Bayram

Bayram İslami duyğu və düşüncənin öz məcrasından sızıb daşdığı və köpürüb hər yanı sardığı bir görüş günüdür. Bayramlarda, sanki, bütün keçmişimiz oyanır və nazlı gözlərlə ətrafı süzür. Keçmişdən bu günə, bizə aid xüsusiyyətlər bayramların ümumi ab-havasına elə sinmişdir ki, bu mübarək günlərin hər gəlişində mənliyimizin dərinliyində əsasən səmapayə (səma qədər yüksək) olan şanlı günlərimizi duyuruq. Gözümüzü yumub bayramları dinləyərkən bayrağımızın göylərdə dalğalandığı günlərin həzzini bir daha duyur və böyük bir tarixi, daha doğrusu, öz ruhumuzu, öz mənamızı, öz dəyərlərimizi bir daha yaşayarıq. Beləcə, bayram günlərində, sanki, könüllərin sevinc və kədərindən meydana gələn bir harmoniyanı birgə dinləmiş oluruq.

Bəli, bayram günlərində vicdanımızda bəzən müvəqqəti şirin bir hicran, zaman-zaman da zövqlü bir vüsal həsrəti çəkir və yaşayarıq. Hal-hazırda, bəzi bayramlar bizim üçün, sanki, sevinc və kədər bərzəxində keçir; bir tərəfdən ən ülvi hislərlə ruhlarımızı coşdurarkən, digər tərəfdən də könüllərimizə kədər və qüssə yağdırır.. bəli, çoxumuz o günlərdə həm sevinmək, həm də ağlaya bilmək üçün ruhumuzun bütün dərinliyi ilə açılaraq bir zamanlar itirdiyimiz cənnətin həsrətini duyur və bununla yanaşı, istiqbalda gedəcəyimizə inandığımız firdövslərin xəyalları ilə də məst oluruq.. yəni gözlərimiz bahar buludlarıtək yaş tökərkən, ruhlarımızda da hər an cənnət yamacları tüllənir. Bəli, buna baxmayaraq bayramların o rəngarəng xəyal və həsrət dolu canlılığı bizə, istər payız, istərsə də qışın ortasında olaq, təptəzə bahar hədiyyəsi ilə gəlir. Hər birimiz, sanki, o işıqlı günlərdə şirin bir hüzün, əngin bir inşirah və ya coşub-daşan bir ümid, içimizi dolduran bir sevinclə yenidən dirilirik. Dirilirik və getdiyimiz hər yerdə, sanki, bizdən əvvəl oraya Xızır gəlmiş səccadəsini sərmiş kimi gözlərimizi bir "basubadəl-mövt" ün ab-havasında açırıq.

Bayramdakı nazlı səslər, ruhlardan qopub gələn təbəssümlər, hər yerə yayılmış dostluq və qardaşlıq yaşanır kimi hər gələnlə qucaqlaşmalar, hər kəslə salamlaşmalar.. hər yerdə ikramlar, hər künc-bucaqda ziyafətlər və toy-büsat kimi sıra-sıra təbrik mərasimləri və ehtişamlı şəhrayinlər iradəmizdən asılı olmayaraq baş verir və bizə ümumbəşəri dostluq və qardaşlıq adına neçə-neçə gözəlliklər pıçıldayır.!

Könüllərimiz bayramları daim bir ehtiyac hissi ilə axtarır, biz də bu mübarək günləri bütün varlığı ilə duymağa çalışırıq.. təkbirlərlə, təhlillərlə coşur; istiğfarlarla iç dünyamızı təmizləyir.. hər yana yayılan səadət və sevinclə kədərlərimizi, dərdlərimizi bir kənara atır.. şifahi kültürümüzün bir parçası olan nətlər, ilahilər və minacatlarla nəfəs alır və bu bərəkətli günlərdə daha neçə-neçə sözsüz nəğmələr dinləyirik. Üstəlik duyğu və düşüncə nöqteyi-nəzərindən millətimizin məna kökləri ilə bağlı olduğu qədər, ailə quruluşu, yurd-yuva baxımından da bizim dünyamıza yaxın olanlar bu rəngarəng zaman dilimini bambaşqa duyur və bambaşqa hiss edirlər. El-obada, çadırlarda, döşəkçələr üstündə.. sadə evlərində manqal və ya sobalarının başında mütəkkə üzərində.. bağlarda ağacların sərin kölgələri altında, yaşılın qoynunda.. evlərinin ən geniş otağında və ya köşklərin, sahil kənarı evlərinin salonlarında yeyilən yemək və şirniyyatda, içilən çay, qəhvə və şərbətlərdə, sanki, hər an bayram duyulur, bayram hiss olunur, bayram yeyilir, bayram içilir və bayramla nəfəs alınır. Bayramın o səmimi və yumşaq ab-havasında duyulan səslər, eşidilən sözlər, imanla doymuş könüllərdə əks-səda verib şanlı keçmişimizin dərinliklərinə sirayət edir və orada bizi hər biri bir cahana bərabər xatirələrlə görüşdürür!

Bayramların hər kəsə açıq o müsamihəli saat və dəqiqələrində hər şeydən bir sevinc duyan uşaqlar gecə yarılarına qədər bayram duyğusu ilə oturub-durur, bayram müsamihəsi ilə gülür-oynayır; cəh-cəhlərini eşitdirmək çün budaqdan-budağa qonan və hər budaqda ayrı bir nəğmə oxuyan bülbüllər kimi yorulub əldən düşüncəyə qədər ağıla-xəyala gəlməyən oyunlar nümayiş etdirir və bizə bayram içində bayram yaşadırlar.

Bayramlar bütün insani münasibətlərə ən uyğun bir vasitə, bütün mənəvi zövqlərə ən uyğun bir zəmin, kütlələr halında sevgi ilə qaynayıb-qarışmağa ən münasib bir ortam və əbədiyyəti duyub-yaşamağa da ən əlverişli bir səhnədir. Hamımız onun o mavi dəqiqələrində məşru, halal cismani həzlərlə yanaşı, fikir və hiss ziyafətindən də öz nəsibimizi alır və ruhumuzun harmoniyasına qulaq asırıq. Üstəlik ibadət ruhu ilə əda edilən təkbirlərin, təhlillərin hər yanı bürüdüyü və bayram o özünəxas ab-havası, nazı, dadı və işvəsi ilə gəlib dalğa-dalğa könüllərimizə axdığı, axıb ruhlarımızı üxrəviliyə qərq etdiyi zaman artıq, sanki, bizi dünyanın fani və zail üzünə bağlayan zəncirlər bir-bir qırılır və özümüzü bir başqa mənəvi dərinliyə malik insanlara bənzətməyə başlayırıq. Bayramda illərdən bəri bayrama təşnə, bayrama həsrət könüllərimizə sevinclə coşan hər dəqiqə, hər an mərhəmət leysanı kimi üstümüzə yağır; qurumağa üz tutmuş ruhlarımızın hər yanını sulayır və qəlblərimizin dərinliyində yatan min bir ümid və təsəlli çiçəklərinə sur olub həyat bəxş edir.

Biz bayramları, demək olar ki, həmişə inanclı insanların üxrəvi zövq, dalğa- dalğa iştiyaq, bitməyən maraq və ölümsüz gözləntiləri ilə qarşılayır, duyur.. və kim bilir, neçə-neçə zövqü birdən dadırıq. Düzü, inanan könüllərin bayramları yaşarkən tam olaraq nə hiss etdiyini, nə duyub nə düşündüyünü anlayıb dilə gətirmək mümkün deyil. Çünki həyatın axirətdən təcəlli edib təmiz qəlblərə boşaltdığı hissi, zövqü anlamaq üçün ən az o qəlblər qədər bu gizli əsintini duyub yaşamaq lazımdır.

Bayramlarda möminlərin lahutiləşən müvazinətli hərəkətlərində, təmkinlə tüllənən davranışlarında, dərin mənalı baxışlarında, vəfalı və səmimiyyət tütən sözlərində daim cənnət söhbətlərindəki o füsunkar üslub sezilir. Bəli, vəzifə və məsuliyyəti yerinə yetirərək bayram zövqünü, bayram duyğusunu dadmış bu insanlar elə bir kamillik və ənginlik nümayiş etdirir ki, daim baxışlarda lahuti bir dərinlik, hərəkətlərdə füsunkar bir ciddiyyət, sükutlarda cazibədar vərəilik (təqvanın üstün dərəcəsi) və təbəssümdə də səmimi bir lətafət tüllənir. Hər kəs dərəcəsinə görə bayramın bu sehrindən öz nəsibini almışdır və hər inanclı çöhrədə bunu görüb duymaq da mümkündür. Çünki çoxu oxumamış və ciddi bir təlim-tərbiyədən də keçməmiş bu insanlar təkyənin, zaviyənin, məktəbin, mədrəsənin bütün varidat və müqtəsəbatını təmsil edirmiş kimi daim bir zənginlik sərgiləyir və bir ruhani dərinliklə oturub-dururlar. Bunların çoxu o qədər ürəkdən bağlı, o qədər etinalı və o qədər səmimidirlər ki, sanki, adi bir insan deyil, hər biri şanlı keçmişimizin bütün dəyərlərini daşıyan, çəkən həssas bir tərəzi və əsrlər boyu toplanıb bir yerə yığılmış bir dünya xəzinəsinin büllurdan canlı mücrümdürlər. Onların davranış və rəftarında, üslub və ədalarında, sanki, cənnət meyvələrinin ləzzətini, firdövs yamaclarının sükunətini, Allah camalını seyrin şirinliyini duyuruq. Onların hər şeyi dərin bir bağlılıqla süzən baxışları, hər məsələdə sağlam düşüncə tərzləri ruhlarının dərinliklərində hələ də canlılığını qoruyan bir məna kökünün varlığını göstərir və könüllərimizə keçmişin qürurunu, gələcəyin də ümidini pıçıldayır. Bu insanların hər biri təvazö ilə qürur, məhviyyət ilə izzət, əmniyyət ilə hüzn, sevinclə təmkin xəlitəli bir əhval-ruhiyyəni bölüşür və başqa millətlərdə görülməyən bir mükəmməlik ortaya qoyurlar. Bunların ümumi görünüşündə həm əbədi bir millət olmanın gizli rəngləri, həm də Quranı dərk etmiş, Quranı dinləmiş kamil ruhların təmkin və ciddiliyi var. Bunları bəzilərimiz hiss etməsək də, bu belədir və daim onların baxışlarından axıb ruhlarımıza tökülür və sözsüz, bəstəsiz bir alətdən gələn nəğmələr kimi ruhumuzun dərinliklərində əks-səda doğurur.

Sızıntı, Mart 1994

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.