Gənclik

Fərda, sənin, sənin bu təcəddüd (yenilənmə, təzələnmə), bu inqilab...
Hər şey sənin deyilmi ki, zatən, sən, ey şəbab (gənc, cavan)...! (T. Fikrət)

Nəsli tanımaq, ona verəcəyimizi vermək, alacağımızı almaq və bununla yanaşı, ona bağlı olaraq məfkurəsinin sərhədlərini təsbit etmək, şübhəsiz ki, bu günün ən mühüm məsələlərindəndir. Ən mühümdür, çünki hər cür dəyişikliyə rəng qatan, ayrı-ayrı mərhələ və dövrlər açan odur.

Roma onun, Romada qiyam onun, Yunan onun, Ellinizm də onundur. Zəmin onun müntəzir, fələklər onun qoparacağı vəlvələ qarşısında susqun. Dünyanın yeddi möcüzəsi o möhtəşəm heykəlin əsası. Ay onun qəvvas qaşları; ulduzlar dodağında təbəssüm... Bu sözlərimi mübaliğə sanmayın; həqiqi gənci min bahariyyə ilə də tərənnüm etmək mümkün deyil.

"Ruh-bəxş oldu Məsihə-sifət ənfası-bahar,
Açdılar didələrin həbi-adəmdən əzhar."

deyən Baki, baxışını bahardan bu bahar nəfəslilərə çevirə bilsə idi, xilafət səltənətinin bu möhtəşəm şairi kim bilir, neçə-neçə həyat bəxş edən inci  misralar düzəcəkdi.

Nadanlar üçün o, işə yaramaz bir sərsəri, anarxiya tərəfdarlarına təxribat aləti.. bizə görə əhatə edilməz məzmun... Xilqətcə ərköyün, laqeydlik göstəriləndə öldürücü zəhər, Əndərun tərbiyəsi ilə Sultan sarayının ağası... Bəli, əlverişli şərait tapsa, min cür badirəni (gözlənilməz hadisə)  aşan bahadır. Şəhvət bazarına düşsə, nəfsin əsiri; hər kəs ona qarmaq atar, hər kəs onu əldə etmək istəyər. Əldə edə bilsən, sənin üçün bir inşirah (rahatlığın, məmnunluğun) ünsürüdür. Açıq qapı siyasəti güdsən, məccani (pulsuz, havayı) bir mal... Könlünü "yalnız" mücərrədlərlə doldursan, bir xəyalpərəst, qəlbini şəxslərə bağlasan bir totemçi olar. Bəhimi hisslərini kəsə bilsən, ikinci bir fitrət qazanar. Başlı-başına buraxsan, mənliyi fırtınaya düşmüş köməksiz gəmilər kimi məhv olub gedər.

Sahib çıxsan:

"Ol badə kim içsə, həmən
Ürəyə doğular nuru-cahan
Verər həyatı-cavidan." (Gədayi)

zirvələrində qanad çırpacaq, tərk etsən,

"İç badə, gözəl sev, var isə əqli-şüurun;
Dünya var imiş, ya ki yox olmuş, nə umurun."

düşüncəsi ilə kirlənəcək...

Hər şey demək olan bu potensial qətiyyən ehmal edilməməlidir. Çünki bir dövrdə o, hər şey damarlarındakı əsl qana əmanət, əsl-nəsəbi qeyri-müəyyən olan başqa bir dövrdə isə o, sırtıq, sürtük, iffətsiz, bütün dövrlərə rəhmət oxudacaq qədər vəhşi idi. Bu dövrdə o, ən acılardan acı mədədə xərçəng, gözdə bir katarakt... İnsanlığı "süni", mərhəməti hiylə, səy və cəladəti aləmə yalan, şücaəti gözbağlama, "əsfəli-safilin"in dibində insanlığını itirmiş bir xortlaq idi. Memarının əlində isə, "alayi-illiyyin"in nazənin, nazlı sultanı; kainatın "ahsəni-təqvim"i, İlahi nəzərin toplandığı mərkəz... O, memarından ona əl uzadılmasını istəyir. Bu əl onu naşılıq səviyyəsindən götürüb, ağalığa yüksəldə bilsə, qədirbilməzlərin ona rəva gördüklərini bir-bir anlama imkanını əldə edəcək və bir daha cəhənnəm çuxurlarına sürüklənməməyə səy göstərəcək.

O, bizdən himayə və dirayət (elm, bilik) gözləyir. Biz ondan ağıl-qəlb izdivacı və keçmişinə qucaq açmasını... O, ruhunda kök salmış nevrozlara mahir bir həkim; biz də, beynində pas atmış həzəyanlara bir dərman gözləyirik. O, ürək ağrıdan fəryadlar içində: "Yetiş dada, yanğın var" -deyərkən; biz "İcazə ver, bu yanğını qan və tərimizlə söndürək" –deyirik. Dillər deməsə də, könüllər mizrab dəymiş sarı sim kimi çoxdan bunu tərənnüm edir.

Ey insane oğlu, gözlədiyin sübhi-qiyamət deyilsə, bağlı əllərini aç, Heraklın Prometeyin dadına yetdiyi kimi, şeytanın alovuna düşmüş gəncliyin köməyinə çat..!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.