Ananın yüksək fəziləti

Fəthullah Gülən: Ananın yüksək fəziləti

Ana bir milləti yetişdirən ailənin ən mühüm fərdidir. O, İslam nəzərində o qədər müqəddəsdir ki, Allah Rəsulu (s.a.s.): “Cənnət anaların ayaqları altındadır,”[1] – buyurmuşdur.

Çünki ana bir xalqı yoğuran müqəddəs bir əl, toplumun ilk hüceyrəsi olan ailə yuvasının da qurucusudur... içində “civ-civ civildəşən” uşaqların ətrafa səadət və nəşə saçdığı bir yuvanın qurucusu...

Bu mənada İslamiyyət anaya elə uca məqam verir ki, bu yerdə durub ona daha üstün payələr axtarmaq o müqəddəs varlığı qabalaşdırmaq, zəbərcəd işləməli tacını götürüb yerinə şüşə parçalarla bəzədilmiş bir külah qoymaq deməkdir. Qadın və kişini xəlq edən Allah (c.c.) onlara fitrətlərinə uyğun qabiliyyətlər vermişdir. Qadın cismən çox zəif və incə varlıqdır, ətrafda baş verən hadisələr ona daha tez təsir edir. Belə zərif təbiətli bir varlığı fitrətinə uyğun işlərdən uzaqlaşdırıb incəliyi, zərifliyi və nəcibliyi ilə təzad təşkil edən peşələrdə çalışdırmaq açıq-aşkar zülmdən başqa bir şey deyildir.

Əslində, qadın adlı bu nəcib varlıq ona bəxş edilən bəzi qa­biliyyətlərdə kişiləri çox-çox geridə qoyurlar. O, şəfqət qəhrə­manıdır, övladlarının üstündə yarpaq kimi titrəyir. Kişi şəfqətdə onunla yarışa bilməz. Bu hal təkcə insana məxsus deyildir; toyuğun var-yoxu bircə canı var, onu da balasını pişiyin ağzından xilas etmək üçün fəda edir. Bu əngin şəfqət hissi analara lütf edilmiş olduqca dəyərli və müqəddəs bir duyğudur. Bu hissi onun əlindən alıb əvəzində hansı payəni verirsiniz verin, Allahın lütf etdiyi ilə müqayisədə çox sönük qalacaq.

Bu fəsildə məsələlərə ümumi nəzər yetirib ailənin necə qurulması ilə bağlı bir təsəvvür oyatmağa çalışdıq. Əqidə, İslamın əməli yönü, ər-arvadın dini-dəyanəti, iş bölgüsü, yardımlaşma və uşaqları yaxşı yetişdirmə məsələlərindən bəhs etdik və Rəsuli-Əkrəmin fəxr edəcəyi bir ümmət olmaq kimi həssas mövzuları vurğulayıb keçdik. Növbəti fəsildə ailə haqqında ümumi danışmaq istəyirik.

[1] Acluni, “Kəşfül-xəfa”, 1/335; ayrıca bax; Nəsayi, “Cihad”, 6; İbn Macə, “Cihad”, 12.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.