Cihad və ya təbliğ

Bu gün istər tarixin gedişatında məruz qaldığı məna itkisi və dəyişikliklər, istər müsəlmanların onları yanlış anlayıb yanlış təmsil etməsi, istərsə də İslama qarşı və düşmən olanların, bununla yanaşı və xüsusən də, son əsrlərdə oriyentalistlərin onları fərqli görüb fərqli göstərmələri səbəbindən bir çox əsas İslami anlayışlar səhv başa düşülür. Bu cür yanlışlığın qurbanı olan ən önəmli anlayışlardan biri də cihaddır.

Rahatlıqla deyə bilərik ki, Fəthullah Gülənin aksiyonunun adı da cihaddır. İslamda və İslam terminologiyasında cihadın hansı məna daşımasına keçməzdən əvvəl, “Fəthullah Gülənin nə səbəbə cihad və təbliğ kəlmələrini ön plana çəkir” mövzusu üzərində qısaca dayanmaq faydalı olar.

Əvvəlcə bu xüsusu nəzərə çatdırmaq lazımdır: Fəthullah Gülən dini şəxsiyyəti ön planda olan bir aksiyon insanıdır. O, ölkəsinə və insanlığa xidməti, birinci olaraq dini dəyərlərin yerli-yerinə oturmasında və insanların həyatın da özlərinə xas həqiqi funksiyanı yerinə yetirməsində görür. Dolayısilə, onun dini terminlərlə danışması olduqca normaldır.

İkincisi; hər elmin, hər peşənin özünəməxsus terminləri vardır. Bu terminlər, məfhumlar məlum olmadan, və ya başqa sözlərlə əvəz edilərsə, o elm tam başa düşülə bilməz, əksinə səhv anlaşılar. Bununla yanaşı, birdən çox elm və peşə (ixtisas) sahəsində istifadə edilən anlayışlar da vardır ki, bunların hər bir elm və peşə sahəsində işləndiyi məna və məzmun bilinməsə, o elm və peşə sahəsi yanlış anlaşılmaqdan qurtula bilməz. Bu baxımdan, əgər İslamın olduğu kimi düzgün başa düşülməsini istəyiriksə, onda o öz terminləri ilə təqdim olunmalı və bu terminlərdən daşıdığı məna və məzmunu ilə yerli-yerində istifadə edilməlidir. Beləliklə, Fəthullah Gülənin bir aksiyon olaraq cihad və təbliği ön plana çəkməsi nəinki normaldır, hətta bir zərurətdir.

Bu qısa açıqlamadan sonra cihadın hansı mənaya gəldiyini və Fəthullah Gülənin onu necə dəyərləndirdiyini sərf-nəzər edə bilərik:

“Cihad” ərəbcə “cəhd”“cuhd” kökündən törəyib, taqət səviyyəsində bir cəhdi ifadə edir (İsfahani, 101). Dolayısilə, Fəthullah Gülənin tərifi ilə desək, cihad hər cür məşəqqət və çətinliyə sinə gərərək çalışmaq, çabalamaq və səy göstərmək kimi mənaları verir. Cihad, yenə Gülənə görə və termin mənası ilə insanın insan olaraq kamilləşməsi və başqalarını da kamilləşdirməsi işidir. (İla-yi Kelimetullah veya Cihad, 13; Asrın Getirdiyi Tereddütler, 3/ 186)

Gülən cihadla bağlı fikirlərinə belə davam edir: “Peyğəmbərlik Allah tərəfindən bəzi müstəsna insanlara verilən bir vəzifədir. Onların vəzifəsi Allahı insanlara tanıtmaq və gətirdikləri dini təbliğ etməkdir. Bu vəzifə peyğəmbərlik missiyasının gərəyidir. Peyğəmbərlikdə hədəf, məqsəd budur: Allahın tanıdılması və bəşəriyyətin Onu tanımaqla sonsuzluğu qazanması, dünyaya gələrkən eniş qövsünə girən insanın yenidən yüksəlişə varmaqla Allaha çatmasıdır... Beləliklə, insan belə bir əbədiyyətə namizəd olaraq gəlmişdir; insanda bu duyğu, düşüncə və mahiyyətindəki bu əsl həqiqəti gerçəkləşdirənlər də ancaq peyğəmbərlik mənasını daşıyan və peyğəmbər (nübüvvət) vəzifəsini yerinə yetirən peyğəmbərlərdir. Odur ki, peyğəmbərlik məsləyi Allah yanında ən seçilmiş, ən müqəddəs bir məsləkdir. Bax, belə müqəddəs bir məsləyin ən müqəddəs vəzifəsi də cihaddır”. (İla-yi Kelimetullah veya Cihad, 39-40; Asrın Getirdiyi Tereddütler, 3/188-89)

Cihadı peyğəmbərlik vəzifəsinin adı kimi dəyərləndirən və bunun hədəfini də “Allahın tanıdılması və insanlığın Onu tanımaqla sonsuzluğa qovuşması” şəklində ifadə edən Gülən bir hədisi-şərifə istinad edərək cihadı böyük cihad və kiçik cihad olaraq iki kateqoriyaya ayırır ki, bu da cihadın məna və mahiyyətini anlamaqda son dərəcə əhəmiyyətlidir.

Allah Rəsulunun (s.ə.s.) ifadəsi ilə, böyük cihad nəfslə aparılan cihaddır, insanlığın arınması, saflaşması, Allah qatında arzu edilən keyfiyyəti əldə etməsi, yəni ayələrlə beynin yanlış düşüncələrdən və batil inanclardan, ibadət, tövbə, riyazat (az yemə, az içmə, az yatma...) kimi əməllərlə də qəlbin günahlardan təmizlənməsi, arınmış qəlb və beyinlə Quranın və Hikmətin öyrənilməsi və daha vacib başqa biliklərin qazanılması əməliyyatıdır. (İla-yi Kelimetullah veya Cihad, 19-35; Asrın Getirdiyi Tereddütler, 3/194, 198-200)

İnsanın yalnız özü ilə məşğul olması eqoizmdir; əslində, o, başqalarını da eyni hədəfə (yəni özünə, qüsurlarına, yaradılışın ilk qayəsinə) istiqamətləndirməli və bu mövzuda həm malı ilə, həm canı ilə əlindən gələni etməlidir. Bu ikinci iş isə kiçik cihaddır. Yəni kiçik cihad böyük cihad yolunu başqalarına da göstərmək və tanıtmaq, onların bu yolda irəliləyə bilməsi üçün əlindən gələni əsirgəməməkdir. Bu mənada niyyətində səmimi və Allah üçün tələbəsinə insanlıq yolunu öyrədən və göstərən bir müəllim və bu məqsədlə məktəb tikdirən insan da cihad edən insandır. Bu hər iki cihad şəklini yerinə yetirə bilən insan həqiqi və kamil insandır. Bunlardan böyük cihadı yerinə yetirməyib dini həmişə başqalarına anladılan qaydalar məcmuəsi kimi görənlər çox şeydən məhrum olmuşlar. Çünki onlar nə hərəkətlərində səmimi olar, nə də bir müvəffəqiyyət qazana bilər. Bunun əksinə, sadəcə özü ilə məşğul olub “özü üçün istədiyini başqaları üçün də istəməyən”, dolayısilə, onların yaxşılığı üçün də çalışmayan bir eqoistdir; vaxt keçdikcə böyük cihadında da müvəffəqiyyət qazana bilməz və yosun tutan durğun sular kimi kif tutar, qatılaşar.

Kiçik cihadın önəmli bir şəkli də lazım gələndə cəbhələrdə xarici düşmənlərə qarşı aparılır ki, bu da bir insanlıq gerçəyidir. İslamiyyət müharibəni rədd etməmişdir, lakin onu məhdudlaşdırmış, qaydalarla təsbit etmiş və müqəddəs bir hədəfə yönəltmişdir. Bu hədəf isə insanlarla Allah arasında, yəni insanla azad vicdanı və qəlbi, iradi istəyi arasındakı maneələri aradan qaldırmaq, inanc hürriyyətini inşa etmək, Allaha aparan yolları açıq saxlamaqdır. Bundan başqa, həm də bunun fərqli yönləri olaraq özbaşınalığa yol verməmək, ədaləti təmin etmək və vətəni qorumaq; mal, can, ailə sahibi olmaq və əqli sağlamlıq kimi əsas insan haqları və azadlıqlarını təminat altına almaq da eyni hədəfə aiddir. Əks təqdirdə, müharibə bir qiyam olar, özbaşınalıq olar; İslam isə yer üzündə özbaşınalığın olmamasını istəyir.

Təbliğ

Fəthullah Gülənin aksiyonuna verdiyi adlardan biri də təbliğdir. Cihad kimi bu məfhum da tamamilə Qurani bir istilah olub İslam terminologiyasında önəmli bir yerə malikdir.

“Təbliğ” kəlmə olaraq “istər yer, istər zaman, istərsə də keyfiyyət baxımından məqsədə çatmaq, nail olmaq” mənalarına gələn ərəbcə “Bə-Lə-Ğa” felindən törəmiş bir məsdərdir (İsfahani, 60). Termin kimi isə, Allahın vəhyini insanlara ən mükəmməl və onların ən gözəl şəkildə dərk edəcəyi ölçüdə çatdırmaq deməkdir.

Fəthullah Gülən təbliğ üzərində həssaslıqla dayanır. Onun fikrincə, təbliğ bir tərəfdən cihadın bir yönü ilə eyni mənalı olmaqla hər peyğəmbərin varlıq qayəsidir. Peyğəmbərlər “Biz nəyik? Haradan gəlib haraya gedirik? Bu səyahətimizdə rəhbərimiz kimdir?” kimi bütün filosofları və mütəfəkkirləri düşündürən suallara cavab vermiş, bizə həyatın məqsədini, ölümün həqiqətini öyrətmiş və bunlardan qaynaqlanan bütün qorxu və əndişlələrimizi aradan götürmüşdür. Məhz, onların bu həqiqətlərlə bağlı bəyanları insanlara çatdırması onların yaradılış qayəsidir və bu həyata keçirdikləri işə təbliğ deyirik”. (Sonsuz Nur, 1/ 200-201)

Təbliğin əhəmiyyətli bir tərəfini və yönünü “Əmri -bil maruf, nəhyi-anil münkər” (yəni cəmiyyətdə yaxşılıqları yayma, insanları yaxşı əməllərə təşviq etmə və onları pis, şər işlərdən çəkindirmə) vəzifəsi təşkil edir. Fərdlərin və cəmiyyətlərin həyatını davam etdirməsi üçün olduqca əhəmiyyətli olan bu vəzifə yerinə yetirilməzsə, cəmiyyətdə mənfi hallar, şər əməllər yayılar, çoxalar, yaxşılıqlar və gözəlliklər isə məhvə məhkum olar. Şübhəsiz, bu missiyanı yerinə yetirmənin özünəməxsus üsulu olub, tarixdə bu vəzifənin icrası üçün xeyli qurumlar təşkil edilmişdir. Bu vəzifənin yerinə yetirilməsinin çox əhəmiyyətli bir yolu və ya yönü nəsihətdir ki, bir hədisdə Peyğəmbərimiz: “Din nəsihətdir, din nəsihətdir, din nəsihətdir” –buyurmuşdur. Yəni din fərdlərin və cəmiyyətin həyatında nəsihətlə varlığını qoruya biləcəyi kimi, fərdlər və cəmiyyət də daim nəsihətə, xatırlatmaya möhtac olmaqla ancaq bu şəkildə pas atmaqdan xilas olub canlı qala bilər. Hədisin davamında nəsihətlə başqa bir məqsəd və hər hansı bir mənfəət güdülməməsi, onun sadəcə Allah və Rəsulu üçün edilməsi və bununla da Allah və Rəsulunun insanlara anladılıb sevdirilməsi, bundan başqa, idarəçilər də daxil olmaqla, hamıya nəsihətin edilə biləcəyi və edilməsinin vacibliyi vurğulanır. (Buhari, “İman”; Müslim, “İman”, HN:82)

Hicrət

Qurani-Kərim bir neçə ayəsində iman-hicrət-cihad şəklində üçlü (üçtərəfli) aksiyondan bəhs edir və həyatını buna həsr edənləri təriflə anır (Bəqərə, 2/ 218; Ənfal, 8 /72, 74, 75; Tövbə, 9/ 20). Bunlar Allahın rəhmətini uma biləcək insanlar olduğu kimi, Allah qatında dərəcələri yüksək möminlərdir.

İman, hicrət və cihad bir mənada yüksək məfkurəyə sahib olan hər insanın ən təbii həyatıdır. Bir bütün olaraq insanlığın həyatına və tarixə də məhz bu üçtərəfli aksiyon istiqamət vermişdir. Fəthullah Gülən iman kimi, cihad kimi hicrəti də bu ən geniş, daha doğrusu, məfhumun bütün mənası daxilində nəzərdən keçirir. Ona görə, insan davamlı muhacirdır, yəni daim köçdədir. Bu köç hər fərdin həyatında ruhlar aləmindən ana bətninə, oradan uşaqlığa, uşaqlıqdan yeniyetməlik və yetkinliyə, oradan da qocalıq və ölümə, oradan isə axirətdəki son məkanına qədər uzanır.

Necə ki, günəş aydınlatmaq və qızdırmaq üçün var və günəşə “Niyə aydınladır, niyə işıq saçır?” deyilməz, deyilməməkdən əlavə, ondan aydınlatma və işıq saçma gözlənilirsə, eynilə bunun kimi, varlıqlar arasında xüsusi bir yeri olan insanın yüksək bir ideal arxasınca yürüməsi, bu məqsədlə ağlın araşdırması, qəlbin inanması və inanan insanın da qəlbləri günəş kimi aydınladan imanı, onun işığında ağılı nurlandıran elmi başqaları ilə paylaşması da o qədər təbiidir. Belə ki, bu, iradəsindən doğru yolda istifadə edən, fitrətini fitrətə zidd davranışlarla örtməyən, yanlış qərəzlərə qurban getməyən və insani keyfiyyətlərini qorumağı bacaran insanlar üçün belədir.

Fəthullah Gülənə görə, hər kəs üçün gərəkli olan hicrət elə bu yerdən başlayır. “İnsan üçün içində olduğu durumdan əsl olmalı vəziyyətə, hərəkətsizlik və plansızlıqdan aksiyon və sistemə, donuqluq və kirdən-pasdan özünü yeniləməyə, min bir günahın boğucu atmosferindən ruh və qəlbin həyat dərəcəsinə yüksəlmə kimi.. xüsusların hamısında bir hicrət mənası vardır və bu mənalarda o, daim hicrətdədir” (Sızıntı, oktyabr 1985). Dolayısilə, insanın həyatı elə bil başdan sona qədər hicrət aksiyonundan ibarətdir və bu hicrətin olmaması insanın hərəkətsizləşməsi və paslanması, əsl potensialından uzaqlaşıb varlıqlar arasındakı xüsusi (şərəfli!) yerinin və mövqeyinin tələbini yerinə yetirməməsi deməkdir.

Halbuki, insanın həqiqi insanlığı onun şərəfinə və özünə yaraşan həyatı yaşamasındadır və bu da ancaq hicrətlə mümkündür. Bu hicrəti daim yaşayanlar hərəkətli bir cismin ətrafına təsir etməsi kimi, dayananları da hərəkətə gətirər. Buna görə də, onların həyatında bu cizgilər sanki ortaq bir nöqtədir: əvvəlcə iman və sevgi, sonra cəmiyyəti bürüyən yanlışlıq və azğınlıqlara qarşı durmaq, sonra da lazım olarsa, insanların xoşbəxtlik və səadəti uğrunda yurd-yuvanı, hər şeyi fəda edib başqa aşina könüllər axtarmaq niyyəti ilə yollara düşmək...

“Sosioloqların təsbitinə görə, dünyadakı mədəniyyətlərin əksəriyyəti köç etmiş fərdlər və camaatlar tərəfindən qurulmuşdur. Toynbi köçərilərin qurduğu iyirmi yeddi mədəniyyətdən bəhs edir ki, bu da, demək olar ki, dünyada köçəri hakimiyyətinin əsrlər boyu sürməsi deməkdir,” (e.y.) – deyən Fəthullah Gülənə görə ölümdən dirilişə, qatılaşmadan hərəkətə gedən hər yolda iki əsas və ya aksiyon çox əhəmiyyətlidir. Bunlardan biri böyük və kiçik forması ilə cihad, digəri də hicrətdir. Böyük cihadla kiçik cihad arasında nə cür bir münasibət, əlaqə, fərdi planda ruhda, qəlbdə, zehində, davranışlarda reallaşan, həyata keçməsi və ömür boyu davam etməsi lazım olan hicrətlə maddi planda bir yedən başqa bir yerə köç şəklində baş verən hicrət arasında da eyni münasibət vardır. Daxili hicrəti ilə özünü inşa edən insan xarici hicrəti ilə ilk olduğu mühitin dəyərləndirmələrindən də qurtulacaq, “hicrətlə reallaşan yeni mühitdə tərtəmiz halı, saf düşüncələri, ağlasığmaz fədakarlıqları ilə davamlı təqdir edilən bir insan olacağı” kimi, artıq bu yeni mühitdə keçirəcəyi “həyatının hər anında köçə səbəb olan yüksək qayənin təzyiqini vicdanında hiss edəcək və həyatını bu yüksək duyğuya görə tənzimləmək məcburiyyətini hiss edəcəkdir.” (Sızıntı, iyun 1995)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.