Qurana əsaslanan tərbiyə ilə Qurana əsaslanmayan tərbiyənin müqayisəsi

Fəthullah Gülən: Qurana əsaslanan tərbiyə ilə Qurana əsaslanmayan tərbiyənin müqayisəsi

Nəsillərimiz ya yanlış fəlsəfi fikirlərlə, zərərli və radikal (ekstremist) cərəyanların, fəlsəfələrin prinsipləri ilə mənəviyyatsız, qəddar və zalım olur, ya da Quranın ali prinsipləri və ilahi düsturları ilə izzətli, şərəfli, əngin üfüqlü və mərhəmətli olur.

İnsanlar nə zaman Qurandan uzaq və öz təbiətləri ilə baş-başa qalmışsa, zəiflərə, acizlərə, kimsəsizlərə qarşı qəddar, zalım, mərhəmətsiz davranmış, onların əməyini istismar etmiş, onlara xor baxmış, gücsüz və zəif düşəndə isə özünü rəzil etmiş, onun-bunun əl-ayağına düşmüş və ən kiçik bir xeyri üçün alçalmaqdan çəkinməmişdir.

Quran insana necə baxır? Fərdi necə tanıyır və tanıdır, onun necə olmasını istəyir? Bu suallar ətrafında Quranda əksini tapan müsəlman portretinin cizgilərini verməyə çalışacaq və mövzu ilə əlaqədar bəzi prinsipləri sadalayacağıq ki, bunları mənimsəyən və yaşayan fərdə əsl müsəlman, bu müsəlmanlardan təşəkkül edən topluma da ideal toplum deyirik.

Fərdin fərd və cəmiyyətin bir parçası olaraq iki cür rolu vardır. Hər şeydən əvvəl cəmiyyətin əmin-amanlığı və sağlamlığı fərdin sağlam şəxsiyyətə malik olmasından asılıdır. Yəni fərd maddi və mənəvi baxımdan sağlam olmalıdır ki, cəmiyyət də sağlam ola bilsin. Fərdin sağlam şəxsiyyəti əqidəsinin sağlamlığı, saleh əməllərə bağlı olması və müamilələrinin şəriətə uyğunluğu ilə ölçülür.

1. Qurana əsaslanmayan tərbiyə

a. İnsanları fironlaşdırır

Qurana əsaslanmayan tərbiyə indiyədək gördüyümüz kimi, fərdləri zillət içində potensial bir firona çevrilmişdir. Bəli, fironluğun iki yönü vardır. Birincisi, güc, qüvvətin insanı zorba, təcavüzkar, qəddar, zalım, xudpəsənd və təkəbbürlü bir tipə çevirməsidir.

İkincisi isə zəifliyin və iqtidarsızlığın insanı başqalarının ayağını öpən, onun-bunun qabağında alçalan zəlil, zavallı və səfil bir adama döndərməsidir. Bir İslam aliminin də buyurduğu kimi: “Maddiyyat fəlsəfəsinə inanan bir insan əslində bir firondur, amma mənfəəti üçün ən əhəmiyyətsiz şeylərə belə, ibadət edən zəlil bir firon... cüzi bir mənfəət üçün şeytan kimi onun-bunun ayağını öpən alçaq bir inadkardır...” Quran tərbiyəsi ilə yetişmiş bir insana gəlincə, o, “bir quldur, amma məxluqların ən böyüyünə belə ibadət etməyi ar bilən şərəfli, izzətli bir qul...”

Bu, təkcə Həzrət Musaya düşmən kəsilən Fironun deyil, tarixin bütün firon xislətlilərinin müştərək xüsusiyyətidir. Bu qəbil fironların ən çox olduğu dövr də, güman ki, bizim zəmanəmizdir. İşləri düşəndə və ya mənfəət məsələsi olanda qarşınızda zillətlə əyilib-bükülür, ayağınıza qapanırlar. Özlərini güclü, arxalarını möhkəm hiss edəndə də diş qıcayan vəhşiyə, xudbin və xudpəsənd bir adama dönürlər. Bu iki xüsusiyyətə görə belələri Firon və Nəmrudluqla “yad edilir”.

Quran fironlaşan insanların bu sapqın psixologiyasını belə təsvir edir:

“Və (adamlarını) toplayıb (onlara) belə xitab etdi: “Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” (“Naziat” surəsi, 79/23-24)

Bu, onun fironlaşdığı, ordusuna və adamlarına arxalanıb özünü böyük sandığı andır.

Onun halını alçalanda, zillətə düşəndə bir görəsiniz. Zəlillərdən zəlil və səfillərdən səfil halı Quranda belə təsvir edilir:

“İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi”. (“Yunus” surəsi, 10/90)

Diqqətlə baxdıqda ürəkdən demədiyini, söylədiyinin də riyakarcasına çığır-bağırdan ibarət olduğunu, duyğu, düşüncə və söz­lə­rində səmimi olmadığını dərhal başa düşmək olur. Ehtimal ki, əgər o anda həqiqətən iman gətirsəydi, Allah (c.c.) onun imanını qəbul edərdi. Dara düşdüyündən bu yola əl atdığına və səmimi olmadığına görə Allah (c.c.) bu tükürpədici fəryadı qəbul buyurmamışdı. Budur tipik fironluq! Bu gün bir deyil, yüzlərlə belə firon var. Vəzifə və mənsəbləri üçün qapınıza qədər gələr, əl-ətəyinizi öpərlər, işləri düzələndən sonra da “qeybə çəkilər” və sizə vəfasızlıq edərlər. Siz həmişə bu cür adamların sizin milli problemləriniz, din-dəyanətiniz, imanınız və nəsillərin tərbiyəsi kimi məsələlərdə heç bir cəhd, təşəbbüs göstərmədiklərini və gözdən pərdə asaraq sizi aldatmağa çalışdıqlarını acı-acı seyr edər və onlardan diksinərsiniz.

Qurana əsaslanmayan tərbiyə ilə yetişmiş insanların, bəlkə də, bütün xüsusiyyətləri firon xisləti deyildir. Biz də məsələnin bu tərəfini nəzərə alaraq həssas və diqqətlə davranıb bu cür hərəkətlərə “firon əxlaqı” deməklə kifayətlənirik. Bəzən bir mömində firon əxlaqı, bir kafirdə də Musa əxlaqı olur. Mömin firon əxlaqını davam etdirərsə, yəni ondan əl çəkməzsə, Allah (c.c.) qorusun, bir gün fironlaşa bilər. Əksinə, Musa əxlaqlı bir insanın da bir gün Həzrət Musanın yolunu tutması mümkündür. Bəli, Allah (c.c.) insanların boyuna-buxununa, əndamına, millətinə, irqinə, ictimai təbəqəsinə deyil, qəlbinə, təqvasına, zühdünə, bir sözlə, keyfiyyət, və ya vəsflərinə baxır.

Bu mövzuda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurur: “Allah (c.c.) sizin nə vücudunuza, nə də surətinizə baxar. O, sizin qəlbinizə və əməllərinizə nəzər edər”.[1]

b. İnsanları inadkar və təkəbbürlü edir

Qurana zidd tərbiyə ilə yetişən insanlar inadkar olurlar. Neçə-neçə haqqı, həqiqəti, neçə-neçə dəyəri tərəddüd etmədən öz “izzət-nəfs”lərinə, “şərəf”lərinə, “qürur”larına qurban verirlər. Halbuki inadkarlıq hissi insana haqq yolda sabitqədəm və inandığı məf­ku­rə­də dönməz olmaq üçün verilmişdir.

Bəli, Allah-Təala hər cür mal-mülk, mənsəb, cah-cəlal və bütün nemətlərdən məhrum edilsəniz də, bildiyiniz və inandığınız məfkurədən geri dönməyəsiniz deyə sizə inad hissini vermişdir. Ancaq siz bu hisdən yanlış istiqamətdə, həm də israrla istifadə etsəniz, bu faydalı duyğu zərərli şəkil alar. Belə bir əxlaqdan əl çəkməmək isə, Allah (c.c.) qorusun, mənəvi-əxlaqi tənəzzülün başlanğıcıdır. Belə bir xasiyyət insanı nəticə etibarilə fironluğa sürükləyər və o həddə çatdırar ki, haqqı göz görə-görə qəbul etməz, ən kiçik bir mən­fəətdən ötrü əyilib-bükülməkdən geri durmaz.

Bugünkü vəziyyətə gəldikdə, o, keçmişdəkindən heç də fərqli deyildir, dəyişməmişdir, eynidir... Bəli, Qurana əsaslanmayan, Kitabullaha zidd tərbiyə dünən insan ruhunda hansı yaraları açmışdırsa, indi də eyni fəsadları doğurur. “Biz ziyalılar” deyə sözə başlayan, hər kəsə yuxarıdan aşağı baxan, özü kimi düşünməyənləri insan saymayan, gücsüz və zəif olanda miskinləşən, əli imkan və iqtidara çatanda özü kimi düşünməyənlərə düşmən kəsilən bir aləm firon bu gün də ola bilər. Bəzi şərtlər və xüsusi hallar istisna, xarakter baxımından bunların keçmişdəkilərdən bir fərqi yoxdur.

Qurana zidd tərbiyə “sistem”i mədənin doyurulmasını və nəfsani arzuların təmin edilməsini əsas götürür. Onlar bəşəriyyətin səadəti deyəndə öz nəfslərini və həvəslərini təmin etməyi düşünürlər.

Amerika, Almaniya, İngiltərə, Fransa, İsveç, Norveç, Hollandiya kimi bir sıra ölkələr iqtisadi vəziyyətlərini yaxşılaşdırmış və xalqlarını səadətə çatdırmış olduqlarını düşünə bilərlər. Onlara görə utopist yazıçıların təsvir etdikləri ideal dünya artıq reallaşmışdır. Biz isə həqiqi səadət və xoşbəxtliyi imanda və İslamda görürük. Onlar səadət və xoşbəxtliyi iqtisadi vəziyyətin yaxşı olmasında və bütün maddi problemlərin aradan qaldırılmasında gördükləri üçün səadəti də maddi rifahın nəticəsi hesab edirlər. Yəni pul kisəsi doludursa, dövlətləri də güclüdürsə, demək, cəmiyyət də bəxtiyardır.

Ancaq saysız-hesabsız intiharların baş verməsi, yeni fəlsəfi sis­tem­lərin, anarxist hərəkatların meydana çıxması, fərqli düşüncələrə yönəlib mənəvi boşluqlarını doldurmağa çalışması göstərir ki, bu cəmiyyətlərdə ruhi-mənəvi aclıq və bədbəxtlik hökm sürür, maddi nemətlərin bolluğu mütləq səadət üçün kifayət eləmir. Buna “təsəlli fəlsəfəsi” də deyə bilərik. Bu fəlsəfəyə görə insan yaxşı yeyir, yaxşı geyinirsə, məsuddur, bəxtiyardır. Çünki bu fəlsəfə qarın doyurmağı və cismani arzuları təmin etməyi insanın qayəsi hesab edir.

c. Məqsəd mənfəət əldə etməkdir

Qurana əsaslanmayan tərbiyə sisteminin məqsədi mənfəətdir. Bütün mübarizələrin kökündə yalnız mənfəət dayanır. Bir iş görəndə “Bu işdən qazancın nə olacaq?” sualını həmişə belə adamlardan eşidərsiniz.

Yenə hər şeyə maddiyyatçı gözlə baxan bu insanlar: “İndiyə qədər namaz qıldınız nə oldu, dövlətmi gücləndi, oruc tutdunuz, xalqın maddi vəziyyətimi yaxşılaşdı?!”– deyirlər. Bu zehniyyət haqq və hə­qiqəti danışan, imanı, Quranı müdafiə edən bir insanı heç vaxt həzm edə və ya anlaya bilməz.

ç. Mübarizə, dialektika və demaqogiya

Mənfəətin ən bariz xüsusiyyəti hər kəsi təmin etməməsidir ki, bu da maddi mənafe üstündə qurulan toplumlarda ardı-arası kəsilməyən toqquşmalara və silsilə münaqişələrə gətirib çıxarır. Kapitalizmdən kommunizmə, sosializmdən faşizmə qədər sonu “-izm”lə qurtaran bütün sistemlərdə mənfəət uğrunda amansız mübarizə hökm sürür. Hətta bu “izm”lərin məntiqinə görə, lazım gəlsə, başqasının ölkəsini işğal etmək, bir yol tapıb onun hər şeyini əlindən almaq olar. Bəli, mənfəət üzərində qurulan və ya əsas məqsədi mənfəət olan sistemlərdə yaşamaq üçün ən vacib prinsip mübarizədir... gücsüzlərin, zəiflərin məhv olub getməsi, yaşamağın müqtədirlərə xas bir imtiyaz olmasıdır.

Bunu biologiyaya tətbiq etsəniz, qarşınıza Lamark və ya Darvinin nəzəriyyələri çıxar. Təkamül nəzəriyyəsinin “təbii seçim,” ya da "Təbiət hadisələrinə müqavimət göstərənlər yaşamaq hüququna sahibdirlər" kimi cəfəng qaydalarına söykənən bu sistemlər həqiqi insani dəyərləri yerlə-yeksan etmişlər. Bu prinsipin tərəfdarlarına görə dövlətlərarası və toplumlararası məsələlərdə də şəraitə uyğunlaşmağı bacaranlar, hadisələrə müqavimət göstərənlər və həyat mübarizəsində qalib çıxanlar yaşamaq haqqına malikdirlər. “Həyat mübarizədir” düsturu ilə heyvanlar aləmindən bitkilər aləminə qədər bütün canlıların münasibətlərini mübarizə, münaqişə və qovğadan ibarət sayan bu anlayış insanların hazırkı halını da cəngi-cidalın bir nəticəsi kimi görür və bir-birinin axırına çıxmağı qanuni hesab edirlər.

d. Toplumlar arası münasibətlərdə millətçilik və şovinizm

Qurana əsaslanmayan tərbiyə “sistem”ində fərdlər və toplum­lar arası münasibət forması millətçilik və bəzən də, bu əsrdə[2] tez-tez şahid olduğumuz kimi, kökündə “müştərəklik” prinsipi dayanan şuyuiyyə (kommunizm əxlaqı) və kommunizmdir. Toplumu bu cərəyanlar vasitəsilə birləşdirməyi qarşıya məqsəd qoyur. Halbuki millətçilik, şovinizm və bu kimi digər axınların əsas prinsipi başqa düşüncələri məhv etməkdir. Məsələn, kommunizm digər bütün sis­temləri sıradan çıxarmağa proqramlaşdırılmışdır. Faşizm və ya nasizmin var olmaq üçün başqa bütün sistemləri yox etməyə çalışdığını yaxın tarix aydın göstərir. Bəli, bu tərbiyə anlayışının Birinci və İkinci Dünya müharibələrində göstərdiyi “mərifət” bütün rəzaləti ilə göz qabağındadır.

e. Güc əsas götürülür

Qurana əsaslanmayan sosial və fəlsəfi sistemlərin əsas dayaq nöqtəsi gücdür, qüvvətdir. Kim güclüdürsə, o, haqlıdır. Bu da əsl firon əxlaqıdır. İnsani dəyərlərə hörmətlə yanaşmayan bir gücdən, qüvvətdən ancaq zorakılıq və təcavüzkarlıq doğar. Hər məsələyə güc, qüvvət prinsipi ilə baxan, hər şeyi gücdə görən bir insanın təcavüzkarlığa əl atmaması çox çətindir. Bəşəriyyət xüsusən, iyirminci əsrdə bunun saysız-hesabsız nümunələrini gördü. Fərdlərin təcavüzkarlaşması bir yana, millətlər belə, sırf bir-birini məhv etmə instinkti ilə hərəkət etdilər. Bu dağıdıcı düşüncələrin təsiri ilə möminlərdə belə, bir çox mənfi hallar meydana çıxdı.

2. Qurana əsaslanan tərbiyə

a. Mömin yalnız Allahın quludur

Quran tərbiyəsi almış bir mömin zalım, qəddar, xudpəsənd, xudbin, təcavüzkar deyil, yalnız bir quldur – Allahın qulu. Quran bir çox ayəsində insanların Allaha (c.c.) qul olduğunu və bunun bəndə üçün bir şərəf, bir payə olduğunu bəyan edir. Bir insan Qurandan aldığı tərbiyə sayəsində Allaha (c.c.) qul olduğunu dərk eləmişsə, ən böyük fəzilətə çatmış sayılır.

Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) ən fərqləndirici vəsfi Allahın (c.c.) qulu olmasıdır. {Əbduhu və Rəsuluhu...} “Qulu və Rəsulu...” Bəzi alimlərə görə, ərəb dilindəki bu “vav” hərfi ümumi cəm bil­dir­mək üçündür və burada tərtib[3] yoxdur. Tərtibi qəbul edənlərin fikrincə isə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) əvvəla Allahın quludur. Bunda da incə bir məqam vardır. Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) peyğəmbərlikdən əvvəl də Allahın (c.c.) qulu idi, vəfat etməsi ilə peyğəmbərlik vəzifəsi başa çatdı, demək, yenə də Allahın (c.c.) ən əziz, ən şərəfli, ən kərim quludur. Hər şey sona çatsa da, qulluq məqamı davam edir... Bəli, hər şey, nübüvvət, vəlayət və bunlardan sonra gələn bütün vəzifələr, məqamlar nə vaxtsa ömrünü başa vurur. Ancaq sonsuz bir məqam var ki, o da Əzəl və Əbəd Sultanı Allaha (c.c.) qul olmaqdır...

Allahın: “Ey insanlar, qulluq (ibadət) edin!..” (“Bəqərə” surəsi, 2/21) buyruğuna cavab olaraq mömin gündə qırx dəfə əmrə müntəzir halda Allahın (c.c.) hüzuruna gəlib: “Yalnız Sənə ibadət edirik”, – deyir. (“Fatihə” surəsi, 1/4)

Əsl mömin izzətlidir, məxluqatın ən böyüyünə belə ibadətlə özünü alçaltmaz. O, təkcə Allahın (c.c.) qulu və bəndəsidir. Buna görə də, zahirən zəlil göründüyü vaxtlarda da yenə əsl sultandır. O, heç bir firona baş əyməz. Peyğəmbərlərin (ə.) həyatı bu mövzuda nümunələrlə doludur. Onlar yalnız Məbudi-Mütləq, Məqsudi-bil-istehqaqı[4] tanımış və heç bir məcburiyyət qarşısında başqalarına baş əyməmişlər.

Rəsulullahın dövrünü gözünüzün önünə gətirsəniz, sinəsi qızdırılmış dəmirlərlə dağlanan Ammar ibn Yasiri, hər gün başına endirilən ağac zərbələri ilə yerə yıxılan Musab ibn Ümeyri, ac-susuz bitab halda qıvrılan Sad ibn Əbu Vəqqasları görər və Haqqa ibadətin ən­gin­li­yindən heyrətə gələrsiniz. Bu könül insanlarını, – məqam fərqi olmaqla – sonrakı əsrlərdə də görmək mümkündür. Bəli, demək olar, hər dövrdə haqsızlığa qarşı çıxan, haqqın keşiyində duran, haqqı ayağa qaldıran və zülmü, dinsizliyi yerlə bir edən nə qədər Haqq əri olmuşdur... Quranı rəhbər bilən, Quran üçün yaşayan neçə-neçə Haqq əri...

Cəmiyyətlər təşkil etmək, qruplar qurmaq, konfrans keçirmək, maaşla, əmək haqqı ilə və müxtəlif təmənnalarla iş görmək... Əlbəttə, bunlar asan və rahat işlərdir. Əsas məsələ dünyəvi, üxrəvi təmənna ummadan haqqı yüksəltmək və nə olursa-olsun, bu həyati vəzifəni əbədiyyətə qədər davam etdirən həsbi, diyərqəm, Allaha (c.c.) ibadətdən başqa heç bir mükafat axtarmayan “nari-beyza”[5] nəsillər yetişdirməkdir. Onların ən parlaq ünvanı Quran tələbəsi olmalarıdır, ondan başqa bir adla anılmağı da düşünməzlər.

b. Təvazökar və fəqirdir

Quran tərbiyəsi ilə yetişmiş insan təvazökar olar. Kimlərsə zahiri görünüşünə baxıb onu miskin, süst saya bilər, əksinə, o, həlim, səlimdir, bu fəziləti ilə çox çətinliklərin öhdəsindən gəlir. O, izzətli və qətiyyətlidir, Məbudundan qeyrisinə boyun əyməz, çünki qəlbində iman var. Başqasına baş əyməyi Allaha şirk qoşmaq sayar. Quran tələbəsi zahirən fəqir və gücsüz görünər. Bu zəiflik və fəqirlik onu Allaha (c.c.) yüksəldən iki qanaddır. O, acizliyini, zəifliyini dərindən hiss etdikcə Allah-Təalaya etimadı daha da artar.

“Ya Rəbbim, göz açıb yumanacan da olsa, bizi nəfsimizlə təkbaşına buraxma”[6] duası Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) kimi dilindən düşməz. Bu acizlik, zəiflik və fəqirlik hissi onun nurani qanadlarıdır. Acizliyini, fəqirliyini və zəifliyini idrak etdikcə, bu qanadlarla daima Allah-Təalaya übudiyyətə tələsər və Onun rizasını axtarar.

c. Məqsədi Allahın rizasını qazanmaqdır

Quran tərbiyəsi ilə yetişən insanın məqsədi, qayəsi ancaq və ancaq İlahi rizadır. O, gözlərini daima riza üfüqünə zilləyər və Allah-Təalanın: “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!” (“Fəcr” su­rəsi, 89/27-28) xitabını intizarla gözləyər.

Həzrət Yusif (a.s.) də: “Ey Rəbbim! Sən mənə mülkdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əmə­lisalehlərə qovuşdur!” (“Yusuf” surəsi, 12/101) sözləri ilə o ideal üfüqü dilə gətirmişdi. Həzrət Yusifin Misirdə böyük məqama yüksəldiyi, illər uzunu ağlaya-ağlaya yorulub əldən düşmüş hüznlü atasını sevindirdiyi, pislik edən qardaşlarının peşman olub haqq yola gəldiyi və maddi-mənəvi səadətin zirvəsinə çatdığı bir vaxtda Allaha yönəlib bunu niyaz etməsi çox ibrətamizdir.

Demək, firavanlıq, maddi xoşbəxtliyin və hər cür fəzilətin föv­qündə dayanan bir məqam var ki, qəlb həqiqi hüzuru məhz onunla tapır. O da Allah-Təalanın xoşnudluğu və rizasıdır.

Möminin bütün səy və cəhdlərdə məqsədi İlahi rizanı qazanmaqdır, yəni Allahı (c.c.) məmnun etməkdir. O, Allah (c.c.) əmr etdiyi üçün və Onun rizasını qazanmaq ümidi ilə ibadət edər, əməllərinin mükafatını da axirətdə alacağını düşünər. Dünya həyatında bir lütflə qarşılaşsa, həmd və səna edər. Allah (c.c.) qarşısında acizliyinin şürunda olar. Bəli, Qurani-Kərimin bir çox ayəsində də bəyan edildiyi kimi mömin yalnız və yalnız İlahi rizanı düşünər.

Bu cümlədən, “De: “Mənə dini (itaəti) məhz Allaha məxsus edə­rək yalnız Ona ibadət etmək əmr olunmuşdur!” (“Zumər” surəsi, 39/11),

“De: “Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) tapınıram!" (“Zumər” surəsi, 39/14),

“Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək ibadət etsinlər, namaz qılıb zəkat versinlər (“Beyyinə” surəsi, 98/5) kimi ayələrlə mömin hər zaman ixlasa və İlahi rizanı qazanmağa yönəldilmişdir.

ç. Həyatın əsas düsturu yardımlaşmadır

Quranın əsas həyat düsturu yardımlaşma və həmrəylikdir. “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (“Maidə” su­rəsi, 5/2)

Bəli, möminlər dinin əmrlərini yaşama və yaşatmaqda bir-bir­lərinə kömək etməli və bir-biri ilə əl-ələ verərək dini yaşamağa çalışmalıdırlar. İslamın ictimai yönünü dirçəltmək və davam etdirmək zəruridir. O halda “Yaxşılıq etməkdə və təqvada (pis əməllərdən çəkinməkdə) bir-birinizə kömək edin”. (“Maidə” surəsi, 5/2)

Axı həyat qovğa eləmək, mübarizə aparmaqdan deyil, yardımlaşma və bir-birinə dayaq olmaqdan ibarətdir. Zərrələr bitkilərin, bitkilər heyvanların, heyvanlar da protein kimi bizim imdadımıza çatır. Hər yerdə bir yardımlaşma vardır. Havanın, torpağın, suyun zərrələri, atomlar və atomların hissəcikləri yardımlaşma prinsipi ilə öz varlığını davam etdirir.

Mömin kainatı yardımlaşma harmoniyası kimi görür və: “Kainat­ baş­dan-ayağa yardımlaşmadan ibarətdir,” – deyir. O zaman insan­ da kainatdakı bu ümumi ahəngə tabe olmalı, bu simfoniyanı, bu ümumi musiqini pozmamaq üçün həmişə kömək etməyə tələsməlidir.

d. Onları bir-birinə qardaşlıq telləri bağlayır

Quran möminlər arasında münasibətləri üxüvvət (qardaşlıq, din qardaşlığı) kimi müəyyənləşdirir.

Bütün müsəlmanlar bir-biri ilə üxüvvət münasibəti qurmalı və qardaşlıq duyğusunu bir daha ortaya qoymalıdır. Üstəlik dəyanəti bir olan, İslamiyyəti yaşayan kəslərə gəlincə, onlar bir-biri ilə möhkəm bağlanmalıdır. Çünki “Möminlər ancaq qardaşdır” (“Hücurat” surəsi, 49/10) Mömin yer üzündə iman edən hər kəsə qardaş nəzəri ilə baxmalı, kainatı da bir qardaşlıq beşiyi kimi görməlidir.

e. Qüvvət haqdadır

Quran tərbiyəsi istinad nöqtəsi kimi qüvvəti deyil, haqqı qəbul edir. Yəni kim haqlıdırsa, o, qüvvətlidir. Kitabullah tərbiyəsi almış bir insan “Bu gün zəif olsa da, Allahın (c.c.) tövfiq və inayəti ilə haqq mütləq qələbə çalacaq!” inancı ilə yaşayır.

Möminin nəzərində haqqa hörmət bir ibadətdir. Bu səbəbdəndir ki, yer üzünün xəlifəsi Həzrət Ömər bir zimmi[7] ilə məhkəmədə üzə-üzə mühakimə olunmuşdu. Hakim xəlifə Həzrət Öməri yanına çağırmaq üçün bir iltifat göstərincə xəlifə ona xəbərdarlıq edib ədalətli olmağa çağırmışdı.

Qurana zidd fəlsəfi sistemlərin təsirinə düşməmiş bir mömin “And olsun əsr çağına ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi, 103/1-3) ayəsində buyurulduğu kimi daima haqqı yaşayar, haqqı tövsiyə edər. Mehmet Akifin dediyi kimi:

“Xaliqin namütənahi[8] adı var, ən başı Haqq,
Nə böyük şey qul üçün haqqı tutub qaldırmaq!
Hanı əshabi-kiram “artıq ayrılaq” derkən,
Mütləq “sureyi-vəl asr”ı[9] oxurmuş, nədən?”
Çünki məknun[10] o surədə əsrari-fəlah,[11]
Başda imani-həqiqi[12] gəlir, sonra səlah,[13]
Sonra haqq, sonra səbat,[14] budur, quzum insanlıq;
Bu dördü birləşdimi yoxdur sənə izmihlal[15] artıq...

Əşya vücudi-Haqqla var olur. Əşyanın nisbi bir həqiqəti varsa, o da Allahın (c.c.) Haqq isminə bağlıdır. Belə ki, “Haqq” ismi Allahın ən böyük adlarından biridir.

Mömin gücü haqda görür. Kim haqlıdırsa, o, güclüdür. “Haqq həmişə uca və yüksəkdir, Onu arxa plana keçirmək olmaz” həqiqəti İslamın bir prinsipidir. Dolayısilə haqq daima alidir, üstündür və heç bir şey onun qarşısını kəsə bilməz.

[1] Müslim, “Birr”, 33; İbn Macə, “Zühd”, 9.
[2] Bu ifadələr ötən əsrin 70-ci illərində deyilmişdir.
[3] Hadisələrin baş vermə ardıcıllığına görə düzülüşü.
[4] Məqsudu-bil-istehhaq – İbadət edilməyə haqqı olan yeganə varlıq – Allah (c.c.).
[5] Nari-beyza – "Bəyaz atəş" mənasında olan bu kəlmə fizikada 1800 dərəcəyə qədər istilikdə əriməyən cismin qızmış halı mənasında işlənir. Burada “Hər cür çətinliyə dözən” mənasında işlədilir.
[6] Əbu Davud, “Ədəb”, 101; “Müsnəd”, 5/42.
[7] Qeyri-müsəlman.
[8] Namütənahi - Sonsuz, ucu-bucağı olmayan. Nəhayətsiz.
[9] Vəl-asr – “Əsr” surəsi. Səadət əsrində səhabələr bir-birləri ilə görüşüb ayrılanda “Əsr” surəsini oxuyurmuşlar.
[10] Gizli, örtülü.
[11] Nicat sirri.
[12] Həqiqi iman.
[13] Saleh əməllər
[14] Səbir etmək, sabitqədəm olmaq
[15] Zərər, ziyan, məhv olmaq.