Göz yaşını dindirmək üçün...!
O çinar kimi qamətinin büküldüyünü hər görəndə pərişan tellərin kimi qəlbim də dağılıb getdi. Boynu bükük və qəmli baxışların qarşısında neçə dəfə qəddim büküldü, gözlərim doldu. Hər fəryadıma sənin şərqindən bir nəğmə qatıb dastanını dilə gətirmək istəsəm də, iniltin içimi yandırıb-yaxdı; dərdin gözümdə böyüdü, içim çalxalandı...
Həm də sənə əl uzatmağa utanırdım... Əbai-kənaisə (kilsə ruhaniləri) kimi süni şəfqətimlə qarşına çıxmağa həya etdim. Çünki sənə, gözümün önündə qıydılar. Zülflərini tarimar edib, bu hala qoydular. Beynini söndürərkən, ürəyini qursağına yedirərkən, görmüşdüm bütün olub bitənləri və uzada bilməmişdim günahkar əllərimi... Sızıltına baxmayaraq, uzada bilməmişdim... Bəxtin Faustun bəxti, lakin Mefistos kim..? Kim rəva gördü bunları sənə...?
Əmin, etibarlı bir ölkədə idin. İsti bir yuvan vardı. Ruzin əlinin altında və işin yolunda idi. Sonra bu vəhşətə gəldin və gəldiyinə min peşman oldun. Lakin gəlməmək əlində deyildi. Gəldin və ətrafını tamamilə boş görüb halına aşina tapa bilmədin. Ahu-fəğanını yalnız sən eşidirdin.
Və sənin yanına tələsənlər sadəcə mədənin arzu və istəklərini tətmin etmək üçün tələsirdilər. Sənin bugünki ürək yaxan fəryadların, ta o zaman başlamışdı. Ta o zaman tərk edilmişdin. Həm də "ən sevimli" ikən. Sən, başqalarının kef və əyləncəsi olaraq əllərdə, qucaqda idin; bir gül kimi sinədə, dodaqda idin. Lakin sənin üçün görülən işlərdə sənə aid olanını tapmaq mümkün deyildi. Qəribdin, tənha idin və sahibsizdin...!
Dünənki günün bu günü və bu günün məchul olan gələcəyini hazırlayır. Yolların ayrımındasan balaca...!
İndi isə mənə icazə ver bu badirədə bahadırın olum. Mizrabımı sənin üçün vurub, fəryadımı ruhuna duydurum. Bu fırtına və bu yanğında lazım olduğu an köməyinə gələ bilmədiyim üçün səki daşı kimi bu günahkar başımı ayaqlarının altına qoyum və bütün günahkarlar adından səndən üzr istəyim: Bir kef uğrunda varlığına səbəb olanları, ətinə sümüyünə bağlanıb könlünü unudanları, bir müvəqqəti dəm üçün əbədiyyətinə qıyanları, ruhuna qabalıq aşılayıb səfalətini hazırlayanları bağışla, balaca!..
Sızıntı, Fevral 1979
- tarixində yaradılmışdır.