Yollar

Yollar qıvrıla-qıvrıla uzanıb gedər sonsuzluğa qədər. Və yolçular var bu yollarda çağlayan sular, ağlayan buludlar kimi.. sular kimi daşdan-daşa çırpılaraq axar sonsuz ümmanlara doğru. Və işıqla, hərarətlə yüksələr yüksələ bildiyi qədər.. bitib tükənmək bilməyən bu dövr, bu əbədi yolçuluq heç dayanmadan köçünü sürər gedər. Günəşlər ölkəsindən torpağın bağrına və oradan da yenidən ulduzlar aləminə köç edər bütün varlıqlar..!

Məxluqatın nəfəsi qədərdir yollar. Və hər varlıq özünəxas bir yolda yol alar hədəfinə doğru... Soxulcan sürünə-sürünə qət edər yolunu. Tısbağa addım-addım yeriyər öz yolunda. Atlar çaparaq, quşlar qanad çalaraq ötüb keçərlər öz yollarından. İldırımların ayrı bir səyahəti; günəşlərin ayrı bir axını vardır bu yollarda...

Və əsl yol, insan oğlu ilə doğulmuş, onun şüuru ilə aydınlığa qovuşmuş və onun duyğu-düşüncəsi ilə sonsuzluq qazanmışdır. Qəribə haldır ki, yolsuzluq da onunla doğulmuş və yollara baxmayaraq bir an da olsa, onun yaxasını buraxmamışdır.

Bəli, hər dövrdə ulduzlara səyahət edənlərə müqabil, bataqlıqda yol axtaranlar da əskik olmamışdır.

Əslində yol, yol salıb gedən və getdiyi yolun ədəb-ərkanını bilənlər üçün vardır. Hər gün ayrı bir həzəyanla keçib gedənlərə, yolun varlığı ilə yoxluğu birdir. Yolda yerimək təhlükəsizliyin və hədəfə varmanın ilk şərtidir. Beləliklə də, zövqlü və ümidvericidir. Lakin eyni yolun bir xeyli də, enişi-yoxuşu; dərəsi-təpəsi; sıxıntı və iztirabı vardır. Hələ bizim yolumuz, hələ bizim yolumuz..!

"Bu yol uzaqdır,
Mənzili çoxdur,
Keçidi yoxdur,
Dərin sular var."
(Yunus)

Eşq ilə yola çıxıb rəvan olanlara; gedib rəhbərini tapanlara, dağlar dümdüz, ovalar da hamardır. Şimşək kimi aşar keçər qan-rəvan dəryaları. Cəhənnəm alovunu söndürərlər səmtinə vardıqlarında... Onların büdrəyib yolda qalmaları, yol gedərkən imtina edib geriyə dönmələri əsla mümkün deyil. "Xalqdan Xaliqə seyran edər, əsla sapmazlar. Tikanlı yolda yüyürər, tikanlara basmazlar. Ölümə, əcələ dost kimi baxar, əsla qorxmazlar. Qəbrə gülərək girər, qətiyyən ürkməzlər. Oranı əjdaha ağzı, vəhşət yatağı, heçlik boğazı görməz, əksinə oranı Dosta qovuşduran bir rəhmət qapısı, nur qapısı, Haqq qapısı görər" tərəddüd və təlaşa qapılmazlar...

Bir də, getdiyi hədəfi tərk edib dönənlər, günün günorta çağı yolunu itirənlər, bir tikana ilişib yolda qalan, bir təpəni aşa bilməyən talesizlər də var bu yollarda. Yolda getmənin ləzzətini ala bilməmiş və bu möhnət yurdunu əbədi zənn edərək iqamətə qərar vermiş belə bəxtsizlər üçün, getdiyi səkilərin ulduzlarla döşənməsinin belə bir mənası yoxdur.

Hər yolun zövqü, səfası olduğu kimi; çiləsi, iztirabı da vardır. Üstəlik bu yol sonsuzluqla qucaq-qucağa və iç-içədirsə...

Bəli, əbədi səadət bir ulufə (Osmanlılarda əsgərlərə, saray və dövlət təşkilatlarındakı kimi vəzifəlilərə üç ayda bir verilən ödəniş) olmayacağı kimi, sonsuz nemətlər də bir tapıntı deyil. Əksinə, hər səadət aşılması çox çətin təpələrin arxasında və hər nemət də, min karvansarayı olan uzun bir yolun ən son dayanacağındadır.

Bəli, hər nemət upuzun külfətlərin gəlib keçdiyi yollarda inkişaf edər və hər səadət də neçə məhrumiyyətdən sonra əldə edilər.

Misirə hökm edə bilmək üçün çəllək kimi quyuya atılmaq, bir məhbus kimi əsir bazarlarında dolaşdırılmaq və bir mücrim kimi zindanlara atılmaq şərtdirsə, bunu dəyişdirməyə heç kəsin gücü çatmayacaq. Və bunları görüb dadmadan da əsla hədəfə varılamayacaqdır.

Hikmət əlinin açdığı yolu kim dəyişdirə bilər ki..? Onu dəyişdirməyə cəhd, fitrətə və əşyanın təbiətinə müharibə elan etmək deməkdir. Bu dolmuş buludun halına, bu dünyaya övlad gətirən ananın iniltilərinə və min bir çətinliklə yuvasını hörməyə çalışan bu quşun, bu hörümcəyin səyinə diqqət yetirin! Fitrət qanunlarının hər kəs üçün eyni dəyişməzlik içində olduğunu görəcəksiniz...

İnsan ruhu da belədir. Başaşağı maddənin bağrına endiyi gündən bəri, əslinə geri qayıda bilmək üçün, qəlibdən-qəlibə girər; iztirab görər, iztirab duyar; iztirabla yoğrular və maddə ilə bütünləşərək əbədi səadətini hörməyə çalışar. "İnsan, sıxıntılar üçün yaradılmış" və yolunu yığın-yığın iztirabın gözlədiyi çiləli bir yolçudur. Onun əsl qəhrəmanlığı da yolundakı bu çətinlikləri məğlub etməsinə bağlıdır.

Ah kaş ki! Bütün bunları insanımızın ruhuna duyura bilsə idik! Keçəcəyi tikanlı yollardan, yolunu kəsən qulyabanılardan, zülmlərdən, xəyanətlərdən və önündəki qala-qala vəhşətlərdən bəhs açaraq, ona həqiqətin üzünü göstərə bilsəydik...

Bəli, bu qarasevdalıların yolunda "bir an bəlayi-dərddən cüda" qalmanın mümkün olmadığını anlamaq, həqiqətin ifadəsi və bu dərdlilər yolunun əsasıdır.

Öz insanına xidmət yolunda can atanlara bu həqiqətin izahında zərurət vardır. Əksinə, onlar bu həqiqəti anlayana qədər nə yoldan, nə də yolçudan bəhs etmək mümkün deyil.

Sızıntı, Avqust 1981

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.