Yeni tabu

Əsrimizdə insan dühası daha çox texnika və texnologiyanın inkişafı yönündə səfərbər olduğu üçün, istər-istəməz toplumlar mistik bir hava içində bu istiqamətə yönəlməyə başladı. Bəşəriyyət bir tərəfdən bu sürətli və iradəsiz gedişdə gələcəyin rəngarəng xəyalları ilə məst olub özünü itirərkən, digər tərəfdən də keçmişindən və özündən uzaqlaşdıqca uzaqlaşdı.

Üstəlik, bəşəriyyət əldə etdiyi müəyyən uğurların üzərinə gələcəkdəki planları da əlavə edincə, texnikanın onun yeni "tabu"suna çevrilməsi və gələcəyinin mehrabı olması şübhəsiz idi. Bəli, bu gün, fəza bir yumaq kimi onun önündə açıldıqca açılır, şaquli kəşflərlə məkanın dərinliklərində yeni dünyalar, yeni mədəniyyətlər axtarılır. İnkişaf etmiş "sivilizasiya"larla təmas hazırlıqları görülməyə başlandı ki, əgər bütün bunlar reallaşsa, bəşər övladı bu ölümlü dünyadan xilas olacaq və xəyalını qurduğu Cənnətə qovuşacaq(!)

Kim bilir, bəlkə də, indidən ulduzlararası səyahət agentlikləri qurulmağa başlanmışdır...

Renessansla xəyallara qapılan və o gündən bu günədək heç cür bu röyalardan qurtula bilməyən bəşər, yeni-yeni özünə gəlməyə çalışarkən, bu dəfə də bir taxta parçası ilə ətrafında dövrə vurduğu girdabı bir fəza fəvvarəsi sanaraq ona nəğmələr söyləməyə başladı:

İşıq sürətinə çatmalar; zamanın tərsinə işləməsi və "kosmos"un dərinliklərində bizə səadət və ölümsüzlük vəd edən rəngli dünyalar...

Əslində gələcəkdə olması gözlənilən, hətta olması şübhəsiz də olsa, bunlara görə bu qədər nikbinliyə nə ehtiyac, nə də gərək var. Çünki yer kürəsini ilk dəfə kəşfə başladığımız günlərdə də ətrafı belə gül-çiçək görür, qızıl yumurtlayan quşlar, yağış kimi yağan qüdrət halvasını, püryan olmuş bildirçinləri hekayə və romanlarımızın mövzusuna çevirirdik. Lakin bu şirin yuxular qısa müddət sonra əsəfli bir xəyal olub yerini kabuslara verdiyi.

Fəzanın vəd etdiyi səadətin bundan daha uzunömürlü və daha davamlı olacağına dair heç bir təminatımız yoxdur. Bəlkə də, müvəqqəti olaraq bir daha insanlığın coşmasına və yeni bir nikbin ab-havanın yaranmasına səbəb olacaq. Lakin qətiyyən bu mütəmadi davam etməyəcək. O da əvvəlki yalançı işıqlar kimi tədricən sönəcək və izi belə qalmayacaq.

Dünən əllərinin Yaradana açılmasını dünya nemətlərindən istifadəyə əndəl biləklərinə vurulmuş zəncir sayan Qərbli; qəlbi ilə münasibətini kəsdikdən sonra, əvvəlki xəyali zəncirin əvəzinə min halqalı, alovlu bir boyunduruğun ağırlığını bütün vicdanında hiss etməyə başladı.. başladı, amma inancını tamamilə itirib təşvişə düşdükdən sonra...

Dövrümüzdəki həyəcan və təlaşlar da eyni şirin xəyallar arxasında və təbii olaraq, eyni ümidlərin puç olması və eyni böhranların eşiyində cərəyan edir.

Əgər bu, bütün insanlığın taleyi ilə əlaqədar olmasa idi, sırf maraq hissini tətmin və ya müvəqqəti duyğuları dindirən bir təskinlik deyib bu son "tabu"ya da heç müdaxilə etməyəcəkdik. Lakin insanımızın yenə də bir təcrübəyə, yeni bir aldanışa taqəti qalmayıb.

Okeanlara açılma, qitələr kəşf etmə ona səadət gətirmədi, əksinə onu səfalətə saldı. Bu yolla, onun gələcəyin rəngarəng dünyalarından da əldə edəcəyi arrtıq bir şey olmayacağı qənaətindəyik. Kaş ki, ona vəd edəcəyimiz yeni dünyalar əvəzinə, ruhunu məhbəsdən qurtarıb ona vicdani yönünü göstərə bilsək; əşya ilə arasındakı yad münasibəti aradan qaldıraraq, kainatla bütünləşməsini təmin edə bilsə idik. Əfsuslar olsun, biz bunu etmədik! O isə daim dəyişən ətraf mühit qarşısında film seyr edən tamaşaçının səhnədə gedən hadisələrə olan yadlığı kimi, əşya və hadisələrə qarşı daim yad qaldı. Ondan mayasındakı ləduni gücü istifadə edib arı kimi min bir çiçəyə qonma və möcüzəvi məharəti ilə ürfan pətəkləri qurma umulduğu halda o, özünü aciz, rəhbərsiz, ətrafını da, qatı, soyuq və istifadəyə əlverişsiz vəsait yığını olaraq gördü və heç bir şey edə bilmədi.

Bəli, o, varlığının mayası, özü olan ruhunu, tarix deyib üzərinə türbə tikdiyi mədəniyyətini və bütün duyğu dünyasını naxış-naxış hörən dəyərlərini görə bilmədi, bilə bilmədi və tanıya bilmədi. İntibah şərabını içərkən də, fəza fəvvarəsinə qapılıb səmalarda dövr edərkən də...

Hal-hazırda insanımıza yeni bir baxış qazandırmaq və öz-özünü yeniləməsinə yol göstərmək kimi, əzəmətli bir məsələ ilə qarşı-qarşıyayıq.

Ona həqiqəti necə izah edəcəyik? Daxili aləmi ilə, xarici dünyası arasındakı qopuqluğu necə aradan qaldıracağıq? Keçmişi indiki zamanla, indiki zamanı gələcəklə uzlaşdırıb umduğumuz tərkibi əldə edə biləcəyikmi...?

Bütün bunlar mütləq görülməlidir. Çünki bunlarda insanımızın özünə qayıtması və gələcəyin ümidi, inamı var. Və bu uzlaşma nəticəsində əldə etdiyimiz tərkiblə, afaq (xarici aləm) ənfusun (daxili aləmin) əmrinə girəcək, kainat ruhun kitabına dönəcək, keçmiş gələcəyin bağ-baxçası olacaq; insan könlü bu müsbət və mənfi qanadlarla yüksəklərə ucalacaq və orada həqiqi səadət və ümidin saraylarını quracaq.

Gələcəyə qarşı gözübağlı qalmaq bir korluqsa, keçmişə qarşı laqeydlik də bir talesizlikdir. Bəli, yalnız keçmişin nəğmələri ilə ovunanlar gözü bağlı nəsibsizlər, keçmişin mirasını tamamilə rədd edənlər də bir qisim köksüzlərdir.

Hər iki anlayış da mənasız olmaqla yanaşı, kökünü inkar edən müstəğriblərin (qərbə pərəstiş edənlərin) vəziyyəti də tamamilə zərərlidir. Çünki əvvəlkiləri gündə iki dəfə doğru vaxtı göstərən dayanmış bir saata bənzətsək; sonrakılar, qətiyyən doğrunu bilməyən nizamsız bir saatı xatırladır. Və cəmiyyət üçün bunlar daha zərərli və daha aldadıcıdır.

Biz, millət olaraq, yaşadığımız əsrə iki qanadı da qırıq girdik. Cəmiyyətin bünövrəsini sarsan ogünki böhranlar bu əskikliyimizin bağrında boy atıb inkişaf etdi.

Daha sonra isə ictimai bünyənin çox hissəsi yalanlarla doldu...

Hal-hazırda, onu özünəxas cizgidə yenidən dirçəlişə hazırlaya bilmək bir insanlıq borcu və bir vəzifədir. Biz də bunu edəcəyik. Amma bu ölü bədəni necə qanadlandırıb uçuracağıq? Məsələnin ən ağır tərəfi də elə burasıdır... Bir-iki əsrlik müayinə və müalicələrimizdə daim yadların rəhbərliyinə tabe olduq. Yenə də eyni şeyi düşünürüksə, indiyə qədər Qərb qarşısında əlli dəfə məğlub edilən dünyamız, artıq Qərblinin uzanan əlində gül dəstəsi olmayacağına, məlhəm təqdim etməyəcəyinə tamamilə inanmış olmalıdır.

Bəli, əsrlərdən bəri göstərdiyi hər canlılıq əlamətinə qarşı Qərbin onun başına endirdiyi zərbələrlə, yerindən tərpənə bilməyəcək səviyyəyə gələn bu dünya, xəyanətinə inandığı bu həkimə bir daha müraciət etməməlidir..!

Qaldı ki, bu gün Qərb özü də, üst-üstə gələn böhranlardan qəddi bükük və əldən düşmüş haldadır. Xarici görünüşü nə qədər gözoxşayan və zinətli olur-olsun; qocalmış bir çinar kimi, çoxdan için-için çürüməyə başlamışdır. Onu hələ də möhtəşəm və dəbdəbəli görənlər və qüvvəti təmsil etdiyinə inananlar, bu gərilmiş və dəlik-deşik olmuş əsrlik ağacın içindən bixəbər tüfeylilərdir.

Buna görə də, təfəkkürdə müflis, ruhda zəlil və səfil Qərb, nə dərdimizi müəyyən edəcək, nə də edəcəyi müalicə ilə bizi ölüm döşəyindən qaldıra biləcək. Qaldı ki o, daim köhnə vərdişləri ilə ictimai məsələləri, iqtisadi və siyasi zəmində nəzərdən keçirmiş və heç cür bunun xaricinə çıxa bilməmişdir.

Elə isə, dərdlərimizi müayinə etmək üçün öz keçmişimiz, öz maarifimiz və öz dəyərlərimizin meydana gətirəcəyi öz "göy qübbəmiz"ə sığınmalıyıq. Dünyanın hər tərəfində fəvvarələr kimi fışqıran elm və mədəniyyətə aid gözəllikləri götürüb bağrımızda əritməli, həzm etməli sonra da insanımıza təqdim etməliyik.

Əksinə, həzm edilmədən və milliləşdirilmədən millətə verilənlər quşun balalarına yedirdiyi qusuntu kimi olacaq ki, bu da özümüzəxas səciyyə və təbiətin ifsad edilməsi deməkdir.

Mədəniyyət nə qədər cahanşümul mahiyyət qazansa da, qoynunda bəslədiyi millətin ruhunu təmsil etməlidir. Beləliklə də, onu hazır bir libas kimi görməkdən daha çox, tikilməmiş bir qumaş olaraq qəbul etməliyik. Hər millətin öz qamətinə görə kəsib biçəcəyi, lakin mütləq öz bünyəsinə uyğunlaşdıracağı bir qumaş...

Gələcəyin memarlarının bu xüsusu nəzərə alacağına ümid edirik.

Sızıntı, Yanvar 1981

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.