Tərcüməçinin qeydi

Bu kitab iki özünəməxsus xüsusiyyəti ilə digərlərindən fərqlənir:

1. Humanitar elmlər müstəvisində Gülənin düşüncələrini tədqiq edir;

2. “Mətn vasitəsilə dialoq” kimi fərqli və ümumən geniş yayılmamış bir üsuldan istifadə edir.

Bəlkə də, təəccüblə qarşılayacaqsınız, amma əlinizdəki kitab eyni zamanda bir “bestseller”dir. Yəni bu kitab öz sahəsində “ən çox satılanlar” siyahısına daxil olub. Bəs fəlsəfə kimi hər kəsin maraq dairəsinə daxil olmayan və eyni zamanda ağır məzmunlu bir kitabı bu qədər məşhurlaşdıran nədir? Əlbəttə, bunun bir deyil, bir neçə səbəbi var.

İlk öncə qeyd edim ki, Gülən hərəkatı haqqında dünyanın müx­təlif ölkələrində nəşr olunan hər bir kitab böyük rəğbət və maraqla qarşılanır.

Digər səbəb isə, yəqin, kitabın üslubu ilə bağlıdır. Çünki Güləni dünyanın tanınmış filosofları ilə müqayisə etmək ən azı indiyə qədər heç kimin ağlına gəlməyən bir metoddur. Digər tərəfdən bir əcnəbi yazarın Gülən və onun adı ilə anılan hərəkata elmi maraq göstərməsinin səbəbi də diqqətdən yayınmamalıdır...

Bu səbəblərdən hansını qəbul edirik-edək, fəlsəfi məzmunlu bir kitabın bu qədər məşhur olması ən azından bizim ölkəmizdə nadir hadisələrdən sayılır.

Əslində, bu kitabın fərqli cəhətlərindən biri də Qərbdə çox müraciət edilən, ancaq bizdə hələ o qədər tanınmayan “mətn dialoqu” metodunu ehtiva etməsidir.

XXI əsrin qloballaşma dövrü olduğunu – insanların daha sıx mü­nasibətlər qurduğunu nəzərə alanda bu kitabın əhəmiyyəti daha da artır. Kitabın yazarı Dr. Karrollun maraq dairəsi fərqli dünyagörüşü və fəlsəfəyə malik mütəfəkkirlərin oxşar cəhətlərini üzə çıxarır.

Karrollun apardığı bu tədqiqat təkcə elmiliyi və orijinallığı ilə fərqlənmir, müəllif həmçinin bir “rol model” ortaya qoyur. Tədqiqatın planını, mətn dialoqlarını bu anlayışlar ətrafında tərtib edir: əxlaq, azadlıq, ideal humanizm, təhsil və məsuliyyət.

Bu beş təməl anlayış əsasında Gülən və digər mütəfəkkirlər arasında mətn vasitəsilə müqayisələr aparır. Yəni məsələn, “azadlıq” başlığı altında Mill və Güləni dialoqa cəlb edir. Fərqli və hətta fikirləri bir-birinə tamamilə zidd olan mütəfəkkirlər arasında ortaq cəhətlər axtarır. Yəni mətn vasitəsilə dialoq qurur. Yazar mətn dialoqunu fərqli xüsusiyyətlər deyil, ortaq məxrəclər müstəvisində tərtib edir. Sartrla Güləni müqayisə edərkən onların tamam fərqli yanaşdığı “yaradılış” anlayışından deyil, müəyyən qədər üst-üstə düşən “məsuliyyət” prinsipi və dü­şüncəsindən çıxış edir.

Bəs nə üçün müəllif məhz bu mütəfəkkirləri seçmişdir? Yaxud da bu seçimdə ortaq xüsusiyyətlər varmı? Əvvəla, humanitar elmlər deyiləndə ağıla gələn ilk simalar Konfutsi, Platon, Kant, Mill və Sartr kimi filosoflardır. Kitabı oxuduqca görürük ki, müəllif bu mütəfəkkirlərin ortaq xüsusiyyətlərini onların humanist olması ilə izah edir. Onun fikrincə, bu mütəfəkkirlər insan həqiqətinin mahiyyəti, yaxşı insan həyatı, dövlət və əxlaq kimi mövzularda əsas məsələlərə diqqət ayırmışlar.

Əsərin digər xüsusiyyəti: burada mətn dialoquna cəlb edilən mütəfəkkirlər bir-biri ilə deyil, yalnız Gülənlə müqayisə olunur, Gülən hər bir dialoqun tərəf müqabilidir.

Kitabla bağlı bir neçə məqamı da qeyd etmək vacibdir: Müəllif dialoqa cəlb etdiyi şəxsiyyətlərlə bağlı bioqrafik məlumat vermir. Ancaq oxucuların bu mütəfəkkirlər haqqında məlumat əldə etməsini asanlaşdırmaq üçün onların qısa bioqrafiyası kitabın sonuna əlavə edilmişdir.

Zəruri yerlərə haşiyələr əlavə olunmuş, müəllifin istifadə etdiyi mənbələrin göstəriciləri isə müvafiq fəsillərin sonuna keçirilmişdir.

Elə diqqətli oxucular da fərqinə varacaq: belə ki, müəllifin, xüsusilə, Güləndən gətirdiyi iqtibasları onların orijinalından, yəni Türkçədən tərcümə etməyi münasib bildik. (Kitabın Türk dilinə tərcüməsində F. Gülənə aid iqtibaslar orijinaldan verilmişdir.) Bir neçə yer­də bütövlüyü qorumaq məqsədilə Gülənə aid iqtibaslar daha geniş verilmiş və haşiyədə qeyd edilmişdir.

Faydalanmaq arzusu ilə...