Fəthullah Gülən bir düşüncə memarı kimi
Fəthullah Gülənin təhsil modeli qurulmasını tövsiyə etdiyi məktəblər və ali məktəblərə hazırlıq kursları ilə tanınan "rəsmi" təhsil fəaliyyətlərindən ibarət deyildir. O, insanı bütün zehni, qəlbi, ruhu, vicdanı və vücudu ilə bir bütöv olaraq dəyərləndirir və bu bütünlük içərisində üstünlüyü ruha verir, zehni onunla eyni və ya ikinci dərəcəli hesab edir. Öz fiziki tərbiyəsinə diqqətlə yanaşan Gülən, o, təhsilə zehin və ruh prizmasından yanaşmışdır. Bunu onun ifadələrində açıq-aydın görmək mümkündür. "Tərbiyənin bədənə aid olan hissəsi, demək olar ki, hamıya məlumdur, amma əsl faydalı olan fikri və hissi tərbiyənin əhəmiyyətini anlayan çox azdır. Halbuki, birinci variantda daha çox əzələ gücləri ilə bilinən bədən insanları, ikinci variantda isə ruh və məna insanları yetişir”. (Ölçü ve ya Yoldakı Işıklar, 158)
İmamlıq (vaizlik) vəzifəsi və konfranslar
Fəthullah Gülən 1959-cu ildə Dini İşlər üzrə Qurumun (Diyanət İşləri Başkanlığı) keçirdiyi qəbul imtahanını müvəffəqiyyətlə verərək imamlıq vəzifəsinə layiq görülmüş və Ədirnənin Üç Şərəfəli Məscidində imamlığa başlamışdır. Həyəcanlı, enerjili və son dərəcə həssas bir təbiətə malik olan Gülən danışmaqdan çox dinləməyi və yazmaqdan daha çox oxumağı sevən bir insan olaraq, Üç Şərəfəli Məsciddə işlədiyi dövrdə cümə günləri namazdan əvvəl dini söhbətlər aparar, daha sonra xütbəni dinləmək üçün Səlimiyyə Məscidinə gələr və namazını orada qılardı. Aldığı maaşını kitablara və jurnallara xərcləyər, onların çoxunu oxuduqdan sonra başqalarına hədiyyə verər, günlərini yarıac, yarıtox keçirərdi.
Yanlışlıqlara qarşı olduqca həssas, doğruların ən kiçiyini belə təqdir edən həyəcanlı təbiəti ilə insanlarla zehin və könül ünsiyyətində olmaq Fəthullah Gülənin həyatının xüsusi araşdırma tələb edən ən əsas tərəflərindən biridir. Bu baxımdan, o, açılmasını tövsiyə etdiyi özəl məktəb və ali məktəblərə hazırlıq kursları ilə xalqın istifadəsinə verilən təhsil fəaliyyətlərindən öncə, əsasən dini söhbətləri ilə tanınırdı. 1962-1963-cü illərdə İsgəndərunda hərbi xidmətdə ikən belə komandirindən icazə alıb Cümə günləri şəhərdəki bir məsciddə xütbə vermişdi. Hərbi xidmətdən sonra, Ədirnə və Qırklarelində davam edən peşə həyatı, 1966-cı ildə İzmirə göndərilməsi ilə yeni bir mərhələyə qədəm qoydu. Bir tərəfdən İzmir Kəstanəpazarı Quran kursunda müəllimlik edir, digər tərəfdən də Kəstanəpazarı Məscidində vaizlik edərdi. Artıq o gündən etibarən daha sonra Ədrəmit, Manisa və İzmir Bornova Məscidlərində davam etdiyi imamlıq həyatı ilə əvvəlcə İzmirdə, sonra Egey bölgəsində, daha sonra da Türkiyədə Fəthullah Xoca adı ilə çox dinlənilən bir vaiz (imam) olaraq tanınacaq və lentə yazılmış söhbətlərindən xeyli insan faydalanacaqdı.
“Əsrin gətirdiyi tərəddüdlərin” aradan qaldırılması
Fəthullah Gülən bu illərdə yalnız xütbələrlə kifayətlənməmiş, İzmirdəki ilk illərində “çay söhbətləri” ilə faydalı olmağa çalışmış, daha sonra Egey bölgəsindən başlayaraq bütün Türkiyəni əhatə edən konfranslar silsiləsinə başlamışdır. Bu konfranslarında təbii elmlərlə Quran arasındakı əlaqə, İslamda sosial ədalət və Darvinizm kimi mövzuları şərh edən Fəthullah Gülən yenə həmin illərdə bəzən namazdan sonra məsciddə, bəzən bir evdə, bəzən çöldə, xüsusilə də, universitet tələbələrinin verdiyi sualları ətraflı cavablandırmışdır. Söhbətlərinin, konfranslarının və ona verilən sualların məzmununa baxanda Fəthullah Gülənin həm aksiyon tərəfini, həm İslama yanaşmasını və xüsusən bir təhsil-təlimçi olaraq hansı mövzulara daha çox üstünlük verdiyini asanlıqla görmək olar. Bəzən həftələrlə üzərində dayandığı başlıca söhbətləri tövhid dəlilləri (Allahın varlıq və birliyinin dəlilləri), ardından “Ölümdən Sonrakı Həyat” adı ilə nəşr edilən və bir neçə ay davam edən silsilə həşr (yenidən dirilmə) əqidəsi, yenə aylarla davam edən və “Çəyirdəkdən Çinara” adı ilə çap olunan uşaq tərbiyəsi, ailə həyatı və buna bənzər mövzuları əhatə etmiş, 1989-cu ildə fəxri olaraq yenidən başladığı vəzlərində isə bir il boyunca Peyğəmbərimiz Həzrəti Məhəmməddən (s.ə.s.) bəhs etmiş, bu söhbətlər “Sonsuz Nur” adı ilə kitab halına gətirilmiş, 1990-1992-ci illərdə verdiyi aylıq vəzlərində isə daha çox mərifətullah (Allahı tanıma), məhəbbətullah (Allah sevgisi), iradə və ruh insanı olma, ana-ata haqları, mərhəmət və səbir kimi mövzuları şərh etmişdir.
Fəthullah Gülənin yuxarıda qeyd edildiyi kimi, ona verilən suallara verdiyi ətraflı cavablarının sadəcə çox az qismi “Əsrin Gətirdiyi Tərəddüdlər” adı ilə 4 cilddə nəşr edilmiş və cildlərin hər biri Türkiyədə ən çox oxunan kitablar arasında ilk yerləri tutmuşdur. Fəthullah Gülənin cavablandırdığı sualların bəziləri bunlardır:
· Allah tərif edilə bilərmi? Onun Özü və xüsusiyyətləri nələrdir?
· Quranda olmuş və olacaq hər şeydən bəhs edilir, – deyirlər. Bu doğrudurmu? Doğrudursa, indiki dövrdə elm və texnologiyaya aid məsələləri də buna aid etmək olarmı?
· Vəhdəti-Vücud nədir və etiqadımızla izah edilə bilərmi?
· Cənabi-Haqq bizim bu dünyada necə hərəkət edəcəyimizi və əmrlərinə tabe olub-olmayacağımızı yaxşı bilir. Əgər belədirsə, niyə imtahana tabe tutub, bizi bu dünyaya göndərir?
· Dünyada peyğəmbər göndərilməyən hər hansı bir toplum varmı? Əgər varsa, belə toplumlar inanc və əməllərə görə necə məsul tutulacaq?
· Peyğəmbərimizin çox qadınla evlənmə hikmətini bizə izah edə bilərsinizmi?
· İslam niyə quldarlığı ortadan qaldırmadı?
· Tənasüh (ruhun öləndən sonra başqa bədənə keçməsi) nədir və İslam ideologiyası ilə uyğunlaşdırıla (əlaqələndirilə) bilərmi?
· Allahın külli iradəsi ilə insanın cüzi iradəsi arasındakı fərq nədir?
· Allah qullarını niyə bərabər yaratmayıb? Nə üçün bəzilərini kor, topal və ya başqa bir qüsurla xəlq etdi? Bundan başqa, niyə bəzi insanlara çoxlu mal-mülk, pul verir və onları varlı edir, digərlərinə kasıblıq, dərd, kədər, müsibətlər verir?
· Əzrail (əleyhissalam) bir mələk olduğu halda, eyni anda ölən minlərlə insanın ruhunu necə alır?
· Sperma bankaları (süni mayalanma) mövzusunda nə deyə bilərsiniz?
· Əsir maddəsi vardırmı? Varsa, necə şeydir?
· İnsanlarımızı oxuma vərdişinə necə alışdıra bilərik?
· Niyə hər şey ölümə əsaslanır? Məsələn, niyə elementlər bitkilərdə, bitkilər heyvanlarda, bitkilər və yeyilən heyvanlar insanlarda yox olaraq, onların həyatlarına xidmət edir?
· İnancsız bir insana ilk olaraq nəyi və necə başa salmaq olar?
· Şeytan Cəhənnəmə gedəcəyini bildiyi halda, niyə Allahı inkar etməkdə təkid edir?
· İslam imperialist bir sistem meydana gətirərək fəth etdiyi yerləri talan etmişdirmi?
· Peyğəmbər Əfəndimizin (sallalahu əleyhi və səlləm) “Bu ağızdan ancaq haqq söz çıxar” buyurması ilə xurmaların aşılanıb-aşılanmaması mövzusundakı tövsiyəsi və nəticədə “Mən də bir insanam” deməsi necə izah edilə bilər?
· Həzrəti Həvvanın Həzrəti Adəmın qabırğa sümüyündən yaradılması nə deməkdir?
· Cin nədir, necə çağrılır, cinlərdən müalicədə və itmiş bir şeyin tapılmasında istifadə edilə bilərmi? Cindarlıq edən insanların İslamda yeri vardırmı?
· Lut qövmü, Nuh qövmü kimi bəzi tayfalar müəyyən günahlara görə məhv edilmişdir. Bu gün hər növ əxlaqsızlıq yayıldığı halda niyə eyni cür fəlakət baş vermir?
· İslamın din olaraq doqmalara dayanması və bunlara təslim olmağı tələb etməsi ilə ağıl və məntiqə uyğun olması necə izah oluna bilər?
· Həyat və gənclik həvəslərindən irəli gələn təhlükələrdən necə qorunmaq olar?
· Dövrümüzdə elm və texnikaya aid məsələlərlə İslamı anlatmağı necə qiymətləndirirsiniz?
· İslamiyyətin qısa zamanda yayılmasının və 14 əsrdir hər cür hücumlara baxmayaraq, məğlub edilməməsinin səbəbləri nədir?
· “Yoxdan var olmaz, var da yox olmaz” iddiası haqqında qənaətiniz necədir?
Bunlar müxtəlif zamanlarda Fəthullah Gülənə verilən və onun müfəssəl şəkildə cavablandırdığı sualların bəziləridir. Bunların xaricində, yenə ona müxtəlif vaxtlarda, lakin bu dəfə qismən aktual mövzuları da əhatə edən suallar verilmiş, onun bu suallara verdiyi ətraflı cavablar indiyə qədər 4 cildi nəşr edilmiş “Prizma” adlı kitablar silsiləsində toplanmışdır.
Bunlar və kitablarda cavabları ilə birlikdə öz əksini tapan digər suallar kimi, xüsusi söhbətlər və bu söhbətlər əsnasında verilən sualları da cavablandırmaq Gülənin bir fikir memarı olmasının bariz nümunələrindən biridir. Fəthullah Gülən təvazökar və utancaq təbiətinə paralel olaraq, ümumiyyətlə, sual verilmədikcə danışmaz. Bunun başqa bir səbəbi alıcı olmayan, maraqlanmayan, zehni, düşüncə dərdi olmayan insanlara hər halda nə isə anlatmağın qeyri-mümkünlüyü və ya lüzumsuzluğu da ola bilər. Fəthullah Gülən ona ünvanlanan suallara verdiyi cavablarda sualın aydınlaşması ilə yanaşı, irşada, həmçinin, qarşı tərəfə xüsusi diqqət yetirir. Yəni istər sual verən, istərsə də dinləyici mövqeyində olan digər insanlar sualın cavabının aydın olması qədər, cavabdan istifadə etməli və onunla bir məsələsini həll etmiş olmalı, bundan başqa, bu cavab onların qəlb həyatına müsbət təsir göstərməlidir. Bu baxımdan, cavab bəzən sualın tam qarşılığı olaraq deyil, sualı verənin və digər dinləyicilərin ən çox istifadə edə biləcəyi şəkildə verilə bilər. Bununla yanaşı, Fəthullah Gülən çox vaxt bir suala əsaslanaraq qarşıdakılara demək istədiyi bəzi şeyləri söyləyə bilər. Bunların o sualla birbaşa əlaqəsi olmaya bilər, lakin cavabla birlikdə hər hansı bir mesaj verilə, nə isə xatırladıla, bir xəbərdarlıq edilə bilər və ya başqa bir məsələ ilə bağlı ola bilər.
Fəthullah Gülən istər dini moizələrində, istər söhbətlərində, istərsə də suallara verdiyi cavablarda çox diqqətlidir. Onun natiqlik qabiliyyəti (Xitabət gücü) hamı tərəfindən qəbul edilən faktdır. Bu, şübhəsiz, Allah vergisi olmaqla yanaşı, onun öz üzərində çox çalışmaqla qazandığı bir qabiliyyətdir. Uşaqkən sürətli danışan Fəthullah Gülən daha sonra özü-özünə diksiya etməklə mövcud natiqlik səviyyəsini əldə etmişdir. İkincisi, Gülən sözləri və məfhumları həm yazarkən, həm də danışarkən də yerli-yerində işlədir. Dili və bəlağəti çox gözəl bilən bir ziyalı olaraq yanlış kəlmə işlətdiyini hiss etdiyi zaman dərhal həmin kəlməni dəyişdirir. Bundan başqa, əgər istifadə etdiyi bir cümlənin, ya da dilə gətirdiyi düşüncənin yanlış anlaşıla biləcəyini sezərsə, daha sonra həmin adamla ayrıca görüşür, məsələni ona izah edir və ehtimal olunan yanlış anlamanın qarşısını alır.
Gülən həm məsciddə verdiyi möizələrində, həm söhbətlərində və ondan soruşulan mövzuları izah edərkən cavablarında mövzuya görə, şübhəsiz və fərqli dərəcələrdə olsa da, ağlın inandırılması qədər qəlbin razı salınmasına və digər duyğuların da lazımi qidanı almasına diqqət yetirir. Təlmih (işarə ilə söz arasında başqa bir mənanı ifadə etmək), istiarə, kinayə, metafora kimi vasitələrdən geniş istifadə edən Gülən bu şəkildə həm sözə fərqli və bir neçə mənanı, həm də funksiyanı eyni anda yükləyir. Bundan başqa, dilimizdə işlənən əcnəbi texnika terminlərini də çox gözəl istifadə edən Fəthullah Gülənin digər özünəməxsus üslubu məqalə və söhbətlərində məzmunlara yer verməsidir. Üslubuna görə, o, bəzən çox adamın iltifat zənn edə biləcəyi bir sözlə xəbərdarlıq edir, xəbərdarlıq zənn edilə biləcək bir sözlə də iltifat göstərir. Bu səbəblə, sözləri bəzən dinləyicilər tərəfindən fərqli anlaşıla bilər. Bu mövzuda yanlışlığa yol verməmək üçün onun düşüncə sistemini, baxış prizmasını, üslubunu və dilini müəyyən səviyyədə bilmək lazımdır.
Fəthullah Gülən ona verilən sualların heç birinə yazılı şəkildə cavab verməmişdir. Hansı suallar veriləcəyini, əlbəttə, bilmir və soruşulan suallara birbaşa cavab verir.
Fəthullah Gülən təfsir, hədis, kəlam və fiqh kimi İslami elmlərə metodologiyaları ilə birlikdə vaqifdir. Lakin bu sahələrdə hər hansı bir əsər qələmə almamışdır. Bununla yanaşı, bəzən xüsusi mahiyyətdə dərs də verir və bu sahələrdə yetişdirdiyi tələbələri vardır. “Ömrüm Sünnəti araşdırmaqla keçdi,” – deyən və təsəvvüfdə də dərin bilik və təcrübə sahibi olan Gülən Şərq və Qərb fəlsəfəsinə də böyük ölçüdə bələddir. O, bundan əlavə, təbii elmlərin prinsipləri, əsasları və qanunları haqqında da ensiklopedik biliyə malikdir. Qısaca, Gülən alim-arif-intellektualın kəsişmə və ya birləşmə nöqtəsidir.
Yazıçı və şair Fəthullah Gülən və əsərləri
Fəthullah Gülən, eyni zamanda, nizamlı yazan yazıçıdır. Əsərlərinin əksəriyyəti söhbətlərinin, verdiyi dərslərin və ona ünvanlanan suallara cavablarının toplusundan meydana gəlsə də, özünün şəxsən qələmə aldığı əsərlər də az deyildir. (Fəthullah Gülənin, demək olar ki, bütün əsərləri Türkiyədə ən çox oxunan əsərlər, ən çox əcnəbi dilə tərcümə edilən kitablardır. İndiyə qədər nəşr edilmiş kitabları və bunların 2005-ci ilə qədər orta satış miqdarı irəlidə iki səhifədə verilmişdir). O, əsərlərinin heç birini kitab olaraq yazmamış, sadəcə, anlayışlar çərçivəsində təsəvvüfü, başqa sözlə, İslamın ruhi həyatını anlatdığı “Qəlbin Zümrüd Təpələrində” bir silsilə təqib etsə də, birbaşa qələmindan çıxan digər kitabları söhbətlərin, məqalələrin seçilib toplanmasından təşkil edilmişdir. Yüksək, əhəmiyyətli dərəcədə orijinal və məhz Gülənə xas üslubla yazılan məqalələr 01.02.1979 tarixindən bu yana aylıq “elmi, ədəbi, əxlaqi” “Sızıntı” jurnalında; iyul-avqust-sentyabr 1988-ci ildən bəri 3 aylıq “dini-elmi-əxlaqi-mədəni” “Yeni Ümid” jurnalında və oktyabr-noyabr-dekabr 1998-ci ildən indiyədək isə 3 aylıq “mədəni-ədəbi-sənət” jurnalı “Yağmur”da davamlı şəkildə çap olunur.
Bunlardan ingilis dilinə tərcümə edilənlər 1993-cü ildən etibarən əvvəlcə İngiltərədə “Truestar” və daha sonra ABŞ-da “Light İnc.” tərəfindən nəşr edilən 3 aylıq ingiliscə “The Fountain”da, Almancaya tərcümə edilənlər “Die Fontäne”, Rus dilinə tərcümə edilənlər “Novıye Qrani”, ərəbcəyə tərcümə edilənlər də “Hira” adlı yenə 3 ayda bir nəşr edilən jurnallarda əksini tapır.
Demək olar ki, Fəthullah Gülən Türk ədəbiyyatına, hətta dünya ədəbiyyatına biri tamamilə orijinal, digəri isə tarixdə bənzərləri olsa da, yenə özünəxas keyfiyyət və üslubda iki yenilik gətirmişdir. Bunlardan birincisi, onun şəkilləri, rəsmləri danışdırmasıdır. “Sızıntı”nın ilk saylarından başlayan bu şəkilləri danışdırma, yəni hər şəklin altına o şəkilə uyğun bir kəlmə, bir ölçü, bir düşüncə, bir dəyərləndirmə qoyma, eyni mövzuda yazılacaq bir məqalədən mənalı, canlı və təsiredici bir metod olaraq Fəthullah Gülən tərəfindən böyük bir səbir və məharətlə davam etdirilir. Fəthullah Gülənin fikirlərini ifadə və inanc, düşüncə və davranışlar uğrunda bələdçi kimi istifadə etdiyi, tarixdə nümunəsi az, Türkiyədə, bəlkə, heç görünməmiş digər metod, düşüncə çağırışlarını “hikmət parıltıları” şəklində, müstəqil cümlələr və paraqraflar halında təqdim etməsidir. Yenə “Sızıntı”nın hər sayında gördüyümüz bu texniki metodların məhsulları bu araşdırma boyu çoxlu sitatlar gətirdiyimiz “Ölçü və ya Yoldakı İşıqlar” adlı kitabda toplanmışdır.
Fəthullah Gülənin şeirləri və şairlik yönü də yenə üzərində durulması, araşdırılması lazım olan bir mövzudur. Gülən türk dili ilə yanaşı, ərəb və fars dillərini də yaxşı bilən, Osmanlıcaya, əbəbiyyata və ədəbi sənətlərə vaqif, bəlağəti bilməkdən çox onu oxudan, Şərqin və Qərbin görkəmli ədiblərini, Kamu və Sarter kimi ekzistensialistləri fransızca orijinaldan oxuyacaq qədər yaxşı tanıyan, hafizəsində türkçə, ərəbcə və farsca olmaqla 1000-dən çox şeiri saxlayan, özünü əsla belə görməsə də, bir ədibdir. O, heç vaxt “sənət sənət üçündür” və ya “sənət cəmiyyət üçündür” kimi düşüncə, müzakirə və seçimlərə imkan verməmiş, düşüncəsinin nəsrə sığmayan məhsullarını, qəlbinin tərənnümlərini uşaqlığından bəri misralara tökmüş və bunlardan “Qırıq mizrab” adlı şeirlər kitabı ərsəyə gəlmişdir.
Gülənə görə, şeir dağları və ovaları, dənizləri və yolları, eniş və yoxuşları, çiçəkləri və ağacları, kədərləri və sevincləri ilə İmam Qəzalinin ”İmkan çərçivəsində kainat bu halından daha gözəl ola bilməz,” – deyərək kamalını ifadə etdiyi varlığın və insan dünyasının nizamını, çoxluq içindəki birliyini, qarmaqarışıq görünən ahəngini, harmoniyasını səsləndirməlidir. Məhz özünün ifadəsi ilə: “Şeir kainatın ruhunda gizlənən gözəllik və tənasübün, varlığın çöhrəsindəki təbəssüm və dilruba keyfiyyətin şairanə ifadə edilməsindən başqa bir şey deyildir. Şeir o biri aləmləri qurcalama yolunda duyulan “hay-huy” və ya bu uğurdakı cəhdin iniltiləridir. Şeir “O Bilinməz Mövcudu axtarmağı hədəf seçdiyi üçün sirlər məcmusu, keçilən yollarda alaqaranlıq və çox yönləri ilə qapalı bir iqlimə aid çətin anlaşılan çox səviyyəli bir səs olmaqla yanaşı, həqiqi şeirin iqlimində gözlər aydınlığa çıxar, uzaqlar yaxın olar və ruhlar sönməz əzm və şövqə yüksələr” (Kırık Mızrap, 1-2/461-463).
Fəthullah Gülənə görə, “Şeirdə hər duyulub düşünülən şey təsəvvür edilməli, təsəvvürlər mütləq muhakimədən keçirilməli və şairin qəlb dünyasında əsinti halında üzə çıxan bu gizli ünsürlər kəlmə və cümlələrlə tənəffüs edəcəkləri ana qədər mövcudluğunu və canlılığını qoruya bilməli” və sözlərə üsyan etmiş bir haray, bir çağırış inilti halında ruhlara əks etməlidir” (Kırık Mızrap, 462). Şeir özü qayə olmadığı üçün, onda da irşad əsas götürülməli və beləliklə də, hər kəs onda özünü tapmalıdır. Buna görə də, həqiqi şair axirətə aşiq, sonsuzla daim qarşılıqlı münasibətdə, əşyanın nizamını və pərdə arxasını bilən, ruhları əlamətindən anlamış, sözlərində zahirən bəsit kimi görünsə də, şəklə şəkil, mənaya məna kimi dəyər və yer verən, hər mənaya özünəxas libası geydirmək qabiliyyəti ilə hər səviyyədəki insana səslənə bilən universal insandır. Başqa sözlə, onun sözlərində, misralarında, beytlərində və qitələrində güllər çiçək-çiçək açar, ilk dəfə dəniz görən bir çobanın onu gözəl bir otlağa bənzətməsi kimi, hər şeyi dünyəvi ağılın zahiri nəzərinə görə qiymətləndirənlər onun ifadələrini bir-iki ovucluq axmaz su yığını hesab etsələr də, onun şeiri endikcə dibinə varılmayan və dibi tapılmayan, hər səmimi cəhddə ələ inci-mərcan verən bir okean kimidir.
Fəthullah Gülənin, demək olar, bütün əsərləri Türkiyədə ən çox oxunan kitablardandır. İndiyə qədər nəşr edilmiş kitabları və bunların 2005-ci ilə qədərki satış sayı belədir:
Kitabın Adı | Nəşr Sayı | Son nəşr ili | Tirajı |
Sonsuz Nur 1 | 28 | 2004 | 173.000 |
Sonsuz Nur 2 | 21 | 2004 | 109.500 |
Sonsuz Nur 3 | 21 | 2004 | 109.500 |
Asrın Getirdiği Tereddütler 1 | 24 | 2004 | 114.500 |
Asrın Getirdiği Tereddütler 2 | 19 | 2005 | 80.500 |
Asrın Getirdiği Tereddütler 3 | 14 | 2005 | 66.000 |
Asrın Getirdiği Tereddütler 4 | 13 | 2005 | 73.400 |
İnancın Gölgesinde 1 | 15 | 2002 | 98.900 |
İnancın Gölgesinde 2 | 14 | 2002 | 88.850 |
Fatiha Üzerine Mülahazalar | 13 | 2004 | 57.800 |
Kitap ve Sünnet Perspektifinde Kader | 11 | 2002 | 73.000 |
İrşad Ekseni | 5 | 2001 | 44.762 |
İla-yi Kelimetullah vr ya Cihad | 13 | 2002 | 70.450 |
Ölüm Ötesi Hayat | 14 | 2002 | 64.500 |
Ruhumuzun Heykelini Dikerken | 6 | 2004 | 56.781 |
Işığın Göründüğü Ufuk | 13 | 2004 | 77.000 |
Beyan | 3 | 2004 | 71.000 |
Örnekleri Kendinden Bir Hareket | 6 | 2004 | 91.000 |
Dua Ufku | 5 | 2003 | 100.000 |
Kalbin Zümrüt Tepeleri -1 | 14 | 2004 | 77.650 |
Kalbin Zümrüt Tepeleri -2 | 5 | 2004 | 46.000 |
Çağ ve Nesil | 23 | 2004 | 100.050 |
Buhranlar Anaforunda İnsan | 20 | 2004 | 86.550 |
Yitirilmiş Cennete Doğru | 17 | 2004 | 71.700 |
Zamanın Altın Dilimi | 17 | 2005 | 80.300 |
Günler Baharı Soluklarken | 15 | 2004 | 67.000 |
Yeşeren Düşünceler | 9 | 2005 | 69.500 |
Fasıldan Fasıla 1 | 9 | 1998 | 103.000 |
Fasıldan Fasıla 2 | 6 | 1998 | 76.000 |
Fasıldan Fasıla 3 | 5 | 1998 | 60.000 |
Prizma 1 | 10 | 2002 | 105.500 |
Prizma 2 | 6 | 2002 | 45.500 |
Prizma 3 | 7 | 2004 | 145.000 |
Prizma 4 | 7 | 2004 | 145.000 |
Ölçü veya Yoldakı Işıklar | 14 | 2004 | 79.500 |
Renkler Kuşağında Hakikat Tomurcukları 1 | 2 | 1993 | 8.000 |
Renkler Kuşağında Hakikat Tomurcukları 2 | 2 | 1993 | 10.000 |
Hüzmeler ve İktibaslar | 5 | 1997 | 19.000 |
Kırık Mızrap 1 | 9 | 2002 | 52.000 |
Kırık Mızrap 2 | 3 | 2000 | 22.000 |
Əvvəlki iki səhifəlik cədvələ nəzər salsaq, Fəthullah Gülənin indiyə qədər 26 kitabının nəşr edildiyini görərik. Bunlardan bəziləri bir neçə cildlik olduğu üçün onları ümumi saya əlavə edəndə 40-a yaxın kitab deməkdir. Bu 40 kitab 463 dəfə nəşr edilmiş və 3118693 (üç milyon yüz on səkkiz min altı yüz doxsan üç) ədəd satılmışdır. Bu saya “Zaman” qəzeti tərəfindən 212451 ədəd nəşr edilib satılan iki cildlik “Varlığın metafizik boyutu”, 227533 ədəd paylanmış “Qurandan idraka yansıyanlar” və 308281 ədəd paylanmış “Qırıq səhəng” daxil deyildir. Bundan başqa, “Kırık Testi (Qırıq səhəng)” son halı ilə “Qazeteçiler və Yazarlar Vəqfi” tərəfindən 3 cilddə nəşr edilmiş və indiyə qədər 280000 ədəd satılmışdır. “Sonsuz Nur” əsəri isə müxtəlif vaxtlarda həm “Zaman” qəzeti, həm də “Tərcüman” qəzeti tərəfindən hədiyə olaraq oxuculara çatdırılmışdır.
Xülasə, demək olar ki, Fəthullah Gülən dünyada, bəlkə də, çox az yazıçıya nəsib olan oxucu kütləsinə sahibdir, kitabları ən çox oxunan bir neçə yazardan biri, bəlkə də, birincisidir.
Fəthullah Gülənin indiyə qədər nəşr edilmiş bu kitablarından bir çoxu başda ingilis dili olmaqla ərəb, alman, fransız, rus, ispan, çin, indoneziya, yapon, urdu, yunan, alban, rumın dilləri kim dillərə tərcümə edilib nəşr edilmişdir və hal-hazırda da tərcümə edilir.
Fəthullah Gülənlə ətraflı reportaj hazırlayan Eyyub Can bu reportajını “Üfüq Turu” adı ilə, Nevval Sevindi “Fəthullah Gülən ilə NyuYork Söhbəti” adı ilə, Mehmet Gündəm “Fəthullah Gülənlə 11 Gün” adı ilə kitab halına gətirmişdir. Bunlardan başqa, Gülənin 1989-1991-ci illər arasında fəxri olaraq İzmir, İstanbul, Ankara kimi şəhərlərdə apardığı söhbətlər lentə alınaraq rəsmi icazə ilə satışa çıxarılmış, xüsusilə 1973-1980-ci illər arasında rəsmi dövlət məmuru olaraq verdiyi, konfranslar səsli şəkildə yazılmış və yenə rəsmi icazə ilə yayınlanmışdır.
- tarixində yaradılmışdır.