Evlilikdə fitrət prinsipləri
a) Hər xeyirin başı: Bismillah
Bizim meyarlarımız çərçivəsində ailə quran kişi və qadın mühüm bir hadisəni həyata keçirmiş sayılırlar. Belə bir ailə yuvası yeri gələndə bir məbəd, yeri gələndə bir məktəb vəzifəsini yerinə yetirir və Beytullah[1] kimi bütün millətə diriliş nəfəsi üfürür. Tarix boyu da ilahi prinsiplər əsasında qurulan bu cür ailələr bəzən bütöv bir toplumda DNT funksiyasını icra etmişdir.
Burada diqqətinizi incə bir məqama da cəlb etmək istəyirəm. Biz yeməyə “Bismillahir-rəhmanir-rəhim”lə başlayırıq. Hətta bunu ürəkdən deyəndə bərəkət gətirəcəyinə də inanırıq. Allaha qəlbən iman gətirənlər bu bərəkəti dəfələrlə öz gözləri ilə görmüşlər. Biz əksər işimizdə şeytanın şərindən Allaha sığınır və Allah-Təalanın hifzini diləyirik. Ən məhrəm məsələlərimizə qədər hər işdə bu qaydalara diqqət yetiririk. Bu cür istianə (Allaha dua etmək) və istiazə (Allaha sığınmaq) ilə dünyaya gələn uşaqlarımızın yaxşı, saleh insanlar olacağına və nəticəyə şeytanın xələl gətirə bilməyəcəyinə inanırıq.
Zahirən kiçik əməllər kimi görünsə də, istianə və istiazəyə biganə yanaşmaq insanın başına elə işlər gətirər ki, nə üzləşdiyi müsibətlərdən belini dikəltməyə gücü çatar, nə də o bəlanın haradan, hansı səbəbdən gəldiyini bilər. İnsan bu məsələdə ən kiçik bir şeyi belə əhəmiyyətsiz hesab etməməlidir. Mükəlləf olduğu böyük-kiçik – hər işi görməli, üzləşdiyi imtahanın bütün şərtlərini yerinə yetirməli, dini mükəlləfiyyətlərin icrasında olduqca həssas, diqqətli davranaraq qətiyyən qəflətə düşməməlidir.
Sükan arxasındakı sürücünün bir-iki saniyəlik diqqətsizliyi ağır qəzalarla nəticələndiyi kimi, ailə məsələsində də bəzən ani bir qafillik acı nəticələr doğurur. Bəli, mömin hər an Allaha pənah aparmalı, Rəbbinə sığınmalıdır. Nikahda da bu düşüncə ilə hərəkət etməlidir. İnsan Allah rizası üçün nikaha girir. Başqa niyyətlərlə bağlanan nikahdan bərəkət və xeyir gözləmək əbəsdir. Bəli, nikah mənəvi bir bağdır, kəraməti də Allaha bağlılıqdadır.
Beləliklə, nikah Allahın adına bağlanmalıdır ki, bərəkət gətirsin. Dua ilə olmalı və Allahın qoyduğu prinsiplər çərçivəsində həyata keçirilməli, hətta mehr söylənilməlidir ki, gələcəyi işıqlı olsun. Allah (c.c.) Rəbbin adı ilə kəsilən nikahı uğurlu və mübarək edər. Belə bir nikah Allahın (c.c.) təminatı altındadır. Və ehtimal ki, gələcəyi uğurludur və ər-arvadın mehriban yaşamasına, xasiyyətlərinin uyuşmasına da vəsilədir.
Bu gün ailələrdə boşanma hallarına tez-tez şahid olur, nikahlarda bərəkətsizlik, uğursuzluq və xeyirsizlik görürük. İşlərin Allah üçün görülməməsi, gəlişigözəl və məqsədsiz olması, hər şeyin sırf şəhvani hislərə qulluq etməsi və insani dəyərlərə biganə yanaşılması Qərbin ailə sistemini kökündən sarsıtdığı kimi, bizi də silkələməkdədir. Külli halımız bunu göstərir. Allah-Təala kömək olsun...
b) Həyat yoldaşı seçmək
Ailə qurmaq istəyən şəxsin ilk işi özünün duyğu-düşüncəsinə və dünyagörüşünə uyğun bir həyat yoldaşı axtarmaqdır. İndi bir çox gənc bu həyati məsələyə sırf hisləri ilə yanaşır və küçə-bazarda tanış olduğu bir adamla dərhal ailə qurmaq istəyir. Nikahın və ailənin məntiqini, mahiyyətini düşünmədən kor-koranə qurulan izdivaclar da özü ilə ancaq fəlakət gətirir. Halbuki, ailə məsələsinə sağlam prizmadan və düzgün meyarlarla baxan şəxslərlə məsləhətləşmək mümkündür və faydalı olar.
Bəzən nəfsani hislərlə bağlanan nikah Cənnət guşəsi sayılan ailəni Cəhənəm çuxuruna döndərə bilir. Tanış-bilişlər arasında elə adamlar var ki, onların dinə bağlılığına, sədaqətinə, İslam yolunda əzmlə çalışmasına zərrə qədər şübhə etmirik. Ancaq di gəl ki, bəzi məsələləri nəzərə almadıqlarına görə ailələri dərin mənəvi böhran keçirir.
Belə bir ailədə çəkişmə və mübahisələr “səngimək” bilmir. Kişi dini həyatını yaşamaq istəyir, qadın narahat olur. Bunun əksi də mümkündür. Dolayısilə, belə bir ailədə qadın və kişi heç vaxt vəhdət təşkil edə, ortaq məxrəcə gələ bilmir, əksinə fəqli qütblər, fərqli dünyalar kimi yaşayırlar. Orada bir-birinə zidd iki cür kitab, iki cür qəzet oxunur, iki cür hekayə danışılır, iki cür ailə yığıncaqları olur. Qadın bir şey istəyir, kişi razı olmur. Qadın “din” deyir, “iman” deyir, “əxlaq” deyir, kişi buna görə evdə dava-qalmaqal salır. Beləliklə, bir ailədə ikili, ikibaşlı həyat yaşanır, əgər buna yaşamaq demək mümkünsə!
Bu dava-dalaş və mübahisələrə şahid olan uşaqlar bəzən bir tərəfi seçir, bəzən də bu iki qütb arasında qalaraq hissiz, duyğusuz, cəmiyyətə və ailəyə düşmən fərdlər kimi böyüyür. Ona görə də ailə qurmaq istəyən oğlan və ya qız bu məsələni ətraflı götür-qoy etməli, lazım gəlsə, təcrübəli adamlarla məsləhətləşməli və seçim səbəblərini düzgün müəyyənləşdirməlidir.
Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) bu məsələ ilə əlaqədar belə buyurur: “Qadınla dörd xüsusiyyətə görə nikah bağlayırlar: “Mal-mülkünə, nəsil-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Sən dindarını seç ki, bəxtəvər olasan.”[2]
Dindarlıq seçimdə ən vacib meyardır. Deyək ki, iki namizəd var, biri gözəl camal sahibidir, digəri isə o qədər gözəl olmasa da, dini həyatı mükəmməldir. O halda seçimdə əxlaq və dindarlıq əsas meyar kimi götürülməlidir. Bəli, ailə həyatı təkcə dünyaya aid deyildir, o, övladlarla, nəvələrlə davam edir və axirətə qədər uzanır. Əslində, dünyada bir Cənnət guşəsi olan ailələr bəzi yanlış hərəkətlər ucbatından viranəyə dönür və təbii ki, əbədi səadətə gedən yolları da darmadağın edir.
Beləliklə, ailə qurmağa hazırlaşan tərəflər və onların valideynləri bir-birinin dini düşüncəsinə, əməllərinə, xüsusən də əqidəsinə mütləq diqqət yetirməlidir. Qızını əqidəsi nöqsanlı bir adama ərə verən valideyn övladının ailəsində baş verəcək bütün xoşagəlməz hallara görə məsuliyyət daşıyır. Eyni vəziyyət oğlana da aiddir. Oğlanın əqidəsində ciddi bir problem varsa, nikahın bünövrəsi sağlam sayılmır, çünki dini baxımdan nikahın “qüvvəyə minməsində” iman başlıca prinsip qəbul edilir. Bir insan Allaha inanmır, dini əmrlərə biganə yanaşırsa, demək onun imanında ciddi problem vardır. Dolayısilə də, nikah əqdi üçün tələb olunan başlıca ünsür çatışmır.
Nikah sırf vəzifə, mövqe, mənsəb, şöhrət, pul, maaş düşüncəsi ilə bağlanmışsa, demək, dinə də, dəyanətə də lazımınca əhəmiyyət verilməmişdir. Bir daha xatırladaq ki, namizədlərin seçimində əsas meyar dini xüsusiyyətdir. Dinin təməli də əqidədir. Əqidəsi olmayan bir insanla izdivac həqiqi izdivac deyil, sadəcə bir yerdə yaşamaq sayılır.
Bu təsbitlərimiz, əlbəttə ki, dindarlar və dinin qanun-qaydalarını qəbul edənlər üçündür. Təkrar qeyd edim ki, izdivac dünya və axirət səadətinin mühüm dayağıdır. Belə ciddi bir məsələdə səhvə yol verənlər hər iki dünyalarını da puç etmiş olurlar.
Hər şeydən əvvəl, oğul-uşağınızın, əhli-əyalınızın dini duyğu-düşüncələri yerli-yerində deyilsə, o zaman ailəyə nəzarət də çox müşkül olacaq. Bir inayət əli imdadınıza çatar, sizin biganəliyinizin, səhvlərinizin xoşagəlməz nəticələrini düzəldərsə, onu “Allahın inayəti” sayıb mütəmadi olmasını diləyərik. Ancaq bu, həmişə belə olmur.
c) Yaxşı övlad yetişdirmək
Ana və ata xeyirli övlad böyütmək məsələsində mütləq həmfikir olmalıdırlar. Uşaq yetişdirməyə qabiliyyəti çatmayan, çatsa da, özünü məsul bilməyən bir ana ilə ailənin heç bir problemi ilə məşğul olmayan bir atanın “tərbiyəsində” böyüyən uşaqlar analı-atalı yetimlər sayılır.
Allahın şəfqət, mərhəmət, incəlik və zərifliklə süsləyib mürəbbi, tərbiyəçi fitrəti ilə yaratdığı ana bu potensialından övladlarını həqiqi insanlığa yüksəltmək istiqamətində mütləq istifadə etməlidir. Çünki o, fitrətcə bir müəllimə, bir tərbiyəçi və bir mürşidədir. Onun əsas vəzifəsi övladını yetişdirmək olmalıdır. “Allah ana ilə uşağını ayıranı qiyamət günü sevdiklərindən ayırar”[3] hədisi də ananın uşaq tərbiyəsində müstəsna rolunu açıq-aşkar nəzərə çatdırır.
Ana yaradılışından gələn mürəbbi fitrətini ortaya qoyub uşağın tərbiyəsi ilə məşğul olmalı, ata da xilqət və ailədəki mövqeyinə görə daima təmkinli, tədbirli, ağıllı və diqqətli hərəkət etməlidir. O, siyasətlə, məmurluqla, ticarətlə, əkinçiliklə və b. işlərlə məşğul olar, bir az da fitrətinə uyğun olaraq ailənin başqa bir boşluğunu doldurar. Bəli, o, gücü, dözümü və fərqli fitrəti ilə başqa işlər görmək üçün yaradılmışdır. Onsuz da, ta qədimdən bəri onun məsuliyyət daşıdığı işlər qadının vəzifələrindən fərqli olmuşdur. Meşədə ağac kəsməkdən tutmuş cüt sürməyə, arpa, buğda əkib-biçməkdən tikintidə, və ya zavodlarda işləməyə qədər bütün ağır işlər onun əlindən keçmişdir. Belə ağır işlərə bədəni ilə, iradəsi ilə qatlanan kişi, məncə, mövqeyini qorumalı, qadın işləri ilə “qadınlaşmamalı” və qadına da gücü çatmayan ağır işləri gördürməməlidir.
Bundan savayı, kişi dözüm və mətanət abidəsidir, amma şəfqət qəhrəmanı deyildir. Şəfqət ananın ən mühüm xüsusiyyətidir, o, uşağını doqquz ay bətnində gəzdirir, əziyyətlə dünyaya gətirir, min bir məşəqqətlə baxıb böyüdür. Gecə ayılıb inlədimi, dərhal yerindən qalxıb yanına tələsir... ağlayanda bağrına basır. Fitrətindən gələn bir iştiyaq və sövqlə onu yaşatmaq üçün yaşayır. Beləliklə, qadın və kişinin vəhdəti ilə ailə Cənnət saraylarını xatırladan bir guşəyə çevrilir, onlar da bu ailə yuvasının çöhrəsində o biri aləmlərə tamaşa edirlər.
Qərb ölkələrində valideynlərin hərəsi bir yerdə işləyir. Belə olanda da uşaqlar ya başqa bir adamın yanında, ya da körpələr evində böyür... Bəli, hər iki valideynin işləməsi nəticəsində uşaqlar müəyyən qədər də olsa, yalnız və sahibsiz qalırlar. Valideynlər də: “Orada çox qayğıkeş, savadlı adamlar var. Uşaqlara bizdən yaxşı baxırlar”, – deyib öz-özlərinə təsəlli verirlər. Halbuki, uşaqların daha çox şeyə ehtiyacı var.
Körpələr evində, bağçalarda uşağın paltarlarını yuyurlar, yeməyini vaxtlı-vaxtında yedirirlər, hava almaq istəyəndə həyətə çıxarıb gəzdirir və ya əlindən tutub lunaparka aparırlar, amma heç vaxt doğma ana-atanın yerini verə, ona ən çox möhtac olduğu şəfqəti göstərə bilmirlər. Şəfqət – uşağın anasının üzündən oxuduğu, qoynunda tapdığı, atasının qucağında hiss etdiyi doğma münasibətdir. Uşağa şəfqət göstərmədikdən sonra, onun qəlbini başqa heç bir fantaziya ilə doyurmaq mümkün deyildir.
Belə təhsil ocaqlarına və ya körpələr evinə atılan uşaqlar bir yana, usta yanında peşə öyrənən uşaqları götürək; əgər usta şəfqət hissindən məhrum, bir az da sərt adamdırsa, ondan ancaq kobudluq görən uşaqlar zaman keçdikcə elə duyğusuz, elə daşürəkli və elə mərhəmətsiz olurlar ki, yadlar bir yana dursun, öz ana və atalarına qarşı belə qaba davranmaqdan çəkinmirlər. Bu cür kobud ustaların sərt rəftarı məsum uşaqların ruhunda şəyirdlik dövründə belə dərin yaralar açırsa, dünyaya gələr-gəlməz götürüb yad qolların arasına atdığımız uşaqların o yad baxışlar altında necə xasiyyətdə böyüyəcəyini təsəvvür etmək çox çətin deyildir.
Bizə özünü daima Rəhman və Rəhim kimi tanıdan, Qurani-Kərimin 113 surəsinin başında rəhmaniyyət və rəhimiyyətini ”Bismillahir-rəhmanir-rəhim”lə bəyan edən Allahın (c.c.) bu mübarək isim və vəsfləri sanki anada təcəlli etmişdir. Bəli, Allahın (c.c.) rəhmaniyyət və rəhimiyyətinin bir evə təcəllisini ananın min bir əziyyətə qatlaşaraq uşaqlarına qayğı göstərməsi və onların üstündə əsməsi kimi başa düşə bilərik. Bu ana qayğısı o qədər ucadır ki, yer üzündə heç bir şey onun yerini verə bilməz.
Bir vaxtlar ali təhsil alan, hətta magistratura və doktorantura oxuyan bəzi cavanlar terror təşkilatlarına qoşuldu, anasını, atasını gözü yaşlı qoyan, onların ciyərini dağlayan mərhəmətsiz, hissiz nəsillər yetişdi. Ancaq bunlar istisna idi, oxumağın, təhsilin əleyhinə dəlil ola bilməzdi. Heç bir valideyn bir gülləyə tuş gəlsin, ya da toplumun asayişini pozsun deyə övlad böyütmür, amma bəzən onların ağla gəlməyən axınlara qoşulub getməsinə də əngəl ola bilmir. Ona görə də ana-ata ailə yuvasını bir sipərə çevirib övladlarını sözügedən təhlükələrdən qorumalı, uşaqların əxlaqi tərbiyəsini əsas məqsəd kimi qarşısına qoymalı və onların puç olub getməsinə imkan verməməlidir.
Yekun nəticə olaraq qeyd edək ki, ana-ata həssas, duyğulu, şüurlu, vətəninə, xalqına və dininə bağlı bir nəslin yetişməsi üçün əlindən gələni etməli və övladının əqli, qəlbi, hissi, məntiqi boşluqlarla üzləşməsinə fürsət verməməlidir. Əgər ana-ata dindar, Qurana bağlı, İslamı bilən valideynlərdirsə, uşaqlar da (İnşaallahu-Təala) şüurlu yetişəcək və xalqının gələcək ulduzunu parladacaqdır.
[1] Beytullah – Lüğəvi mənası “Allahın evi” deməkdir. Kəbə nəzərdə tutulur.
[2] Buxari, “Nikah”, 15; Əbu Davud, “Nikah”, 2; Nəsəi, “Nigah”, 13; İbni Macə, “Nikah”, 6.
[3] Hakim, “Müstədrək”, 2/55.
- tarixində yaradılmışdır.