Bu kitabın müəllifi Cill Karroll (Jill Carroll) Rays (Rice) Universitetində Dini Tolerantlığın Araşdırılması və İnkişaf Etdirilməsi Mərkəzinin sədridir. Eyni zamanda həmin universitetin Din Araşdırmaları Fakültəsində çalışır. Rays Universitetində müəllimliklə yanaşı, Hyuston Qadın İnstitutu, Hyuston Gənclik Mərkəzi və Texas Əyalət Həbsxanası kimi bir çox yerdə tədrislə məşğuldur. Bu “Mədəniyyətlər Dialoqu” kitabı adından da göründüyü kimi qloballaşan dünyanın ən zəruri ehtiyaclarından birinə – mədəniyyətlərin dialoquna həsr olunmuşdur. Müəllif orijinal bir üsula əl ataraq Konfutsi, Platon, Kant, Mill və Sartr kimi öz dövrlərinə bir mənada yön verən, yol göstərən, və hələ də bir çoxları üçün ilham qaynağı olan və sivilizasiya mərkəzlərini təmsil edən filosofları ayrı-ayrılıqda əsrimizin böyük mütəfəkkirlərindən biri – Fəthullah Gülənlə dialoqa cəlb edir. Və bütün təhlilləri ilə sanki bir şeyi vurğulayır: bu mütəfəkkirlər inanc və dünyagörüşü fərqlərinə baxmayaraq, bəşəriyyətin və dünyanın qurtuluşunu düşünür, mövcud problemlərə həll yolları göstərir və bu məfkurə uğrunda əllərindən gələni əsirgəmirlər. Müəllif sözügedən mütəfəkkirləri müqayisəli təhlil edir, paralel düşüncələrini, ortaq qənaətlərini ərz edir, daha çox onların üst-üstə düşən fikirlərini vurğulayır.
Beş əsas mövzunu tədqiqata cəlb edən bu kitab fəlsəfi məzmunlu olsa da, anlaşıqlı dildə, sadə üslubda yazılmışdır.