Kökə qayıdış, qərbə baxış və davamlı yenilənmə
Keçmişə ruhi, mənəvi, əxlaqi, insani, mədəni tellərlə bağlı olan Fəthullah Gülən “Xoşbəxt Sabahlar” (Sızıntı, dekabr 1987), “Xoşbəxt Nəsillər” (Sızıntı, yanvar 1988) kimi məqalələrində necə bir gələcək arzuladığını bildirir və bu gələcəyi inşa etmək üçün əksər müsəlman ziyalılar kimi o da “Kökə Qayıdış” ifadəsini işlədir.
Kökə qayıtmaq insanın öz xarakter, öz mədəniyyət və öz ruh kökünə dönməsi deməkdir. Bu da yalnız fərd və cəmiyyətin öz düşüncə və iradəsi ilə varlığını qoruması, öz ayaqları üstündə yeriməsi, öz əlləri ilə işləməsi, öz mədəni ənənələri ilə bəslənib inkişaf etməsi, milli şəxsiyyətini alçaldacaq təqlidlərdən uzaqlaşması, adət-ənənə və milli xüsusiyyətlər kimi neçə əsrlərdir davam edən və işlənə-işlənə mənliyimizlə bütünləşmiş dəyərlərin həssaslıqla qorunub saxlanması ilə mümkün olacaqdır.
Fəthullah Gülən nələrin “kökə qayıdış”olmadığını da vurğulayır. Ona görə, “kökə qayıdış” irqi bir bağlılıq, qan qohumluğu ilə hərəkət etmək və ya ətraf dünyadan tamamilə uzaqlaşıb öz modeli içində qalmaq mənasında başa düşülməməlidir. Kökə qayıtmaq dünəni bu günlə, bu günü də sabahla birlikdə görmə və neçə-neçə əsrlərin məhsulu olan mədəniyyət tərəzisi ilə təmizlənəcəkləri seçib atmaq, qalanlarına da möhkəm şəkildə bağlanmaq, sahib çıxmaq deməkdir.
Fəthullah Gülən kökə qayıdış nöqtəsində Qərblə təmasa, ondan istifadə etməyə qarşı çıxmır. Onun qarşı olduğu Qərbə baxış şəkli, onu dəyərləndirmə və onunla təmasda yol verilən səhvlərdir. Gülənə görə, İslamın məruz qaldığı fəlakətlərin əsas səbəblərindən biri Qərbi lazımi şəkildə anlayıb dəyərləndirə bilmək və onu inkişaf etdirən faktorlardan faydalana bilməməkdir. Gülən reallığın dərk edilib hər şeyin ağıl, məntiq və muhakimə süzgəcindən keçirilməsinin və Türk ictimai irsinin qəbul edəcəyi ölçüdə hərəkət edilməsinin tərəfdarıdır.
Gülənə görə, tarix boyunca ancaq özünəməxsus xüsusiyyətləri və təməl ünsürləri mövcud olan mədəniyyətlər varlığını qoruya bilmişdir. Müasir Qərb mədəniyyəti də bunlardan biri kimi özünəməxsus cəhətlərə malikdir. Bunları başqa bir mədəniyyət ailəsinin götürüb eynilə tətbiq etməsi mümkün deyildir. Mədəniyyətlər heç vaxt bir-birinə çevrilə bilməz, amma hər mədəniyyətdə digər mədəniyyətlərin “anatomiyasına uyğun” ünsürlər vardır. Əsas olan bunları təsbit edib örqanizmə aşılamaqdır. Gülən Qərbə və Qərblə qurmalı olduğumuz münasibətlərimizə bu prizmadan baxır və kor-koranə Qərb təqlidçiliyi ilə yanaşı, ona qarşı düşmən kimi yanaşmanı da müsbət davranış hesab etmir.
Fəthullah Gülən cəmiyyət həyatında, bir millətin inkişafında elm, din, düşüncə və mədəniyyətlə birlikdə, bunların münasibətləri üzərində də durur. Bundan başqa, ölkənin problemlərini aradan qaldırıb inkişaf edə bilməsi yolunda dil məsələsinə də toxunan Fəthullah Gülən: “Dil də tarixi təkamülü içindəki çəkisi ilə nəzərdən keçirilib gücləndirilməli və dünya dilləri arasında şövqlə yazılıb-oxunan dillərdən biri halına gətirilməlidir,” - deyir. Sağlam cəmiyyət həyatına sahib olan bir millət və inkişaf etmiş ölkə olmanın ən vacib şərtlərini ard-arda sıralayan Gülən tarix şüuruna da toxunur və: “Tarix şüuru keçmişlə gələcəyi bağlayan körpü rolunu oynayır. Bu körpünü qurub qoruya bilməyən millətlərin qarşı sahilin harasında lövbər salacağını əvvəlcədən bilmək olduqca çətindir,” - cümlələri ilə fikrini bildirir.
“Keçmiş hal qeyri-mümkün, ya yeni hal, ya da yox olmaq” (Eski hal muhal, ya yeni hal ya izmihlal) yanaşmasını müdafiə edən Gülən müasir mənliyin içindən çıxarılıb qurulmasını istədiyi bir keçmişdən söz açır və bu, sadəcə bir “keçmiş” deyil, indiki halın keçmişidir.
Fəthullah Gülənin “kökə qayıdış” və davamlı dinamik qala bilmə məqsədi ilə təklif etdiyi müddəa isə davamlı yenilənmə və ya “özünü yeniləmədir”. Ancaq o, yenilənmə təxəyyülü ilə qarşımıza çıxarılan hər “libası” yeni olduğu üçün geyinmə tərəfdarı bir “yenilikçi” də deyildir, insanı insan, milləti də millət edən köklü, təməl dəyərlərə bağlı şəkildə zamanın önündə irəliləmə tərəfdarı olan bir yenilikçidir.
Özünü yeniləməyi varlığını qoruya bilmənin ilk şərti və ən mühüm əsası kimi qəbul edən Gülənə görə yeri gələndə özünü yeniləyə bilməyənlər, güclü də olsalar, gec-tez məhvə məhkumdurlar. Hər şey özünü yeniləməklə canlı qalır və varlığını davam etdirir.
Yeniləşmənin təbiətdə hər zaman müşahidə olunan bir hadisə olduğuna diqqəti cəlb edən Fəthullah Gülən dövlətlərin özlərini yeniləyib gəncləşdikləri nisbətdə dünya miqyasında məsuliyyət altına girib yeni zəfərlərə hazırlana biləcəklərini vurğulayır. O, bu zəfəri “elmə aydınlıq, texnikaya iman qazandırmaq və bəşər övladına yenidən diriliş məqsədi ilə səslənməklə həyata keçəcək bir zəfər” olaraq ifadə edir.
Fəthullah Gülən: “Özünü yeniləmə, yenilik heyranlığı və moda həvəskarlığı ilə qarışdırılmamalıdır,” - deyir. Ona görə həqiqi yenilənmə kökümüzdəki saflığı qoruyub varislik yolu ilə keçmişdən süzülüb gələn bütün həqiqi dəyərləri hal-hazırdakı düşüncə və fikirlərlə sintez edib daha yeni, daha aydın təfəkkür zirvələrinə çatmaqdır. Özünü yeniləmə ruhi planda bir dirilişdir. O (özünü yeniləmə), elmlərin inkişaf etməsini, texnologiyanın yeni imkanlar hazırlayıb istifadəmizə verməsini ən gözəl şəkildə dəyərləndirərək elmi və ruhi tərəqqi məqsədi ilə harada olduğumuza müntəzəm nəzarət etmək, qənaət, düşüncə və təsəvvürlərimizi təkrar-təkrar yoxlayaraq hər vəchlə bütün kainatları ələyib qəlbimizdəki iman - ürfan pətəyinə yeni-yeni nektarlar əlavə etməkdir.
- tarixində yaradılmışdır.