Giriş

Çəyirdəkdən çinara

1. Əxlaq anlayışımız

Düşünürəm ki, ilk növbədə bir sıra mövzularda oxucularla razılığa gəlmək vacibdir. Çünki bəzi əsas məsələlərdə razılığa gəlməsək, bu kitabdan faydalanmaq asan olmayacaq.

Belə ki, yurd-yuvamızda, kənd və şəhərlərimizdə əxlaqsızlığın baş alıb getməsindən narahat olmayan insanlarla əxlaq kimi önəmli bir anlayış ətrafında ortaq məxrəcə gəlmək mümkün deyildir.

Doğrusu, biz şad-xürrəm ömür sürür və ətrafımızda ayaq açan bu çirkin hallara baxıb mütəəssir olmuruqsa, kimə nə deyəsən?! Öv­ladlarımızın, nəvələrimizin, yaxın-uzaq qohumlarımızın, qapı qonşularımızın, yaxud da bizə “dayı”, “əmi” deyən insanların əxlaqi tənəzzülünü görə-görə ürəyimiz sızlamırsa, əxlaqi mövzularda müzakirə aparmağın nə faydası var?!

Tarix boyunca heç bir cəmiyyət əxlaqsızlıqla abad olmamışdır. Bu məsələdə istisnanın olub-olmadığını bilmirəm, amma uzun müddət varlığını qorumuş xalqların da əxlaqi dəyərlərə hörmətlə yanaşdığına şübhə etmirik.

2. Xalqları məhvə sürükləyən amillər

Keçmiş mədəniyyətlərə nəzər salsaq, görərik ki, onların demək olar, hamısının axırına çıxan İrəm bəndinə[1] qənim kəsilən siçovul kimi, əxlaqsızlıq “gəmiricisi” olmuşdur. Əxlaqsızlıq dalğaları cəmiyyət dəyərlərinin altını səssiz-səmirsiz oyur, amma bəzən heç bir şey hiss edilmir. Hiss ediləndə də artıq iş-işdən keçmiş olur, xərçəng xəstəliyi orqanizmin həssas nahiyələrinə metastaz verənədək hiss edilmədiyi kimi... Çox vaxt da xəbər tutanda artıq o biri dünyaya səfər başlamış olur.

İnsanın vücudunda xərçəng xəstəliyi nə deməkdirsə, əxlaqsızlıq da xalqların həyatında eyni şeydir. Başda dövləti idarə edənlər, sonra da ailə başçıları, müəllimlər, mürəbbilər və bütün xalq belə bir əxlaqi tənəzzüldən qafil və bixəbərdirsə, xalq yerli-dibli məhv olub gedər, ancaq onlar bu ümummilli qiyamətin gurultusundan belə özlərinə gəlməzlər. Kim bilir, bəlkə də, bəziləri xarabalıqlarda yaşamağa alışmış canlılar kimi: “Həyat elə bu imiş!”, – deyib bunu da təbii qəbul edər.

Bəli, tarix boyu xalqların çökməsinin kökündə dayanan səbəblərə baxanda bu acı mənzərə ilə qarşılaşırıq: gənclərin nəfsani arzularla səfil həyat sürməsi və heyvani hislərlə yaşamaq arzusu, şəhvani hislərə aludəçiliyi... toplumun fani dünyaya əsas məqsəd kimi baxıb axirəti unutması, Allahdan uzaqlaşıb Qurana arxa çevirməsi... ürəklərdə qorxu və məhabət[2] hissinin qeybə çəkilməsi, hər şeyin cismaniyyət və maddiyyatda axtarılması...

Osmanlıya qədər bir çox dövlətin dağılmasında bu amillərin, demək olar ki, hamısı mühüm “rol” oynamışdır. Belə ki, insanlar mə­nəvi boşluqlardan hasil olan ruhi-mənəvi böhranların əlacını maddiyyatda görmüş, ancaq maddiyyata yönəlməklə nəinki dərdlərinə çarə tapmamış, hətta yollarını daha da azaraq fasid dairə[3] içərisinə girmişlər. Halbuki dərdin kökü millətin mənəviyyatını itirməsində, Quran və İslam əsaslarından uzaqlaşmasında və Allahı unutmasında idi. Dərdi-dərununa[4] dərman axtaranlara dərdin özündən, onun qaynağından dərman təqdim edilmişdi.

Halbuki, insanın bir yönünü maddə – dünya təşkil edirsə, digər yönünü və hətta mahiyyətini məna – üqba[5] təşkil edir. Azğınlığın səbəbi göz qabağında idi; hər şeyi maddiyyatda görür və mənanı, mənəviyyatı dəyərsiz sayıb bir kənara atırdılar. Belə bir mənəvi boşluğu durub yenə maddiyyatla, maddi şeylərlə doldurmaq qeyri-mümkün idi. Əslində, maddə ilə mənanı birlikdə və hər birini özünəməxsus xüsusiyyətləri çərçivəsində götürsəydilər, yəni Allahın hüququna Allahın əzəməti səviyyəsində, Quranın haqqına da öz çəkisi nisbətində, dünyaya dünya qədər, üqbaya da üqba qədər dəyər versəydilər, hər şey öz yerini tutub müvaziləşəcəkdi.

Qurani-Kərim: “Allahın sənə verdiyi ilə axirəti qazan (malını Allah yo­lunda sərf et). Dünyadakı nəsibini də unutma,” (“Qasas” surəsi, 28/77) bu­yurur. Bəli, insan Allahın lütf etdiyi sağlamlıqdan, güc-qüvvətdən, mal-mülkdən və ağıldan istifadə edib axirətə hazırlaşmalı, ancaq dünyadan da nəsibini almağı unutmamalıdır! Quranın təqdim etdiyi meyar budur. Dünya-üqba müvazinətini bu prinsiplə qura bilsəydik, bəlkə də, bu qədər paymal və pərişan olmazdıq. Elə bu səbəbdən də insanın maddi dünyaya bağlanıb Allahı uzaqlaşdığı müasir dövrdə ai­lə tərbiyəsindən bəhs edərkən birinci növbədə əxlaqi prinsiplərdə elə məsələlərə toxunulmalıdır ki, ortaq məxrəcə gəlmək mümkün ol­sun.

Hər xalqın bir yüksəliş, bir də tənəzzül dövrü olmuşdur. Xalq onu ucaldan prinsiplərlə yüksəlmiş, süquta sürükləyən səbəblərlə də başıaşağı yuvarlanmışdır. Çünki kainatda qanunlar bir şərti cəbrilik (məcburilik) daxilində cərəyan edir. Allah (c.c.) kainatın bir parçası olan təbiəti də zahirən bu cəbri qanunlara tabe yaratmışdır. Buna görə də təbiətdəki və ayeyi-təkviniyədəki[6] qanunlara riayət etmək zəruridir. Əgər onların müsamihəsinə[7] arxayın olub öhdənizə düşən vəzifələri layiqincə yerinə yetirməsəniz, elə o qanunlar da sizin axırınıza çıxar. Onlar səhvi bağışlamır. Allah sizi əfv edər, amma ayeyi-təkviniyə, başqa sözlə, şəriəti-fitriyə[8] qanunları heç vaxt günahınızdan keçməz. Bu qanunlara riayət etsəniz, Allah sizi alayi-iliyyinə[9] ucaldar, ancaq səbəblərə riayətdə qüsura yol versəniz, (Allahın müstəsna lütfü istisna olmaqla) bu dəfə də çəkib əsfəli-safilinə salar.

Mövzunun əvvəlində bəhs etdiyimiz problemə dönəsi olsaq, bu suallara cavab tapmaq lazım gələcək: siz də razılaşırsınızmı ki, əxlaqın pozulmasında ciddi amillər və bəzi obyektiv səbəblər mühüm rol oynayır?! Bu gün, həqiqətən də, əxlaqi böhranın var olduğunu qəbul edirsiniz? Hal-hazırkı qarma-qarışıq və xaotik yaşayış tərzi qeyri-əxlaqi həyatın, yoxsa normal bir vəziyyətin təzahürüdür?

3. Başqa xalqların təqlidi

Rəsulu Əkrəm (sallallahu aleyhi və səlləm) əxlaqın pozulması üzün­dən məhv olub gedən xalqların aqibəti ilə əlaqədar ümmətinə xə­bər­darlıq edərək belə buyurmuşdur: “Sizdən əvvəlkilərin yolunu addımbaaddım, qarışbaqarış, arşınbaarşın təqib edəcəksiniz.”[10]

Əxlaqi tənəzzüllə üzləşən toplumların məhv olmasının digər sə­bəbləri isə dünyaya aldanma, bədən-ruh müvazinətinin təmin edilməməsi və özünü tənzimləyə bilməmə kimi plansızlıqlardır. Təəssüf ki, ta uzaq keçmişdən başlayaraq bu xəta işlənmiş, əsrlər boyu nəsildən-nəslə keçmiş, daha sonra Qərb onu götürüb təkrarlamış və bir az da mədəniyyət fantaziyaları ilə bəzəyib-düzəyərək öz təqlidçilərinə təqdim etmişdir. Bu baxımdan yuxarıdakı hədisi-şərif möcizəvi bir bəyan hesab edilir. Bəli, bu möcüzəvi xəbər vəhy-qeyri-mətluv[11] şəklində Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) ilham edilmiş, O da bunu kəlmə qəliblərinə tökərək ümmətinə çatdırmışdır.

Burada bir məsələyə toxunmadan keçə bilməyəcəyəm. Bəzi öl­kələrin maddi imkanlar baxımından firavan yaşadığını görür və bütün problemləri həll etdiklərini sanırıq. Halbuki Qərb xoşbəxtliyə həsrət qalmışdır; daima səadət axtarsa da, heç cür tapa bilmir. Unutmayaq ki, Qərbdə intihar statistikası başqa regionlara nisbətən olduqca yüksəkdir. Kişi və ya qadın – insanları intihar edən bir xalqın məsud olması mümkün deyildir.

İslamda ailə mövzusu ilə əlaqədar Rabatda keçirilən “Ailənin tən­zimlənməsi” adlı bir konfransda Amerikada boşanmanın 40 %-ə bərabər olduğunu qeyd edirdilər. Hal-hazırda bu göstərici, çox güman daha da artmışdır. Dünyada degenerezasiyaya[12] məruz qalmış ölkələr arasında ən çox müvazi və sabit görünən Amerikadır. Amerikalılar müəyyən məsələlərə qarşı çox həssas davrandıqları üçün Qərbin uydurmalarından nisbətən uzaq qalmışlar. Ancaq orada da vəziyyət o qədər ürəkaçan deyildir.

4. Mükərrəm[13] varlıq

Hər şey insanlığın səadətinə xidmət etməlidir. İnsan yer üzündə Allahın xəlifəsi və sevimli məxluqudur. Allah kainatı insana uyğun tənzim etmişdir. Buna görə də hər bir mədəniyyətin məqsədi insanın xoşbəxtliyi olmalıdır. Çünki o, ən izzətli və möhtərəm varlıqdır. Qurani-Kərimdə:

“Biz Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (müxtəlif nəqliyyat vasitələrinə) mindirib daşıdıq, onlara (cürbəcür ne­mətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan olduqca üstün etdik” (“İsra” surəsi, 17/70) buyurulur.

Bu ilahi həqiqəti Şeyx Qalib[14] necə gözəl nəzmə çəkir:

“Xoşca bax zatına kim, zübdeyi-aləmsən sən,
Mərdumi-dideyi-əkvan olan adəmsən sən.”[15]

Bəli, insan Allahın nəzərində mükərrəm bir varlıqdır. Yer üzündəki bütün mədəniyyətlər, bütün siyasi, iqtisadi, mədəni sistemlər onun dəyərini qəbul etmək cəhdlərindən başqa bir şey deyildir.

Bu baxımdan insanın xoşbəxtliyini qarşısına məqsəd qoymayan sis­­temlərin heç bir qiyməti yoxdur və insanlığa heç bir fayda kəsb et­mir.

5. Qərbdə kilsə hakimiyyəti və rahiblik

Bu məsələdə İslamla Qərb dünyası arasında mühüm bir fərq vardır. Qərbdə elmin qələbəsi ilə xristianlığın və rahibliyin hakimiyyətinə son qoyulmuşdur. İslam aləmində isə, elmin inkişafı ilə dinə yönəliş daha da artmışdır.

Renessans və İslahat dövrünə qədərki Avropada kilsənin ha­ki­miyyəti altında olan bölgələrin sakinlərinə ağır vergilər qoyulmuşdu. Kilsənin müntəzəm dəyişən qanunları hamıya narahatlıq, bədbəxtlik və ümidsizlik gətirirdi.

Ruhani rəhbərlər elmə düşmən kəsilmişdilər, elmi kəşflərə qətiyyən xoş baxmırdılar. Demək olar ki, bütün elmi kəşf və ixtiraları tərəddüdsüz rədd edirdilər. Müxtəlif elmi kəşf və icadlarına görə inkvizasiya məhkəmələrində ağır cəzalara məruz qalanların sayı az deyildi.

İnsanlar bu zorakı anlayışa qarşı səslərini çıxarıb etiraz edə bil­mirdilər. Az saylı aristokrat təbəqəsindən savayı, demək olar, hər kəsin, xüsusilə də, yoxsulların əzilməsi, qadın hüquqlarının olmaması, hətta müxtəlif iş yerlərində qadının yarımadam sayılaraq yarı əmək haqqı ilə işlədilməsi bütün siniflərdə dinə qarşı bir küskünlük hasil etmişdi.

Məhz belə bir dövrdə müxtəlif bölgələrdə başlayan islahat hə­rəkatları nəticəsində kilsəyə aid hər şey darmadağın edilmiş, kilsə ilə birlikdə əxlaqi dəyərlər də yerlə bir olmuşdur.

6. İslamda din-dövlət əlaqəsi

Qərbdən fərqli olaraq, İslam dünyasında heç bir elm adamı incik salınmamışdır. İslamiyyət heç vaxt nə dövlətə, nə də xalqa təzyiq­ göstərməmişdir. Güc-qüvvət daima haqqın əmrində, amirlər də xalqın xidmətində olmuşdur. Haqq söz qarşısında hökmdarlar belə diz çökməyi bacarmış, haqqı qəbul etməyə hazır olduqlarını göstərmişlər. Sultan Mehmet Fateh həzrətləri ilə Xızır Çələbi arasındakı söhbət[16] saysız-hesabsız nümunələrdən biridir...

Həzrət Ömər və Həzrət Əli kimi rəşidi xəlifələr (radiyallahu anhum) bir yəhudi ilə hakim hüzurunda çıxmışdılar. “Qüvvət haqdadır” anlayışının bir nəticəsidir ki, Qərbin əksinə, zorakılıq, zorbalıq İslam dünyasına həmişə yad olmuşdur. Buna görə də heç kəs dindən küskün deyildi. Başqalarının utopiyalarda axtardığı həyat tərzi İslam dünyasında bir reallıq idi...

7. Əxlaqi prinsiplər

Nəyi yaxşı, nəyi pis görürük? Övladlarımızın necə yetişdirilməsini istəyirik? Bu məsələ ilə əlaqədar həyata keçirməyi düşündüyümüz bir plan, bir layihə vardırmı?

Oğlumuzun necə yetişməsini düşünürük? “Mən övladımı belə görmək istəyirəm”, – eyib buna nail olmaq üçün nə edirik? Uşaqlarımızın gecə yarısına qədər orada-burada vaxt keçirməsinə necə baxırıq? Evə hansı saatda gəlirsə gəlsin, qapımızı onun üzünə açacaq, onu bağrımıza basacağıqmı?

Nəyə nə qədər icazə verir, nəyi son hədd hesab edirik? Nəyi əxlaqi, nəyi qeyri-əxlaqi sayırıq? Nələrə yaxşı, nələrə pis baxırıq?

Uşaqlarımıza harayacan icazə verəcəyik? Geyim-kecimlərinə qarışmaq məsələsində bir prinsipimiz olacaqmı?

Onların tərbiyəsindən narazıyıqsa, indiyədək nə düşünmüşük? Bir çarəyə əl atmışıqmı? Bir yol tapmaq üçün neçə qapını döymüş, neçə mütəxəssisə müraciət etmişik, neçə damla göz yaşı tökmüşük, neçə dəqiqə iztirab çəkmişik? Bu məsələ bizə, bir yaxın adamımıza, bir qonşumuza, ya da xalqımıza aid ola bilər. Bütün bu məsələlərə həqiqətən, bir əlac axtarmışıqmı?

Bu məsələ ilə əlaqədar bir hesab-kitabımız, bir planımız yoxdur­sa,­ deməli, biz də Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) hədisi-şə­rif­də buyurduğu kimi, əvvəlkilərin arxasınca addım-addım, qarış-qa­rış, arşın-arşın irəliləməkdə, onların yolunu tutmaqda və eyni qə­yyalara[17] sürüklənməkdəyik. Əslində bütün bunların kökündə Allah­dan, Rəsuli-Əkrəmdən (sallallahu aleyhi və səlləm) və Quranın prin­sip­lərindən uzaqlaşıb nəfsani arzu və həvəslərə qulluq etmək dayanır.

Bu gün, demək olar ki, hamımız övladlarımızdan az-çox şikayətçiyik. Görəsən, onların bəzi ziqzaqvari hərəkətləri haqda nə düşünürük? Təkcə düşünməyi bacarmaq belə öz-özlüyündə böyük şeydir. Bəli, hər halükarda düşünməliyik. Öz-özümüzə: “Biz bu məsələnin həlli üçün nə edə bilərik?” sualını verib götür-qoy eləməliyik. Təbii ki, özümüzə də baxmalıyıq; güzəştə getməyi bacarırıq, yoxsa çox sərtik, ya da laqeyd adamıq? Evdə baş verənləri bir ölü kimi hissiz, səssiz seyr etməklə kifayətlənirik, yoxsa hər gün bu məsələyə bir çarə axtarırıq?

Bu sualların sayını daha da çoxalda bilərik. Məsələn, bir qəyyum kimi uşağımızın arxasınca düşüb onun yoldaşlarını tanımağa cəhd et­mişikmi? Ona həmişə yaxşı şərait hazırlaya bilmişikmi? Bu günə qə­dər onu kimlərlə tanış eləmişik? Biz tanış eləməmişiksə, o, kimlərlə oturub-durur? Onu təkcə məktəbə yazdırmaq və ya müəllimə təhvil ver­mək, ya da bir Quran kursuna göndərmək kifayət edirmi? Hətta yalnız məscidi göstərmək, məscid axundunun yanına aparmaq bəs edir­mi?

Bu bir-biri ilə sıx bağlı olan suallarla, bu suallara cavab axtarmaqla yanaşı, öz həyatımızın səliqə-sahmanı, dərinliyi, səmimiyyəti, qətiyyətliliyi və cəlbedici olması da çox əhəmiyyətlidir.

8. Planlı və prinsipli yaşamaq

İlk öncə həyatı bir prinsiplər məcmuəsi kimi görmək və bu istiqamətdə yaşamaq çox əhəmiyyətlidir. Bəli, “Mən bu ilimi bu cür, gələn sənəmi bu şəkildə, o biri ilimi də bu cür planlaşdırmışam,” – deməyi bacarmalıyıq.

Bunu deyə və edə bilsək, planlarımız həmişə gözümüzün önündə canlanar, rahatlıqla qərar qəbul edər və qətiyyən çaş-baş düşmərik. Əksinə gələcəyinizə aid bir sıra qərar və prinsipləriniz yoxdursa, günü sabahdan bəzi məchullara doğru şaşqın-şaşqın sürüklənməyə hazır olun. İndi bu yığın-yığın məchulların birləşib üstünüzə hücum çəkdiyini bir təsəvvür edin, çox güman, əllərinizi dizlərinizə vuracaq və peşmançılıq içində inləyəcəksiniz. Elə isə bütün bunlar meydana gəlməmiş tədbirinizi görün, planlarınızı cızın.

İndi isə gəlin milyard yarımlıq İslam aləminin halına bu prizmadan baxaq. Ata-babaların yandığı eyni ocaqda, alov dilimləri göylərə yüksələn eyni tonqalda onların övladlarını, nəvə-nəticələrini, biri yanarkən o birinin yerə-göyə sığmayan biganəliyini görürük. Millət və millətlər göz görə-görə batıb getməkdə, onların ardınca gələn kütlələr də sağına-soluna baxmadan özünü eyni bataqlığın, eyni səfalətin qoynuna atmaqda və yaddaşlarda xoşagəlməz bir xatirə olaraq qalmaqdadır.

Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) o möcüzəvi bəyanı ilə bir mənada bizə də xəbərdarlıq edir:

“Addımbaaddım, qarışbaqarış, arşınbaarşın əvvəlkilərin yolu ilə gedəcəksiniz.”[18]

Onun bu sözlərindən “Ehtiyatlı olun, diqqət edin, addımlarınızı minalı sahədə yeriyirmiş kimi atın, hər an bir partlayışla üz-üzə gəlmək əndişəsi ilə daima təmkinli olun!” xəbərdarlığını anlamaq mümkündür.

İslam aləminin halını Mərhum Akifin bu ürəkdağlayan misraları ilə təsvir edib keçək:

“Həya sıyrılmış enmiş, elə üzsüzlük ki, hər yerdə...
Nə çirkin üzlər örtərmiş məgər bir incəcik pərdə!

Vəfa yox, əhdə hörmət heç, əmanət ləfzi-bi mədlul,[19]
Yalan raic,[20] xəyanət mültəzəm[21] hər yerdə, haqq məchul.

Ürəklər mərhəmətsiz, duyğular cılız, əməllər xar;
Nəzərlərdən daşan məna ibadullahı istehkar[22].

Beyinlər ürpərir, ya Rəbb, nə qorxunc inqilab olmuş,
Nə din qalmış, nə iman, din xarab, iman türab[23] olmuş!

Məfaxir[24] qaynasın getsin də, vicdanlar kəsilsin lal...
Bu izmihlali-əxlaqi[25] yürürkən, qalmaz istiqlal!”

Bir yerdə deyil, hər yerdə qarışıqlıq, xaos və pozulmuş əxlaq hökm sürür. O dərəcəyə çatıb ki, bu əxlaqi tənəzzüldən narahat olan­lar da elə bil onun təsiri ilə hissizləşiblər, baş verənləri görmürlər...

9. Yüksək əxlaq

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurur: “Mən ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.”[26]

Üstümüzdə Haqq-Təalanın sonsuz nemətləri və inkişaf etdirməyə borclu olduğumuz qabiliyyətlərimiz vardır. Bəli, bizə elə qabiliyyətlər lütf edilib ki, onları cilalayıb işləməklə mələklərin səviyyəsinə yüksələ bilərik. Allah-Təalaya təzim etməli, bu qədər potensial imkanlar­ (qabiliyyət və istedadlar) verilmiş şəxsimizə hörmət göstərməli və Uca Dərgahdan gələn lütflərin qədrini bilməliyik. İlahi Kitablar bu bəyanın səsi-nəfəsi, nəbilər bu həqiqətin ən dürüst təmsilçiləri, o qızıl silsilənin son halqası Həzrət Məhəmməd (sallallahu aleyhi və səlləm) isə bu gerçəyin ən parlaq bürhanı və Ali Əxlaqın ən müstəsna sultanıdır.

Qurani-Kərim “Qaləm” surəsində: “Şübhəsiz ki, Sən böyük bir əxlaq üzərindəsən!” (“Qaləm” surəsi, 68/4) – buyuraraq Onun dərin və əngin əxlaqa sahib olduğunu bəyan edir.

10. Dünya həyatının zinətləri

Qurani-Kərim “Kəhf” surəsində: “Mal-dövlət, oğul-uşaq (oğullar) bu dünya həyatının bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəb­binin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir”, (18/46) buyuraraq ümumi mənada mal və övladın dünya həyatının zinəti, dəbdəbəsi, ehtişamı olduğunu xüsusi qeyd edir və əhəmiyyətini xatırladır. Bəli, bunlar dünyanın dünyaya aid cəhətləri olub fanidir, saralıb solur, pozulub xarab olur, narahatlıq gətirir.

Deməli, nə dünya malı, nə də övlad iftixar ediləsi bir şey deyildir. Ancaq bunlar axirət və Allah üçün olanda bir dəyər qazanır, baqi (əbədi) olur, saleh əməllərə dönür. Saleh əməllərə çevriləndə də burada bir toxumsa, axirətdə başı səmalara ucalan bol meyvəli ağac olur.

Bu ərz edilənlər Qurani-Kərimin bizim üçün müəyyən etdiyi prinsiplər kimi ən düzgün metodu təyin edən həyati məsələlərdir. Bunlar yalnız Quranın əczaxaneyi-kübrasında[27] və Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) uğurlu, bərəkətli əlləri ilə qurub təmsil etdiyi sistemdə mövcuddur. Vəhyin və Sünnənin ülvi sədasına qulaq kəsilib onunla həyat tapmaq isə tamamilə nəsib-qismət məsələsidir.

11. Mərhəmət

Qurani-Kərim Həzrət Əyyub (ə.) qissəsində olduğu kimi[28] müxtəlif çətinliklərlə üz-üzə gələndə Allahın rəhimiyyətinə sı­ğın­mağın vacibliyinə işarə edir. Bəli, Onun rəhmaniyyət və rəhimiyyətinə[29] sığınmaq nəfsimizə, ailəmizə, öz əlimizlə küçələrə saldığımız uşaqlarımıza, yaxınlarımıza həm Onun rəhmətindən mədəd istəmək, həm də acizliyimizi, zəifliyimizi elan edib Onun hər şeyə qadir olduğunu qəbul və etiraf etməkdir. Mərhəmət mərhəmət gətirir. Mərhəmətli olsanız, Allah da sizə rəhm edər. Əxlaqın aşınmasına, dəyələrin sıradan çıxmasına ciddi yanaşar və tədbir görərsinizsə, O da sizi müvəffəq edər.

Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) belə fərman edir: “Yerdə olanlara mərhəmət edin ki, Mələyi-Alənin sakinləri də (və ya Allah da) sizə mərhəmət etsin”[30].

Ən böyük fəlakət yol qəzalarında, fövqəladə hadisələrdə baş verən ölüm halları deyil, insanın qəflətə düşməsi, insani duyğularını itirib hissizləşməsi və qəlbən ölməsidir. Bəli, ən böyük bəla evin içində ərşə yüksələn mənəviyyat yanğınından bixəbər olmaq, uşağın əxlaqən məhv olub getməsinə biganə qalmaqdır.

Ana-atanın evin içindəki mənəvi yanğından xəbərsiz olmasından böyük bədbəxtlik, qəflət və zəlalət yoxdur. Belələri öz hallarına nə qədər ağlasalar, azdır, amma ağlamaq üçün də gərək ürək ola.

12. İnsanlığın ən uca mərtəbəsi

Əxlaqi tənəzzül ən qorxunc müsibətdir. Mənəvi böhran keçirən həməsrlərimiz üçün ən mühüm şəfa mənbəyi məhz Quranın əxlaq prinsipləridir.

Qurani-Kərimdə: “Biz insanı ən gözəl biçimdə yaratdıq! Sonra da onu qaytarıb aşağıların aşağısına yuvarladıq!” (“Tin” surəsi, 95/4-5) buyurulur.

Bu ayəni belə başa düşmək də mümkündür: Biz insana əvvəlcə əhsəni-təqvimi[31] lütf etdik, sonra da onu əsfəli-safilinə[32] yuvarladıq. Yəni ona imkan verdik ki, nəfsi ilə daima mübarizə apara bilsin, arabir büdrəyib yıxılsa da, iman və saleh əməl qanadları ilə uçub insanlığın ən uca mərtəbəsinə yüksələ bilsin.

Bu ayə bizə qol-qanad açdırır, əlimizdən tutur, bizi insanlığın ən uca mərtəbəsinə qaldırır. Bəli, alçalmaqdan, aşağıların aşağısına yuvarlanmaqdan, acizlikdən, bacarıqsızlıqdan xilas edib ən yüksək mər­təbəyə yüksəldir. Quranın bu məsələlərlə əlaqədar nurəfşan bə­yan­larını növbəti fəsillərdə izah etməyə çalışacağıq.

[1] İrəm bağları – Qədim dövrlərdə Yəməndə Səmud qövmünün hökmdarı Allaha asi çıxaraq özünün də Cənnət sala biləcəyini iddia etmişdir. Bu məqsədlə İrəm bağını salmış, amma oradakı saraya girmədən Allahın qəzəbinə uğramış, qövmü ilə birlikdə yerlə-yeksan edilmişdir. İrəmin məhv olmasında su bəndinə göndərilmiş siçovul rol oynamışdır. O, bəndi eşib dağıtmış, qabağı açılan böyük su kütləsi də İrəm bağlarını yer üzündən silmişdir.
[2] Məhabət – Heybət, hörmət qarışıq qorxu. Ehtiram.
[3] Fasid dairə – Eyni mənfi nəticəni verən vəziyyətlərin təkrarlanması, davam etməsi.
[4] Dərdi-dərun – Qəlb dərdi, mənəvi dərd.
[5] Üqba – O biri, əbədi aləm.
[6] Ayeyi-təkviniyə – Varlıqlar bir ayədir. Çünki ayə Allahın varlığına, birliyinə və isimlərinə dəlil, sübut deməkdir. Buna görə də varlıq ayələrinə də təkvini ayələr mənasında “ayeyi-təkviniyə” deyilir.
[7] Müsamihə – Güzəştə getmək, qüsuru görməməzliyə vurmaq.
[8] Şəriəti-fitriyyə – anadangəlmə, fitri qanunlar. Aləmlərin hərəkətini və sabitliyini tənzimləyən və Allahın iradə sifətındən gələn qanunlar.
[9] Alayi-iliyyin, əsfəli-safilin – Qurani-Kərim ayələrindən götürülmüş ifadələrdir. Alayi-iliyyin – ucalardan uca. İnsan mələklərdən də yüksək bir səviyyəyə ucaldılmaq üçün yaradılmışdır. Bu mərtəbəyə də “Alayi-iliyyin” deyilir. Əsfəli-safilin isə “Alayi-iliyyin”in əksi, ən aşağı, aşağılardan aşağı, heyvanlardan belə aşağı səviyyə deməkdir.
[10] Buxari, “Etisam”, 14; “Ənbiya”, 50; Müslim, “Elm”, 6.
[11] Vəhy-qeyri-mətluv – Oxunmayan vəhy deməkdir, yəni Rəsulullaha (s.a.s.) Qurandan savayı, gələn vəhydir. Məsələn, qüdsi hədislər.
[12] Degenerezasiya – Əxlaqi dəyərlərin sıradan çıxması.
[13] Mükərrəm – Hörmət və təzim edilən. Möhtərəm, kərim.
[14] Şeyx Qalib – (1757, İstanbul - 1798) Osmanlı dövrünün tanınmış şair və mütəsəvviflərindən olub təsəvvüf məzmunlu şeirlərin müəllifidir.
[15] “Xoş bax zatına ki, sən aləmin əsli, özüsən, Bir insan olaraq məxluqatın baş tacı, Adəmsən” .
[16] Sultan Mehmet (Fateh) həzrətləri ilə Xızır Çələbi arasında baş verən məşhur hadisə nəzərdə tutulur. Hadisənin qısa məzmunu belədir: Sultan Fateh verilən əmri lazımınca yerinə yetirməyən xristian memarı bir əlini kəsdirməklə cəzalandırır. Memar da o dövrün qazısı Xızır Çələbiyə şikayət edir. Qazı tərəfləri məhkəməyə dəvət edib onları dinləyir və memarın əlinin kəsilməsinə qisas olaraq sultanın da bir əlinin kəsilməsi haqda hökm verir. Eyni zamanda, İslam ədalətinin başqa bir yönünü də xatırladaraq bildirir ki, zərərçəkən dolanışıq xərci ödənilmək şərti ilə qisasdan imtina edə bilər. Qazının qorxub çəkinmədən Sultan Fatehi belə mühakimə edib ədalətli qərar verməsindən riqqətə gələn, məhkəmənin ədalətinə heyran qalan xristian memar ağlayaraq sultanın ayaqlarına qapanır. Sultan da onun dolanışıq xərclərini öz öhdəsinə götürür. Və memar çox keçmədən ailəsi ilə birlikdə müsəlman olur. Məhkəmədən sonra Sultan Fateh ədalətli hökm verdiyinə görə qazıya təşəkkür edib deyir: “Əgər mənlə bir müttəhim kimi deyil, bir padşah kimi rəftar etsəydin, səni bu qılıncımla parçlardım”. Qazı Xızır Çələbi də Sultana məhkəməni səbirlə dinləyib verilən hökmlə razılaşdığına görə minnətdarlığını bildirib: ”Əgər sultanlığına arxalanıb dinin əmri olan hökmümə qarşı çıxsaydın, səni bu aslanlara parça-parça etdirərədim”, − deyir və xirqəsinin ətəyini çəkir. Orada olanlar Xızır Çələbinin ətəyinin altında iki aslanın qəzəbli baxışlarını görüb: “Belə sultanın bu cür də qazısı olar”, – deməkdən özlərini saxlaya bilmirlər.
[17] Qəyya – Cəhənnəmin beşinci təbəqəsində olan qorxunc bir quyunun adıdır. Qəyyanın içinə düşən oradan asanlıqla qurtula bilməz.
[18] Buxari, “Etisam”, 14; “Ənbiya”, 50; Müslim, “Elm”, 6.
[19] Ləfzi-bi mədlul – söz olaraq qalan, mənasız bir şey.
[20] Raic – rəvacda olan, rəğbətlə qarşılanan, mərifət hesab edilən.
[21] Mültəzəm – vacib sayılmaq.
[22] İstehkar – Həqarət etmək. Kiçik görmək. Həqir görülmək. İbadullahı istehkar – Allahın qullarına, yəni ibadət edən insanlara xor baxmaq.
[23] Turab – Toz, torpaq, yerlə-yeksan
[24] Məfaxir – Fəxr edilən şeylər.
[25] İzmihlal – Pozulub getmək, yox olmaq. İzmihlali-əxlaq – əxlaqın pozulması.
[26] “Müvətta”, “Hüsnül-xüluq”, 1.
[27] Əczaxaneyi-kübra – Ən böyük əczəxana. Quran böyük əczəxanadır, orada bütün maddi və mənəvi xəstəliklərin dərmanı vardır.
[28] Bax: “Ənbiya” surəsi, 21/83.
[29] Rəhmaniyyət və rəhimiyyət. Rəhmaniyyət – Allahın rəhman olması, Rəhman isminin təcəllisi. Yəni dünyada möminə də, kafirə də mərhəmət etməsi, sonsuz səbirlə davranıb günahkarı dərhal cəzalandırmaması, hər cür nemətlərlə təmin et­məsi. Rəhimiyyət isə Rəhim ismindən gəlir. Onun yalnız axirətdə mömin bən­də­lərinə mərhəmət göstərməsidir.
[30] Tirmizi, “Birr”, 16; Əbu Davud, “Ədəb”, 58.
[31] Əhsəni-təqvim – Ən gözəl surət. Bədən və ruhən ən gözəl biçim.
[32] Əsfəli-safilin – ən aşağı, ən səfil bir vəziyyət, səfilin səfili.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.