Fəthullah Gülən bir maarifçi kimi
Fəthullah Gülənin bütün aksiyonu ən geniş mənası ilə təhsil anlayışı içində götürülə bilər. Çünki ona görə, dünyada qarşılaşdığımız bütün problemlərin təməlində insan faktoru dayanır. Yəni bütün problemlər insanla başlayır, insanla bitir. İstər yaxşı , qüsursuz və ya az qüsurlu ictimai bir sistem və toplumun təşkili, istərsə qəbir və qəbrin o biri tərəfi üçün ən təsirli vasitə təhsildir. Bu baxımdan, təhsil və müəllimlik məsləklərin ən müqəddəsi olduğu kimi, bir ölkəyə və millətə ən xeyirli xidmət də təhsillə edilə bilər. (Hulusi Turgut, “Fethullah Gülen ve Okullar”, Yeni Yüzyıl, 15.01.1998)
Təlim və tərbiyənin əhəmiyyəti
Fəthullah Gülənə görə, bəşər övladı üçün həqiqi həyat ancaq elm və ürfanla mümkündür. Buna görə də, öyrənib-öyrətməyə biganə yanaşanlar həyatda da olsa, ölü sayılırlar. İnsanın yaradılış qayəsi görüb bilmək və bildiklərini başqalarına öyrətməkdir. Bir fərdin tədbir və düzgün qərarları onun ağıl və məntiqlə əlaqəsi nisbətindədir. Ağıl və məntiq isə, ancaq elm və mərifətlə aydınlığa qovuşur və kamilləşir. Onun üçündür ki, elm və mərifətin olmadığı yerdə ağıl tənbəl, məntiq aldadıcı, qərarlar da yanlışdır. Bir insanın insanlığı, öyrənib-öyrətmək və başqalarının yollarını aydınlatmaqla müəyyənləşir və ortaya çıxır. Bilmədiyi halda öyrənməyi düşünməyən, öyrəndikləri ilə özünü davamlı yeniləməyib başqalarına da nümunə olmayan bir fərdin insanlıqdan nə qədər pay alması düşündürücü, ciddi məsələdir. Elm və mərifətlə əldə edilən mövqe və rütbə başqa yollarla əldə edilən mövqelərdən daha yüksək və daha uzunömürlüdür. Çünki elm, sabihini dünyada pisliklərdən uzaq və fəzilətli, o biri aləmdə də ürfanı ilə aydınlatdığı yerlərin tamaşası içində məsti-xumar edər. Bunun əksinə, həqiqət yolunda boş könüllər və mərifətdən məhrum insanlar hər cür pis düşüncənin yetişib inkişaf etməsində münbit bir tarla rolunu oynayır. (Ölçü veya Yoldakı Işıklar, 24-25)
Fəthullah Gülən öyrənmə və öyrətmədən ibarət olan təhsili o qədər ucaldır ki, onun yanında öyrənmə və öyrətmə, tərbiyə və ya təhsil göylərə söykənmiş iki uca, ali vəzifə vəsfini kəsb edir. Allahın Rəbb adının insan həyatındakı təcəllisi olan bu vəzifənin yerinə yetirilməsi ilə insanın ruhundakı qabiliyyət və fəzilətlər ortaya çıxarılır və cəmiyyətə ərməğan edilir. Tərbiyə və təhsil süzgəcindən keçməmiş fərddə insani xüsusiyyətlər və yüksək məziyyətlər təşəkkül tapmadığı üçün, onda ictimailiyə xas xüsusiyyət axtarmaq da əbəsdir. (Sızıntı, noyabr, 1979)
Gülənə görə, təlim-təhsil, fərdlər üçün olduğu qədər cəmiyyətlər üçün də ən həyati əhəmiyyət kəsb edən mövzudur. Birincisi, fərd müstəvisində insan, duyğularının pis şeylərdən uzaq olduğu miqyasda insandır. Tərbiyənin bədənə aid olan hissəsini, bəlkə də, hər kəs dərk edə bilər, amma insanı əsl insanlığa yüksəldən fikri, hissi və ruhi tərbiyəni çox az adam anlaya bilər. İkincisi, bir millətin islahına pis insanları yox etməklə deyil, nəsilləri dəyişməz həqiqətlər və milli dəyərlər çərçivəsində tərbiyə edib insanlığa yüksəltməklə xidmət etmək olar. İnanc, ideal, tarix şüuru, millətə və insanlığa xidmək eşqi və adətlər sintezindən ibarət müqəddəs bir toxumu yurdun hər bir tərəfində göyərtmədikcə, yox edilən hər pis şeyin yerində bir neçə yenisi bitəcəkdir. (Ölçü veya Yoldakı Işıklar, 158-160)
Millətlər yeni nəsillərlə varlığını davam etdirir. Gələcəyini təminat altına almaq istəyən hər millət sağa-sola xərclədiyi vaxt və enerji qədər, bəzi imkanlarını da sabahın böyük insanları olacaq uşaqların və gənclərin yetişdirilməsinə sərf etməlidir. Uşaqlarına laqeyd yanaşan millətlər çökməyə, onları tamamilə əcnəbi, zalım əllərə buraxanlar da məhvə məhkumdur. Bir millətin gələcəyi haqqında əvvəlcədən xəbər vermək istəyənlər bu gün o millətin uşaqlarına və gənclərinə verilən tərbiyəyə baxsalar, sabahla bağlı dəqiq hökm verə bilərlər. Odur ki, nəsillərin gerçək insanlığa yüksəldilməsi istiqamətində sərf edilən şeylər tükənməz bir varidat, bir gəlir qaynağı kimi daimi qalacaqdır. (Ölçü veya Yoldakı Işıklar, 151-152)
Gülən təlim-tərbiyə məsələsini dövlət, küçə və mətbuat planında da nəzərdən keçirir. Ona görə, bir milləti təşkil edən fərdlərdən hər biri az-çox digərinə təsir edir, və ya digər fərdin təsirinə düşüb ondan bəzi xüsusiyyətlər götürür. Bunun kimi, adətlər, media, küçə və uzaq-yaxın dairələrin təsiri də insanın yetişməsində önəmli yerə malikdir. Bir ailə başçısı öz ailə fərdləri arasında, milləti idarə edənlər də cəmiyyətin fərqli təbəqələri və fərdləri arasında qüvvətli təsir və nüfuza malikdir. Bir millətin qabiliyyəti ölçüsündə yüksələ biləcəyi ən son nöqtəyə çatması və funksiyasını tam şəkildə yerinə yetirməsi o milləti meydana gətirən fərdlərin düşüncə, təsəvvür və mədəniyyəti ilə, idarəçilərin isə plan, bəsirət və fədakarlıqları ilə yaxından bağlıdır.
Gülən təhsilin və tərbiyənin əhəmiyyətinə başqa bir prizmadan da yanaşır. Onun fikrincə, insan digər varlıqlardan fərqli olaraq belə bir müdaxiləyə, yəni öyrənmə və öyrətməyə möhtac halda dünyaya gəlir. Heyvan sanki başqa bir aləmdə təlim görmüş kimi dünyaya göndərilir və ya iki saatda, ya iki gündə, ya da iki ayda bütün həyat şərtlərini, həyat qanunlarını və kainatla olan münasibətini öyrənib bacarıq sahibi olur. İnsanın iyirmi ildə qazandığı həyati gücü və iş görmə qabiliyyətlərini sərçə və arı kimi bir canlı iyirmi gündə öyrənir, daha doğrusu, ona ilham olunur. Demək, heyvanın əsl vəzifəsi öyrənmək surəti ilə mükəmməlləşmək, kamilləşmək, qabiliyyət qazanmaqla tərəqqi etmək deyildir. Və acizliyini göstərməklə kömək istəmək, sözlü dua etmək də deyildir. Onun vəzifəsi (verilmiş) istedadına uyğun hərəkət etmək və əməli qulluq etməkdir.
İnsan isə dünyaya hər şeyi öyrənməyə möhtac və həyat qanunlarından bixəbər gəlir. Belə ki, iyirmi ildə həyat şərtlərini öyrənə bilmir, öyrənmə prosesi, bəlkə də, ömrünün sonuna qədər davam edir. Həm olduqca aciz və zəif bir şəkildə dünyaya göndərilir; bir -iki ilə ancaq ayağa qalxır, on beş ildə ancaq zərər və mənfəətini dərk edir və bütün bir toplum həyatının köməyi ilə mənfəətlərini gözləyib zərərlərdən qoruna bilir...
Deməli, ən təmiz fitrətlə bu müvəqqəti müsafirxanaya gələn insanın vəzifəsi daha sonra uca aləmlərdə yaşamağa layiq olduğunu, haqqını isbat etmək üçün düşüncədə, təsəvvürdə və əqidədə istiqamət və paklığa nail olmaq, qulluq mükəlləfiyyətlərini yerinə yetirib qəlb və ruhu işlətmək, min bir əsrar və müəmmanın hökm sürdüyü məna (lədün) aləmi ilə qucaqlaşmaq və varlığın sirrini qavramaqdan ibarətdir. (Sızıntı, may 1981, səh. 28, s. 9)
Məktəb və Müəllim
Fəthullah Gülən təlim-tərbiyə mövzusunda məktəb və müəllimə ayrı bir yer verir. Ona görə, məktəb öyrənmə və təhsil alma məkanıdır. Orada həyat və o biri aləmə aid hər şey öyrədilir. Əslində, həyatın özü də bir məktəbdir. Amma, biz həyatı da ancaq məktəb sayəsində öyrənirik.
Məktəb həyati hadisələrin üzərinə ürfan nurları göndərərək onları işıqlandırır, tələbələrinə ətrafı qavrama imkanı qazandırır. Eyni zamanda, sürətli bir şəkildə əşya və hadisələri kəşf etmə yolunu açar və insanı düşüncə bütünlüyünə, düşüncədə istiqamətə və çoxluqda təkə aparar. Yaxşı bir məktəb fərddə fəzilət duyğularını inkişaf etdirən, tələbələrinə ruhi-mənəvi aliliyi qazandıran mələklər məkanıdır. Min qoldan axıb gedən həyatın məna-mahiyyət qazandığı məkan məktəb olduğu kimi, uşağın həqiqi formalaşdığı və mənliyinin sirlərinə yiyələndiyi ən önəmli təhsil yuvası da yenə məktəbdir.
Fəthullah Gülən məktəbin və məktəbdəki təlim-tərbiyənin həyatın bütün sahələrini əhatə etdiyi inancındadır. Ona görə, məktəbə gedən hər şagird məktəbdən aldığı dərsi ömür boyu təkrar edir və məktəbdə mənliyə naxış kimi vurulan hünər və bilik fəzilətə gedən yollarda sahibi üçün bir rəhbər və bağlı qapıları açan sirli bir açar vəzifəsini yerinə yetirir.
Fəthullah Gülən cəmiyyətdə ən böyük dəyəri müəllimə verir. Onun fikrincə, müəllim bir mənada məbəd funksiyasını da yerinə yetirən məktəbin müqəddəs varlığı, doğumdan ölümə qədər bir ömür boyu həyatı şəkilləndirən müqəddəs rəhbərdir. Gülən:“Millətinə qəza-qədər müstəvisində rəhbərlik edib, əxlaq və xarakterini ucaldan və ona əbədiyyət şüurunu aşılayan, mələk nəfəslərinin cəmləşdiyi bu üstün varlığa–müəllimə bərabər, dünyada ikinci bir məxluq göstərilə bilməz,” - deyir.
Gülənə görə, müəllimin fərd üzərində təsiri ana, ata və cəmiyyətin təsirindən daha böyükdür. Mələklər yurdu olan bir məktəbdə müəllim saf və təmiz toxumu torpağa səpən və onu qoruyandır . Yaxşısı ilə, sağlamı ilə məşğul olmaq onun vəzifəsi olduğu kimi, həyat və hadisələr qarşısında ona istiqamət verib hədəf göstərmək də yenə müəllimə aiddir. Hər gün ayrı bir sancı (ağrı) və əzabla tələbənin könlünə girən, dərs və davranışları ilə onun ağappaq beynində silinməz izlər qoyan müəllim əvəzedilməz bir təlimçidir. Şagirdə yolgöstərici və tərbiyəedici gözəl örnəklərin verilməsi ancaq siması həqiqəti əks etdirən, baxışları olduqca dərin və şagirdinə verəcəyi hər şeyi könül prizmasından keçirən müəllimlə mümkün ola bilər.
“Müəllimini tapmış bədəvi bir cəmiyyət mələklər qədər ülviləşir və toplum halında müəllimlik rütbəsinə yüksəlir”, - deyən Gülən heç bir fabrikin müəllim qədər axıcı və sistematik iş görə bilmədiyini və qarşısına aldığı yüzlərlə insana bir anda bütün duyğuları ilə sirayət edə bilmənin və onların varlıqları içində ikinci bir varlıq qazanmanın müəllimdən başqa heç kimə müyəssər olmadığını da vurğulayır. (Sızıntı, oktyabr, dekabr 1979).
Məktəbdə verilməsi vacib olan dərslər və şagirdə qazandırılması lazım olanlara da toxunan Fəthullah Gülənə görə, bilmək bir dəyər ifadə etsə də, şagirdi bilik hambalı edəcək bilik onun belində bir yük və bir məsuliyyət olur. Bu baxımdan, öyrəniləcək və öyrədiləcək hər şey insan şəxsiyyətini bütünləşdirici və daxili aləmlə əşya və hadisələr arasındakı incə münasibəti kəşf istiqamətli olmalıdır. Hətta bundan da əlavə, öyrənilən şeyə aid hər parça, praktika üçün sağlam əsas və yeni analizlər, təhlillərə aparan əsaslı bir qaynaq mahiyyətində olmalıdır. Gülən bundan başqa: “Uşaqlıq və məktəb dövründə oxudulacaq kitablar, şeir olsun, nəsr olsun, düşüncəyə qüvvət, ruha mətanət, ümid və əzmə güc verəcək mahiyyətdə olmalıdır ki, güclü iradəli, sağlam fikirli nəsillərə sahib ola bilək”, – deyir və belə davam edir: “Məktəbdə elm mənliyə mənimsədilir və insan bu yolla yaşadığı qatı maddə dünyasının hüdudlarını aşar və müəyyən mənada sonsuzluq sərhəddinə çatar. Fikrə aydınlıq, ruha pərvazlanma vəd etməyən hər cür kor-koranə əzbərçilik isə, mənliyi aşındıran bir törpü, qəlbə endirilmiş bir zərbədir.”
“Şəxsiyyətimizlə əşya arasındakı əsrarın həllinə yönəlməmiş bilginin xarici dünya və onunla ünsiyyətdə olma istiqamətində verəcəyi heç nə yoxdur”, – deyən Gülən, yalnız öyrənməyin, qarşıya çıxan hər şeyi öyrənməyin nəticə etibarilə heç bilməməkdən daha təhlükəli olduğu qənaətindədir. Bu səbəblə də, ona görə, insanı kainatla bütünləşdirən xüsuslar üzərində ciddi durulmalıdır. Bu xüsus düşüncənin ilk mərhələsi, öyrənmə ruh və ciddiliyinin də ən dəqiq əlamətidir.
Fəthullah Gülən daha sonra yaxşı bir təlim-tərbiyə üçün yaxşı bir proqramın sanki əsas prinsiplərini verir:
“Məktəbdə təhsilə başladığı ilk dönəmlərdə uşaqda əvvəlcə dil, ideal, inanc, əxlaq, xarakter, daha sonra bu təməllər üzərində sosial şəxsiyyət formalaşdırılmalı və ona yaşadığı dövrün şərtləri də nəzərə alınmaqla, elmlərdə inqilabçı ruh, daha doğrusu, daimi bir dirilişlə daim yeni və təravətli bir anlayış aşılanmalı, mənimsədilməlidir. Sonra bu nöqtədən hərəkətlə onun incəsənət, ticarət, kənd təsərrüfatı, elm və texnika kimi məsələlərə alışdırılması, uyğunlaşdırılması təmin edilməlidir. Bir cəmiyyətin ahəng içində və daima varlığını davam etdirə bilməsi, onun inanc və əxlaqından, bununla yanaşı, incəsənət, ticarət və kənd təsərrüfatından, bunların da yanında dünya balansındakı dövlətlərarası mövqeyi uğrunda cəhd və fəaliyyətlərindən asılıdır.”
Şagirdlə necə davranılması haqqında da uzun-uzadı təhlillər aparan Fəthullah Gülənə görə məktəbdə veriləcək təhsil və tərbiyədə şagirdin bütün xüsusiyyətlərinin yaxşıca müəyyənləşdirilməsi və bu istiqamətdə tələsmədən, müəyyən bir tədriciliyin, ardıcıllığın izlənilməsi şərtdir. Bu çərçivədə şagirdə veriləcək şeylərin dozası (səviyyəsi) düzgün təyin edilməli, bunların ona mənimsədilməsində səbir və qərarlılıq göstərilməli, irşad və tərbiyə təsirini göstərmir deyə, ümidsizliyə qapılmamalı, tərbiyə və yetişdirmədə ağıl, qəlb və ruhun bərabər doyurulmasına, ağıl qədər qəlb və hisslərə, qəlb və hisslər qədər ağıla xitab edilməsinə diqqət yetirilməlidir. Tələbənin qüsurları, birbaşa üzünə vurulmadan, xüsusilə başqaları yanında utandırılmadan ümumi təlqinlərlə düzəldilməli, buna müvəffəq olmadıqda isə xüsusi bir yerdə özü ilə maraqlanıb üz-üzə, təkbətək danışılmalıdır. Tələbəyə təlqin ediləcək hər yaxşı şey o işin qəhrəmanları ilə, hər pislik və çirkinliyin qarşısını alma da çirkinliklərə və pislikərə müqavimət göstərmiş igidlərlə konkretləşdirilməlidir. Tələbənin könlü ali ideallarla təchiz edilməli, sevgi, qorxu və cəzada tarazlıq mütləq qorunmalıdır. Bütün bunlardan ayrı və bəlkə də, ən önəmli bir prinsip olaraq müəllim tələbəyə anlatdığı hər mövzu və məsələdə biliyi ilə özünü qəbul etdirdiyi kimi, təlqin etdiyi bütün gözəllik və yaxşılıqlarda da ona şəxsən və yaşayışı ilə nümunə olmalıdır.
Gülənin bütün daxili və xarici xüsusiyyətləri ilə rəsmini çəkdiyi və öz ifadəsi ilə: “o biri aləmlərə açılmış, insanı bütün yönləri ilə kəşf edib qucaqlayan və sanki mələklər məkanı halına gəlmiş bir məktəb,” insanın yoğrulub həqiqi cövhərinin ortaya çıxdığı, ortaya çıxıb xalis qızıla çevrildiyi bir laboratoriya; ağlı elmlərlə aydınlanmış, qəlbi inanc, əxlaq və ən saf duyğularla büllur kimi təmiz və belə bir ağıl və qəlbin işığında tələbənin qabiliyyətini (himmətini) qanadlandıran müəllim də sabahımızın təminatı olacaq bu nəsillərin yoğrulduğu bu əsrarəngiz laboratoriyanın həqiqi və müqəddəs ustadıdır. (Sızıntı, aprel-iyul 1981; oktyabr-dekabr 1979)
- tarixində yaradılmışdır.