Qəhrəman

Qəhrəman tarixin ana dirəyidir. Millətlərin tarixi qəhrəmanla yüksələr. Qəhrəmansız bir millətin tarixi dayaz və durğun göl kimidir; böyük və geniş olsa da, ümid və inşirahverici deyil.

Yunanlılar tarixlərini bir qisim əfsanəvi qəhrəmanların çiyinlərində bayraqlaşdırdı. Qədim Roma Sezar və onun kimilərlə tarixə düşdü. Karfagen Hannibalın sayəsində səsini insanlığa çatdıra bildi. İran Firdovsinin oynaq və bərəkətli mahir qələmi ilə ən rəngarəng və zəngin qəhrəmanlıq dastanlarına qovuşdu. Və daha neçə-neçələri neçə-neçələri ilə...

Millət var ki, onun tarixi tək sütun üzərində oturdulmuş kəmər kimi, bir qəhrəmanın ətrafında hörülür. Millət də var ki, onun tarixi yüzlərlə qübbəli məbəd kimi, minlərlə sütuna söykənib yüksəlir. Makedoniya qədim tarixi ilə İskəndərin çiyinlərində ucalmışdır; Fransa Napoleonun; Almaniya Bismarkın və ya fərqli bir anlayışa görə Hötenin.

Bizim tariximizdə isə nə qəhrəmanları saymaq, nə də adlarını çəkmək mümkündür. Bəlkə, ona bütövlükdə "Qəhrəmanlar tarixi" demək daha uyğundur. Çünki bu millət illərlə ona düşmən gözü ilə baxan bir dünya qarşısında, bəzən hücum və bəzən də müdafiə ilə o qədər qəhrəman yetirmişdir ki; Ömər desən, arxadan Xalidin kükrəyişi eşidilər, Fateh desən, Yavuzun səsi yüksələr. Fəth desən, Mohaç desən, bütöv bir Anadolu inləyər; Çanaqqalaların uğultusu eşidilər... Bu qədər zəngin qəhrəmanlıq tarixi olan ikinci bir millət göstərmək olduqca çətindir.

Qərbli bu millətin ciddi bir tarixi olmadığını söyləyir. Düzdür. Hanı Malazgirdin qanadlanan igidlərinin hekayəsi? Hanı göyərçin olub Qərbə pərvaz edənlərin sərəncaməsi? Hanı hər dəfə Xaçlılara sinə gərənlərin məzarı və kitabəsi? Və hanı "Yurdunu alçaqlara tapdalatmayan"ların qübbə və türbəsi..?

Başqaları öz tarixlərinin ən qiymətsiz və ən əhəmiyyətsiz hadisələrini qayğı ilə yazmalarına rəğmən, hanı mənim keçmişimin hər biri bir tarix sayılan qəhrəmanlıq dastanları? Molla Hüsrəv kimilər niyə "İtila dövrü"nün (Yükləliş dövrü) tarixini yazmadılar? Niyə Yavuz Səlim kimilərin hərbi güc və dühaları, idarə qabiliyyəti və cahanşümul tədbirləri öz dövrlərində yazılmadı? İbn Kamal kimi müqtədir bir dimağa nə oldu ki, "Yüksəliş dövrü"nün hadisələrini "Həzar-fən" (Hazırcavab) qələmi ilə təsbit etmədi? Lütf göstərib, son məchul qəhrəmanımızın kitabəsini yazan "Viranələrin Ağıçısı" dərdli şairin: "Basdıraq gəl səni tarixə! desəm sığmazsan" misrasını eşidəcəyimiz ana qədər bu suallar beynimizi qurdaladı. İndi isə, tarixi yazılmayacaq qəhrəmanların da ola biləcəyini düşünüb təsəlli tapmaq istəyirik.

Bəli, millət var ki, "tarix" deyib dastan yazar. Və kitabələrlə keçmişinə ehtişam qazandırar. Bunlara "tarix yazan millətlər" deyə bilərik. Millət də var ki, tarix qurar, dastan və nəğməsini başqalarına həvalə edər. Elə zənn edirəm ki, tarixi ədəbiyyatımızın fəqir halının kökündə bu xüsus dayanır. Biz qəhrəmanlıq göstərib tarix qurduq. Onun səs-sədasını qapı qulu və xəlayıqlarımıza buraxdıq.

Qladiator öz qəhrəmanlıq mücadiləsini görə və sezə bilməz. Onu arenanın ətrafında toplaşan tamaşaçılar daha yaxşı görər və daha yaxşı təsbit edərlər. Əgər mütləq bizə də bir qəhrəmanlıq dastanı lazımdırsa, mən şəxsən onu insaflı bir xarici müəllifdən dinləməyə üstünlük verərəm. Lamartinin təqdir dolu gözlərindən tariximin köksünə damlayan yaşlar; Pyer Lotiyə məzarlarımdakı sərvlərin kölgəsində gömülmə arzusunu oyandıran gözəllik və cazibə Peçevinin əfsanələrindən daha canlı və daha təsirlidir, zənnimcə. Görkəm odur ki, onu başqaları bəyənər, fəzilət və qəhrəmanlıq odur ki, onu düşmənlər belə təqdir edər.

Bir də daxili aləmə doğru və mənlikdə dərinləşən mavərayi (mənəvi aləmlərə aid) bir qəhrəmanlıq var ki, nə Şərq, nə də Qərb heç vaxt belə bir qəhrəmanlığı tanıya bilmədi. Buna görə də, tarixin səhifələrində əksini tapmamış bu qəhrəmanlığı, ancaq mənim ölkəmdə görmək mümkündür.

Bəli, qəhrəmanlığın bu növünü görmək üçün mütləq bizim diyarımıza səyahət etmək lazımdır. Çünki nəfsi təkəbbürləndi deyə, kürəyinə bir çuval un yükləyib camaat içində dolaşan dövlət rəisi; bir həmlədə Qərbin ən güclü ordularını tarimar edib, ardınca kralın xəzinələri önündə: "Dünən bir bərbəri bir kölə idin, bu gün müzəffər bir sərkərdə, sabah torpaq altında hesab verən bir insan" -deyən, qələbədən gözləri bulanmamış, məst olmamış sərkərdə; Şərq və Qərbə hökm etdiyi bir dövrdə bir həqiqət qəhrəmanının atının ayağından sıçrayan palçıqla ləkələnmiş cübbəsinin tabutuna sarılmasını tövsiyə edən böyük hərbçi və rəhbər ancaq bu ölkəsin insanından zühur etmişdir.

Bəli, orduların başında dünyanı əzib keçən, taxtına oturanda cahanı idarə edən, gecə xəlvəti zahidliyə bürünən həqiqi qəhrəmanı tanımaq üçün mütləq bizim iqlimimizə baş çəkmək lazımdır. Çünki taxt-taclarla qürurlanmayan, əvvəli və axırı eyni olan, önü və sonu bir-birinə bənzəyən, həyat və hadisələr qarşısında dəyişməyən, eşqi, həyəcanı və iniltiləri ilə mələyi, fələyi vəlvələyə salan talelilərə yalnız bizim dünyamızda rast gəlmək olar.

İffət bizim ölkədə yetişən su zambağıdır. Hasbilik (başqaları üçün yaşamaq) bizim elin gülüdür. Diyərqamlıq (başqalarının dərdinə yanmaq) bizim bağımızın çiçəyidir. Bizdə vardır vasil olub, dadmamaq. Bizdədir yaşatma arzusu ilə alışıb-yanmaq və yaşamağı unutmaq. Bizim insanımız bilər xidmətdə öndə olmağı, ücrətdə arxa sıralarda durmağı. Dünya bizdə gördü, bizdə tanıdı sevilmədən sevməyi...

Fütüvvət bizdə şəhbal açdı. İgidlik, qeyrət bizdə bayraqlaşdı. Gülbanglar bizdə dünya və üqbanı bir araya gətirən bəstələrə döndü. Və əsrlərlə insanımız bu mütləq ahəngin "dəminə, dövranına “hu” çəkdi.."

Buna görə də, bu ölkədə münfərid qəhrəmanlıq axtarmaq bihudədir; axtarılsa da, tapıla bilməz. Bu ölkədə qəhrəmanlıq sıra dağlar kimi dik və hər yeri zirvədir. Bunu dost da, düşmən də belə deyir, belə bilir.

Sən də "Görərsən, hiss edərsən, varsa vicdanınla imanın; Nə müdhiş bir həmasət (igidlik, şücaət) çarpır sinəsində" vətənin. Vətən övladının və Ona ruh verən Furqanın (Qurani-Kərim. Haqq ilə batili, doğru ilə səhvi, yaxşı ilə pisi ayıran).

Sızıntı, May 1981

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.