Hesablaşma
Tarix bir növ çoxsaylı təkrarlardan ibarətdir. Hadisələr o qədər bir-birinə yaxın və bir-birinə bənzər cərəyan edir ki, insan yanılaraq həmişə eyni istiqamətdə, eyni şeylərin cərəyan etdiyi hökmünü də verə bilər.
Buna baxmayaraq, düşünənlərin sayı nə qədər az, düşüncələr nə qədər kasad və könüllər həqiqətlərə nə qədər də yaddır.!
Kim bilir, neçə dəfə girdablara qapılıb cəhənnəm çuxurlarına düşdük və neçə dəfə fəvvarələrə minib zirvələrə ucaldıq. Neçə dəfə gündüzümüz hərc-mərc, gecəmiz Cəhənnəm oldu və neçə dəfə “İrəm Bağları”na bənzəyən "sadabad"larla (Sadabad əyləncələri-III Əhməd (1703-1730) və sədrazam Nevşəhərli Kürəkən İbrahim Paşa (1717-1730) dövründə İstanbulda Kağıthane səmtində Alibəyköy yaxınlarında köşkün ətrafında təşkil edilən əyləncələr) dilşad olduq.
"Hünər ibrət almaqdır, hünər ürfana erməkdir". Lakin biz nə ibrət ala, nə də ürfan əldə edə bildik. Hələ də bəzi lovğalardan nəsihət alır və yüzdə yüz zərərimizə olan paradokslara giririk. Düzü, indiyə qədər bizə əlli min dəfə özgəlik aşılayan ruhumuzun düşmənlərinə qarşı təkrar etdiyimiz "flört"lərdən heç nə əldə edə bilmədiyimiz kimi, elə hey kabus kimi göstərilən öz dünyamıza qarşı da insafla yanaşıb özgələşmədən heç cür imtina edə bilmədik.
Nə olardı, bir dəfə də bu millətin nəbzinə əlimizi qoyub, öz-özümüzü dinləyə bilsə idik. Əfsuslar olsun! Millətimizə ədavət bəsləyənlərdən xilaskar əllərin uzanmasını gözlədik və yadların təsbitlərinə görə onlar haqqında bir-bir hökmlər sıraladıq.!
Özgələşmə bizdə idbar dövrü ilə başlanan bir xəstəlikdir. Başladığı gündən bəri də "rekord" səviyyəli bir sürətlə artaraq yayılmışdır. Bir inayət əli dadımıza çatmasa, önümüzdəki illərdə bu sürətlə haralara gələcəyimizi indidən demək kahinlik sayılmazdı.
Özgələşmə millətlərin qaynayıb bir-birinə qarışması və bir-biri ilə səmimi olması ilə başlayar. Düşüncə və mədəniyyət mübadiləsi ilə dərinləşər və kök salar. Beləliklə də, o, həm qaliblərdən məğlublara, həm də məğlublardan qaliblərə keçmə nüvəsini daşıyan bir xəstəlikdir. Bir yöndən onun məğlublara aid bir əhval-ruhiyyə olduğunu iddia etmək olar, lakin mütləq mənada belə olduğunu demək də düşünülmədəm verilmiş bir qərar olardı. Məncə, bu mövzuda ən önəmli məsələ özgələşmə zəmin və mühiti hazırlananda milli və ictimai bünyənin xəbərdar edilməməsi və ümumi bir həyəcan siqnalı verilməməsi məsələsidir.
Toplumlar özgələşməni sezə biləcək və daxilə sızma istedadına malik zərərvericilərə qarşı parol soruşacaq qədər bəsirətli olduqları dövrlərdə özlərini mühafizə etmiş və müəssisələrinin təxrib olunmasına imkan verməmişlər. Bu sezmə və bəsirəti göstərə bilmədikləri dövrlərdə isə, özlərinə aid əsas doğmalığı və mənanın təxrib olunmasına zəmin hazırlamış və sonra da tarix səhnəsindən silinib getmişlər.
Romanın zülm və təzyiqinə qarşı xristianlığa dörd əllə sarılan kütlələr daha sonra bilərəkdən və ya bilməyərəkdən, Roma həyatından bir çox yeni anlayışı mənimsəyib dinlərinə qatdılar və beləcə, bəlkə də uca bir dinin əsasını alt-üst etdilər. Bu mübadilə fəaliyyəti sonralar da davam etdi və zavallılar bundan heç cür xilas ola bilmədilər.
Bir tərəfdən, o günün məzlum, məğdur (zərər çəkmiş) kölələri zülm və despotizmdən xristianlığın himayəsinə sığınarkən, digər tərəfdən düşmənlərinə aid hər şeyi istifadə etmə, bir naşılıq və bir aldanma, bəlkə də, iqbal ehtirasına qapılma kimi şeylərlə, hər nə olur-olsun, qısa müddətdə müxtəlif mutasiyalarla özlərinə yad bir mahiyyətə büründülər və bir daha da özlərinə qayıda bilmədilər.
Tarix təkrar olunur: Bu gün də Qərbə qarşı eyni əhval-ruhiyyəni daşıyan nə qədər millət göstərmək mümkündür. Bu millətlər istər Qərbin texnalogiyadakı üstünlüyünü, rifah səviyyəsini əldə edib onlar kimi firavan həyat sürmə arxasınca olsunlar, istərsə də millətlərinə xidmətin ancaq bu yolla olacağına inansınlar, onlar doğmalıqdan uzaqlaşma və öz-özlərini təxrib etmə yolundadırlar.
Qarşıdakı dünya keçmişdən bu günə, üstünlüyünü qorumaqdan başqa heç nə düşünmədi və bu yolda hər yolu qanuni, hər səbəbi mübah (doğru, uyğun) saydı. Bu gün də eyni səydədir. Arada bir fərq var, o da; dünənki kölələrin əvəzinə, bu gün kölələşdirilməsinə çalışan millətlərin olması və dünənki kölələrin baş qaldırma müqabilində bu gün baş qaldıran millətlərin mövcudluğudur.
Bəli, əvvəllər yeri, yurdu, kökü və keçmişi olan bütün toplumlar, indi bu ziddiyyətli dünyanın qarşısına çıxma hazırlığındadır.
Yaxın tarixə qədər insanımız bu ziddiyyətli dünyaların meydana gətirdiyi qanlı kabuslar önündə belə, ona daim hüsnü-zənn etmiş və optimizmi itirməmişdir. Lakin üst-üstə gələn dünya müharibələri və arxasınca da fəlakətlər bu qarşıdakı dünyanın "şüuraltı" kin və nifrətini cücərtmiş və insanımızın gözünü açmışdır. Artıq hər kəs ayan-bəyan görür ki, bu dünya hüsumət və düşmənlikdən başqa bir şey bilmir. Zəif olduğu dövrlərdə siyasəti ilə, qüdrətli olduğu dövrlərdə də fəlsəfəsinin təməl əsası olan: "Haqq qüvvətdədir" düsturunu rəhbər tutaraq, daim zülm və xəyanət cəbhəsində olub; daim əzib inlətmişdir.
Dinlər onu tərbiyə edə bilməmiş; mürşidlər azğın ruhunu uslandırammamış və könlünə bir damla səmimiyyət iksiri içirə bilməmişlər.
Bəzən o xristianlığa bir xilaskar kimi sarılmış və bəzən onun da kifayət etmədiyini elan edərək başqa məhbub arxasına düşmüşdür. Xristianlığa qarşı İntibahı belə bir əhval-ruhiyyə ilə üzə çıxarıb Alpların zirvəsinə yerləşdirmişdi. Səlibi bayraqlaşdırıb yer üzünü işğal etməyə başladığı zaman nə qədər səmimiyyətsiz idisə, bir o qədər də yeni bütünə qarşı süni və qeyri-səmimi idi. O, nə min bir canfəşanlıqla Anadolunun hər yanını xaçlıların tapdağına saldığı dövrdə, nə də dini duyğuları zəncirə vurub kilsədə həbs etdiyi dövrdə əsla səmimi olmamışdır.
Onun xristianlığa möhkəm sarılması yeni bir inanc, yeni bir nizam və yeni bir "dünya-üqba" anlayışına qarşı qəzəbinin gərəyi, nəticəsi idi. Bu yeni inanc və sistemlə mübarizədə xristianlığın da kifayət olmadığını anlayanda, İntibahla həmbəzm (məclis yoldaşı, kef yoldaşı) oldu. Bu onun "antik" dövrləri imdada çağırması, geri qayıdış və irtidadı (dindən dönməsi) idi. Yəni büdrəyərkən başqa bir dağıntıya söykənməsi, ölülərdən mədəd umması və məzarlara müraciət etməsi idi...
Zavallı Qərb bu halı ilə özünü qurtaracağını sanırdı! Əslində, bu libas dəyişməkdən başqa bir şey deyildi. Köhnə paltarının yerinə əyninə keçirdiyi gözoxşayan bir geyimlə əbədi varlığa qovuşacağına ümid edirdi. Əfsuslar olsun! O, umduqlarından heç birini əldə edə bilmədi. Əksinə, bilə-bilə özünü mürtəcelik bataqlığına sürüklədi. Bəli, bir qeyz və kin uğrunda göz görə-görə həm özünü, həm də başqalarını məhv etdi!
Səlib yürüşləri ilə görmə və tanıma fürsətini tapdığı yeni din və yeni dünyanın insanı onu o qədər ürkütmüşdü ki, mütləq bu dünyanın payını vermək istəyirdi. Çünki yeni nizamın ruhundakı müsamihə və xoşgörünün, onu bir gün Qərbin qapılarına qədər gətirəcəyini və hakim edəcəyini düşünür və düşündükcə də hövsələdən çıxırdı.
Bəli, o, beləcə fikir götür-qoyu içində öz dəyərlərini və məsnədlərini (dayaq) yenidən tənqid etməyə başladı. Və yeni bir məşuqun axtarışına başladı. Qısa vaxtda da özünü etnoqrafik muzeylərdə tapdı. Və o gün bu gün bir daha da könlünü verdiyi o qədim müstəhasələrdən (torpaq altında qalıb daşlaşmış heyvan və ya bitki qalığı) xilas ola bilmədi.
Ah, bu nə öldürücü bir qərardı! Kaş ki, təvazökar və fəzilətli ola və qapısına qədər gətirilən bu yeni həyat iksirindən içə biləydi, indi dünyanın çöhrəsi tamamilə fərqli olardı! Lakin o, təəssübkeş davrandı və ona ölümsüzlük müjdəsini gətirən bu şəfqətli əli qırdı.
Əslində bu döyüş və mübarizə heç vaxt səmimi və təmənnasız olmayan qatı bir dünyanın mayası səmimiyyət və fitriliklə yoğrulmuş yeni bir dünyaya qarşı ürkəkliyinin göstəricisi idi. Bütün tarix boyu bu belə də davam edəcəkdi. Qüdrətli olduğu vaxt son dərəcədə azğınlaşan; zəiflədiyi dövrələrdə də tamamilə riyakarlaşan və ruhu süniliklərlə dolu bir dünya əbədi nuru təmsil edən bir nizamla qətiyyən uzlaşa bilmədi. Və budur, tarixin qanla yazılmış səhifələri; buyurun, minlərlə misal meydandadır...!
Nəhayət, ictimai təbəddülatlar onu özünə gətirəcək səviyyəyə çatdı, lakin bu səfər də illərlə aman vermədən əzdiyi xilaskarını öz qapısında boynubükük gördü. Onu əsrlərlə qıvrandıran mərəz indi də qəfildən bu yeni dünyaya yoluxmuşdu. "Təğəllüblər, əsarətlər, təhəkkümlər, məzəllətlər, müxtəlif ibtilalar, müxtəlif xəstəliklər". Artıq yıxılanın əlindən tutan, yatağa düşənə zəmzəm aparan qalmamışdı...
Bu hala düşən bir dünyanın başqalarına Xızır olması qeyri-mümkündü. Üstəlik texnoloji üstünlük və maddi rifah səviyyəsi meyar olar və bu da köməyə möhtacların əlində olarsa...
Halbuki, bu birtərəflik də bir işə yaramayacaq. Çünki bir tərəfdən onun yüz illərdir içində daşıdığı qisas duyğusu ortaya çıxarkən, digər tərəfdən də daim istismar edilən yeni dünyada bəzi tərpənişlər görünməyə başlamışdı.
İndi iliklərinə qədər qorxu içində tir-tir titrəyən bu məzlum dünya bir az ürkək, bir az narahat və bir az da gərgindir. Bəlkə də, partlama səviyyəsinə gələn bu dünya önümüzdəki illərdə yeni bir çılğınlıq və yeni bir macəra mərhələsinə girəcəkdir...!
Kaş ki, bir kin və nifrət küpü kimi əsrlərin qaynayan bu fitnə alovu "şüuraltı"na qədər hər şeyini ortaya tökə biləydi. Bəlkə, onda intibaha gəlməyimiz bir az da sürətlənəcək və tezliklə qurtuluşu əldə edəcəkdik. Və bu əfsanəvi ruhun dirçəlişi Qərbi də xilas edəcəkdi.
Kim bilir, bəlkə, yenə də belə olar.
"Gün doğulmadan ana bətnindən nələr doğular".
Sızıntı, İyul 1980
- tarixində yaradılmışdır.