Mərhəmət

Mərhəmət varlığın ilk mayasıdır. Onsuz hər şey dolaşıq və xaosdur. Hər şey mərhəmətlə var olmuş, mərhəmətlə varlığını davam etdirir və mərhəmətlə nizam-intizam içindədir.

Lahut aləmindən gələn mərhəmət bəyanı ilə yer nizama, səma da intizama qovuşmuşdur. Makro aləmdən mikro aləmə qədər hər şey heyrətamiz bu ahəngə və müntəzəm işləyişə mərhəmət sayəsində qovuşmuşdur.

Bu hərəkət və işləyişdə hər şeyin əbədi var oluşda qazanacağı hal və alacağı şəklin təlimi gedir. Və bütün varlıq bu istiqamətdə çırpınıb durur. Hər çırpınışda nizam və intizam nümayan, hər sıçrayışda mərhəmət şöləfəşandır.

Titrəyən havanın lətafətində, rəqs edən suların qıvrılışında, burnumuzun dibinə və ayağımızın ucuna qədər gələn bu təriflər üstü rəhməti görməmək mümkünmü?

Bulud mərhəmətdən qanadları ilə başımızın üstündə dolaşıb durur. Yağış, kəmər qurşanmış süvari kimi, onun bətnindən qopub imdadımıza yetir. İldırımlar, şimşəklər min bir gürultu ilə o gizli rəhmətdən müjdələr gətirir. Və aləm hər şeyi ilə "Rəhməti Sonsuz" adına bir qəzəlxana dönür. Dağlar və dənizlər, ağaclar və otlar üz-üzə və diz-dizə ayrı-ayrı söz və nəğmələri ilə mərhəmət nəğməsini söyləyir.

Bir bu soxulcana baxın! Ayaqlar altında və özü də son dərəcədə mərhəmətə möhtac, lakin o bu halı ilə bir çox şeyə mərhəmət etmə yolunda yorğunluq nədir bilməyən bir yolçudur. Şəfqətli torpaq ona bağrını açar. O da, bu isti qucağın hər ovuc torpağına yüzlərlə döl salar. Və ana torpaq onunla havalanar, onunla qabarar və hər yöndən bişib yetkinləşər. Torpaq soxulcana, soxulcan da torpağa rəhmətdir, bəs gübrə olsun deyə otu, kökü yandıran nadanlara nə ad verək? Yazıq insan! Həm torpağa, həm də soxulcana mərhəmətsizlik etdiyinin fərqində deyil...!

Bir də min bir çiçəyə cilvə vuran bu arıya və baramasına gömülüb özünü həbs ədən ipəkqurduna baxın! Mərhəmət orkestrinə uyma uğrunda nələrə qatlanır və nələrə dözür. İnsana bal vermək və ipək geydirmək üçün bu igid fədailərin çəkdikləri sancını görməmək mümkünmü?

Bəs, balasını xilas etmək üçün başını itə qapdıran toyuğun şəfqət qəhrəmanlığını; aclığını unudub əlinə keçəni balasına yedirən ac canavarın igidliyini heç düşündünüzmü...?

Bu aləmdə hər şey mərhəmət düşünər, mərhəmət danışar və mərhəmət vəd edər. Odur ki, kainata bir mərhəmət simfoniyası nəzəri ilə baxıla bilər. Ayrı-ayrı səs və sədalar; tək və ya toplu halda ifa edilən bütün nəğmələr, elə bir ritim içində axa-axa gedir ki, bunu görməmək və anlamamaq qeyri-mümkündür. Və sonra bütün bu hissə-hissə qayğı və şəfqətlərin arxasında bu sirli xora hökm edən, hər şeyi tamamilə əhatə edən geniş rəhmətin sezilib hiss edilməməsi...

Vay halına olsun bunlardan heç bir şey anlamayan talesiz insanlara...!

Bütün bu baş verənlər qarşısında insan şüur və iradəsi ilə; idrak və düşüncəsi ilə "özünü cəmləyərək" bu əngin rəhməti dərk etmə və səs-sədası ilə ona öz nəğməsini qatma məsuliyyəti altındadır.

Yaşadığı cəmiyyətə, insanlığa, hətta bütün canlılara bir insanlıq borcu olaraq mərhəmət etmə mükəlləfiyyətindədir. O, bu yolda mərhəmət etdiyi nisbətdə ucalar; xəyanətə, zülmə, insafsızlığa düşdüyü nisbətdə də xorlanar, alçalar və insanlığın üzqarası olar.

Günahkar bir qadının susuzluqdan qıvranan zavallı bir itə mərhəmət göstərib su içirdiyi üçün Cənnətlərə ucaldığını və evində pişiyi ac qoyub ölümünə səbəb olan başqa birinin isə Tamuğa, yəni Cəhənnəmə getdiyini Ən Doğru Sözlüdən öyrənirik.

Mərhəmət edin ki, mərhəmətə məzhər olasınız! Yerdə mərhəmət edən bir ələ, lahuti aləmlərdən min bir müjdə gələr.

Bu sirri qavrayan ata-babalarımız hər yerdə minlərlə mərhəmət ocağı qaladılar. İnsanları da aşaraq, heyvanları qoruma və himayə etmə vəqfləri təsis etdilər. Bu, onlardakı dərin mərhəmət anlayışının, bir xarakter, bir fitrət halına gəlməsindən başqa bir şey deyildi.

Ayağı sınmış bir quş, qanadı şikəst olmuş bir leylək kim bilir hansı mərhəmət qəhrəmanının qəlbindən vurdu ki, mənzilinə çata bilməmiş qərib quşlar üçün hüzur evinə bənzər heyvani sığınacaqlar qurma fikrini ilham etdi.

Kaş ki, onların heyvanlara göstərdiyi mərhəmət qədər öz insanımıza mərhəmətli ola bilsə idik... Əfsuslar olsun! Özümüzə mərhəmət etmədiyimiz kimi, nəslimizi də son dərəcədə laqeydlik və mərhəmətsizliklə məhv etdik. Bəli, bu minlərlə boğucu hadisənin və artıq dözülməz hala gələn ictimai atmosferin həqiqi səbəbkarları bizik.

Bir də mərhəmət duyğusunun ölçüsünün qaçırılması və sui-istifadə edilməsi var ki, o da mərhəmətsizlik qədər, bəlkə də daha çox zərərli və çirkindir.

Yerində istifadə edilən mərhəmət bir abı-həyat, bir iksirsə, onun sui-istifadə edilməsi də bir zəhər, bir zəqqumdur. Və əsl olan da, məhz bu tərkibi qavramaqdır. Oksigen və hidrogen müəyyən nisbətlərdə reaksiyaya girincə ən həyati maddəni meydana gətirirlər. Nisbət pozulanda və ayrı-ayrı qaldıqlarında isə yanıcı və yandırıcı xüsusiyyətlərinə geri dönərlər. Bunun kimi, mərhəmətin də həm dərəcəsi, həm də kimə göstəriləcəyi çox mühümdür. "Canavara mərhəmət göstərmək onun iştahını açar, sonra isə dişinin kirayəsini də istər". Azğına mərhəmət, onu daha da təcavüzkar edər və başqalarına təcavüzə təşviq edər. İlan kimi zəhərləməkdən ləzzət alana mərhəmət edilməz. Ona mərhəmət etmək dünyanın idarəsini kobralara vermək deməkdir...

Əli qanlı, üzü qanlı; könlü qanlı, gözü qanlı, xülasə, həm dəli, həm də qanlıya mərhəmət bütün zərərçəkənlərə, bütün məzlumlara qarşı ən qorxunc bir mərhəmətsizlikdir. Bu hal isə qurda mərhəmət göstərib quzuların hüququna laqeydlik göstərməyə bənzəyir ki, qurdların üzünü güldürsə də, bütün asimanı ah-əfğana gətirər.

Sızıntı, Noyabr 1980