Din və İslamın ruhu

Fəthullah Gülənə görə, bəşər övladı yaradılışından bu günə qədər həqiqi səadəti din sayəsində əldə etmiş və ancaq dinin sayəsində xoşbəxt olmuşdur. Dinin olmadığı bir yerdə əxlaq və fəzilətdən danışmaq mümkün olmadığı kimi, xoşbəxtlikdən də danışmaq olduqca çətindir. Ona görə ki, əxlaq və fəzilətin qaynağı vicdandır. Vicdana hökm edəcək yeganə ünsür də Allahla irtibatdan ibarət olan dindir.

Din gözəl xüsusiyyətlərin verilməsi məqsədi ilə açılmış ən feyzli, ən bərəkətli bir məktəbdir. Bu ali məktəbin tələbələri də yeddidən yetmişə bütün insanlardır. Bu məktəbə girənlər səadət, asayiş (əmniyyət) və qəlbi rahatlığa (itminana) nail olarlar. Kənarda qalanlar isə özləri də daxil hər şeylərini itirərlər.

Din insanları öz iradələri və mənəvi-ruhi hürriyyətləri ilə gözəlliklərə, xeyirli işlərə sövq edən, yönəldən ilahi prinsiplər toplusudur. Din Allahı bilib tanımaq, Onun yolunda hərəkət etməklə ruhi saflığı əldə etmək, Onun adı ilə və Onun əmrləri istiqamətində insanlarla münasibətlərini nizama salmaq, hətta Onun uğrunda bütün varlığa qarşı dərin bir sevgi və məhəbbətin ünvanıdır.

Namus, iffət, millət kimi ali məfhumları təqdir edən dindir. Din həqiqi mədəniyyət prinsiplərini ehtiva edən bərəkətli bir qaynaqdır. Din sayəsində insan qəlb və hiss dünyasında ülviləşir, başı əlçatmaz zirvələrə yüksəlir və xeyirlərin, gözəlliklərin, fəzilətin əsl qaynağından doya-doya içməyə müvəffəq olur. (Ölçü veya Yoldakı Işıklar, 29-31)

Fəthullah Gülən dinlə əlaqəli digər bir məqaləsində mövzuya din-elm bərabərliyi və müqayisəsi ilə birlikdə, yanlış din anlayışları aspektindən də yanaşır. Ona görə həqiqət sevgisinin bir tərəfini elm, o biri tərəfini də din təşkil edir. Bəli, insanın idrak və şüuru ilə varlıq arasındakı münasibət və bağlılığın bir tərəfində həqiqəti kəşf və təsbit, o biri tərəfində də ona qarşı müəyyən olunacaq bir davranış norması durur. Birinci tərəfi dinin bilgi qaynaqları da daxil olmaqla elm təşkil edir. İkinci tərəfi isə din təyin edir. Din sahib olduğu məlumat qaynaqları ilə əngin bir elm dəryası olması etibarilə, həqiqət sevgisi, həqiqət eşqi baxımından həyati bir ünsür, vacib bir dinamik və bilginin üfüqünü aşan mövzularda da açıq üslublu, amma dərin ədalı yanıltmaz bir rəhbərdir. Amma unudulmamalıdır ki, hər zaman elmin müəyyən düşüncə, müəyyən cərəyan və doktrinaların yedəyinə verilməklə üfüqü daraldılmış, həzmolunmaz, həqiqətin yolunu kəsən bir qulyabani kimi göstərilməsi mümkün olduğu kimi, ilahi bir həqiqət olan dinin də fanatik düşüncənin əlində kin, nifrət, intiqam hisslərinə qaynaq kimi göstərilməsi həmişə ehtimal daxilindədir.

Fəthullah Gülən “dünya dəyişib nə hala dönürsə-dönsün, elm və texnologiya nə səviyyədə inkişaf edirsə-etsin, insanların düşüncə mexanizmi nə qədər dəyişirsə-dəyişsin, din hissi tarix boyunca, elmi və fikri həyatın şəkillənməsində, yeni-yeni mədəniyyətlərin meydana gəlməsində və insanlığın təkamülündə ən birinci amil olduğu kimi, onun bu gün də hələ o valehedici gücü ilə, dünyanın böyük bir hissəsində, bir nömrəli təsir vasitəsi olaraq varlığını davam etdirdiyinə və gələcəkdə də davam etdirəcəyinə” inanır. (Günler Baharı Soluklarken, 88-89)

Gülən bu gün insanlığın arzuladığı və ya ehtiyac duyduğu şeylərin qəlb və ruhun aclığı ilə əlaqəli olduğunu, buna baxmayaraq, bütün cəhdlərin bədəni arzuları təmin etməyə yönəldiyini böyük bir “yanlışlıq” olaraq ifadə edir. Ona görə, dəniz suyu ilə susuzluğumuzu yatırmaq cəhdi nə qədər mənasızdırsa, mənəvi aclıq və susuzluğumuzu qarşılamaq məqsədi ilə cismani istəklərimizi tətmin etməyə çalışmağımız da o qədər əsassızdır. Halbuki, əslində, bütün bəşəriyyətin həqiqi aclıq və susuzluğunun təməlində gerçək dindən, dinin - İslamın ruhundan uzaqlaşma vardır. İslam ruhu deyərkən o, indiki zamanda baxış tərzimiz və dəyərləndirmələrimiz baxımından qatılaşmış, rəngi qaçmış və səmavi cazibəsi sönmüş İslamın ruhunu deyil, özünəməxsus rəng və bəzəyi ilə hələ bəzi təmiz ruhlar tərəfindən hiss edilib zövq alınan, Səadət Əsrindəki insanın hiss edib yaşadığı İslam Ruhunu nəzərdə tutur. Bu ruhun fərdi və sosial həyatı öz daxili sobasında əridib istədiyi şəklə salan xüsusiyyətləri mövzusunda söylədiklərini maddələr halında belə sıralamaq olar:

-Haqq, ədalət, bərabərlik və qlobal təhlükəsizlik və bunları bədəni və nəfsi istəklərə alət etmədən Haqqa bağlılıq içində təmsil etmə;

-Haqqın yanında olma, haqqa tərəfdar olma, haqqı yüksəltmə və haqqa ehtiram göstərmə;

-Zülmü alqışlamama, zalım və azğın qüvvələrin təzyiqlərinə boyun əyməmə;

-Ədalət və hər işdə doğruluğu ən geniş çərçivəsi ilə fərdi, ailəvi və sosial həyat tərzi olaraq qəbul və tətbiq etmə; doğru düşünmə, doğru yaşama, həmişə haqq çərçivəsində qalmağa çalışma;

-Zülmə və haqsızlığa qarşı olma və öz haqlarını qoruma, müdafiə etmə mövzusunda göstərdiyi həssaslıq ölçüsündə, hətta ondan da yüksək dərəcədə, başqalarının hüququnu qorumada həssas olma və həyatını, sanki bir tərəziyə bağlı kimi daim ölçülü yaşama;

-Rəng, irq, bölgə və ailəyə bağlı imtiyazlara açıq şəkildə qarşı çıxma;

-Nəslə bağlı qruplaşmaları yaxşı qarşılamama, həyatın hər anında sinif hakimiyyətini açıq şəkildə rədd etmə;

-Fərdi qabiliyyətlərin önünü açma, uğurları alqışlama, bununla yanaşı, hər cür fərdi, eqoist fikirlərlə mücadilə;

-Cəmiyyətin hər fərd və hər qrupunu eyni səmimiyyətlə bağrına basma;

-Hamının ehtiyac və arzularını bərabər şəkildə dəyərləndirmə və səsi çatdığı qədər heç kimin heç kimdən üstün olmadığını hayqırma;

-Bütün şər işlərin ruhi-mənəvi yoxsulluqdan qaynaqlandığını qəbul etmə... və iman, mərifət və ehsan şüuru (Allahı görürmüş kimi və ya Onun tərəfindən göründüyünə düşünərək hərəkət etmə) ilə fərdi iradələri gücləndirib bu mənfilikləri ruhlardan (qəlblərdən) çıxarıb atmağa çalışma;

-Həyatını başqalarını xoşbəxt etməyə həsr edib, yaşamaqdan çox yaşatmaq əzmində olma;

-Düçar olduğu uğursuzluqlar, məhrumiyyətlər, məruz qaldığı zülmlər qarşısında təslim olmama, ruhdan düşməmə;

-Həmişə bir məhəbbət fədaisi kimi davranma, hər kəsi bağrına basma, könlündə hər kəsə yer ayırma;

-Hər düşüncəyə hörmət etmə;

-Daim “kamil insan” olma yollarını arama və bu yolun bütün şərtlərini yerinə yetirmə;

-Haqqa qulluq vasitəsi ilə arzulara qulluq, qüvvətə qulluq, şəhvətə qulluq, şöhrətə qulluq kimi insanı alçaldan qulluqlardan qurtulma, bayağılıqdan uzaqlaşma. (İslam ruhu, Yeni Ümit, aprel-may-iyun 2000)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.