Mədəniyyət, incəsənət, ədəbiyyat, musiqi, kino və teatr

Bəziləri Fəthullah Güləni sadəcə bir aksiyon insanı, təhsil, tolerantlıq və dialoq təşəbbüskarı kimi, bəziləri sadəcə bir vaiz, bəziləri də alim kimi tanıya bilər. Bunlara baxmayaraq, çox az adam onun üç xüsusiyyətinə toxunmuşdur. Bunlardan birincisi, onun nəfs tərbiyəçiliyi, ikincisi, “sadə insan” olması, üçüncüsü isə sözü və qələmidir.

Söz, düşüncə və düşüncəyə hörmət

Sözə, qələmə, başqa sözlə, düşüncəyə, sənətə, ədəbiyyat və mədəniyyətə böyük əhəmiyyət verən Fəthullah Gülən ilk yaradılışın yoxluğun bağrına atılan iki hərfli “kun (ol)” əmri ilə başladığını qeyd edir və təkdən çoxa, birdən çoxluğa uzanıb gedən yolların sözlə açılmasını, sözlə aydınlaşmasını vurğulayır. O, sözün bütün silahlardan daha təsirli və onun bürclər dağıdan, qalalar fəth edən, fatehlərin girə bilmədiyi yerlərə girən, sultanların çata bilmədiyi ehtişama yüksələn bir bayraq olduğunu da vurğulayır. Bəli, komandanlar, sultanlar qalalar zəbt edə bilər, şəhərləri ala bilər, lakin qəlblərə hökm edən sözdür: “söz qəhrəmanlarının dilindən tökülən söz süngüləri hərbçilərin qılınclarından daha kəskin, oxlarından daha ürpərdicidir. Həkimlər qılınc  yaralarını, ox yaralarını müalicə edə bilmişlər, söz yaralarını əsla! Sözün ən təsirlisi və ən cazibəlisini peyğəmbərlər, sonra da dərəcəsinə görə, ilhama açıq saf könül sahibləri söyləmişlər. “Həqiqi söz” qəhrəmanları günəş kimidirlər; dayanmadan ətraflarını nura, işığa qərq edərlər, dərya kimidirlər, dünyanın ən zəngin xəzinələrini, həm də heç hiss etdirmədən qəlblərində daşıyar və mum kimi ətraflarına işıq saçar, lakin boynubükük yaşarlar. Xalq arasında təvazökarlardan daha təvazökar, Haqqla bərabər olanda da fövqəladə həssasdırlar. Ətraflarına qucaq-qucaq cövhərlər paylayar, amma bunun fərqinə varmazlar. Varmazlar, çünki hər an öz dünyalarında daha qiymətli cəvahirat axtarışındadırlar”.

Bu ifadələrdən də aydın olur ki, Fəthullah Gülən mücərrəd mənada sözə verdiyi əhəmiyyət bir yana, bir qisim “söz qəhrəmanları”ndan da bəhs edir və bunlar da bir məqaləsində özünün verdiyi ünvanla “fikir işçiləri”dir. Gələcəyin dünyasını quracaq bu “fikir işçiləri”  “fikir dərdi” ilə ah-nalə edər; sinələri fikir dərdi ilə dolub-daşar, beyinləri gup-gup guppuldayar, düşüncələri daim yerlə göy arasında, kainatda gəzər və hər dəfə də könül dünyaları yeni-yeni rəng və hüdudlar qazanar. Bəli, bu  fikir işçiləri əsən yeldən, yağan yağmurdan, uçan quşdan, tökülən yarpaqdan süzdükləri ayrı-ayrı gözəllikləri beyinlərə və könüllərə duyurar; zehinləri kifli, qatı düşüncələrdən, könülləri hisdən, pasdan təmizləyərlər. (Sızıntı, mart 1990; iyun 1997)

Fəthullah Gülənə görə, bir baxımdan ağılın incəliyi və nuraniləşməsi olan fikir ağıl yolunu aydınladıb ona yeni cığırlar açan ilahi məşəldir ki, onun işığında bir illik məsafəni bir saata getmək olar. Yenə Gülənə görə, fikrin əsasında ilahi lütflər, yəni qəlbdə oyanan ilhamlar və oyanışlar dayanır, fikir daim həqiqəti axtarır və çox həqiqətlər onun laboratoriyasında doğru istiqamətdə təkrar-təkrar dəyişdirilir. Məhz fikrin aliliyi də bir həqiqətə, dünənki və ya bugünkü həqiqətə, yəni izafi həqiqətlərə mütləq həqiqətmiş kimi boş yerə ilişib qalmaqda deyil, davamlı araşdırmada, doğruları təkrar-təkrar düşüncə süzgəcindən keçirməkdədir. (Ölçü veya Yoldakı Işıklar, 77-78)

Fəthullah Gülən mədəniyyəti (kültürü) “bir cəmiyyətin dil, tərbiyə, adət və sənət kimi duyğularından doğmuş, sonra da işlənə-işlənə həmin cəmiyyətin həyat tərzinə çevrilmiş, hər parçası çox əhəmiyyətli olan bir qisim əsasların toplusu” hesab edir.O, mədəniyyətin “din, ali əxlaq, fəzilət və həzm edilmiş (müsbət) elmlərin qazanında qaynaya-qaynaya kamilləşdiyini” bildirir və mədəniyyətin millətlərin həyatında oynadığı rola da diqqət çəkir. “Öz mədəniyyətini qura bilməmiş və ya itirmiş millətlər bar verməyən və ya meyvələri tökülmüş ağaclara bənzəyir. Onların bu gün olmasa da, sabah kəsilib odun kimi istifadə edilməsi qaçılmazdır” – deyən (Ölçü veya Yoldakı Işıklar, 40-41) Fəthullah Gülənə görə, ölkənin mədəni həyatına xidmət etmək çox əhəmiyyətlidir, hətta bu yolda yeri gələndə digər fəaliyyətləri axsatmaq da olar.

Fəthullah Gülən bu gün bütün şöbələri ilə mövcud (pozitiv) olan müsbət elmlərin mədəniyyət məsələsində Qərb materializminə əsaslandığını, müsəlmanların isə bu sahədə təqlidçi düşüncədən qurtula, Qərb elminin əsaslarına İslam epistemologiyasını calamağa çalışmaqdan irəli gedə, yəni hələ də bir elm fəlsəfəsi formalaşdıra bilmədiyini qeyd edir. Bunun ardınca yalnız müsəlman elm adamlarının bütün ad, sifət və icraatları ilə Allaha imana əsaslanmaqla kainata nüfuz edərək, təbii hadisələrin mahiyyətinə vararaq həqiqi İslami epistemologiya formalaşdıra biləcəyinə, İslami elm anlayışının da buna əsaslandığına diqqəti çəkir. Bunun üçün də mövcud elm anlayışı və elmi düşüncədən qurtulmağın vacib olduğunu vurğulayır.

Hədis, Fiqh, Təfsir, Kəlam kimi bütün İslami elmlər sahəsində də yeni-yeni tədqiqatlar aparılmasını vurğulayan Fəthullah Gülən bunun üçün də mənbələri yenidən nəzərdən keçirməyə, yeni təsnifatlar aparmağa və Quran, İslam həqiqətlərini kainat gerçəkləri ilə əlaqələndirərək, daha dəqiq desək, Quran və (onun yaradılış sahəsində nüsxəsi olan) kainat arasındakı uyğunluqları, əlaqələri kəşf edərək anlatmağa, dinlə sosiologiyanı, dinlə təbiət elmlərini birgə araşdırmağa ehtiyac olduğunu qeyd edir. (Prizma, 1/56-62)

Fəthullah Gülən mədəniyyət (kültür) məsələsində dilə böyük əhəmiyyət verir. Onun fikrincə, Türkiyənin dünya ilə inteqrasiyası, xarici ölkələrdə türk nəsillərinin mövcudluğu Türkcənin dünya dilləri sırasına daxil olmasını zəruri edir. Dil mədəniyyətin müəyyən bir tərəfini təşkil etdiyi üçün xüsusi əhəmiyyət kəsb edir. Türk dili doqquz əsrdir Türkiyədə danışılır. Həmçinin Türkcə əsrlərlə türklərin hakim olduğu torpaqlarda istifadə olunmuşdur. Əgər Türkiyə gələcək dünyada özünə, tarixinə layiq bir mövqe tutmaq istəyirsə, dilini ümumiləşdirməli və onu bir elm dilinə çevirməlidir.

Gülənə görə, gələcək elm və bəyan (nitq) dövrü olacaqdır, hansı ki bunun əlamətləri çoxdan ortaya çıxmışdır. Bu baxımdan, millətlərin gələcəyində, inkişafında, sürətlə qloballaşan dünyada özünə layiq yer tutmasında elm qədər dilin də əhəmiyyəti vardır. Türkçənin belə bir əhəmiyyətli dil olması üçün başda ədəbiyyatçılar olmaqla bütün ictimai təbəqələrin üzərinə ciddi məsuliyyət düşür. Buna görə, sadəcə dili öyrənib-öyrətməklə kifayətlənməyib, böyük istedadlar yetişdirərək onlara ciddi məsuliyyətlər yüklənməli və gələcəkdə dilimizin daha yüksək səviyyədə təmsil olunması təmin edilməlidir. Bunun üçün də bir tərəfdən dilin öz qaydalarına uyğun sözlər meydana gətirilərkən, digər tərəfdən də əsrlərdir dilimizdə işlənə-işlənə mənimsənilmiş kəlmələrin qorunması bir zərurətdir. Millətin mənimsədiyi, işlətdiyi sözlər bizimdir və dil zənginliyimizin bir göstəricisidir. (Sevindi, 1997)

Sənət və ədəbiyyat

Fəthullah Gülənə görə, sənət tərəqqinin ruhudur, duyğuları inkişaf etdirən ən vacib yollardan biridir. O, eyni zamanda, gizli xəzinələri kəşf edib qapılarını açan sehrli açar kimidir. Fikirlər onunla açılan qapıların arxasında surət libası geyinər, sanki xəyallar da cisimləşər.

Fəthullah Gülən: “İnsanları dənizlərin sonsuzluğunda və dərinliklərində, səmaların üfüqlərində və qübbələrində səyahət etdirən sənətdir. İnsan sənət sayəsində yerlərin və göylərin ənginliyində qanad açar, zamanfövqü və məkanfövqü duyğulara qovuşar,” – deyir. Sənətin bəşər övladının güc və dərinliyini təsvir edən ən birinci lövhə olduğunu və sənət vasitəsi ilə ən dərin duyğu və düşüncələrin, ən heyrətamiz təsbitlərin, ən səmimi arzuların ölümsüzləşdirildiyini bildirir.

Sənətdə təcridə əhəmiyyət verən Fəthullah Gülən, xüsusilə, imanla birləşən sənətin necə möhtəşəm gözəlliklərə mənbə olacağını bildirir və buna nümunə verir: “Bir zamanlar məhz sənətlə imanın birləşməsi sayəsində bu möhtəşəm dünya başı buludlardan nəm çəkən məbədləri, şəhadət barmağı kimi göyləri göstərən minarələri, mərmərlərin alnındakı (hər biri öz-özlüyündə bir bəyan olan) mübarək naxış və motivləri, çeşid-çeşid xətt sənətləri, par-par yanan bəzəkləri, solmayan işləmələri və kəpənək qanadları kimi zərif naxışları ilə tamaşasından doyulmaz gözəlliklər qalereyasına çevrilmişdi.”

F. Gülən elmin ən yaxşı sənət vasitəsilə özünü ortaya çıxaracağına vurğulayır və onun fikrincə, sənət yolunda heç nə edə bilməyən bir insanın çox şey bildiyini demək çətindir və “sənətə qapalı olan bütün insanlar varlıqları ilə yoxluqları arasında heç bir fərq olmayan, özlərinə, ailələrinə və millətlərinə faydasız, hətta zərərli olan bir qisim quru topluluqlardan  ibarətdir.” (Ölçü veya Yoldakı Işıklar, 46-48)

Fəthullah Gülən üçün ədəbiyyat bir millətin ruhi-mənəvi aləmi, düşüncə dünyası və ürfan həyatının bəlağətli bir dilidir. Onun fikrincə, eyni ruhi-mənəvi təbiəti, eyni düşüncə sistemi və eyni ürfan həyatını paylaşmayan, yaşamayan fərdlər eyni millətdən olsalar da, onların bir-birini anlamaları qeyri-mümkündür və ədəbiyyat olmasa idi, nə hikmət o ehtişamlı məqama yetişə, nə fəlsəfə bu günə qədər gəlib çıxa, nə də natiqlik ondan gözləniləni verə bilərdi. Bununla yanaşı, hikmət, fəlsəfə, natiqlik də qarşılıqlı təsir və fəaliyyət şəraitində öz sahələri ilə bağlı zəngin məlumatı bir tükənməz xəzinə  kimi ədəbiyyata ərməğan etmiş və ona əbədilik qazandırmışdır.

Fəthullah Gülən: “Ədiblər və şairlər daxili və xarici dünyalarda, aləmlərdə görüb duyduğu gözəllikləri səsləndirən ney ifaçılarına (neyzən) bənzəyirlər. O kəslər ki, duyğular yolu ilə ruhlarını saran alovlardan bixəbərdir, onların neyi də, neydən çıxan fəryadı da anlaması qeyri-mümkündür,” – deyir. Ədəbiyyata və ədibə bu dərəcədə əhəmiyyət verən Gülən bu “neyzən”lərin neyindən yüksələn fəryad kimi, əsərlərin necə meydana gəlməsinə toxunur və bu zaman sənətin çox incə bir məqamına təmas edir: “Hər həqiqət əvvəlcə insan ruhunda mayalanır, sonra hiss edilir, sonra da sözlə, qələmlə, çəkiclə canlandırılır, kristallaşır və nöqtə-nöqtə, xətt-xətt sənət əsərinin çöhrəsində ifadəsini tapmağa çalışır. Belə bir əsərin zaman və məkan üstü səviyyələrə yüksəlməsi isə tamamilə inanc və sevginin dərəcələri ilə bağlıdır.”

Fəthullah Gülən üçün ədəbiyyatda əsas ünsür mənadır. Gülən bu əsasa istinad edərək diqqəti üsluba çəkir və məqsədlərin ifadəsində istifadə olunan mənzum və mənsur hər sözün düşüncə almazına zərf olması, onun yerinə keçməməsi və  ona kölgə salmaması zərurətini bildirir, “zərf yaqutdan da olsa, söz mahiyyət, məqsəd və hədəfi kölgələdiyi  qədər təsirini və hissi gücünü itirər və belə bir sözün uzunömürlü olması da müşkül məsələdir”, ‒ deyir. Gülən bu təsbiti ilə, mənanın kəlməyə qurban verilməməsinin, sözün mənaya kölgə salmamasının vacibliyini vurğulayır. Bununla birlikdə, başqa bir aspektdən, mənanın ifadəsi üçün üslubun da əhəmiyyətini xatırladaraq yüksək məfhum və düşüncələrin yüksək üslubla ifadə edilməsinin zəruriliyini xüsusi vurğulayır. Gülən məsələnin sadəcə “sələfərin bəyan və bədii mövzularda işlətdikləri təşbeh, metafora, kinayə, cinas və işarə kimi söz və məna sənətlərini” ustalıqla, üslub naminə işlətməkdən ibarət olmadığını, “ən dərin sözün ilhamla coşan həyəcanlı ruhlarda, varlığı sarıb könlünə yerləşdirməyi bacaran əngin xəyallarda, dünya və axirəti bir həqiqətin iki üzü kimi birgə mütaliə edən inanclı insanlarda axtarılmasının” vacibliyini də qeyd edir. (Ölçü veya Yoldakı Işıklar, 45-49)

Musiqi

Fəthullah Gülən musiqiyə xüsusi əhəmiyyət verir. Ona görə, hər hansı musiqidə və ya  musiqi parçasında mənanın güclü olmasına diqqət yetirmək, yəni o parçanın ifası zamanı bir tərəfdən hiss-həyəcanın yüksəlməsinə, digər tərəfdən də mənanın gücü, düşündürücülüyü ilə insanın müəyyən şeylər duymasına, anlamasına nail  olmaq lazımdır.

“Musiqiyə meyilli olan insan dünyada hər şeyə meyilli olar. Çünki musiqi incəlik istər, zəriflik istər, həssaslıq və mükəmməl bir hissi fitrət istər,” – deyən Gülənə görə hamı musiqişünas, və ya musiqiçi ola bilməz. Gülən musiqini bir çox sənətdən üstün tutur və onun qənaətinə görə, ciddi sənət qabiliyyəti olmayan insanın musiqi ilə ayaqlaşması, musiqi ifa edə bilməsi qeyri-mümkündür. Gülən bu sonrakı təsbitə əsaslanaraq fikirlərini davam etdirir. Ona görə, qadın emosional və həssas yaradılmışdır və bu xararkter ona musiqidə üstünlük verir, bu səbəblə də, qadınlarda musiqi qabiliyyəti kişilərə nisbətən daha yüksəkdir.

Xüsusilə, müasir cəmiyyətlərdə musiqinin geniş yayıldığını vurğulayan Fəthullah Gülənə görə: “cəmiyyətin içində sürüklənib getdiyi bu sahənin” nəzarətsiz buraxılmaması zəruridir. O göstərir ki, bəyan, çağırış və məna yüklü, aşıladığı fikirlərlə insanı zənginləşdirən, ali qayələrə aparan, ona kamillik yollarını göstərən və bu yollarda şövq verən əsərlərin yazılması, bəstələnməsi vacibdir. Gülən deyir: “Dinlədiyiniz bir əsər sizi Qurana yönləndirir, içinizdə Allaha qovuşma arzusunu coşdurur, sizi Əmrah kimi bağrı yanıq hala gətirib səcdəyə çəkir, milli, dini dəyərlərimizə bağlılığınızı qüvvətləndirir, sizə öz romantikanızı pıçıldayırsa, bunları edərkən də çirkinlikdən, çirkin təsvirlərdən və s-dən uzaq qalmaq olursa, deməli, bu əsər çox gözəldir. İçində qeybəti bəsləyən, əxlaqsızlığı təsvir edən, şəhvani hisləri qıcıqlandıran, insanın ümidsizlik duyğularını qabardan əsərlərin dinlənilməsinə gəldikdə isə bunların zərərsiz olmayacağını deyə bilmərəm.” (Fasıldan Fasıla, 3/ 175-176)

Gülən Quranın ən yüksək bir musiqi əsəri olduğuna diqqət çəkir və: “Onu oxuyarkən mühüm olan şey məzmuna görə hər bir kəlməni doğru şəkildə səsləndirmək və bu səsləndirməni də yerinə uyğun verə bilməkdir,“ – deyir. Gülən görə, Qurani-Kərimdə məğrur inkarçıların danışması təkəbbürlü, özündən razı və göstəriş ədası ilə, naz sata-sata danışan əli belində bir insanı göz önündə canlandırır. O qeyd edir ki, oxuma avazının ayələrin mənasını əks etdirməsi böyük əhəmiyyətə malikdir:  “Bu gün hər yerdə Quranın bu şəkildə oxunduğunu demək çətindir. Təəssüf ki, səs və nəğmə ilə birlikdə ayələrin ehtiva etdiyi mənanı da düzgün əks etdirərək Quran oxumaq halları olduqca azdır.  Hələ onu ixlas və səmimiyyətlə ciyərlərə, içə çəkmək nadir haldır”. (Fasıldan Fasıla, 3/177)

F. Gülən: “Ruh zərifliyindən məhrum olan qaba hislərdən bəhs etmirik. Musiqidə ruh bütünlüklə nəzakət, paklıq və zərifliyə bürünür. Bu nəticəni əldə etmək ruha can verən musiqi ilə məşğul olmaqdan və həqiqi musiqişünaslarla oturb-durmaqdan, sözdən-sazdan çox ruha-mənaya yönəlməkdən asılıdır”, – deyir və  klassik Türk sənət musiqisinin insana bu ruhu verə bildiyini qeyd edir. Ona görə, bunun mənbəyi nəfslərə tərbiyə verən, insana əxlaq, həssaslıq və hər cür ruhi-mənəvi gözəlliklər aşılayan, qazandıran xanəgah və zaviyələrdir. Bu müəssisələr həqiqi missiyalarından uzaqlaşıb tənbəllər məkanına çevrilincə sənət musiqisi də çox mühüm mənbələrindən birini itirmiş oldu.

Roman, hekayə, teatr və kino

Fəthullah Gülən, demək olar ki, son bir əsr, əsr yarıma qədər İslam dünyasının məsafəli davrandığı roman, hekayə və teatrla yanaşı, XX əsrin əvvələrində ortaya çıxan kinodan da bəhs edir. Bu sənət sahələri ilə İslam arasındakı münasibət həmişə mübahisə obyekti olduğuna görə, F. Gülən də bu mövzuya eyni prizmadan yanaşır. Gülənə görə, xüsusilə Türkiyə roman, hekayə, teatr və kino sahələrində Qərblə müqayisədə çox geridədir. Gerilikdə İslamın bu mövzulara zənn olunan məlum mövqeyi qismən rol oynasa da, əsl səbəb bu sahələrinin ehmal edilməsi, onlara laqeyd yanaşılmasındır.

Gülən təsbitindən sonra İslamın bu sənət sahələrinin hər hansı birinə qəti bir qadağa qoymadığını da qeyd edir. Gülən bu mövzularla bağlı düşüncələrini dilə gətirərkən iki tərəfli ifrata yol verilməməsinin vacib olduğunu bildirir, ziyalılar arasından xüsusən Cəmil Meriçin romana ciddi tənqidlər gətirdiyini, İslam alimləri arasında isə roman haqqında “ölüləri canlandırma”, kino haqqında “ölüləri hərəkətli göstərmə”, teatr haqqında da “keçmiş adlı geniş qəbirdəki ölüləri xortlatma, ölülərin ruhunu dirilərin cəsədlərinə qoyma” kimi ifadələrdən istifadə edib, “ölü həyat verə bilməz” hökmünü verənlərin olduğunu söyləyir. Bu kimi ifadə və yanaşmalara əsaslanıb həmin alimlərin qəti şəkildə roman və hekayəyə qarşı olması nəticəsini çıxarmamaq lazımdır. Fəthullah Gülən məhz özünün də daha əvvəl yaşamış neçə-neçə İslam alimi kimi, bir çox həqiqəti təmsili hekayələrlə ifadə etdiyini bildirir, bu təmsili hekayələrin mahiyyətcə roman və hekayələrdən o qədər də fərqlənmədiyini vurğulayır:

Elə isə roman və hekayələri, buna bağlı olaraq teatr və kino növündən əsərləri bir anda kənara atmaq və onlara “qadağandır” damğasını vurmaq da düzgün davranış deyildir. Vəziyyət belə olunca, əsas məsələ bunların olub-olmaması deyil, ehtiva etdiyi mövzuların nədən bəhs etməsidir. Hamı yekdilliklə batil təsvirin verilməsini qəbul etmir. Bundan başqa, bunlarda İslamın qəti haram buyurduğu şeyləri (zina, içki, narkotik, qumar, oğurluq, insan öldürmək və s.) yaymaq və ya təşviq etmək mənasına gələn hər cür təsvir, təqdimat, görüntü də, təbii ki, qəbul edilə bilməz. Yoxsa, ümumiyyətlə, nə romana, nə hekayəyə, nə də digərlərinə qarşı çıxmaq düzgün deyildir. İstər Quranda əksini tapan qissələr və təmsili lövhələr, istərsə Peyğəmbərimizin (sallalahu əleyhi və səlləm)  mövzu ilə bağlı bəyan və ifadələri, elə zənn edirəm, bu mövzuda orta yolu tapmaqda kifayət qədər dəlil və yol göstərən rəhbər sayıla bilər. (Fasıldan Fasıla,2/ 300-331)

Gülən daha sonra başqa bir vacib məsələyə də toxunur ki, bu da əşyanın bənzəri (misli) ilə təmsil edilməsidir. Gülən bu prinsipə əsaslanaraq: ”İslam dünyasının böyük və uca bildiyi örnək şəxsiyyətlər, başda Peyğəmbərlər və bütün səhabələr, məncə, səhnə əsərlərində və kinofilmlərdə konkret obraz olaraq canlandırılmamalıdır” – deyir. “Müasir dövrdə Onlardan müxtəlif vasitələrlə bəhs etmək imkanları mövcud ikən, müşəxxəs (konkret) üsullardan (metodlardan)  istifadə etməkdən söhbət gedə bilməz... Texniki imkanlardan faydalanmaqla, işıq və rəng effektləri ilə lazım olan məsələləri, mövzuları rahatlıqla canlandırmaq mümkündür. Elə zənn edirəm ki, bu həm doğru, həm də daha təsirli olar. Onsuz da, bu gün konkretdən mücərrədə bir meyillənmə hiss olunur ki, bu yolun İslamın ruhuna daha uyğun olacağı mübahisə edilməz bir həqiqətdir”, – şəklində fikrini bildirir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.