Səbir

Səbir, insanın fitrətin sinəsində cərəyan edən harmoniyanın insan tərəfindən sezilməsi, qavranması və təqlid edilməsidir. Bəli, səbr əşya və hadisələrin dilini anlama və onlarla "dialoq" qurma səyidir. Bu dili anlayana qədər səbat (sözündə möhkəm olmaq, ilqarından dönməmək) göstərən, sonra da varlığın zaman selindəki axını ilə öz davranışları arasında körpü quraraq təbiətlə bütünləşən insan necə də əziz və möhtərəm; kainatdakı bu ilahi nəğmə nə ülvi və bu ahəngin sezilib görülməsi nə ali bir tamaşadır...!

Səbir, zamanın əşya üzərindəki təsirinin qavranılması və hadisələrin zamanın çarxları arasında üyüdülüb, şəkildən-şəklə, haldan-hala salınmasının dərk edilməsidir. Zamanın bu səssiz əridici və dəyişdirici axını qarşısında yeri gələndə polad və yeri gələndə də buz olmağı bacaranlar onun cərəyan hüdudunda ayrı bir aləmə yüksələrək yox olmaqdan xilas olarlar. Bunu dərk edə bilməyənlər isə onun dəmir pəncələri arasında əzilib gedərlər.

Bəli fitrət, onu tanımayan və onunla yolda ayaqlaşa bilməyən ayaqları qırar, ruhları da əzib keçər. Onu tanıyan, hərəkət və davranışları ilə onun ruhundakı səssiz infiallara (coşma) dəm tutan və ona yeni-yeni davudi (hz. Davudun səsinə bənzər) nəğmələr bəxş edənlərin əlində də bal mumuna dönər.

Ah, bu sirri qavraya bilməyən və heç cür səbir etməyən tələskən, yaramaz uşaqlar..!

Bəli, özündən bixəbər və fitrət nədir bilməyən neçə-neçə insan var ki, illərlə yol getsə də, bir addımlıq məsafəni aşa bilməmişdir. Və neçə səssiz-səmirsiz insanlar da var ki, dərin çaylar kimi durğun və hərəkətsiz görünmələrinə baxmayaraq, dayanmadan yol gedir; addım-addım irəliləyir, önünü kəsən zülmət qaranlıqları bir-bir aşır və qarşısına çıxan maneələri darmadağın edir; səssiz-səmirsiz; sadə və başaşağı.. mərcan kimi; dənizin dərinliklərində iztirab görmüş, iztirab dadmış, qanda boğulmuş və zəbərcət (qiymətli daş növü) zirvəsinə çatmış mərcan...

Toxum bu səssizlik və səbatla daşı, torpağı dəlib gün işığına çıxar. Tumurcuq yüz dəfə bağrını günəşə açar; yüz dəfə gecənin zülmətinə meydan oxuyar və sonra varlığa qovuşar. Bəs körpə? Bir "rüşeym" halında ana bətnində təşəkkül edib zülmətdən-zülmətə keçən körpə; onun sərəncaməsi daha qeyri-adi və qeyri-adi olduğu qədər də səbir və dözüm səhifələri ilə doludur. Bəli, hər növ şəkil və qəlibə girə-girə doqquz ay sonra o güləndan vücudu ilə dünyaya qədəm qoyar.

Bir də, bu möhtəşəm kainatların və nəhəng "kosmos"un yaradılışına baxaq. Hər şeyə bir "Ol!" əmri ilə varlıq bəxş edən Qüdrəti Sonsuzun əlində bütün məkan və əşyanın milyard illərlə şəkildən-şəklə, haldan-hala girməsindən sonra, müəyyən bir forma qazanması necə də mənalı və necə də heyrətamiz bir dərsdir!

Varlıq aləmində hər şey səbir, bitməz əzm və müqavimətlə, hədəfinə doğru addım-addım irəliləyir. Tələsmədən, fitrətə xas qanunlara riayət edərək və yol dəyişdirmədən...

Ah, tələsən, səbirsiz insan! Səbirsizlik göstərən yalnız sənsən. Sənsən əşyalar arasındakı tərtibə riayət etməyən! Sənsən, yüksələrkən məsafələrə dözümü çatmayan və bir neçə pilləni birdən keçmək istəyən! Sənsən, səbəbləri nəzərə almadan nəticə gözləyən! Sənsən, qeyri-mümkün vəhmlərə qapılıb xəyaldan daş-qaşlı saraylar quran! Sonra da yalançı vəhmin və hiyləgər arzu-istəklərin altında tükənən! Sənsən, düşünmədən danışan, danışdıqlarından peşmançılıq çəkən və bu qədər peşmançılıqdan dərs almayan, ağıllanmayan! Kaş bilsən, bu halınla nə qədər naxoş və nə qədər uğursuzsan..! Kaş ki, hər biri bəliğ bir natiq və hər biri-bir dil olan ətrafındakı hadisələrdən dərs alaraq, əşya arasında olan tərtibə riayət etməyi; səbəb və nəticələri nəzərə almağı və xəyalınla deyil, imanın, əzmin və iradənlə var olmağı bacara bilsə idin...!

Sən, səbir etdiyin qədər varsan və Haqqın qatında da səbrin qədərsən; Kitabının gözəl deyib vurğuladığı ən gözəl xislət və ən gözəl keyfiyyətləri əskiksiz və mütəmadi yaşamada səbrin və əzmin qədər.. və çirkin deyə təsbit etdiyi xoşagəlməz şeylər qarşısında da dözümün və səbatın qədər.. nəhayət, qəfil başa gələn hadisələr qarşısında halını dəyişdirmədən:

"Gəlsə cəlalından cəfa, yaxud camalından vəfa;
İkisi də cana səfa, lütfün də xoş, qəhrin də xoş." (İbrahim Tennuri)

həqiqətinə könül vermiş, cəsarət və xoşnudluğun qədər...

Bütün yüksəldici şeyləri dayanmadan, mütəmadi olaraq yaşama, alçaldıcı şeylərə qarşı daim gözüaçıq olma və müqavimət göstərmə; nəhayət, gözlənilməz anda və gözlənilməz şəkildə səni sarsıdan və yaralayan ümumi bəlalardan qorxub geri çəkilmədən dözmək; bəli, ağrılardan ağrılı və nəticə etibarilə də zülallardan-zülal səbir budur!

Qol-qanad alıb yerindən ayrılmamaq.. şam kimi əriyib yox olmaq; yenə də yerindən tərpənməmək...

Hardasan əzm, hardasan iradə! Hardasan mərdlik və hardasan igidlik! Dayanmadan istiqamət və yol dəyişdirmə bizi çaş-baş saldı. Hər gün ayrı bir şeyə könül vermək bizi bitirib-tükəndirdi. Və dayanmadan mehrabdan-mehraba qaçma bizi qibləsiz hala gətirdi...

Bir Haqq dostu: "Məni bir pişik irşad etdi", -deyir. Ovunu gözlədiyi dəlik qarşısında səhərə qədər gözünü qırpmadan gözləyən bir pişik... Bəs sən, ey insan oğlu! Halını dəyişdirmədən, gözünü ayırmadan nə qədər gözlədin əbədi mehrabında..? Bəli, neçə dəfə qurduğun nizam pozuldu, əməyin boşa getdi və sən küsmədən, ruhdan düşmədən: “Yenə başdan”, -deyib davam etdin yoluna..? Və neçə dəfə qapılardan qovuldun, diyar-diyar sürgün edildin, sonra da qayıdıb yenə başını qoydun Sevgilinin qapısına..? Yoxsa sən, səndən əvvəl gəlib-keçənlərin başına gələnləri çəkmədən Cənnətə girəcəyinimi sandın? Halbuki, onların üzərinə elə müsibətlər, elə əzab və iztirablar yağdı və onlar elə sarsıntılar keçirdi ki, Nəbi (s.ə.s.) və yanındakı inananlar: "Allahın köməyi nə vaxt gələcək?" -dedilər. Bil ki, Onun köməyi yaxındır; səbir edib qulluğunu davam etdirənlərə, dişini sıxıb günahlardan qaçanlara, min dəfə qurduğu nizam pozulsa da, ümid və əzmini itirməyənlərə..

Bəli, "Canan yolunda, dəğdəğəi-cana (can dərdi) düşməyənlərə; Girdik rəhi-sevdaya (sevda yolu), qeyri bizə bir şey lazım deyil" deyənlərə...

Sızıntı, Noyabr 1980

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.