Gələcəyin memarları
Gələcəyi quracaq və yüksəldəcək fikir işçiləri öz ruhunda varlığa qovuşmuş talelilərdir. Maddiyyatı ləduniyyatına (Allah-Təalanın xüsusi şəkildə daxili aləminə lütf etdiklərinə) təslim etmiş bu həqiqət igidləri son dərəcə sönük görünüşlüdürlər. Buna görə də, onları, dünyəvi dəbdəbə içində gözləyənlər həmişə yanılmış və xəyalları puç olmuşdur.
Xarici görünüşləri olduqca sadədir. Lakin sinələrində min bir çiçək növbənöv ətir saçır. Onların su zambağına bənzəyən qamətlərini, yasəmən qoxularını, onlarla həmfikir olmayanlara izah etmək olduqca çətindir. "Girməyən duymaz, dadmayan bilməz." Qaf dağından daha ağır bir yükdür nadanlara ərzi-hal etmək...
Ad-san nədir bilməz, mövqeyə, mənsəbə boyun əyməzlər. Daxili aləmlərində alovlandırdıqları sonsuzluq atəşi onları "heç kimdən heç nə ummama" fəzilətinə yüksəltmişdir. Bir şam kimi əriyən ömürlərində aləmlər işığa qərq olur, amma onların göz bəbəkləri işığın zərrəsini belə öz hesabına istifadədən uzaqdır. "Yol açmaq bizə, yol getmək başqalarına; çallışıb-çabalama bizə, qənimət başqalarına..." Görəsən, bir bilməcə, sirr olan mahiyyətlərini belə bir neçə cümlə ilə ifadə etmək mümkündürmü...?
Onlar, görkəmsiz və sadədirlər... Duyğu və düşüncələrini izah etmək üçün nə uca məhfillərə, nə də möhtəşəm kürsülərə ehtiyac duymazlar. Dərin (dürr kimi) duyğularının simalarında əksi, onlar üçün ən uca, ən səmimi bir izah yoludur.
Maddə və məna "xəlitəsi" yüksək bir mahiyyətə sahibdirlər. Fitrətlə qətiyyən ziddiyyətə düşməzlər. Maddələri bir naxış incəliyində və tamamilə mənanın əmrindədir.
Dözümlüdürlər və incimə nədir bilməzlər. Hər kəsə sevgi ilə yanaşılan atmosferlərinə çaxan kin və qəzəb ildırımları onların əridici ab-havaları ilə iz qoymadan yox olub gedər. Yunus Əmrənin dili ilə: "Döyənə əlsiz, söyənə dilsiz və könülsüz"dürlər. Könülsüz deyərkən, onların ürəksiz olduqları zənn edilməsin; onların daxilində min bir hüznün, min bir sevincin bilməcəsi var.
Öz səadətlərinə qarşı yad, laqeyd başqalarının dərdinə son dərəcədə yanandırlar. Nübüvvətdən gəlmə bir yolla daha çox başqalarının sevinc və kədəri ilə dolub-boşalan və onlar üçün yaşayırlar.
Qərarlı və əzmlidirlər. Gözlərinin önündə min bahar payıza dönsə, yenə də yol və istiqamətlərini dəyişdirməzlər. Onlara görə şan-şöhrət gah qalxıb, gah da enən hiyləgər bir yelləncək, mənsəb buz üzərində bir yazı, sərvət fırtınalarla yerini dəyişən çör-çöpdən ibarətdir.
Solmayan gözəlliklərə könül vermiş bu böyük insanların gözlərini Cənnət hurilərinin xidməti belə yoldan çəkə bilməz və baxışlarını bulandıra bilməz. Qaldı ki, yoxluq və zəval içinə yuvarlanan əşya onların göz ağlarına ləkə olsun...!
Şan və şərəf onların ən çox nifrət etdiyi şeydir. Şöhrət uğrunda aparılan hər mücadiləni bir komediya, hər mübarizəni bir "donkixotluq" sayarlar. Mənəvi aləmlərdən aldıqları "Bundan əvvəl Haqqa təslim olanlar ünvanını sizə O verdi", iltifatı ilə nə Nobel mükafatlarına, nə qəzetlərdə reklama ehtiyac duymazlar. Ehtiyac bir yana, ad-san uğrunda hər cəhd onların nəzərində insanın mahiyyətinə qarşı bir sui-qəsd və onu zəlil etməkdir.
Dəryalardan dərin qəlb sahibidirlər: Daxili aləmləri nurlu, duyğuları parlaq, düşüncələri mərifət və atmosferləri hüzurlu bir Cənnətdir. Onlarla həmfikir olanlar səadətə qovuşar. Onlardan uzaq qalan səadətdən məhrum olar.
Könülləri sərbəst və son dərəcədə azaddır. Heç bir fani kəmənd o uca qəmətlərə boyunduruq ola bilməmişdir. Haqqın əsarəti də onların ən ali şüarıdır. "Qul oldum, qul oldum... Hər bəndə azadlığa qovuşanda şad olur. Mən Sənə qulluğumla qibtə və səadətə qovuşdum," ( Mövlana) sözü könüllərinin azadlıq və əsarət dastanıdır. Ehtiraslar onların üfüqünü kirlətməz. Şəhvət gözəl dünyalarında yer tapa bilməz. Onların gecələri səhərin aydınlığı kimi, gündüzləri də Cənnət ab-havalıdır.
İllərlə sinəsi yanmış və o yıxılmış Anadolu (ümumiyyətlə, bütün bəşəriyyət) insanı həmişə bu könül memarlarını gözlədi. Daha nə qədər gözləyəcəyini demək də olduqca çətindir. Ancaq biz ümidimizdən bir damla itirmədən doğuşu gözlədiyimiz üfüqə yönələrək, Rəhməti Sonsuza yalvarış və duaya davam edəcəyik...
O, dağılmış qəlb və ruhların qala divarlarını "təmir etmək" üçün bizi daha gözlətməsin!
Sızıntı, Sentyabr 1980
- tarixində yaradılmışdır.