İnsanı Yüksəltmə

Sənin mahiyyətin hətta mələklərdən də ülvidir:
Aləmlər səndə pünhandır, cahanlar səndə matvidir(gizlidir). (M. Akif)

İnsan, hər fəlsəfi və elmi görüşün təməl mövzusudur. Onu nəzərə almadan nə fəlsəfə yürütmək, nə də elmi şərhlər vermək mümkün deyil. Fiziki və mənəvi yönü ilə bütün elmlərə mövzu odur və insandan kənarda hər şeyin ağırlığı və dəyəri yenə onunla münasibətə görə ölçülür.

Elmlər qol-budaq atıb onun ətrafında toplanır və onun müxtəlif yönlərindən söz açırlar. Kitablar ona doğru qanad açır, ondan bəhrələnir və ətrafa nur saçır.

Bədən quruluşunun forma və funksiyalarının mükəmməl nizamlanması ilə son dərəcə ideal bir sistem olan bu varlığın üzvlərindən hansının anatomiyasına nəzər yetirsək, qarşısında heyranlıq duymamağımız qeyri-mümkündür.

Hələ daxili aləmindəki dərinlik və daim bir mənəvi üfüqdən digərinə varma istedadına baxsan... Kompleks bir beyin və maddi ölçülər içində bulanıq bir mahiyyət ifadə edən ruh; sonra bu iki sirli varlığın mükəmməl ahəngi... Bunların hər biri o möhtəşəm abidənin tacındakı rənglərdən billurlaşan mənalardır.

Biz hələlik, nə bu möhtəşəm zahiri görünüşə, nə də az da olsa, nüfuz edə bildiyimiz batinə təmas etməyəcək və yalnız onu yüksəldən bir-iki istedad və qabiliyyətdən söz açacağıq.

İnsan hər şeyi ilə anlaşılması çətin olan bir varlıqdır. Qəribəliyi və qeyri-adiliyi dünyaya gəlişi ilə başlayır və beləcə davam edir. Onun xaricində hər canlı dünyaya ayaq basarkən, başqa bir aləmdə yetişdirilmiş kimi, həyat qanunlarına aşina və ən mükəmməl sövqi-İlahi ilə (instinkt) gəlir. İnsan isə ən möhtəşəm və mübəccəl (uca) bir varlıq olmasına baxmayaraq, bütün bu təbii instinktlərdən və həyat üçün lazımlı funksiyalardan məhrum şəkildə dünyaya qədəm qoyur. Onun heyvani varlığının mexaniki nizamını aşan hər şey ağıl, zehin, iradə, azadlığa meyil, hiss və daxili müşahidə sayəsində burada təşəkkül edir. Daxili və xarici bütünlüyünə bu surətlə və mənliyinə də ancaq bu yolla qovuşur.

Onda bir meyil və gələcəyin böyük şəxsiyyətinin əlamətlərini daşıyan bu istedadlar, ancaq təlim və tərbiyə ilə inkişaf etdirilə bilər. Və ardınca da daxili müşahidə və müraqibə (izləmə, təqib etmə) ilə mənəvi mərtəbələr fəth edilir. Onu öz təbii hissləri ilə tamamilə baş-başa buraxmaq isə, nəticəsi ən yüksək mövqelər olacaq bir nüvəni və ya nüvələr toplusunu bu gözəlliklərdən məhrum etmək,onu ən alçaq, ən səfil və ən acınacaqlı hala salmaq deməkdir.

Aslan ona lazım olan pəncəsi ilə, mal-qara buynuzu ilə, it dişi ilə, insan da bütün müdafiə və hücum vasitələrini özü hazırlama məcburiyyəti ilə dünyaya göndərilir.

İnsan,həyatı üçün lazım olanları əldə etmək, zərərli şeylərdən də uzaq durmaq üçün bəsirət və zəkası ilə, iradə və ağlı ilə icad etdiklərindən istifadə edir və bunlarla öz dünyasını - səadət dolu insani dünyasını qurur. Sonra da meydana gətirdiyi əsərləri, könül və fikir dünyasında qurduğu, yaşatdığı dəyərləri gələcək nəsillərə ötürür.

Belə olmalıdır, çünki o yalnız içində olduğu anı yaşamır. Keçmiş və gələcək onun nəzərində canlı və varlığının bir parçasıdır. Buna görə də, keçmişdən bu günə qədər təfəkkür və elm həyatımıza xidmət göstərənlər səy və cəhdlərinin səmərəsini şəxsən görməmələrinə baxmayaraq, bezməmiş və bundan yorulmamışlar. İnsanlıq üçün çalışmış,çabalamış elm və mədəniyyət naminə külli miqdarda miras qoymuşlar. Əgər bu fədakarlıq olmasa idi, bu gün yer üzündə nə elmdən, nə də mədəniyyətdən danışmaq mümkün olmazdı.

Elm və mədəniyyət mirasının yanında, mükəmməl və fəzilətli insan da yenə bəşəri səy və cəhdin səmərəsidir. Onun qabiliyyətlərini inkişaf etdirmə, davranışlarını nizamlama, onu yaxşıya və fəzilətə sövq etmə həmişə öz növünün əli ilə olmuşdur. Bütün tarix boyunca bir nəsil digər bir nəslin tərbiyəsini öhdəsinə almış və bunu özünə vəzifə bilmişdir... Beləliklə, xələflərin sələflərə ən böyük hədiyyəsi də yaxşı bir tərbiyə olmuşdur.

Tərbiyə - insanı nəfsinə uyub məqsədindən, insanlığından ayrılmasına mane olur,onun hərəkət və fəaliyyətlərinin hüdudunu təyin edərək, nəzarətsiz buraxılmamasını və azmamasını təmin edir. Tərbiyə eyni zamanda, insanın özü ilə dünyaya gətirdiyi qabiliyyətləri də inkişaf etdirir və insan ruhunda sirli və gizli potensialın ortaya çıxmasına kömək edir.

İnsanda həmişə yaxşılıq və gözəllik nüvələri var. Pislik və çirkinliyin nüvələri isə yoxdur. Şəhvət, kin və intiqam kimi duyğulara başqa aspektdən baxsaq, onların da dolayısı ilə gözəlliklərin rüşeymləri hökmündə olduğunu görərik. Ancaq bu da unudulmamalıdır ki, mənfi-müsbət hər şeydə görülən gözəllik bir tərbiyənin məhsulu olduğu kimi, məhz insanın insan olması da yenə bir tərbiyəyə bağlıdır:Ağıl, iradə və daxili müşahidəyə bütün funksiyalarını yerinə yetirdən bir tərbiyəyə... İnsanı heyvani mövcudiyyətin fövqünə yüksəldən, səbəb-nəticə qanunları ilə cərəyan edən təbiət qarşısında yer üzünün xəlifəsi edən, sonra da onu "Mütləq, Azad və Muxtar" olan bir Varlığa bağlayan özünəməxsus xüsusiyyət onun əqli bir varlıq olmasında, iradə və daxili müşahidəyə malik olmasında axtarılmalıdır.

Fəlsəfi təriflə ağıl "Qanun və prinsiplərə əsaslanaraq ümumidən xüsusi halları çıxaran bir qabiliyyətdir." Heyvanla insan arasındakı mahiyyət fərqinin təməlində də, xüsusilə, bu fəal ağıl durur ki, bu da insanlığa xas bir nemətdir.

İnsanı insan edən amillərin başında ağıl gəlir; amma, o, mükəmməl şəkil və kamil halda deyil, bəsit və qapalı olaraq insana bəxş edilmişdir. İnsan özü ilə heyvan arasındakı bu mahiyyət fərqini inkişaf etdirmək məcburiyyətindədir. Ağıl, daxili və xarici dünya arasında körpü vəziyyətinə gəlib vicdanla birləşəndə tamamilə ayrı bir xüsusiyyət kəsb edir. Buna əgər “axtaran”la ”tapılan”ın birləşməsi deyiləcəksə, vicdan da əməl baxımından hökm verən, hərəkət və istiqamətimizi göstərən "ağıl" vəziyyətinə gəlir. Ağılın zehinləşib, öz vəzifəsini yerini yetirməsində ən son qayə, ən ülvi ideal isə Allah mərifətinə nail olmaqdır. Bu mərifətə nail olan ağıl kamala çatmış və vicdani mükəlləfiyyətləri də çiyninə götürmüş deməkdir.

İnsanı insan edən xüsuslardan biri də onun azadlığıdır. Yəni, öz hərəkətlərini özünün təyin etməsi, fəal bir ağıla malik olması, “ixtiyar sahibi” olmasıdır. Bunun sayəsində insan canlı-cansız bütün təbiətin fövqünə qalxar, hərəkətlərinə nəzarət və əməllərinin hesabını vermə qabiliyyətini qazanar. İnsanın iradəsini inkar edənlərin və çox səthi fikirli bəzi pozitivist və materialistlərin əsassız mülahizələrini aradan qaldırmaqla, yəni azadlıq və insan iradəsini nəzərə alaraq əxlaqiliyi və onun əksini izah etmək mümkündür.

Demək ki, insanda azad və muxtar bir yönün, yəni təbiətdəki qanunlar tərəfindən təyin edilməyən bir cəhətin mövcud olduğunu və bunun da əxlaqa əsaslandığını qəbul etmək, uca bir aləmə müxatəb olma, sonra da belə bir müxatəbliklə bağlı mükəlləfiyyətləri yerinə yetirmək; xarici təlqin və daxili müşahidə ilə yaxşı-pisi ayırd etmə kimi vəziyyətlər üçün zəruridir.

Daha sonra, xarici aləmlə əlaqəli qavrayışlar və daxili sezişlər -mənaların nurdan zərrələr halında vicdanda əks olunması və təsdiqlənməsi- yaşadığımız aləmdən çox-çox uzaqlara pəncərələr açır ki, bu dövrədə insan içində yaşadığı məkan hüdudlarından yuxarılara doğru yüksəlişi hiss edir. Ağılın cövlanı, iradənin qətiliyi və müşahidənin sağlamlığına görə "merac" deyəcəyimiz belə bir xüsus hər fərdə aiddir və hər şəxs əlindəki kasa və içindəki kövsərə (imanına) görə bundan öz payını alar.

Bunların üfüqündə isə, ən kamil zəkaların, ən möhtəşəm iradələrin və ən dərin daxili müşahidə və zövq sahiblərinin çatdığı bir nöqtə var ki, o da, varlığımız arxasında varlığını, iradəmizdə iradəsini hiss etdirən və bizi bu nəşvəyə çatdıran möhtəşəm Yaradanın bənzərsiz gözəlliyini müşahidə etməkdir.

Əsrlərdən bəri insanlar bu ülvi səfərə qarşı yad və biganədir. Onu, mahiyyətinin mərifət zirvəsinə qovuşdurmaq; ağlını inkişaf etdirib iradəsinə güc vermək, hiss aləmini duruldub təbiətin gizli aləmi ilə təmasını təmin etmək, böyük tərbiyəçilərimizin vəzifəsidir.

Bütün tərbiyəçilərə bir daha səslənib elan edirik ki, maşın çarxları arasında maşınlaşan nəsilimizə, onu əsl insanlıq zirvəsinə yüksəldəcək tərbiyəni verməkdə, əgər bir az da geciksəniz, tarix qarşısında böyük miqyaslı barbarlaşmanın məsulu siz olacaqsınız.!

Sızıntı, İyul 1979

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.