Fəthullah Gülən Xocaəfəndinin IX Beynəlxalq Bədiüzzaman Simpoziumuna göndərdiyi ismarıc
Fəthullah Gülən Xocaəfəndi "Elm və Kültür Vəqfi"nin 3 oktyabr 2010-cu il tarixində təşkil etdiyi IX Beynəlxalq Bədiüzzaman Simpoziumuna ismarıc göndərdi.
İstanbul "Elm və Kültür Vəqfi"nin güzidə nümayəndələri, təşkilatçı heyətinin dəyərli üzvləri, bu simpoziuma məruzələri ilə qatılan hörmətli elm adamları və əziz qonaqlar!
"Elm, İman, Əxlaq və İnsanlığın Gələcəyi: Risaleyi-Nur Perspektivi" adlı IX Beynəlxalq Bədiüzzaman Simpoziumunda aranızda olmadığıma görə üzgünəm. "İnsana Layiq Bir Gələcəyin İnşasında Elm, İman və Əxlaqın Yeri və Rolu" mövzusunu işləyən bu olduqca əhəmiyyətli və bir o qədər də qiymətli fəaliyyətlə müasir insanın üzləşdiyi məsələlərin və o məsələlərlə bağlı Həzrəti Bədiüzzamanın verdiyi təkliflərin akademik səviyyədə müzakirəsinə vəsilə olan təşkilat heyətinə, məruzəçi alimlərə və bütün iştirakçılara təbrik və təşəkkürlərimi bildirirəm.
Bildiyiniz kimi, bütün varlıq aləmini, əşya və hadisələri ələk-vələk edərək hər bir nəsnənin əsasına, mahiyyətinə müttəli olma hissi, həyəcanı, cəhdi, səyi və ehtirası olan "həqiqət eşqi", Həqiqətlər Həqiqətinə çatmaq üçün ən etibarlı yoldur. Bu həqiqət eşqinin bir tərəfini "elm", digər tərəfini də "iman və əxlaq"ın məcmusu olan din təşkil edir. Bir tərəfdən iman və əxlaq ənginliyinin, digər tərəfdən də təkvini qanunları düzgün mütaliə edərək məsələləri dövrün elmi üfüqünə görə şərh etmə fəzilətinin aşiqi olan bir həqiqət əri vicdanın bütün mexanizmləri ilə görən, düşünən, hərəkət edən, oturuşu-duruşu mərhəmət, sözü-söhbəti mülayimət və nəzakət timsalı olan bir qəlb insanıdır. Belə bir Rəbbani insanın qayəsi hər bir ruhu əbədiyyətə qovuşdurmaq və hər kəsə sonsuzluq iksiri içirməkdir. O, çox vaxt öz cismani məhrumiyyətlərinə baxmayaraq, insanların xoşbəxtliyini düşünən, cəmiyyət üçün naxış-naxış hüzur və səadət ilmələri hörən, ümumi olaraq bəşəriyyətin, xüsusi olaraq öz millətinin iztirabı və səfaləti qarşısında ürəyi paralanan nəbi könüllü bir diyərqəmdir.
Zahirən sadə ömür sürən Həzrəti Bədiüzzaman bu həqiqət eşqinin abidə şəxsiyyətlərindən biridir. O, istər düşüncə aləmində, istər əməli həyatında əngin bir xarakteri təmsil etmişdir. Ən həyati məsələlərdə bütün insanlığa qucaq açması, küfr, zülm və zəlalətdən diksinməsi, istibdadla mübarizəsi, hətta bu uğurda həyatını fəda edərcəsinə vəfası, mərdliyi və ölümü gülərək qarşılaması kimi xüsusiyyətləri ilə örnək olmuşdur. O əngin hissiyyat insanı olmaqla yanaşı, missiyası ilə bağlı məsələlərdə daim kitab-sünnə mehvərli, elm, mühakimə və məntiq tələvvünlü ömür sürmüşdür. Əngin bir vicdan əri, dərin eşq və həyəcan timsalı, olduqca mərd bir insan olmaqla yanaşı, fövqəladə mötədil, müasirlərindən daha uzaqgörən, böyük plan və layihələrə sahib mütəfəkkir bir rəhnüma portretini ortaya qoymuşdur. O, gənclik illərində ərsəyə gətirdiyi bir dühanın ilk nəfəsi olan əsərlərindən məhkəmə, zindan və sürgünlərdə keçən əzab-əziyyətli ömür yolunda inkişaf edib formalaşan yetkinlik dövrü kitablarına qədər daim uca məqamını qorumuş və hər sözü dahiyanə olmuşdur. Ustad Bədiüzzaman həzrətlərini və onun əsərlərini tədqiq edənlər orada dühanın bütün xüsusiyyətlərini müşahidə edəcək, elm, iman, və ən geniş mənada əxlaqla gələcəyə yürüyən nəsillər üçün əvəzsiz prinsiplər təqdim etdiyini görəcəklər.
Bu duyğularla mərzi-ilahiyyə istiqamətli bir həyat anlayışının dərk edilməsinə və insanlığı dünyəvi-uxrəvi səadətə aparan daha firavan bir dünyanın qurulmasına böyük töhfə verəcəyinə inandığım Beynəlxalq Bədiüzzaman Simpoziumlarının bu halqasının də uğurlu keçməsini diləyir, bu tədbiri təşkil edən İstanbul Elm və Mədəniyyət Vəqfinə təbrik və təşəkkürlərimi ərz edir, məruzələrlə çıxış edən çox dəyərli elm adamlarına və bütün qonaqlara dərin ehtiramımı bildirirəm.
- tarixində yaradılmışdır.