Fəthullah Gülənin aksiyonunda əsas prinsiplər
Fəthullah Gülən istər təhsil sahəsində olsun, istər tolerantlıq-dialoq sahəsində, istərsə də zehni və mənəvi təlim sahəsində olsun, aksiyonla bağlı bəzi əsas müddəalar üzərində israrla dayanır. Bunları müəyyən başlıq altında belə ümumiləşdirə bilərik:
A. Hədəfə yalnız Allahın rizasını qoymaq: İxlas
“İnanan insanlar hər şeyini Allahın rizasını qazanmaq uğrunda ilmə-ilmə işləməli, fəda etməlidir. Onsuz da, buna əks düşüncə (Haşa) tərzi Allahla alış-veriş etmə mənasına gəlir. Yəni “Mən belə çalışsam, idari sistem də belə-belə olar və olmalı” kimi Allaha qulluq anlayışına tamamilə zidd, ona yaraşmayan düşüncələrə girilər. Və təbii ki, bir dəfə belə bir fasid dairəyə girən insanın bu düşüncədən qurtulması çox çətindir” (Prizma 1, 84-85) deyən Fəthullah Gülənə görə, insan hər əməlində Allahın rizasını qazanmağı hədəf götürməli, yəni hər etdiyini Allah üçün etməli, onda dünyəvi ən kiçik bir mənfəət, şöhrət, özündən bəhs edilmə kimi məqsədlər güdməməlidir. Bunun adı ixlasdır. Əgər xüsusilə, din üçün görülən işdə ixlas yoxdursa, yəni həmin işdə yalnız Allahın rizası hədəf, qayə deyilsə, onda o işlə gözlənilən məqsədə çatılmayacağı kimi, həmin işdə müvəffəqiyyət əldə edilsə də, insana üxrəvi (axirətə aid) heç nə qazandırmayacaq. (Fasıldan Fasıla, 2/30-31)
B. Öhdənə düşəni yerinə yetirib nəticəni Allaha həvalə etmə
Fəthullah Gülən insanın üzərinə düşən vəzifənin, nə etməlidirsə onu xalis niyyətlə etməsi və nəticəni Allahdan gözləməsi olduğunu vurğulayır. Ona görə, görülən işlərə şəxsi qərəzlər və arzular qarışmamalı, edilməli nə isə və necə edilməsi tələb olunursa, o iş o şəkildə görülməlidir. Əgər insan işə öz şəxsi arzu və istəklərini qatsa, xətaya düşə bilər, niyyətindəki saflığa xələl gələ bilər və nəticə olaraq, ortaya xaos çıxar.
İkinci olaraq, başqalarına hidayət vermə, onların düşüncə, davranış, inanc və yaşayışlarını dəyişdirmə insanın əlində deyildir. Qəlblər Alllahın əlindədir; hidayət edən, insanları doğruya yönəldən Odur. Lakin burada insanın üzərinə düşən bir vəzifə vardır ki, o da doğru bəyanı başqalarına çatdırmaq üçün halal olan hər yola müraciət etməkdir. Bundan sonrası Allaha qalmışdır; O dilərsə, qarşıdakıların qabiliyyəti varsa, bəyanı onlara qəbul etdirər; qarşıdakıların qabiliyyəti, o mövzuda heç bir meyli yoxsa, qəbul etdirməz. Qurani-Kərimdə bu mövzuda Peyğəmbərimizə belə: “(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir! (Və buna görə də onları haqq yola müvəffəq edir!)” (Qəsəs, 28/56) buyrulur. Bəli, insan ona düşən vəzifəni yerinə yetirməli, Allahın işinə qarışmamalıdır. (Fasıldan Fasıla, 1/102)
C. Məqsəd və vasitəni dəqiq müəyyənləşdirmə
Fəthullah Gülən hər işdə və hər həmlədə əvvəlcə hədəf və məqsədin dəqiq müəyyənləşdirilməli olduğunu bildirir. Yuxarıda ifadə edildiyi kimi, hər insanın amalı Ulu Yaradanın razılığını qazanmaq olmalıdır. Haqqın razılığı istiqamətində görülən işlərin hər zərrəsi bir günəş, hər damlası bir dəniz və hər bir anı əbədiyyət dəyərindədir. Vəsilə və vasitələrin dəyəri məqsədə aparmaqda və məqsədə çatdırmada nöqsansızlığı ölçüsündədir.
İslam məqsədə aparan hər yolu halal görmür, qayə ülvi olduğu kimi, ona gedən yol da düzgün olmalıdır. Doğru olmayan vasitə insanı hədəfinin əksinə aparar. Buna görə də, müsəlman “hədəfə çatacağam” deyə, hər yola əl ata bilməz. Əsas iş gərəkli olanı tələb olunduğu şəkildə və halal dairədə etməkdir. Vasitə halal olmaqla qalmayıb, haqqa ehtiram və həqiqət düşüncəsini inkişaf etdirmək xüsusiyyətini də daşımalıdır. Bundan başqa, zaman keçdikcə qayəni unudub vasitələrdə boğulma, onları qayə halına gətirmə halları da baş verə bilər ki, bu, yolu yürümə qarşısında böyük təhlükədir. Hədəf və qurulma məqsədi unudulmuş məbədlər, yuvalar, məktəblər yaradılış qayəsini unutmuş bir insan kimi öz ziyanına işləyər.
Gülənin, üzərində ciddiyyətlə dayandığı digər bir məqam isə budur: insan düşüncə monopoliyası ilə doğrunu yalnız özündə və onunla eyni düşüncədə olanlarda görməməli, başqa düşüncələrə də yer verib onları da mütləq nəzərə almalıdır. Xüsusilə, eyni inanc, eyni duyğu və düşüncəni paylaşan insanlara qarşı duyulan kin və nifrət hədəf və qayə düşüncəsindən məhrumiyyətdən başqa bir məna ifadə etmir. Kainat çarxının öz nöqsanlı düsturlarına görə dönməsini düşünənlər nəfsin itaətkar qullarından fərqlənmirlər. (Ölçü veya Yoldakı Işıklar, 203-205)
D. Müsbət hərəkət və aksiyoner olma
Fəthullah Gülən reaksiyonerliyə, yəni qarşı çıxma zehniyyətinə olduqca qarşıdır. Ona görə, reaksiyoner hərəkətlər qarşı tərəfə nifrət hissi ilə oturub-durmağa, kin və hiddətlə hərəkət etməyə səbəb olur. Bu hərəkətlər məmnun olmayanların hərəkətidir və nəticəsi də yalnız hicran və həsrətdir.
Gülən: “Bu milllətin bu günü və sabahı naminə nə edilir-edilsin, təxribat hesabına edilməmlidir və nə olur-olsun, bu ölkənin birlik və bərabərliyinə ziyan verməməlidir. Yəni “İnşa edək“ – deyərkən bərpası əsrlərlə mümkün olmayan dağıntılara imkan verilməməlidir. Əks təqdirdə, həm məqsədimizin əksi ilə sillə yeyər, həm gələcək nəsillərin lənət və nifrətinə səbəb olar, həm də axirətə aid çox şeyi itirə bilərik,” – şəklində xəbərdarlıq edir.
Reaksiyoner və ya qarşı çıxan deyil, aksiyoner olmanın, başqa sözlə, lazım olanı etmə, inşa və təmirlə məşğul olub dağıtmaqdan uzaq olmanın adı “müsbət hərəkətdir”. Elə bu əsas Gülənin aksiyonunun ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. O, tez-tez: “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər,” məalındakı “Maidə” sürəsinin 105-ci ayəsini oxuyaraq müsbət davranışı xatırladır və “Əsas olan və ediməsi gərəkən iş, qaranlığa söymək deyil, bir mum yandırmaqdır,” – deyir. (Prizma 1/83-84; Ruhumuzun Heykelini Dikerken, 33)
E. Kollektiv şüur və məşvərət (məsləhətləşmə)
Fəthullah Gülənə görə, kollektiv şüur və məşvərət (məsləhətləşmə) istənilən müsbət hərəkət üçün böyük əhəmiyyətə malikdir. O, kollektiv şüuru şəxsi mənafeyi yerinə cəmiyyətin mənfəətlərini düşünən, cəmiyyətin bu günü və sabahı ilə bütünləşmiş, ümid, vəfa, ixlas və səmimiyyət yolunda hərəkət edən, şöhrət yerinə təvazökarlıq və özünü düşünmə yerinə başqalarını düşünməyi əsas götürən vəzifə və ideal insanlarının ortaq ağlı kimi dəyərləndirir. Bu ağıl hər işində Allaha arxalanmaqla bərabər, girdiyi hər işdə tədbir xətasına yol verməyən və gərəkli bütün səbəbləri yerinə yetirən, ətrafında baş verənlər qarşısında son dərəcə həssas, nə dünyəvi, nə də üxrəvi işlərdə emosional davranan, səy və hərəkətlərini Allahın riza tərəzisində ölçən, əşya və hadisələrlə ziddləşməyən, həyat və kainatla əlaqəli elmlərin predmeti olan ilahi qanunlara uyğun hərəkət edən bir ağıldır. (Yeşeren Düşünceler, 99-102)
Məşvərəti “ən həyati bir xüsusiyyət, ən əsaslı bir qayda” hesab edən Gülənə görə, məsləhətləşmə hər hansı bir işdə veriləcək qərarların dəqiq (isabətli) olmasının ilk şərtidir. “Ətraflı düşünmədən, başqalarının fikir və tənqidləri nəzərə alınmadan fərd və cəmiyyətlə bağlı verilən qərarlar çox vaxt uğursuzluq və iflasla nəticələnmişdir,” – deyən Gülən öz düşüncələri ilə kifayətlənən və başqalarının düşüncələrinə hörmət göstərməyən bir insanın üstün bir fitrət, yüksək bir xarakter, hətta dahi olsa belə, hər düşüncəsini məşvərətə təqdim edən adi və sadə bir insana nisbətən, daha çox yanılmalara yol verəcəyi qənaətindədir. O, ən ağıllı insanın məşvərət qərarlarına ən çox hörmət edən və başqalarının düşüncələrindən də ən çox yararlanan insan olduğunu bildirir. Gülən daha da irəli gedərək: ”İş və planlarında öz fikirləri ilə kifayətlənən, hətta bu fikirləri digər insanlara da zorla qəbul etdirməyə çalışanlar vacib bir əsası itirdikləri kimi, ətrafındakı insanlardan da daim nifrət və soyuqluq görürlər. Bəli, bir insanın təşəbbüs göstərdiyi hər hansı bir işində gözəl nəticə əldə etməsinin ilk şərti məşvərət (məsləhətləşmə) olduğu kimi, onun öz gücündən qat-qat üstün önəmli bir qüvvə qaynağına sahib olmasının yolu da yenə məşvərətdir. Bir işə başlamazdan əvvəl hər lazımi məsləhətləşməni edib tədbirdə qüsura yol verilməməlidir ki, sonra ətrafı günahlandırma və qədəri tənqid etmə kimi müsibəti ikiqat artıran xətalar işlənməsin,” – deyir. (Ölçü veya Yoldakı Işıklar, 162-163; Ruhumuzun Heykelini Dikerken, 38-39)
Bəziləri Fəthullah Gülənin çevrəsində bir iyerarxiyanın olduğunu və bu iyerarxiyada fərdi düşüncələrə yer olmadığını iddia edirlər. Halbuki, bu, doğru deyildir. Məşvərəti tez-tez vurğulayan Gülən dövrün fərdi dühalar dövrü deyil, kollektiv şüur dövrü olması üzərində həssasiyyətlə dayanır. O ancaq insanlar tərəfindən mənimsənilmiş, beyinlərə və qəlblərə yerləşmiş düşüncə və niyyətlərin tətbiq edilə biləcəyinə inanır və özü ilə bağlı məsələlərdə belə ətrafı ilə, bilgi və səmimiyyətinə güvəndiyi insanlarla mütləq məsləhətləşir. Dolayısilə, şəxsi fikri olan hər kəs onun qarşısında düşüncələrini söyləyə bilir. Qaldı ki, Güləni ən çox narahat edən cəhətlərdən biri iyerarxiya düşüncəsi, insanların başqalarından üstün olma vəhmi, “lider və ya başda olma” duyğusudur.
F. Doğruluq və etibarlılıq
Fəthullah Gülən :“Doğruluq peyğəmbərliyin məhvəridir,” – deyir. Peyğəmbərlik doğruluq orbiti üzrə hərəkət edir. Peyğəmbərlər həqiqətdən kənar heç bir söz demədikləri kimi, aldatma, kələk gəlmə növündən olan bayağı xasiyyət və davranışlar da onlara yaxın düşməz. Dolayısilə, doğru olma, doğrularla birlikdə olma aksiyonun ən önəmli və əsl təməllərindən biridir.
Doğruluq kimi, əmanətə sadiq olma və güvənilən insan olma da həm İslami-insani bir xasiyyət, həm də aksiyonda təməl prinsiplərdən biri kimi yenə də böyük əhəmiyyətə malikdir. Fəthullah Gülənin düşüncəsində və həqiqətdə mömin-inanan və ətrafına etibar-etimad (əmniyyət) təlqin edən insan deməkdir. Qurani-Kərim peyğəmbərləri əmin (güvənilən), insanlar olaraq ön plana çəkir və əmniyyət insanı olmalarını onların birinci vəsfi olaraq anır (Şüəra, 26/ 107, 125, 143). Bu baxımdan mömin tamamilə əmniyyət, etibarlılıq qaynağıdır. O, heç kimi tənqid etməz, əli ilə və dili ilə heç kimə ziyan verməz, heç kim haqqında qeybət və dedi-qodu danışmaz, heç kimin malına, heysiyyətinə və namusuna göz dikməz. Güvənilən, etibar edilən olma Qurani-Kərimi Peyğəmbərimizə (s.ə.s.) gətirən Həzrəti Cəbrayılın ən önəmli cəhətidir. Həqiqi bir aksiyon da elə bu əmniyyət üzərində qurulmalı, onda yalan və aldatma, qısaca, etimaddan sui-istifadə edəcək ən kiçik bir söz və davranış olmamalıdır. (Sonsuz Nur, 1/99-101, 174-176)
G. Fətanət
Fətanət peyğəmbərliyin ən vacib vəsflərindən biri olduğu kimi, bir aksiyon üçün də çox əhəmiyyətli cəhətlərdəndir. Fətanət yalnız quru ağıl və məntiqə əsaslanmama, ağılı vəhyin işığında istifadə edib quru ağıl və məntiqi vəhyə söykənən ağıl vasitəsilə aşma deməkdir. Bu ağılda ruh, qəlb, hiss və bütün zehni faktorlar (məntiq, muhakimə, təfəkkür, düşüncə və s.) birlikdə və kompleks halındadır. Bu ağılın ən önəmli bir tərəfi hikmətdir, daha doğrusu, hikmət, yəni əşya və hadisələrin səbəbini dərk etmə, hər durumda doğru düşünüb düzgün qərar vermə gücü, bir növ, bu ağılla eynidir və ya onun başqa adıdır.
Bəli, fətanət quru ağıl və məntiq olmadığı üçün İslamı quru ağıl və məntiqdə boğma mənasında “İslam ağıl dinidir” iddiası mənasız iddiadan başqa bir şey deyildir. İslam, ilk olaraq vəhyə əsaslanır, fəqət ağıla xitab edir və özünü yuxarıda bəhs etdiyimiz ağıla qəbul etdirir. Onun bu ağıla zidd gələn heç bir qaydası, heç bir hökmü yoxdur. Lakin bu, “hər ağıl onu tam şəkildə anlaya və mühakimə edə bilər” demək deyildir. İlk növbədə ağılı istiqamətləndirən, ona yol göstərən, aydınladan və onu qəlb, hiss və bütün zehni faktorları ilə kompleks şəkildə dinamik güc halına gətirən İslamdır. Məhz bu xəmirdə yoğrulmuş ağıl İslamı həqiqi mənada dərk edə bilər və ona etiraz üçün heç bir məqam tapa bilməz. Yenə əşya və hadisələri real səviyyəsində qiymətləndirən, onlardakı mənaları dərk edən, kainat əsl mənası ilə anlaya bilən də ancaq bu ağıldır. Beləcə “fətanət” dediyimiz və peyğəmbərliyin də əsas cəhətlərindən biri olan bu ağıl aksiyonun da ən vacib təməllərindəndir. (Sonsuz Nur, 1/253-254)
H. Günahlardan uzaq olma və tövbə
Fəthullah Gülən bir çox məqalə və söhbətlərində günah və tövbə, tövbədən də əlavə inabə və əvbədən bəhs edir. Tövbədə duyğu, düşüncə və davranışlarda ilahi əmrləri pozmaqdan onlara tabe olmağa yönəlmə əsas olduğu halda, inabədə insanın özünün bu tabeçiliyi və buna riayət etməsini belə sorğu-suala çəkməsi, hətta ən gözəl davranışlarında da hər hansı bir qüsurun, ixlassızlığın ola biləcəyi əndişəsi ilə peşmançılıq duyub Allaha yönəlməsi; əvbədə isə günahların nəticəsində cəzalanma qorxusu ilə Allaha sığınma, mənəvi səviyyə və dərəcələri qoruma cəhdi ilə Allahda fani olmanın fövqündə, Allahdan başqa hər şeyə, hər mülahizəyə qəlb qapılarını bağlama əsasdır. (Kalbin Zümrüt Tepeleri, 1/22)
“Günah daxili (mənəvi) kirlənmə, uyğunsuzluq və fitrətlə ziddləşmədir. Günah iradənin üzünə atılmış bir tüpürcək və ruha içirdilmiş bir zəqqumdur. Günah insana bəxş edilən bütün istedad və ülvi duyğuları söndürən bir fırtına və mənəvi həyatı bütövlükdə bürüyən zəhərli bir dumandır,” – deyən Gülən: “Günaha girən bir adam özünü vicdani əzablara və mənəvi sıxıntılara salmış və bütün ruhi qabiliyyət və bacarıqlarını şeytana təslim etmiş bir zavallı və talesiz bir insandır.. Bir də o günahı işləməyə davam edərsə, nəzarəti tamamilə əldən çıxarar ki, bundan sonra, nə iradə, nə müqavimət, nə də özünü yeniləməyə taqəti qalar”, – şəklində xəbərdarlıqlar edir. İnsanın əbədiyyət səfərində günahların ilan kimi hər addımbaşı qabağını kəsə biləcəyini bildirən Fəthullah Gülən bir hədisi-şərifə istinad edərək Yaradana şərik və ortaq qoşmağı, haqsız yerə cana qıymağı, ana və atanın haqqını tapdalamağı, yalandan şahidliyi, cəbhədən qaçmağı, iffətli insanların iffəti ilə oynamağı ən böyük günahlar kimi sadalayır. Bununla birlikdə, o, vətənin sağa-sola peşkəş verilməsini, meşələrin və bağların dağıdılıb quru yerə çevrilməsini, müsəlman bir millətin kökündən uzaqlaşdırılıb, ruhuna yad düşüncələrlə mehrabının yıxılması və minbərinin yerinin dəyişdirilməsini, nəsilləri inancdan, düşüncədən, haqq ölçüsündən və istiqamətdən məhrum hədəfsiz, idealsız bir kütlə halına gətirib millətin nəfsinə, nəslinə, dininə və malına hücum etməyi, sonra da bunları cəzalandırma məqsədi ilə dar ağacları qurmağı da tarix qarşısında və Allah divanında bağışlanmaz günahlar arasında qeyd edir. Sonra da: “Bütün bunlardan daha böyük bir günah vardır ki, o da ətrafı selə və alovlara düçar edən bu böyük günahkarların öz əməllərini günah bilməmələridir. Bəli, Allah və tarix qarşısında bağışlanılmaz bir günah varsa, o da elə budur: Günahın günah olduğunu bilməmə, günahdan ürpərməmə günahı,” – deyir və bu ən böyük günah dərk edilib haqq-hesabın dəmir pəncəsinə təslim ediləcəyi ana qədər cəmiyyətin özünü yeniləməsinin, hətta varlığını qoruya bilməsinin çətinliyini bildirir. (Çağ və Nesil, 125-128)
İ. Aksiyonun Mayası – Sevgi
“Könlünü Allaha iman və Onun mərifəti ilə doldurmuş, təchiz etmiş insan bütün insanlara, hətta bütün varlığa dərəcəsinə görə dərin bir məhəbbət, əngin bir sevgi duyar və ömrünü bütün varlıqları qucan eşqlərin, vəcdlərin, cəzbələrin, incizabların (cəzb edilmə) və ruhani zövqlərin arasında keçirər,” – deyən Fəthullah Gülənə görə, sevgi olmadan nəticə etibarilə uzunmüddətli, qalıcı heç bir həmlə və hərəkəti həyata keçirmək mümkün deyildir. Xüsusilə, axirət və o biri aləmlə bağlı hərəkətlər, mayasında sevgi olmadan istənilən nəticəyə nail ola bilməz. “Allah qarşısında var edən və var olan münasibətlər içində yerimizi müəyyənləşdirmək, varlığımızın Onun varlığının, ziyasının kölgəsi olması etibarilə, yaradılmış olmağının həzzini duymaq, Onun xoşnudluğunu yaradılış qayəsi kimi qəbul edib hər zaman o xoşnudluğu qazanmağa çalışmaq çərçivəsində təqdim edəcəyimiz İlahi eşq sonsuz və sirli bir güc mənbəyidir”. Aksiyon insanları bu mənbəyin qədrini bilməli, onu köpürdə-köpürdə yaşamalıdırlar. (Fasıldan Fasıla, 2/127)
J. Düşüncədə və Davranışlarda Bütünlük və Disiplin (Nizam-intizam)
Fətanətin başqa bir səviyyəsi, və ya Gülənin aksiyonunda fərqli bir aksiyon dinamikası, ya da ünsürü ağıl-qəlb bütünlüyünə nail olmaq, zehni əsl məhvərinə oturmuş elmlərlə Allahın əşya və hadisələrdəki icraatını qavrayaraq aydınlatmaq, qəlbi dini elmlərlə və saflıq, səmimiyyət, ixlas və günahlardan uzaq tutmaqla təmiz saxlamaq, bu şəkildə hərtərəfli insan olub külli düşünə bilməkdir. Bununla yanaşı, Fəthullah Gülən üçün həm düşüncədə, həm aksiyonda disiplin də vacibdir.
Şübhəsiz, professional olmağı rədd etməyən, lakin onu ancaq bütövdən ayrılmadan və bütöv müstəvisində bütövün parçaları haqqında daha ətraflı məlumat və təcrübəyə sahib olmaq şəklində dəyərləndirən külli düşüncə yerinə parçalı düşünmə modern düşüncənin ən böyük nöqsan və xətalarından biridir. Bu düşüncə kainata, insana və həyata ayrı-ayrılıqda, biri-birindən təcrid olunmuş parçalar şəklində yanaşır və dolayısilə də, parçalar arasında bütünlük qura bilmədiyi üçün parçalar üzərində kəmiyyət yönündən, yəni məlumat bolluğu etibarilə çox irəli getsə də, keyfiyyətdə olduqca geri qalır. Halbuki, hərtərəfli insan – külli düşünə bilən, əşya və hadisələri, insanı və kainatı komplekslik çərçivəsində qavrayıb, parçalara bu komplekslik daxilində yer verən və aralarındakı əlaqəni görə bilən insandır. Ancaq belə insanlar sözün əsl mənasında həqiqi aksiyonun yönləndiriciləri ola bilər. İslam dünyası son əsrlərdə bu bütövlükdən, ağıl-qəlb bütünlüyündən uzaqlaşdığı, mədrəsə təlimindən elmləri uzaqlaşdırıb, məktəbə din və mənəviyyatı salmadığı üçün tənəzzüldən xilas ola bilmədiyi kimi, həqiqi bir dirilişi (dirçəlişi) də reallaşdıra bilməmişdir. (Fasıldan Fasıla, 3/121; Prizma, 1/ 126-127, 190)
K. Qüvvət
Fəthullah Gülən, xüsusilə, aksiyon üçün “qüvvət” üzərində də dayanır. O, qüvvətin də bir yaradılış hikməti olduğunu, dolayısilə, nəzərə alınmamasının qeyri-mümkünlüyünü, amma qüvvətin elm, məna və hikmətə, başqa sözlə, haqqa və hüquqa bağlı olmasının vacibliyini vurğulayır. Haqqın qüvvətdə deyil, qüvvətin haqda olduğunu bildirən və əks halda çılğın bir qüvvətin meydana çıxacağı barəsində xəbərdarlıq edən Gülən: “Çılğın və bütün məsələləri özünün həll edə biləcəyinə inanan qüvvət ağılı da, məntiqi də, muhakimə və dərrakəni də dinləməz,” – deyir. Onun fikrincə, insanlığın bu son çağı belə bir qüvvənin zülmlərinə şahid olur və çılğın qüvvət texnoloji imkanları kin, nifrət və ehtirasın əlinə verərək keçmiş dövrlərdə bir əsrə sığmayan dağıntıların ən dəhşətlisini bir neçə günə sığışdırır, bir həmlədə ən möhkəm sistemləri yerlə-yeksan edir, bir anda rejimləri dəyişdirib yerinə yeni rejimlər gətirə bilir və bir göz qırpımında ən köklü düşüncə tərzlərini, ən sağlam məfhumları yox edib kütlələri amalsız, köksüz, qayəsiz buraxa bilir, inanclara sərhəd qoyub düşüncə azadlığını məhdudlaşdıra bilir, xüsusən də son vaxtlarda medianın gücünü də yanına çəkərək haqqı batil, batili də haqq göstərib cəmiyyət miqyasında dəyərlər xaosu meydana gətirə bilir. Bu səbəblə qüvvət nəzarətsiz buraxılmamalı, yox sayılıb unudulmamalı, amma haqqın əlində, məntiq və muhakimənin rəhbərliyində, düşüncələri sevgi ilə yoğrulmuş və hərəkətlərində dünyəvi sülhü əsas götürən həqiqi qəhrəmanlar tərəfindən istifadə olunmalıdır.. (Sızıntı, dekabr 1995)
L. Ehtiyat, tədbir və səbəblərə riayət
Fəthullah Gülənin aksiyon mövzusunda üzərində dayandığı əsas məsələlərdən biri də tədbir, ehtiyat və səbəblərə riayətdir. Ona görə, dünyada heç bir hərəkət, heç bir iş, heç bir hədəf möcüzələrə, Allahın xüsusi yardımlarına ümid edərək qurulmamalıdır. Allah qarşılıqlı-qarşılıqsız kömək edə bilər, gözlənilməz qapılar aça bilər. Lakin dünya hikmətlər diyarıdır, burada səbəblər hökm sürür və Allah burada hər işi, hər uğuru bir səbəbə bağlamışdır. Bu baxımdan hər işə öz səbəbləri ilə gedilir və bu səbəbləri əskiksiz yerinə yetirmək, sonra da nəticəyə ümid edərək Allaha təvvəkül etmək hər işdə şərtdir və müvəffəqiyyətin mənbəyidir. Gülən tez-tez xatırladır: “Dünyada səbəblərə o qədər riayət edilməlidir ki, görənlər “Bunlar nə yaman səbəblərə bağlı insanlardır!” deməli, səbəbləri yerinə yetirdikdən sonra da Allaha o qədər təvəkkül edilməlidir ki, görənlər bu dəfə: “Bunlar təvəkküldən başqa heç nə bilmirlər,” – deməli!”
Gülən aksiyonun sabitliyi, möhkəmliyi naminə ehtiyat mövzusunda bu fikirləri qeyd edir:
“Ehtiyat bir iş və hərəkətdə zərərə düşmə ehtimallarına qarşı və baş verə biləcək müsibətlər nəticəsində ah-nalə etməmək üçün əhəmiyyətli bir davranışdır. Səbəb və vasitələrə lazımi səviyyədə riayət etməmiş o qədər təşəbbüskar var ki, nəticədə ya dizini döyür, ya da qədərə üsyan edir. Onlar əvvəlcə tədbirdə qüsura yol verirlər, sonra da qədəri tənqid etməklə xətaya düşürlər.
Təşəbbüslər kimi tədbirlər də Haqqın inayətinə (ilahi yardım) ərz edilmiş dəvətnamələrdir. Və eyni zamanda, bunlar bir həqiqətin iki üzündən ibarətdir. Bunlardan birində yol verilən qüsur çox vaxt inayətin kəsilməsinə və dolayısilə də müvəffəqiyyətsizliyə səbəb olar. Problemsiz yol və yürüş isə hər işdə tədbir və ehtimalların nəzərə alınması ilə mümkündür.” (Ölçü veya Yoldakı Işıklar, 206, 209)
- tarixində yaradılmışdır.