyyata bələd olmasından qaynaqlanır, ədəbiyyat və şeir onun xarizmasına çox şey verir. Tələbələri deyir ki, Gülənin ən çox xoşladığı şeylərdən ikisi ədəbi və tarixi mövzular haqda söhbət etməkdir.
O, Ədirnə illərində Səlimiyyə kitabxanasındakı kitabların böyük əksəriyyətini oxumuş, minlərlə hədis və hədis rəvayətçilərinin adı ilə birlikdə, Roma tarixinə aid bir çox hökmdarın, romalı sərkərdələrin adlarını da hifz etmişdir.
Hədis alimi sayılan Gülən minlərlə hədis bilir. Hədis elmində bir hədisi Allah Rəsuluna istinad etmək üçün bu sözü rəvayət edənləri Peyğəmbərimizə çatanadək bir-bir tanımaq lazım gəlir. Heyrət doğuran hal odur ki, Gülən hər bir hədisin rəvayətçi silsiləsini adbaad bildiyi kimi, səhabələrin nəsil şəcərəsini, peşəsini, qohumlarını da sayır. Hədisləri nəql edən minlərlə insanı məsələn, üzündəki çilə, saçının rənginəcən yadında saxlayıb.
1960-cı illərdə düşərgədə olarkən tutduğu ilanı aşağı sallayıb belini qıran Davud adlı şagirdinə “O heyvanı öldürməyə nə haqqın vardı?” – demiş, cəza olaraq onunla bir müddət danışmamışdı. Yenə düşərgə günlərinin birində ətrafı bürüyən bir həşəratı təmizləmək üçün dərmandan istifadə etmək qərarına gələndə Gülən: “Bu heyvanların canına qəsd etməyə haqqınız yoxdur”, – deyib düşərgənin yerini dəyişdirmişdi. Düşərgənin yerini dəyişmək isə çadırların sökülüb yenidən qurulması, ayaqyolu quyularının yenidən qazılması demək idi. Bu qədər çətinliklərə baxmayaraq, Gülən böcək və milçəklərin həyatını üstün tutmuşdu.
1990-cı illərdə Türkiyənin müxtəlif yerlərində yanan meşələrin yenidən yaşıllaşdırılması təşəbbüsü ilə çıxış edən Gülən: “Ətraf mühiti, ekoloji tarazlığı qorumaq və mühafizə etmək müsəlmanın əsl vəzifələrindən biridir. Bu, dini, milli vəzifədir”, – deyirdi. Sonra davam edirdi: “Ağac əkmək məndə iztirab dərəcəsində bir arzudur. Vətənin məhsuldar torpaqlarını belə barsız-bəhrəsiz görəndə çox üzülür və kədərimi ifadə edəcək söz tapmaqda çətinlik çəkirəm... Bu məsələnin həlli millətin hər fərdinə ağac əkdirməkdir. Ailə quran hər cütlüyə, əsgər gedən hər gəncə, liseydən məzun olan və universitetə qəbul olan hər tələbəyə, işə başlayan hər məmura, bir işə girən hər şəxsə, təqaüdə çıxan hər kəsə ağac əkdirilməli və bu, cəmiyyətdə bir əxlaqa çevrilməlidir... Kaş hər kəs ömründə ən az on ağac əkə”.
O, 1949-66-cı illərdə Qalatasaray futbol komandasında oynamış Türk futbolunun əfsanəvi oyunçulraından Turqay Şerenə (Turgay Ş.):[26] “O vaxtlar mən Qalatasaraya azarkeşlik edirdim. Oyunlarınıza baxırdım”, – demiş, Professional Futbolçular Dərnəyinə baş çəkmiş, dərnəyin idarə heyətinə ziyafət vermişdi.
1982-ci ildə Ankarada bir qrup tələbəsi ilə söhbətində Abdi İpəkçinin (A. İpekçi) jurnalist fəaliyyətindən söz açan, 1980-ci illərin sonunda: “Gün gələcək, Türkiyənin analitik qəzetlərinin satışı bir milyon tiraj olacaq”, – deyən Güləndi. Jurnalist Fəhmi Koru ilə söhbətində Koru: “Türkiyədə analitik qəzetlər 100 000 nüsxə satsa, bu, çox yaxşı rəqəmdir” – demiş, Gülən isə ümidli cavab vermişdi: “Fəhmi bəy, Türkiyədə bir analitik qəzetin bir milyon tirajla çıxdığını da görəcəksiniz”.
Gülən 1994-cü ildə bir söhbətində regional güc olmaq istəyən Türkiyədə Avrasiya bölgəsini əhatə edə bir xəbər agentliyinin qurulmasının zəruriliyini bildirmiş, 2004-cü ildə ziyarətinə gələn bir xəbər agentliyinin idarə heyəti ilə görüşdə yenə eyni zərurəti dilə gətirmiş, “Kəhkəşanlarda da stansiya qurun” demişdi. Həmin xəbər agentliyinin idarə heyəti 2006-cı ildə Güləni yenidən ziyarət etmiş, o da fikrini təkrar səsləndirmişdi.
Gülən tez-tez dilə gətirilən “Bütün bu ideyaları bir məscid xocasımı irəli sürdü?” sualını da cavablandırır: “Bəziləri deyir ki, “Bu, böyük bir layihədir. Bir məscid xocası belə bir şey irəli sürə bilməz”. Təhqir etmək üçün belə deyirlər. Doğrudur. Mən heç vaxt bu fəaliyyətlərin mənim ideyalarım olduğunu, mənim ağlımdan çıxdığını iddia etməmişəm. Bu cür iddialardan Allaha sığınıram. Bu hər şeydən əvvəl Allaha ədəbsizlik və sayğısızlıqdır”.
Gülən bu məsələyə son nöqtəni qoyur: “Bunların hamısı Allahın lütfüdür, Allahın yardımıdır”.
1997-ci ildə Bilkənd Universitetində siyasi elmlər və ictimaiyyətlə əlaqələr fakültəsinin dekanı professor Mətin Heperin (Metin. H) elmi rəhbərliyi ilə hazırlanan “Fəthullah Gülənin İslam və Demokratiya mövzusunda fikirləri” adlı magistr dissertasiyasında deyilir:
“Fəthullah Gülənin İslamı yenidən yorumlaması Türkiyədə demokratiyanın bərqərar olmasına dəstəkdir... Fəthullah Gülən, Türk müsəlmanlığı düsturunu formalaşdırmışdır. Bu anlayışın dinimizə daxil olması, plüralist və liberal Anadolu müsəlmanlığını İslamın siyasiləşdirilməsinə qarşı qoyur. Fəthullah Gülənə görə, iranlılar və türklər İslamı fərqli şəkildə izah etdikləri üçün Türkiyə heç vaxt İran kimi olmaycaq. O hesab edir ki, İslamın izahında bir millətin mədəniyyəti açar rolunu oynayır. Bursa Uludağ Universitetinin politologiya üzrə professoru Əli Yaşar Sarıbay (Ali Y. S.) Fəthullah Gülənin dialoq, doqmalarla mübarizə və Qərblə düşmənçiliyin faydasızlığı haqda düşüncələrinin əhəmiyyətli olduğunu vurğulayır”.
Bu dissertasiyanı Berrin Koyuncu adlı tələbə hazırlamışdı. Dissertasiyanın ingiliscə orijinal adı belədir: “Fethullah Gulen’s Views on Islam and Democracy.”
Həmin il Boğaziçi Universitetinin Sosiologiya fakültəsində professor Nilufər Gölənin elmi rəhbərliyi ilə buna oxşar bir dissertasiya hazırlanmışdı. Uğur Köməcioğlu (U. Kömecioğlu) adlı magistrant “Fəthullah Gülən camaatı hərəkatı” adı ilə yazdığı elmi işdə yekun nəticə belə idi:
Hərəkatın uğuru müsəlmanlığı ən subyektiv formada yenidən izah etmə cəhdi ilə radikalizm əleyhinə mövqe nümayiş etdirməsindən qaynaqlanır.
Dissertasiyada bu işə könül verən “adanmışların” xüsusiyyətləri sadalanır:
“Fərdi dindardırlar. Ənənəvi müsəlmanlıqdan uzaqlaşaraq ruhi-mənəvi kamilləşdirmə vəzifəsini özünə ideal seçən ictimai “aktyor” olmağa çalışırlar. Bu işi görərkən aktiv siyasətdən uzaq olub, “yadlaşdırma” və “qarşılaşdırma” ünsürlərindən çəkinməyə cəhd edirlər”.
1971-ci ildə 12 Mart dövründə 8 universiteti və 35 milyon əhalisi olan Türkiyə tələbə hadisələri ilə bütöv bir xaosun içinə sürüklənmişdi. 1979-cu ildə universitetlərdə 168 000 tələbə təhsil alırdı. Universitetlərdə sağ-sol münaqişələri 1980-ci ildə yenidən Türkiyəni cənginə almışdı.
1990-cı illərdə 65 milyon əhaliyə malik Türkiyədə 50-dən artıq universitet, 1300000[27] tələbə olsa da, ölkə kütləvi tələbə hərəkatlarına şahid olmadı. Bunda Bilkənd və Boğaziçi Universitetlərindəki elmi işlərin də ortaya qoyduğu Fəthullah Gülən anlayışının nə qədər rolu olmuşdur?
Bu suala Güləndən klassik İslam əsərləri dərsini alan və onun haqqında “Ənənənin müasir dövrə şahidliyi” (Geleneğin Modern Çağa Tanıklığı) adlı 400 səhifəlik bir kitab yazan Ənəs Ərgənə (Enes Ergene) belə cavab verir:
“Gülənin geniş üfüqü bir çox radikal insanı “müalicə etdi”. Gülən müasir dövrün ortaya ideologiya atan və mütəmadi şəkildə cəmiyyət qurub, cəmiyyət dağıdan ideologiyalarından deyil. Heç vaxt cəmiyyətin zəif damarları ilə oynamadı. Halbuki bütün ideologiyalar bir əxlaqsız kimi məsuliyyətsizcəsinə, ədəbsizcəsinə onlarla oynayırlar... Gülənin xidmət anlayışı ciddi adanmışlıq ruhunu tələb edir. Normal dindarlıq bu fədakarlığın öhdəsindən gələ bilməz. Çünki belə bir dindarlığın sərhədləri məlumdur. Namaz, oruc, həcc, zəkatın hər birinin bir həddi, müəyyən miqdarı və ölçüsü vardır. Gülənin xidmət anlayışı isə daha geniş və uzunmüddətlidir. Təkcə dini təməllərə deyil, eyni zamanda milli, insani, əxlaqi və ümumbəşəri dəyərlərə söykənir. Dövlətin və millətin əsas dəyərlərinə və ictimai münasibətlərə yönəlik rasional mövqe sərgiləyir. Xidmət insanı deyiləndə, bu perspektivi, fədakarlığı və adanmışlığı bağrına basa bilən geniş ürəkli insan nəzərdə tutulur”.
MİT-in iki yüksək vəzifəli şəxsinin sözləri
Solçu ənənədən gələn Bülənt Ecevit, Gülənin həbs tələbini rədd edən İstanbul və Ankara Dövlət Təhlükəsizlik Məhkəmələrinin hakimləri, Gülənin bəraət qərarını təsdiqləyən Apelyasiya Məhkəməsinin 9-cu dairəsi və Apelyasiya Məhkəməsi Cinayət üzrə Ali Qurumunun üzvləri prokuror Nuh Mete Yüksəlin iddialarına dəstək vermədilər.
Yüksəlin Gülən barəsində cinayət işi açmasından iki ay sonra Milli İstihbarat (Təhlükəsizlik) Təşkilatı (MİT) rəisinin birinci müavini (müstəşarı) Şenqal Atasaqun (Şenkal Atasagun) dörd böyük qəzetin Ankara təmsilçisini MİT-in mərkəzinə çağırıb müsahibə vermişdi. MİT rəisinin birinci müavini müsahibəsində deyirdi:
“Müxtəlif hesablamalara görə, Türkiyədə şəriət istəyən insanlar 5-6% təşkil edir. Türkiyədə şəriət dövləti qurulması şansı sıfıra bərabərdir”.
Rəisin birinci müavininin bu sözləri 28 noyabr 2000-ci ildə “Hürriyyət” qəzetinin Ankara təmsilçisi Sədat Erginin (Sedat E.) köşə yazısında verilmişdi.
2000-ci ildə dövlətin təhlükəsizlik orqanı: “Türkiyədə din dövlətinin qurulma şansı sıfıra bərabərdir”, – deyirdi. Türkiyənin qabaqcıl universitetlərindən olan Bilkənd Universitetində Fəthullah Gülən haqqında aparılan araşdırma “Fəthullah Gülənin fikirləri Türkiyədə demokratiyanın inkişafına dəstək verir” nəticəsinə gəlmişdi. Boğaziçi Universitetində təqdim edilən dissertasiya da bu nəticə ilə yekunlaşmışdı.
Demək ki, universitet və MİT-in qənaəti ilə prokuror Yüksəlin iddiaları üst-üstə düşmürdü.
Hələ də MİT-də işləyən yüksək vəzifəli bir şəxs jurnalistlərə müsahibəsində deyirdi: “Fəthullah Gülən qrupu şərqi, cənub-şərqi Anadoluda kəndbəkənd gəzib insanlara qurban əti paylayır, onların sağlamlıq problemləri ilə maraqlanır. Terror problemi bu cür həll olunur. Nə Fəthullah Gülənin əleyhinə olmağa, nə də onun səmimiyyətinə şübhə etməyə haqqımız var”.
2006-cı ildə Gülən Türkiyənin qərb vilayətlərinin sakinlərini Anadolunun cənub-şərq bölgəsində yaşayan insanlara yardım etməyə, onlarla bütünləşməyə çağırmışdı. Gülənin bu müraciətindən sonra cənub-şərq bölgəsinə yardım üçün səfərbərlik başlanmışdı. Yüzlərlə iş adamı Qurban bayramını keçirmək üçün ailəsi ilə birlikdə həmin bölgələrə üz tutmuşdu. Onlar minlərlə ailəyə qurban əti və yardım paylamışdı.
2007-ci ilin Qurban bayramında da eyni mənzərə yaşandı. Gülən bu fəaliyyətlərin görüntülərini ABŞ-da televiziya xəbərlərində seyr edərkən: “Allah gələn ilə qədər ömür versə, əlimə yardım kisələri götürüb o qardaşlarımın arasında olmağı çox arzu edirəm. Cənub-şərqi Anadoluda gəzib dolaşmaq istərdim”, – demişdi. Onun bu sözlərini 2008-ci ilin dekabr ayında, yəni Qurban bayramı günlərində Türkiyədə olacağı şəklində izah etmişdilər.
Fukuyama: “Türkiyə həll yolunu tapdı”
2008-ci ilin yanvar ayında məşhur iqtisadiyyat jurnalı “Forbes”də çıxan yazıda Fəthullah Gülənin şəkli verilmiş və “Müasir dünyada bütün müsəlmanlara ilham verən vaiz” ifadəsi işlədilmişdi. Jurnalda: “Gülən müsəlmanlara əldə olan bütün imkanları dəyərləndirməyi nəsihət edir”, – deyilirdi.
Prokuror Yüksəl Türkiyənin aktual problemlərini müzakirəyə cəlb edən Abant toplantılarını belə cinayət kimi göstərmişdi. Ancaq “Milliyyət” qəzetinin müxbiri Taha Akyola görə, Abant İslam tarixində siyasi dünyəviliyi İslam etiqadı aspektində təsdiq edən ilk elmi toplantı kimi çox əhəmiyyətlidir.[28]
“Dünyada yaşayan 100 böyük intellektual” siyahısına salınan, “Tarixin sonu” kitabının müəllifi siyasət alimi Francis Fukuyama (Francis Fukuyama) Vaşinqtonda keçirilən Abant toplantısında belə demişdi: “Məncə Türkiyənin tapdığı həll yolu digərlərinə örnək model ola bilər. Cəmiyyətin dindar olması demokratiya və dünyəvilik prinsiplərinə zidd deyildir. Türk toplumunda gedən inkişaf uzlaşma istiqamətindədir”.
1990-cı illərdə Fəthullah Güləndən müsahibə alan italyan jurnalist Mişel Zanzucci (Michele Zanzucci) Gürcüstanda gördüyü türk liseyini təqdir edir: “Müsəlman müəllimlər tamamilə xristian bir ölkədə və şagirdlərin böyük əksəriyyəti xristian ailələrindən olmasına baxmayaraq, bu insanlara xidmət göstərir. Həm də heç bir milli yaxınlıq olmadan”.
Dünyanın hər tərəfində yüzlərlə türk məktəbinin açılmasından 16 il keçdi. Qalatasaray və Robert liseyi kimi məktəblər Türkiyənin Qərbə açılan pəncərələri olduğu kimi, bu gün türk məktəbləri də həmin ölkələr üçün Türkiyəyə açılan pəncərədir. İndiyə qədər 110 ölkədə on minlərlə şagird bu məktəbləri bitirmişdir.
ABŞ prezidenti Bil Klinton Türkiyə Böyük Millət Məclisində çıxışında Robert liseyini təqdir edirdi: “1863-cü ildə Amerika Birləşmiş Ştatları xaricində ilk Amerika liseyi (Robert liseyi) qapılarını Türkiyə gənclərinə açdı. Boğaziçi kənarında açılmasına icazə verilən yeganə əcnəbi lisey bu idi. Möhtərəm Ecevitin bu məktəbdən məzun olması ilə qürur duyuram”.
Uzun illər Türkiyənin siyasi və mədəni həyatında, iqtisadiyyatında aparıcı rol oynayan insanların əksəriyyəti Robert liseyi, Seynt Jozef, Seynt-Mişel, Notr-Dam de Sion (Notre-Dame de Sion), Alman liseyi, Avstriya liseyi kimi əcnəbilərin İstanbulda açdığı məktəblərin məzunudur. Tansu Çillər və Bülənt Ecevit kimi tanınmış siyasətçilər, Rəhmi Qoç, Cem Boyner, Nejat Əczaçıbaşı (N. Eczaçıbaşı), Mustafa Qoç (M. Koç) kimi iş adamları İstanbuldakı Robert liseyini bitirmişdir. Nazlı İlıcaq və Mehmet Altan kimi ziyalılar İstanbulda yerləşən fransız məktəblərində təhsil almışdır. İş adamı Bülənt Əczaçıbaşı (Bülent Eczaçıbaşı) İstanbulda Alman liseyi, professor Toxtamış Atəş[29] (Toktamış Ateş) başqa bir alman məktəbi – Avstriya liseyinin məzunu olmuşdur. Cem Qaraca Robert liseyini, Barış Manço isə Qalatasaray liseyini bitirmişdir. Qalatasaray liseyi “Qərbə açılan pəncərə” şüarı ilə məşhurdur. Bu ziyalılar iş adamları, siyasətçilər xristian olmadılar, amma həmişə Qərbyönümlü oldular.
Sibirdə çıxan “Vremya” qəzetinin müxbiri rus Yelena Vetrova 13 yanvar 2001-ci ildə yazırdı:
“Bizdə, yəni rus xalqı arasında türk sözünün nə üçün təhqiramiz və alçaldıcı mənada işləndiyini başa düşə bilmirəm. Məktəbdə inşanı pis yazanda “Ax səni yaramaz türk” deyib iki verərdilər. Evdə bir dəcəllik etsək, ana-atamız “Səni türklərə verəcəyəm” deyib bizi qorxudardı. Bizdə də o vaxtlar türklərə qarşı mənfi münasibət formalaşmışdı. Ta ki həmin türklər buralara gələnə qədər. O zaman biz onları daha yaxından tanımağa başladıq. Türklər Sibiri çox uzaq və əlçatmaz yer sanmışlar. Sibirə gəlmədən əvvəl burada maralların gəzib-dolaşdığını, xizəklərlə səfər edildiyini zənn edirmişlər”.
1997-ci ilin yanvar ayında Gülən, demək olar, bütün qonşuları ilə problemi olan Türkiyənin dost ölkələrlə əhatə olunmasının vacibliyindən danışırdı. Beləcə bu region sülh adasına çevriləcək və bu sülh kəpənək effekti[30] ilə bütün bölgəyə yayılacaqdı. Bir söhbətində isə Yunanıstanı, Suriya, İran və İraqda məktəblərin açılmasının mümkünlüyünü qeyd edirdi: “Suriyada məktəbimiz olsaydı, aramızda bu qədər problem olmazdı”.
Gülənin kitabı isveçrəli professorun əlində
11 sentyabr 2001-ci il hadisəsindən sonra ABŞ-da əcnəbi tələbələrə nəzarətin güclənməsi 2005-ci ildə etirazlara səbəb olur. Etiraz edənlərdən biri də “Dünyada yaşayan 100 böyük intellektual” siyahısına salınan və bir neçə kitabı Türk dilinə tərcümə edilmiş “Nyu York Tayms” qəzetinin köşə yazarı Tomas Freydman idi. Freydman belə deyirdi:
“Dünyanın hər tərəfindən ABŞ-a oxumağa gələn bu istedadlı tələbələr bizim övladlarımızla rəqabət aparır. Bu rəqabət hissi bizim tələbələrin daha çox çalışmasına və daha böyük uğurlar qazanmasına səbəb olur. ABŞ-a vurulan ən böyük zərbə bizim övladlarımızın tənbəl olmasına imkan verməyən bu əcnəbi tələbələrin ölkəmizə gəlişini məhdudlaşdırmaqdır”.
Bunun kimi dünyanın müxtəlif bölgələrində türk məktəblərini bitirən şagirdlərin Türkiyə universitetlərə axın etməsi də eyni nəticəni doğurur. Çünki bu şagirdlər türk liseylərinə imtahan verən minlərlə şagird arasından seçilmiş istedadlı uşaqlardır. Məsələn, 1994-cü ildə Qırğızıstan türk məktəblərinin 1500 nəfərlik yerinə 22 000 şagird müraciət etmişdi. 1996-cı ildə Qazaxıstan türk məktəblərində təhsil almaq üçün 20 000, 1997-ci ildə 15 000 şagird müraciət etmişdi. Halbuki 1996-cı ildə yalnız 1200, 1997-ci ildə isə 1000 nəfərlik yer ayrılmışdı.
1997-ci ildə Boğaziçi Universitetinin Elektrik-elektronika fakültəsində birinci yeri tutan tələbə Tacikistan Türk liseyinin məzunu idi. Kambocalı şagirdlər Boğaziçi Universitetində tələbə adını qazanmışdı. ODTU-ya qəbul olan albaniyalı şagirdlər, İstanbul, Ankara və İzmir Universitetlərinə oxumağa gələn monqolustanlı şagirdlər var idi.
Qazaxıstan və Monqolustan türk liseylərini ziyarət edən Cenevrə Universitetinin əməkdaşı professor Pyer Montandon Monqolustanda ticarət mərkəzini gəzərkən türk məktəbində oxuyan üç monqol şagirdlə qarşılaşmışdı. İngilis dilini mükəmməl bilən bu uşaqlar tibb və mühəndislik ixtisaslarını seçib ali təhsili Amerikada deyil, Türkiyədə almaq istədiklərini söyləmişdilər.
70 yaşlı Montandon Monqolustan Türk liseyləri haqqında belə deyirdi: “Mən orada, səhranın ortasında bir İsveçrə gördüm. Bu professionallıq Türkiyənin tarixi və mədəni mirasından qaynaqlanır... Bu türk liseyləri türkiyəli işçilərin Avropaya axın etdiyi 1960-cı illərdə açılmış olsa idi, bu gün Avropa Türkiyəyə möhtac olacaqdı”.
Atatürk Cümhuriyyətin ilk illərində Montandonun babasını təhsil müşaviri kimi Türkiyəyə dəvət etmişdi. Lakin babası həyat yoldaşının etirazına görə o illərdə Türkiyəyə gələ bilməmişdi. Türkiyəyə gəlib bu dəyişikliklərə şahid olmaq nəvə Montandona qismət olmuşdu.
İsveçrəli professor İstanbulda Gülənlə görüşərkən: “Monqolustanda türkiyəli gənc müəllimləri gördüm. Onlara bu fədakarlıq ruhunu necə aşılamısınız, heyrət edirəm” deyir. Gülənin “İtirilmiş cənnətə doğru” (Yitirilmiş cennete doğru) kitabını oxuyan Montandon kitab haqda qənaətini dilə gətirir: “Bu kitab mənim təhsilimlə üst-ütə düşən bir əxlaq dərsidir. Bu dinamik və yeniləşdirici İslam müasir Avropada şübhəsiz önəmlidir.”[31]
[2] Professor Simon Robinson 25-27 oktyabr tarixlərində Londonda keçirilən Fəthullah Gülən konfransının təşkilatçılarından idi. Bu konfransda çıxışında Gülən haqqında “İslam dünyasının Albert Eynşteyni” ifadəsini işlətmişdi.
[3] Bu görüşün iştirakçısı olan Gülənin tələbəsi Ahmet Kurucanla 2007-ci ilin noyabrında ABŞ-da keçirilən görüşdən qeydlər. Allah Rəsulu oturubmuş. Bu əsnada qarşıdan bir cənazə aparılır. Allah Rəsulu cənazəni görən kimi ayağa qalxır. Ətrafında olanlar: “O, yəhudidir”, – deyirlər. Allah Rəsulu isə: “O da bir insandır”, – cavabını verir.
[4] İkinci xüsusiyyəti isə Qərb klassiklərini türk dilinə tərcümə etdirməsidir. Gülən bunu Türk xalqına böyük bir xidmət kimi qiymətləndirir və bu kitabların dilini bəyənir.
[5] Bu mələklərin vəzifəsi ölən insanı qəbirdə sorğu-suala çəkməkdir.
[6] Xidmət sözü burada və bir neçə yerdə “ileyi-kəlimatullah” naminə görülən bütün işlər” mənasında işlənmişdir
[7] Gülənin vəzləri istisna, 1980-ci illərin sonlarından bu günədək etdiyi söhbətləri 5794 səhifədən ibarət 20 kitab halında nəşr olunmuşdur. Gülənin son səkkiz ildə ABŞ-da etdiyi söhbətlər səkkiz cildlik “Sınıq səhəng” (Kırık testi) adlı kitabında toplanmışdır. 1999-cu ildən əvvələ aid söhbətləri isə, “Fəsildən fəsilə” (Fasıldan Fasla) adı ilə beş cilddə və “Prizma” adı ilə yeddi cilddə işıq üzü görmüşdür. “2008-ci il: Fəthullah Gülənin dünyası” adlı fəsildə bu söhbətlərdən və 1979-cu ildən “Sızıntı” jurnalına yazdığı baş məqalələrdən istifadə edilmişdir. Gülən düşüncə və fəlsəfə jurnalı “Yeni ümid”in və ədəbiyyat dərgisi “Yağmur”un da baş məqalələrini yazırdı.
[8] Əriməzin vəfatından sonra 1997-ci il martın 29-da Gülənin Samanyolu TV-yə verdiyi açıqlamalar.
[9] Balkan yarımadasının cənubu.
[10] Məsələn, 1998-ci ildə Qazaxıstan türk liseylərinin illik kəsiri 2 milyon dollara çatırdı. Bu kəsri Qazaxıstanda işləyən türk iş adamlarının yardımı ilə aradan qaldırırdılar.
[11] ABŞ-da 13 may və 7 iyun 2002-ci il tarixli söhbətlərindən. Buna bənzər bir dəyərləndirmə də sabiq Xarici İşlər Naziri Mümtaz Soysala aiddir. Soysal 28 noyabr 1994-cü ildə Xarici İşlər Nazirliyindən istefa verdikdən sonra “Hürriyyət” qəzetində çıxan “Balinanın böcəkləri” məqaləsində yazırdı: “Türkiyə əslində çox sürətlə üzə bilən balina olsa da, gövdəsinə yapışmış böcəklər ucbatından hərəkət edə bilmir. Balinanın böcəkləri parazitlərdir. Bunları təmizləmək lazımdır. Balina yalnız o zaman sürətini artıra bilər”.
[12] Türk şəhid məzarlığı olan ölkələr: Almaniya, Albaniya, Avstriya, Azərbaycan, Bosniya-Herseqovina, Bolqarıstan, Əlcəzair, Çexiya, Fələstin, Cənubi Koreya, Hindistan, İraq, İngiltərə, İordaniya, İran, İsrail, İtaliya, Şimali Kipr Türk Cümhuriyyəti, Latviya, Liviya, Livan, Macarıstan, Malta, Misir, Myanma (Birma), Polşa, Rumıniya, Rusiya, Serbiya, Suriya, Səudiyyə Ərəbistanı, Ukrayna və Yunanıstan. Cənub-Şərqi Asiyada Çinlə Hindistan arasında Benqal körfəzinin yaxınlığında yerləşən Birmada 1500 türk əsgəri yatır. Birinci Dünya Müharibəsində İraq, Suriya, Fələstin və Ərəbistan cəbhələrində ingilislərə əsir düşən 12 000 türk əsgəri 1915-ci ildə Birmaya (Birma o dövrdə Birləşmiş Krallığın müstəmləkəsi idi) gətirilmiş, onların 1500 nəfəri isə əsarət, yoluxucu xəstəliklər və ağır iş şəraitində vəfat etmişdir.
[13] Pakistanda 2005-ci ilin oktyabr ayında baş verən zəlzələdən sonra Gülənin müraciəti ilə Türkiyədə yardım kampaniyalarına start verilir və toplanan milyonlarla dollar yardım birbaşa prezident Pərviz Müşərrəfə təhvil verilir. Türk xalqı 2004-cü ilin dekabr ayında İndoneziyada meydana gələn və yüz minlərlə insanın ölümünə səbəb olan zəlzələ zamanı da eyni addımları atır. 2008-ci ilin may ayında Birmada baş verən qasırğa və Çində meydana gələn zəlzələ zamanı da yardım kampaniyaları keçirilmişdi.
[14] Əfqanıstan türk məktəblərinin açılmasına rəhbərlik edən Xalid Əsəndirlə 2007-ci ilin iyun və iyul aylarında İstanbulda keçirilən görüşdən qeydlər. Sabiq Xarici İşlər Naziri Hikmət Çətini bu vəzifəyə 2004-cü ilin yanvar ayında NATO tərəfindən təyin edilmişdi. Fəthullah Gülən 1995-ci ilin avqust ayında “Cümhuriyyət” qəzetinin müxbiri Oral Çalışlara verdiyi müsahibədə Gürcüstan türk məktəblərinin açılmasında dövrün Xarici İşlər Naziri Hikmət Çətinin böyük əməyi olduğunu bildirmişdi. 2008-ci ildə Gürcüstanda beş türk liseyi, bir universitet və beş ibtidai məktəb fəaliyyət göstərirdi. 1995-ci ildə Tiflisdə açılan Beynəlxalq Qara Dəniz Universitetində on ölkədən 1000 tələbə təhsil alırdı. Lisey və ibtidai məktəblərdə oxuyan şagirdlərin sayı isə 1800 civarında idi. Universitetdə müsəlman, xristian, yəhudi, azəri, yunan, türk, kürd, serbiya və bosnalı şagirdlər bir yerdə oxuyurdu.
[15]1979-cu ildə Sovet ordusunu Əfqanıstana dəvət edən Babrak Kamral 1952-54-cü illərdə Ankara Universitetinin tibb fakültəsində təqaüdlə təhsil alırdı. Təqaüdü kəsiləndə rus konsulluğuna müraciət edir. Ruslar tərəfindən Moskvaya aparılan Karmal təhsilini burada Beynəlxalq münasibətlər sahəsi üzrə tamamlayır. 2008-ci ildə Əfqanıstanın Xarici İşlər Naziri olan Rengin Dadfar Spanta isə (1976-81-ci illərdə) Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirmişdir.
[16] Oşima adasında “Ərtoğrul” şəhidlər xiyabanı var. Kuşimoto şəhərində isə türk şəhidləri üçün bir abidə ucaldılıb.
[17] Yaponiya Parlamentdə o gün yaşanan bu hadisənin videosunu Baş Nazir Tayyib Ərdoğan 2004-cü ilin aprel ayında baş tutan Yaponiya səfərində izləmişdi.
[18] Həzrəti Adəmin övladlarından Habil çoban, Qabil əkinçi idi. Habil gözəgəlimli bir qoçu Allaha qurban verir. Qabilin isə qoyun kəsməyə əli gəlmir Məhsulun yaxşı hissəsindən qurban etməyə də qıymayıb bir dəstə çürük buğda başağını qurban kimi təqdim edir. Qabilinin qurbanı deyil, Habilin qurbanı qəbul olunur. Bundan sonra Qabil qardaşı Habili öldürməklə hədələyir.
[19] Vəkil Feti Ünlə 2007-ci ilin oktyabrında İzmirdə keçirilən görüşdən qeydlər.
[20] “Fransız “Le Monde” qəzetinin müxbiri Nikol Popla 28 aprel 1998-ci il tarixli görüşündən.
[21] Öküz çayı Orta Asiyadan Xəzər dənizinə tökülən bir çayın adıdır.
[22]Müzəyyən İşıqgözün həmin qızı 2000-ci ildə, özü isə 2007-ci ildə dünyasını dəyişmişdir.
[23] Bütün bədəni örtən çarşab, qadın geyimi.
[24] Gülənin 2003-cü il 14 iyul və 23 iyul tarixli söhbətlərindən.
[25] Baş polis idarəsinin rəisi Necati Bilicanın böyük qardaşı Cəvdət Bilican müfti işləyirdi, bir avtomobil qəzasında dünyasını dəyişmişdi.
[26] Qalatasaray liseyinin məzunu Turqay Şeren Gülənlə görüşdə: “Adımı Atatürk qoyub. Körpə olarkən məni qucağına alıb, “adı Turkay olsun” deyib. Amma “Turkay”ı tələffüz edə bilmədikləri üçün Turqay kimi qalıb” demişdi. Gülən müsahibəmizdə Budapeştdə oynanılan bir milli futbol oyununu xatırladığını söylədi. 29 aprel 1962-ci ildə Budapeştdə keçirilən Türkiyə-Macarıstan milli futbol komandalarının oyununda Türkiyənin qapısını Qalatasarayın kapitanı Turqay Şeren qorumuşdu. Həmin oyun 2-1 Macarıstanın qələbəsi ilə sona çatmışdı.
[27] 1.300 000 tələbə statikası 1999-cu ilə aiddir.
[28] Taha Akyolun 25 iyun 1999-cu ildə “Milliyyət” qəzetində çıxan yazısı.
[29] Avstriya liseyinin məzunu olan professor Toxtamış Atəş deyir: “Mən alman dilində təhsil verən bir alman məktəbində, Avstriya məktəbində oxudum. Almanların millətçiliyini, nasizmini, hökmranlıq marağını xoşlamasam da, içimdə bir yerdə alman ruhunun yaşadığını hiss edirəm. Və çox qəribə yerlərdə birdən-birə Almaniyaya və ya almanca danışan dünyaya duyduğum sevgi ortaya çıxır. Bir Alman komandası ilə Fransa komandasının oyununda heç fərqinə varmadan Alman komandasına azarkeşlik edirəm”. Qalatasaray liseyinin məzunu professor Niyazi Ötkəm: “Bizə frankofon, fransızca danışan, fransız mədəniyyətinə vaqif və frankofil, Fransa heyranı deyirlər”. Qalatasaray liseyinin digər məzunu Türkiyə Milli Olimpiya Komitəsinin sabiq sədri Sinan Ərdəm isə: “Mən Qalatasarayda oxumuşam, fransız və ingilis dillərini öyrənmişəm. Bu iki dili bilməsəm, nə qədər savadlı olsam da, uğur qazana bilməzdim”, – deyir.
[30] Nəzəriyyədir, banisi Eduard Lorensdir. Bu nəzəriyyəyə görə bir sistemin başlanğıcında kiçik dəyişikliklər böyük və ağlagəlməz nəticələr doğura bilər. Məşhur misal: “Amazon meşələrində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına qopmasına səbəb ola bilər”.
[31] Professor Şərif Əli Təkalanla görüşdən qeydlər. Professor Təkalan professor Montandonla 1980-ci illərin əvvəlində İsveçrədə başlayıb indiyə qədər davam edən dostluq münasibətini “İsveçrədən Monqolustana” kitabında anladır.
- tarixində yaradılmışdır.