Son qoruyucu
Təhlükəsizliyin təmini funksiyasını yerinə yetirən bir qurum sabitliyin, hüzurun və əmin-amanlığın rəmzidir. Ondakı nizam, mənəvi rahatlıq və hər an, hər şeyə hazır olması ümumi təhlükəsizlik və müvazinətin ən böyük təminatıdır. Ondakı hərc-mərclik və təbəddülatlar isə arxasındakı cəmiyyətlər üçün ən böyük fəlakətdir.
Anadolu illər boyu ona bağlı dünyalar üçün təhlükəsizliyin qoruyucusu vəzifəsini yerinə yetirdi. Keçmiş dövrdə dünyanın təhlükəsizlik və müvazinətində ən şərəfli vəzifənin ona aid olduğuna heç şübhə yoxdur.
Sonra sıra ilə onun sancaqları, bayraqları bir-bir yerə endi. Lakin o, bütün mətanəti ilə varlığını və mövqeyini qoruya bildi. Dəyişən bayraqlar, parçalanan sancaqlarla yanaşı, əsalət və özünü qoruma yalnız ona müyəssər oldu.
Bəli, bütün tarix boyu əlli min dəfə o təmiz vücuduna mikroblar saçıldı. Və güləndam qaməti dəfələrlə sarsıntıya məruz qaldı, lakin o, heç vaxt tamamilə yerindən silinmədi və məğlub olmadı.
Səlib zehniyyətinin xortladılmasından, Cizvit keşişlərinin zəhər və ölüm saçan cəhdlərinə qədər, bu qoruyucunu devirmə və mühafizə heyətini uyuşdurma üçün nə qədər oyun varsa, hamısı sınaqdan keçirildi, lakin düşmənlərimiz umduqları nəticəni qətiyyən əldə edə bilmədilər. Düşmən cəfadan usanmır, qoruyucu da "Bu can bu uğurda fəda olsun" deyib səbir edirdi...
Bu mübarizələrdə onun sarsılmadığını iddia edə bilmərik. Bu ulu ağac bir neçə dəfə xəzan gördü və qurd basmış gövdəsi bir neçə dəfə öz qabığını yenilədi, lakin heç vaxt aşmadı. Üzərindəki səmanın qaralıb, köksünə üst-üstə xəncərlərin saplandığı günlərdə belə, milli ruh sferasında özünəməxsus zaman anlayışı və onu göstərən rəqəmlər daim aydın və təmiz oxuna bildi...
Bu əfsanəvi ruh əsrlər boyu bünyəsini dağıtmaq istəyən min bir paradoks qarşısında yerindən tərpənməmiş və daim Malazgird, Kosova və Çanaqqaladakı keçilməzliyi ilə özünü qorumuşdu. Onun bu vüqarlı mənzərəsi, az da olsa, ruhuna ayaz vurduğu və kökünə yad bir qurdun, bir "dabbətül-arz"ın müsəllət olduğu zamana qədər də davam etmişdi. O gündən sonra isə, artıq o ulu çinar için-için yanan və kömürləşən bir halı ilə özünü yeniləyə bilmir və canlana bilmirdi. Yaşlanmışdı. Vəfasız dostları, amansız düşmənləri vardı.
"Dost bipərva, fələk birəhm, dövran bisükun;
Dərd çox, həmdərd yox, düşmən kavi, tale zəbun." (Füzuli)
Tam bu min bir kabusun hər yana yayıldığı dövr idi ki, ətrafı bütün şiddəti ilə fərqli növ fəaliyyətlər bürüdü. Erotik düşüncəyə məsum bir libas geydirildi. Şəhvət ən rəğbət bəslənən bir əmtəə halına gətirildi və sanki gənclik bir həzəyan toplumuna döndü. Artıq öz ruh kökünə bağlı olanlar "doqmatist" və "formalist" deyə damğalanır; millət və vətənini sevmək ayıb sayılırdı. Bir "şirziməyi-qəlil (az saylı dəstə)" hər Allahın günü dayanmadan cızma-qara edib, milli ruhu zədələyən yazılar yazır, milləti kökündən uzaqlaşdırır və özünə mahiyyətinə yadlaşdırırdı.
Bu olub bitənlər qarşısında təmiz Anadolu xalqı ya özünəxas səbir və dözümlə gözləyir və ya xoş niyyətin verdiyi duru anlayışla bütün bu təəccüb doğuran hadisələri sükutla qarşılayırdı.
Bir ruh səfaləti və alçaqlıq duyğusunun timsalı sayılan zavallı intiligentlərimizin durumu isə tamamilə ürək ağrıdan idi. Ona görə, şəxsiyyət çalarlı kökə aid hər nəğmə fəsad; müstəğriblik (qərbə pərəstiş) naminə deyilən hər nəğmə Türkə “ucalıq” gətirən bir nişan idi!
Bu cür özündən, kökündən uzaqlaşma və xarici assimilasiyalarla daxili dəyişikliklər qorxunc səviyyəyə gəlib çatmışdı. Və artıq millət gəmisinin sağa-sola ləngər vuran bir gəmi kimi, hər an batması qaçılmaz görünürdü. Dillərdə minlərlə yad nəğmələr, dodaqlarda min bir öldürücü şərab.. kimi erotizmlə sərxoş; kimi libido (şüursuz cinsi həvəs) ilə.. kimi eksistansializmdən mədəd umur; kimi həzəyan fəlsəfəsinə aşiq, dayanmadan mehrab dəyişdirir və məbuddan-məbuda (!) yüyürürdü. Məhz bu əsnada bir qism yad əllər "hipnoz" olmuş bu ruhları metrolara yığıb qatar-qatar öz dünyalarına daşımağa başladılar. Cinnət xəstəliyinə tutulmuş bütöv bir nəsil Həsən Sabbahın saxta cənnətlərinə bənzəyən bu cənnətlərə dəvət edilirdi!
Dünən bir təlaş içində "Mehlika Sultana aşiq" naşı gənclər yerinə, bu gün əli qan, üstü qan, sinəsi qan və nə etdiyini çox yaxşı bilən qanlı dəli bir nəsil vardı. Artıq xaricdəki qarışıqlıq və hərc-mərcliyə başqa səbəb axtarmağa ehtiyac varmı? Tətmin edilməmiş, doyurulmamış və hətta tərk edilmiş bir nəslin müxtəlif düşərgələrə ayrılması və bir-birinin vəhşi qatilinə çevrilməsi çox təbii deyilmi...? Bu günə qədər onun daxili tənəzzülünü sezə bildikmi? Onu soysuzlaşdıran səbəblərə enə bildikmi? Halbuki, ona vəhşilik aşılayan qəddarlara qarşı qoruyucu mələk kimi onun yanında olmalı deyildikmi? Əfsuslar olsun! Min bir vəhşət ssenarisi səhnəyə qoyuldu - biz səssiz və hərəkətsiz qaldıq... Bəli, millət olaraq arenalardakı döyüşü seyr edənlər kimi seyr etdiyimiz bu qanlı mübarizədən heç bir şey anlamadıqmı.
Səhnənin bu rəngarəng hiyləsi, ətrafı inildədən valsın qorxunc uyuşduruculuğu və geyimlərin əfsunu qarşısında oynanılan oyunun həqiqi sifətini və vəhşiliyini ilk sezən son qoruyucunun qəhrəman gözətçiləri oldu. Bu sezmə ümid dünyamızda yenidən özümüzə gəlməyimizi və öz-özümüzü dərk etməyimizi təmin etdi. Əslində bu bir sezmə də deyildi. Bu, düşməni dərhal yaxalamaq və bir zəfərdir; ictimai vücudun, xarici bəzi uydurmalardan təmizləmə, paklaşdırma və əslinə-kökünə qaytarılma zəfəri. Bu zəfər ondan ümid edilənləri gətirdiyi təqdirdə Türkün zəfərlər səhifəsinə ən müstəsna yerini alacaqdır. (Belə bir təfəhhüs (diqqətlə araşdırma) və sezmə “Əsgər” yazımızda ehtiramla yad edilmiş və qazilər yurdunun igid qəhrəmanı mehmetciyə təşəkkür edilmişdi.)
Lakin illərlə min bir hücumla zərər çəkmiş bir bünyənin tezliklə belə bir müalicə ilə yaxşılaşması da qeyri-mümkün idi. Daha köklü və daha səmimi bir hərəkat lazım idi ki, milli bünyəni gəmirən xəstəliklər sağalsın...
Və hal-hazırda min bir ümid və sevinclə əsrlərlə çəkilən həsrətin tülusu saydığımız bu son dirilişi, son qoruyucunun varlıq və bəqasının nişanı hesab edir; ümidimizin tükəndiyi yerdə Xızır kimi dadımıza yetişən mehmetciyə istihalələrin son pilləsinə çatmağı diləyirik.
Sızıntı, Oktyabr 1980
- tarixində yaradılmışdır.