Ümumbəşəri sülhə ən dəyərli töhfə

Son onilliklərdə dünyanın şahid olduğu qlobal dəyişikliklər bəşəriyyətin gələcəyi baxımından inkarolunmaz əhəmiyyət kəsb edir. Bu səbəbdən də zaman və məkan anlayışlarının nisbi səciyyə daşıdığı bu dövrdə bir “kənd”ə çevrilən ortaq evimizin – Yer kürəsinin problemlərinə biganə qalmaq artıq imkansızdır. Pozulmuş ekoloji tarazlıq, bir-birindən dəhşətli təbii fəlakətlər, plansız istismar nəticəsində tükənməkdə olan yeraltı sərvətlər, tüğyan edən aclıq, hökm sürən səfalət, içməli su və təmiz hava problemi, silahlı münaqişələrdən doğan humanitar fəlakət haqqı gücdə görən müasir insanın səbəb olduğu acınacaqlı mənzərənin sadəcə bir qismini təşkil edir.

Təəssüflər olsun ki, bu saydığımız problemlərin səbəbkarı ən üstün varlıq olaraq yaradılmış, lakin dünyaya gəlişinin qayəsini, varlığın hikmətini unutmuş insandır. Əbəs yerə deyilmir ki, ilk insan yer üzünə qədəm qoyana qədər nə bitkilər, nə də heyvanlar aləminin heç bir problemi yox idi. Bütün canlılar heyrətamiz bir harmoniya və nizam içində yaşayırdı. Etiraf etmək lazımdır ki, Yer kürəsindəki problemlər bilavasitə insanla başladı və insanın düzəlməsi ilə də öz həllini tapacaqdır. Bu da zəmanəmizdə ailələrin, cəmiyyətlərin əsas probleminə çevrilmiş tamamilə yeni yanaşma tələb edən tərbiyə məsələsini bir daha gündəmə gətirir. Bəli, ilk öncə insan özünü dərk etməli, haradan gəldiyini, kim olduğunu və haraya getdiyini anlamalıdır. Sonra isə düçar olduğu xudpəsəndlik və mənəm-mənəmlik mərəzinin girdabından çıxaraq “biz” anlayışının fövqünə yüksəlməlidir. Nəhayət, “biz” və “onlar” anlayışını lek­sikondan birdəfəlik silmək şərtilə varlığın səbəbi, əsası və onlar arasında ən güclü bağ olan sevgi iksirinə müraciət etməlidir.

Digər tərəfdən, müasir insan qloballaşma prosesinin bilavasitə çağdaş və gələcək nəsillər üçün zərərli olan nəticələrinə görə məsuliyyət daşıyır. Məhz bu səbəbdən, mənəvi həyatı, əxlaqi dəyərləri təhdid edən amillərin çoxalması dinindən, dilindən, irqindən, cinsindən, dünyagörüşündən asılı olmayaraq insanların ümumbəşəri dəyərlər çərçivəsində hərəkət etməsini, qlobal səciyyəli problemlərin həlli naminə səylərin birləşdirilməsini həyati zərurətə çevirmişdir. Təqdirəlayiq haldır ki, məhz belə bir dövrdə üzdəniraq “mədəniyyətlər savaşı”, “tarixin sonu” tezislərinin müəlliflərindən, fəlakət carçılarından fərqli olaraq mədəniyyətlərarası dialoq alternativini irəli sürən və qloballaşan dünyaya öz dəyərli töhfəsini verən xeyriyyəçi-maarifpərvər bir hərəkatın beşiyi qardaş Türkiyə, onun hərəkətverici qüvvəsi isə fədakar Anadolu insanı oldu. Bunun səbəblərindən biri kimi yaxın tarixdə Türkiyədə vətən övladlarının ideoloji baxımdan düşmən düşərgələrə bölünməsini, bu qütblərin silah götürüb bir-birini qanına qəltan etməsini xatırlatmaq yerinə düşərdi. Xarici güc mərkəzlərinin təhriki nəticəsində ideoloji qütbləşmənin girdabına yuvarlanmış minlərlə türk gənci bu qovğalarda həyatını itirdi. Ölkə mənfəətini düşünməyən və ya düşünmək iqtidarında olmayan, xarici qüvvələrin əlaltısına çevrilmiş yerli aktyorlar necə bir məkrli oyunun iştirakçısı olduqlarının fərqinə varmadılar.

Ancaq uzaqgörən bir mütəfəkkir olaraq baş verən hadisələrin mahiyyətini vaxtında təsbit edən möhtərəm Fəthullah Gülən soydaşlarına anarxiyanın, təfriqənin fəsadlarını yorulub-usanmadan, əzmlə anlatmağa başladı. Saysız-hesabsız ortaq dəyərlərə sahib olan, lakin düşmənin fitnəsinə uyaraq bir-birinin qanına susayan­ soydaşlarının istiqlal savaşında olduğu kimi, ölkə mənafeyi naminə yenidən birləşməsi üçün maarifçilik hərəkatına öndərlik etdi. İnsanların məhkum olduğu yoxsulluğun, cəhalət və təfriqənin qarşısını almaqda, vətəndaş həmrəyliyini təmin etməkdə yeganə çarənin maarifçilik olduğunu təlqin etdi. Çox keçmədən fədakar Anadolu insanının himməti sayəsində ilk təhsil ocaqları açıldı. Yaxın keçmişdə bir-birinə kin bəsləyən insanların övladları bu təhsil müəssisələrində eyni sırada yanaşı oturdular və mükəmməl təlim-tərbiyə almağa başladılar. Nəhayət, xeyir işlərdə yarışmağı həyat fəlsəfəsinə çevirmiş maarif könüllülərinin zəhməti öz bəhrəsini verdi: milli birliyin təməlləri atıldı, “ağıla, məntiqə əsaslanan bir vəhdət və könül birliyi” təsis edildi. Dünyanın qabaqcıl elmi nailiyyətlərini və texnologiyasını mənimsəyən, eyni zamanda öz milli-mənəvi dəyərlərini yaşadan və “kainata insanlıq beşiyi kimi” baxan müasir təfəkkürlü yeni bir nəsil yetişməyə başladı. Bu təhsil müəssisələrinin yetişdirmələrinin sorağı beynəlxalq bilik yarışlarından, olimpiadalardan, elm mərkəzlərindən gəlməyə başladı.

Beləliklə, tarixən Qərbin intibahına öncüllük etmiş möhtəşəm bir mədəniyyətin varisləri yenidən elmi biliklərə yiyələnmək naminə uzun, lakin şərəfli bir yola çıxdılar. Məhz 1991-ci ildə ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və hər zamankı kimi təhsilə qayğısı sayəsində Naxçıvanda Türkiyə hüdudlarından kənarda ilk təhsil ocağı açıldı. Bununla da Azərbaycan qloballaşan dünyanın ən böyük sosial layihəsinə çevrilən sevgi məktəblərinin beynəlxalq səviyyəyə çıxması prosesinə öncüllük etmiş oldu. Keçid dövrünü yaşayan Azərbaycan üçün türk liseylərini model olaraq görən ümummilli liderin bu müdrik addımı onun nə qədər haqlı olduğunu bir daha sübuta yetirdi. Bu məktəblər qısa müddət ərzində Azərbaycan təhsilində özünəməxsus yer tutdu və böyük uğurlar qazandı.

Azərbaycandan sonra dünyanın müxtəlif bölgələrinə yayılan türk məktəbləri Türkiyədə olduğu kimi hər bir diyarda sevgi, qardaşlıq və dostluq adacıqlarına çevrildi. Kindən və nifrətdən uzaq gerçək bir elm, ürfan ocaqları halına gəldi. Ölkələrin tələblərinə əsasən məktəblərin, dil kurslarının ardınca dialoq, mədəniyyət mərkəzləri açılmağa başlandı. Bu müəssisələr sayəsində Avropada, Amerikada, Afrikada, Uzaq Şərqdə türk insanı, onun milli-mənəvi dəyərləri olduğu kimi tanındı. Təbii ki, qloballaşan dünyaya verilən bu dəyərli töhfə elm adamlarının, maarifçilərin də diqqətindən kənarda qalmadı. Maarifçilik hərəkatı ilə başlayan bu tarixi missiya müəyyən müddət sonra mədəniyyətlərarası dialoq fəaliyyəti müstəvisinə keçdi. Bəşəriyyətin ciddi ehtiyac duyduğu bu qəbil fəaliyyətlər elmi araşdırmaların predmetinə çevrildi, universitetlərdə Fəthullah Gülənin adına kafedralar açılmağa, bu istiqamətdə beynəlxalq səviyyəli konfranslar keçirilməyə, tədqiqatlar aparılmağa, məqalə və kitablar yazılmağa başlandı. Tərcümə edilərək azərbaycanlı oxucuların mütaliəsinə təqdim olunan bu kitab da bilavasitə bəhs etdiyimiz elmi marağın nəticəsi olaraq ortaya çıxdı.

Amerikanın Rays Universitetində Dini Tolerantlığın Araşdırılması və İnkişaf Etdirilməsi Mərkəzinin sədri, dinlər tarixi üzrə mütəxəssis Dr. Cill Karroll bu maarifçilik hərəkatını tədqiq edərkən Güləni Konfutsi, Platon, Kant, Mill və Sartr kimi müxtəlif dövrlərdə yaşamış, fərqli dünyagörüşünə və fəlsəfi düşüncələrə sahib mütəfəkkirlərlə müqayisəli şəkildə tədqiqata cəlb edir. Bu mütəfəkkirlərə üstünlük verməsinin səbəbinə gəlincə, müəllif bunu ilk növbədə onların insan həqiqətinin mahiyyəti, yaxşı insan həyatı, dövlət və əxlaq kimi mövzulara əhəmiyyət verməsi ilə əsaslandırır. Müəllifin dialoqa cəlb etdiyi mütəfəkkirlər arasında Sartr kimi dinə xüsusi rəğbəti ilə seçilməyən filosofla yanaşı, inanc sahibi olan Konfutsi, Platon, Kant və Mill də vardır. Beləliklə, müxtəlif dövrləri, dinləri, milli və mədəni mühitləri təmsil edən şəxsiyyətlərin seçilməsi tədqiqatı elmi baxımdan daha da cəlbedici edir.

Müəllif Gülən və digər mütəfəkkirlər arasında dialoqları insan həyatının mərkəzi problem və qayğılarını əhatə edən beş əsas mövzu: fitri insani dəyər və əxlaqi ləyaqət, azadlıq, ideal insan, təhsil, məsuliyyət ətrafında birləşdirmişdir. Kitabın I fəslində Kant və Gülənin fitri insani dəyər və əxlaqi ləyaqətə dair fikirlərini müqayisə edən müəllif oxşar cəhətləri üzə çıxarmaqla yanaşı, hər iki mütəfəkkirin özünəməxsus ifadə formalarını tamamilə fərqli perspektivlərdə inkişaf etdirməsi nəticəsinə varır. İnsanlığın fitri dəyər və ləyaqətinin təsdiq edilməsini bilvasitə insanlığı ucaldan və davam etdirən şərtlərin də təsbiti kimi təqdim edir. “Gülən və Mill azadlıq haqqında” adlanan II fəsildə müəllif hər iki mütəfəkkirin düşüncə azadlığı ilə bağlı fikirlərini təhlil etdikdən sonra haqlı olaraq sözügedən anlayışın insanların tərəqqisinə, inkişafına təsiri baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayır. Kitabın “Gülən, Konfutsi və Platon ideal insan haqqında” adlı III fəslində “üçtərəfli dialoq” quran müəllif cəmiyyətin əxlaqi və intellektual keyfiyyətə malik insanlardan təşəkkül tapdığı və belə insanlar tərəfindən idarə olunduğu təqdirdə ən səmərəli şəkildə işlədiyinə dair mütəfəkkirlərin ortaq fikrinə məmnuniyyətlə tərəfdar çıxır. Gülən, Konfutsi və Platonun təhsil haqqında fikirlərini IV fəsildə təhlil edən müəllif hər üç mütəfəkkirin irəli sürdüyü sistemin qayəsinin bütün insanların mümkün olduğu qədər ideal insanı öz içində gerçəkləşdirməsi olduğunu təsbit edir. Ancaq “mümkün olduğu qədər” ifadəsindən də göründüyü kimi, əksəriyyətin bu yük­sək insani mərtəbəni əldə edə bilməyəcəyini xatırladır. Son olaraq isə, bütün insanların yaradılış etibarilə ideal insan potensialına malik olmasına baxmayaraq, böyük əksəriyyətin bu potensialı dəyərləndirə bilməyəcəyi və ya qismən gerçəkləşdirə biləcəyi qənaətini ifadə edir. Bununla yanaşı, müəllif Gülənin təhsil anlayışının mərkəzində fiziki, əqli və ruhi-mənəvi yönləri ilə vəhdət təşkil edən insanın dayandığını qeyd edərək, onun Qərbin elmi və texnoloji nailiyyətləri və Şərqin mənəvi və əxlaqi dinamiklərini birləşdirmək yolu ilə daha çox tərəqqi etmiş bir mədəniyyət meydana gətirilməsinin vacibliyinə dair fikrinə diqqət çəkir. Nəhayət, “Gülən və Sartr məsuliyyət haqqında” adlanan sonuncu fəsildə hər iki mütəfəkkirin insanın məsuliyyəti məsələsində həmfikir olduğunu qeyd edir, lakin Sartrdan fərqli olaraq Gülənin məsuliyyət haqda düşüncəsinin mərkəzində qeyd-şərtsiz Yaradanı gördüyünü, insanı isə yer üzündə Allahın xəlifəsi olaraq qəbul etdiyini açıqlayır.

Gördüyümüz kimi, mövzunu tədqiq edərkən son dərəcə orijinal bir metoda müraciət edən müəllif sözügedən mütəfəkkirlərin əsərlərindən iqtibas verməklə mətn vasitəsilə dialoq quraraq onların hər birini ayrı-ayrılıqda Gülənlə qarşılaşdırır. Fərqli və hətta bir-birinə tamamilə zidd fikirləri olan mütəfəkkirlər arasında ortaq cəhətlər axtarır. Ən başlıcası isə, müəllif mətn vasitəsilə dialoqa müraciət edərkən mədəniyyətlərarası dialoq prinsipinin ruhuna xələl gətirməməyə çalışır. Daha doğrusu, o, oxucuya həmin mütəfəkkirlərin dialoqunu fərqli xüsusiyyətlər deyil, ortaq məxrəclər müstəvisində təqdim edir. Eyni zamanda, sözügedən mütəfəkkirləri birləşdirən ortaq xüsusiyyətin onların humanist olması ilə izah edən, onların oxşar cəhətlərini böyük ustalıqla üzə çıxaran müəllifin gəldiyi qənaətlər də güclü məntiqi ilə diqqəti cəlb edir. Haqlı olaraq fərqli insanların və qrupların tarixdə ilk dəfə bu qədər bir-birinə yaxın olduğu bir şəraitdə dialoqun həyati əhə­miy­yət daşıdığını vurğulayan müəllif təkidlə bu fürsəti qaçırmamağı tövsiyə edir.

Son olaraq, dərin elmi araşdırmaların obyektinə çevrilmiş bu maarifçilik hərəkatını təmsil edən məktəblərin müəllimləri ilə 19­92-ci ildə gerçəkləşən ilk təmaslarım, daha sonra Türkiyədə eyni tipli təhsil müəssisələri ilə tanışlığım ömrünü təhsilə həsr etmiş bir maarifçi kimi mənim də ciddi marağıma səbəb oldu. Həmin vaxtdan etibarən böyük məmnuniyyətlə bu məktəblərin fəaliyyətinə dəstək verməyi, bu müəssisələrin nümunəvi təlim-tərbiyə sistemini təbliğ etməyi özümə borc bildim. Maarifçilik hərəkatının fəlsəfəsini əks etdirməsi baxımından bu kitabın tədqiqatçıların və geniş oxucu kütləsinin marağına səbəb olacağına, gələcəkdə bu mövzuda Azərbaycanda da obyektiv elmi tədqiqatların aparılacağına ümid edirəm.