Dil və düşüncə
Dil mədəniyyətin hərəkətverici ünsürlərindən biridir. Millətin gücü dil və düşüncəsinin gücü ilə düz mütənasibdir. Bir toplumun dil və düşüncəsi nə qədər zəngindirsə, o, bir o qədər də güclü sayılır. Bir fərd öz dilindən nə qədər yaxşı istifadə edir və insanlarla nə qədər rahat dialoq qura bilirsə, öz dəyərlərini də bir o qədər qorumuş olur. Əslində dil varlıq və hadisələrə baxışı, əşyanın həm bütöv, həm də hissə-hissə qavranılmasını təmin edən ən mühüm amildir. Hansı prizmadan baxsaq, dil mədəni həyatımızda mühüm rol oynayır.
Dil ünsiyyət və düşüncə vasitəsi olmaqla yanaşı, keçmişin zəngin irsini bu günə, bugünkü təcrübə və nailiyyətləri isə gələcəyə ötürən bir körpüdür. Bir millət ata-babalarından miras aldığı və yenidən sintez edərək, yeni forma, yeni şəkil verərək faydalandığı (zənginləşdirdiyi) bütün zehni, fikri, elmi irsini ancaq zəngin və güclü bir dillə əbədiləşdirə bilər. Çünki bir millətin dili nə qədər zəngin və rəngindirsə, o səviyyədə düşünür, necə düşünürsə, o cür də danışır.
Hər bir toplum bu gün doğru-yanlış ‒ nə düşünüb danışırsa, hamısını gələcək nəsillərə ötürür ki, təcrübə və nailiyyətlər hədər getməsin, süzgəcdən keçirilsin, yoxlanılsın, qorunsun, sələflərin elmindən və fikirlərindən istifadə edilsin, bugünkü doğrularla yanaşı, dünənki yanlışlar, bugünkü yanlışlarla birlikdə, dünənki doğrular gözdən keçirilsin və eyni yol təkrarlanmasın, eyni xətalar təkrar olunmasın.
Dil və düşüncəyə dair bu mülahizəmiz bütün millətlərə şamildir. Bəli, hər dil ‒ inkişafı səviyyəsində ‒ düşüncənin səsli lisanı, bu düşüncə də həmin dilin bir insturmentidir (alətidir).
Bir dil daxili dinamizmi və əhatəliliyi baxımından bütün dövrlərin təlabatını səsləndirməyə güc yetirmir, başqa sözlə, o dilin daşıyıcıları bəzi mənaların ifadəsində çətinlik çəkirsə, o dil düşüncənin dəstəyindən məhrum, onun daşıyıcıları da yollarda qalmağa məhkumdur. Bəli, əgər bu gün dəyərlərimizi ortaya qoyarkən təkcə ətrafdan eşidib öyrəndiklərimizlə və ya müasir lüğətlərdə verilən sözlərlə kifayətlənərsək, məktəblər, sənaye müəssisələri, ticarət sərgiləri, texnologiya... və s. kimi müasir həyatın bir çox əvəzolunmaz sahələrində sakitcə oturub ətrafı dinləmək məcburiyyətində qalarıq ki, bu da müasir dövrün təməl əsasları sayılan bir sıra prinsiplərə laqeydlik göstərmək və dolayısilə, müasir millətlərin içində əriyib getmək deməkdir.
Bəli, keçmiş irsimizi mütləq bu günə gətirib dəyərləndirməli, bizim dünyamızla bağlı evdə, küçədə, bayırda görüb eşitdiyimiz hər şeyi qorumalı, milli məfkurəmizi keçmişimizdən miras qalan tarixi və milli dəyərlərimizin üzərində bina etməli, amma gələcəyin planlarını indidən qurmağı, bu günə və sabaha qucaq açmağı qətiyyən unutmamalıyıq. Dünən artıq keçmişdə qaldı. Ev, mühit və ailədən öyrəndiyimiz bilik və təcrübələr gələcəyi qurmaq üçün kifayət etmir... Bəli, bunlar gündəlik həyat üçün kifayət edə bilər, amma bütöv həyata qucaq açmaq üçün heç vaxt!..
Dili və düşüncəsi yaşadığı dövrdən geri qalanların aqibəti həmişə acınacaqlı olmuş, belə də olacaq. Dil və düşüncənin əhəmiyyəti qədər onun geniş yayılması da çox mühümdür. Düşünməyən və danışmayan toplumların adından həmişə başqaları düşünüb danışır. Düşünmədən danışan kütlələr isə məntiqi dilin əsarətinə verirlər. Düşündüyünü ifadə edə bilməyən bədbəxtlərsə öz acizliklərinin əsiri olurlar. Belələrinin bəşərə bir faydası olmaz.
Düşünən və düşüncələrini rahatlıqla dilə gətirən insanlar da vardır, amma zənnimcə, onların da sayı çox deyil, hətta həmin insanların da xeyli problemləri var. Əvvəla, elit görünən bəzi insanlar özlərini cəmiyyətdən tamamən təcrid edirlər, əksəriyyət də onlara etibar etmir, hətta onların fikirlərinin çoxunu fantaziya, sözlərini də “əcnəbi” sayırlar, nəticə etibarilə onlara aid hər şeyi daxilən təpki ilə qarşılayırlar. Digər tərəfdən bu ziyalılar yad zehniyyətlə düşünüb öz dilində yazır, evdə-eşikdə, küçə-bayırda isə xalq dilində danışmağa özlərini məcbur bilir, dolayısilə, eyni anda fərqli dünyaları yaşayır, “çoxdünyalı” həyat sürürlər. Belələrinin ürəyi heç vaxt millətin qəlbi ilə bir döyünmür, ona görə də toplumun söz və bəyan ahəngini qoruya və ziddiyyətlərdən yaxa qurtara bilmirlər. Şübhəsiz ki, fikri təzadlarda boğulan belə insanların kiməsə bir faydası yoxdur.
Dilin – spesifik prinsipləri çərçivəsində – əsl dil olması böyük əksəriyyətin fikirlərini çətinlik çəkmədən, rahatlıqla ifadə etməsindən asılıdır. Fikri eyhamlarla, işarələrlə ifadə edərək hər mövzunu izah və təfsir üslubuyla çatdırmağa çalışmağın, təbii ki, söz “bazarında” bir dəyəri olmaz. Əslində dil də digər elm sahələri kimi, spesifik dəyərə malik bir fenomendir. Hətta onlardan da əhəmiyyətlidir və əsla ehmal edilməməlidir. Bəli, millət öz dilini bir elm sahəsi kimi görməli və onu xüsusi qayğı ilə elmi kateqoriyalarda götürərək elm səviyyəsinə yüksəltməli və xalqın zövqlə, böyük maraqla rəğbət göstərdiyi bir sahəyə çevirməlidir ki, bu da ancaq dilə məxsus sözlərin toplanıb tərtib edilməsindən, materialların təhlilindən və dilin spesifik törəmə yollarının gözdən keçirilməsindən, söz əmələgətirmə üsullarının müəyyən edilməsindən və əsrlərdən bəri işlənə-işlənə məna nüansları tam dəqiqləşmiş sözlərin, idiomların işlək səviyyəyə gətirilməsindən asılıdır. Bir millət bu məsələlərə hörmət etməklə və həssas yanaşmaqla özünə və öz mədəniyyətinə ehtiram göstərmiş olur; əgər o millət biziksə, bu sayədə min illərin dərinliyindən süzülən lisanımız özünəxas qayda və qanunları ilə kifayət qədər zəngin, olduqca yumşaq, şirin, sevə-sevə işlənən, sevilə-sevilə dinlənən, üstəlik spesifik məntiqi ilə əsrimizin səsi-sədası olan və nəsildən-nəslə zövqlə ötürülən bir dilə çevriləcəkdir. Bu, praktiki olaraq çətin görünsə də, inanıram ki, təcrübə və mütəmadi tətbiq edilməklə bir çox məsələ kimi, bir gün mütləq gerçəkləşəcək. Bəli, bu, nəzəri və məntiqi planda mümkün görünsə də, tətbiqində bəzi çətinliklər olacaqdır. Çünki bir şeyin məntiqli olması başqa, dəyişib inkişaf etmə, başqalaşıb kamilləşmə məntiqindən asılı olması tamam başqadır. Əgər bir məsələ daim inkişaf edən, dəyişən hadisələrdən asılıdırsa, inkişaf məntiqi mütləq məntiqdən ön plana çəkilərək ona sərbəstlik verilməli və işlənmə sahəsi genişləndirilməlidir. Əksinə isə, canlı hadisə olan dil və düşüncə "faktorları" inkişafdan qalar, “daşlaşar” və yavaş-yavaş ölüb gedər. Halbuki dil milli düşüncə və dünyagörüşünün meydana gəlməsində, bu düşüncə və dünyagörüşünün məntiqi quruluşunda, məna sistemində həyati əhəmiyyət daşıyır. Bəli, dilin tarixilik çərçivəsinə sığmaması və hər cür müsbət dəyişikliklərə hazır olması mühüm əhəmiyyət kəsb edir. Öz dilinin köklərinə bağlı qalarab onu bu səviyyədə zənginləşdirən və genişləndirən millətlər həmişə səsi, sözü ən çox eşidilən və ən dinamik düşüncəyə malik toplumlar olmuşdur və başqa cür olması da mümkün deyildir.
Bəşər övladının varlıq aləminə və hadisələrə baxışı, bu baxışı yerindəcə analiz edib ondan bilik əldə etməsi, əşya və elm arasında “var-gəl edib” müntəzəm şəkildə bəzi nəticələr çıxarması və s. kimi zehni və fikri fəaliyyətlər dil-düşüncə əlaqəsinin əsasını təşkil edir. Bu əlaqənin düzgün qavranılması və yaxşı dəyərləndirilməsi xalqların elm və düşüncə dünyası üçün böyük əhəmiyyət daşıyır. Bu, bizim millətimiz üçün də hər zaman mühüm məsələlərdən biri olmuşdur. İlk növbədə millətimizin gələcəyinə bəslədiyimiz ümidlərin gerçəkləşməsi əsasən bu fəaliyyətlərin düzgün dəyərləndirilməsindən asılıdır. Yaxın gələcəkdə yeni əsaslara söykənən, eyni zamanda dünyanın tələbatına da cavab verən əngin bir düşüncə dövrünün başlamasında mühüm bir addım sayılan bu fəaliyyətlər bizi dövlətlər asasında öz layiqli yerimizə bir addım da yaxınlaşdıracaq. Təki, biz dil-düşüncə münasibətini qoruyub saxlamaqla yanaşı bu günü keçmiş və gələcək naminə layiqincə dəyərləndirək: nə "Bütün köhnələr yarasızdır" düşüncəsi ilə bir kənara ataq, nə də üzümüzü tamamən keçmişə çevirib qapılarımızı bütün yeniliklərin üzünə bağlayaq. Əksinə, keçmişi həmişə səmimi hislərlə bağrımıza basaq, gələcəyi də inkişaf və dəyişikliyə hazır məntiqlə salamlayaq və milli mədəniyyətimizin dil və düşüncə kimi ən mühüm əsaslarını uca bir xatirə olan keçmişlə, yüksəlişi yolunda baş qoyduğumuz gələcəklə qarşı-qarşıya qoymayaq və bir-birinə qurban verməyək.
Bəli, bir tərəfdən yeni fəaliyyətlərlə milli ruh köklərimizi müəyyənləşdirərək onlara söykənməyə, hətta onları ötməyə çalışmalı, digər tərəfdən də “yaşamaq üçün yenilənmək, meyvə vermək üçün canlı olmaq” məfkurəsiylə könüllərimiz ruh və məna köklərimizdə, gözlərimiz gələcəyə dikilmiş, yaşamağı və inkişaf etməyi vazkeçilməz düstur qəbul edərək, bitib-tükənməz inkişaf şövqü ilə yaşamalıyıq ki, həyatımızı həsr etdiyimiz gələcək nəsilləri də yaşada bilək.
Yəqin, elə başqalarını yaşatmaq məfkurəsinə özünü fəda edən bu hasbi ruhlardır həyatın əsl mahiyyətini qavrayanlar...
- tarixində yaradılmışdır.