İlahi günləri düşünərkən

Nə vaxt ki, Uca Yaradanın sonsuz qüdrətinə etimad üfüqündən nəbilərin vədində, vəlilərin xatirələrində olan günləri şəfəqlərin düzsözlü şahidləri ilə mülahizəyə alsaq, gələcəyi sanki özünə xas rəngarəngliyi və naxışları ilə görər, ümidlərimizin bir daha dirçəldiyini hiss edər, bir vaxtlar itirdiyimiz cənnətlərə doğru qanad çaldığımızı sanarıq. Varlığımız təbiətin ruhu ilə qol-qola, könüllərimiz də dinin şəfqət və əhatəliliyi ilə iç-içə olduğu halda uçduğumuzu sanarıq.

Bəli, hər gün bir əmarəsi (əlaməti) zühur edən şəfəqlərin də ifadə etdiyi kimi, önümüzdəki illər indiyə qədər gəlib-keçən günlərdən daha duyğulu, daha hərarətli və daha parlaq olana bənzəyir. Əgər xilafi-rüzgar əsməz və əmarələri zühur edən şəfəqlər bizim yanlış strategiyalarımızın toz-dumanına məğlub olmazsa, yaxın bir gələcəkdə ölkəmiz daha abad, dünya daha sirli, həyat daha ovsunlu və bütün varlıq İlahi bir mənzərəyə bürünəcək. Daima bir-birini əvəz edən "Tarixi təkrarlar" içində hərdənbir zühur edən, bizim də "Əyyamullah" deyəcəyimiz o müstəsna zaman diliminin ruhların son həddə qədər açılmasına əlverişli və könüllərimizə əbədiyyət ruhunu duyuracaq qədər də rəngarəng olacağına ümid bəsləyirik.

Kim nə deyir-desin, biz nə vaxt keçmiş və gələcəyi yüksək qüllələrin başından tamaşa etsək, dirçəlib yeni bir millət olmanın əks-sədalarını, tarix naxışlarının üzərində işlənən ümranların (mədəniyyət) ehtişamını, geri qaytaracağımız milli etibarımızı, dövlətlərarası müzakirələrə əsas təşkil edəcək mövzuları, danışılan sözləri, düşünülən məsələləri və bütün bunlarla rənglənən o sehrli zamanı, onun riqqətini, ab-havasını, ilhamlarını, möcüzələrini görür, duyur, hətta sanki yaşayırıq.. istəsəniz siz bunlara könüllərimizə sızan və bəzən həyəcan tufanı şəklində köpürən imanın, ümidin, əzmin nəfəsləri, sədaları və harayları da deyə bilərsiniz.

Bahar gələndə necə ki, özünəxas rəngləri, ətirləri, dadları və hərarəti ilə gəlir; ətrafımızdakı güllər, çiçəklər və çəmənlər necə ki, bütün yer üzündəki baharı xülasə edir, mənasını ruhlarımıza boşaldır və ehtişamını könüllərimizin qədrşünaslığına buraxır; eləcə də, duyğu, düşüncə və davranışlarımızla bəslənən sabahlarmız da bizə bütün ləzzətini təqdim edir və bizi təsəvvürlərimizin fövqündəki dünyalarda gəzdirirlər.

O ilahi günlərin ən güclü istinadı, heç şübhəsiz ki, imanımızdır, ümidimizdir, əzmimizdir. Bununla yanaşı, torpağın bağrında sıxılan toxum kimi iztirab günlərindəki sancı, xəfəqan və həyəcanlarımızdır. Gələcək günlər bunlarla çiçəklənib bunlarla var olacaq, bunlarla yad edilib bunlarla xatırlanacaq. Bəli, sabahların nəşə, sevinc və süruru daim keçmişin çilə, iztirab və sıxıntıların üstündə buğlanan bir hərarət, dalğalanan canlı bir işıq və ahəstə-ahəstə açan rəngarəng bir tumurcuq kimi xatırlanacaq. Həm də könüllərə rişələr salacaq qədər ənginliklə...

Madam ki, vicdanlarımızda belə bir baharın şəfəq əlamətlərini duyub hiss edirik; elə isə indidən onu ruhlarımızın ənginliyində yaşaya bilər və könüllərimizə açılan vüslət pəncərələrindən tamaşa edərək ona: “Xoş gəldin” deyə bilərik.. deyə bilər və ürəklərimizi şövqlə coşduran buna bənzər hiss və sezgilərlə ən ürək ağrıdan hadisələr qarşısında belə sevinclə nəfəs ala bilərik. Hərçənd ki, İlahi isimlərin rəngarəng bir aynası və əbədi aləmlərin də sirli yolu sayılan bu tərtəmiz dünyanın bütün gözəlliklərini duyub yaşaya bilməyəcək, ədədiyyən onunla birliyimizi davam etdirə bilməyəcək, xüsusilə də onun ehtişamlı dövrlərini dərk edə bilməyəcəyik, amma ömürümüzü əbədiyyətə olan imanımız, ümidimiz üzərində formalaşdıracaq, eşq və şövqün qanadları ilə sonsuza qanad aça biləcək və itirdiyimiz əbədiyyəti, güman ki, yüz dəfə, min dəfə duya biləcəyik. Belə bir əhval-ruhiyyə və əbədiyyətə inanc yönümlü düşüncə sayəsində hər bir ümidimizi, milli məfkurəmizi, onu həyata keçirmə naminə ortaya qoyduğumuz strategiyaları, uğrunda ömrümüzü verdiyimiz idealımızı, dört gözlə gözlədiyimiz səadətimizi və hər zaman qovuşmağı planladığımız zövqlərimizi qat-qat duyub yaşaya bilərik. Gələcəkdə qovuşacağına qəti inandığımız xoşbəxtliyi, könüllərimizin yamaclarında bir cənnət mənzərəsi və cənnət əks-sədası kimi duyub yaşayacaqsaq, bundan başqa insan artıq nə arzu edə bilər ki? Belə bir səadət vədi və bu ölçüdə hiss və duyğu hal-hazırdakı dumanlı min bir lütfdən daha yaxşı deyilmi? Zənnimcə, könüllərimizdə tüllənən və bütün ümid üfüqlərimizi bürüyən belə bir əngin səadət vədinə hal-hazır bütün zövq və səfalar fəda edilsə, dəyər.

Əslində, Onun eşqi və Onun dərdi ilə yaşayanlar, bir də bütün dərdləri unudub könüllərini Ona vüslət arzusu ilə doldura bilsələr, daxili aləmin dərinliklərində əbədiyyət duyğularının əsdiyini duyacaq, daimi zövqi-ruhanilərə qovuşacaq və “Bir bu qədər zövqə bu ömür kifayət deyil” deyəcəklər.

Bəli, Ona olan eşqimiz, hər yerdə və hər zaman Onu arayan baxışlarımız, bu baxışlarla ətrafımıza yumşaqlıq duyurmağımız və bu dəruniliklərlə hər şeyi şəfqətlə qucaqlamağımız, riqqətlə sevməyimiz bu ölçüdəki insanlığa xas elə ləziz ənginliklərdir ki, duyub dadanların -bu nümunələrin əbədi olan əsllərinə duyulan şövq xaric- zənnimcə, ruhlarında heç bir arzu qalmayacaq.

Hal-hazırda, hadisələrin ümumi mənzərəsi və həyatın keçmiş dövrlərə nisbətən daha fərqli bir istiqamət alması ilə inanan könüllərdən coşub-daşan eşqüşövq və hər ruhda hiss olunan diriliş coşqusu hər yerdə əl-ələdir.. belə ki, hər vadidə minlərlə dil, alovlu nəfəsləri ilə kömürləşmiş düşüncələrə həyat bəxş edir və bütün dünya işıqlarla dolu iqlimlərə doğru addım-addım gedir ki, bu Xızır nəfəslilər ətrafa mütəmadi həyat bəxş etdikləri və dünya da var olduğu müddətdə işığa möhtac bütün könüllər bu nur saçan simaları və onların qəlblərə nüfuz edən sözlərini gec-tez duyacaq və qaranlıqlarda yol azan, işığı sezəndə də ona yonələn pərvanələr və ya hər zaman günəşə baxan çiçəklər kimi mənbəyi sonsuz qədər ulu, rəngarəngiliyi ilə də o dövrdə yeni sayılan bu işığa tələsəcək; və beləliklə, bütün qəlblər eyni coşqu ilə coşacaq, bütün ruhlar da yenidən, bir daha diriləcək və dünya, böyük nisbətdə, üqba yönümlü bir şəhrayinə çevriləcək.

Bu qüdsilər hər zaman, ətraflarında olan və ya uzaqdan onların sıralarına tələsən milyonlarla insanın süqut və təsdiqi ilə işığa açıq qəlblərində cücərtdikləri duyğuları sanki təkcə özləri üçün deyil, keçmiş və gələcəyin bütün qüdsiləri naminə ifadə edirmiş kimi coşqun və əngin bir məsuliyyət duyğusu ilə sədalarını daha da zil səslə duyurmaq və daha yüksək səslə hayqırmaq istəyəcək və taqətləri tükənənə qədər avazlarını yüksəldib ruhlarının dərinliklərindəki mənaları məzardakılara belə eşitdirəcək qədər haray salacaqlar. Bəli, bütün daxili aləmi ilə mənəviyyata oyanmış və məna iqliminin cövhəri ilə doymuş bu insanlar, ülviləşmiş mahiyyətləri ilə ruhlarından yüksələn səsləri, eşqlərindən fışqıran sözləri və daxili aləmlərindən coşub-daşan hissləri ilə ən qatı duyğulara nüfuz edərək, ən paslı qıfılları açacaq və ən sərt könülləri belə yumşaldacaq. Yumşaldacaqlar, çünki onlar daim daxili aləmlərindən doğan İlahi meyarlı və lahut dərinlikli nəğmələri ilə öz ruhlarının səsini, öz eşq və şövqlərinin nəğmələrini tərənnüm edəcək və bütün insanlıq uğrunda imanlarını, ümidlərini, həyəcanlarını, qəribliklərini və vüslət arzularını səsləndirəcəklər. Onların gələcək naminə və sonsuza dəvət adına bütün çağrıları, bütün yönəlmələri, bütün ümidləri, bütün duaları və səmimiyyətlə gərilmiş ruhları sanki bizim bu günə qədər söyləmək istəyib söyləyə bilmədiyimiz, eşitdirmək arzusunda olub eşitdirə bilmədiyimiz və daim kor-topal buraxdığımız xüsusların ifadə edilməsi, səsləndirilməsi, şərh edilməsi kimi olacaq.

Hər halda, o dövrün insanları bizdən daha zəngin duyğularla bir-birlərinə yönələcək, daha fövqəl səslərlə bir-birlərinə xitab edəcək və daim eyni eşq və şövqü dilə gətirəcəklər. Elə keçmişdən bu günə, belə İlahi günlərdə həmişə bir sevənlər və bir də sevilənlər olmuşdur. Sevənlərin Məcnun, sevilənlərin də Leyla olduğu belə dövrlərdə bütün eşqlər, şövqlər, gözəlliklər, nizamlar Camali-Sonsuzun bir çox pərdədən süzülmüş kölgəsinin kölgəsi.. olması mülahizəsi ilə əvvəla hər şeyin əsl mənbəyi olan O, sonra da dərəcəsinə görə hər şey sevilmiş, qoxlanmış, sinələrə basılmış və Onun möhrü olaraq da hörmət göstərilmişdir.. və belə dövrlərin taleli insanları da ömür boyu sevmək-sevilmək duyğuları ilə yaşamış, çəkilən sıxıntıları da əbədi səadət naminə çıxılası bir zirvə və ruhun qidası qəbul edərək daim inşirahla nəfəs almışlar. Üstəlik bir də könüllərdə oyanan mərifət, məhəbbət və eşqüşövqü körükləyəcək bəzi sövqedici amillər meydana gələndə, onların ruhları sanki sonsuza açılan yelkən kimi qanadlanmış və zamanüstü, məkanfövqü bir mahiyyətlə Füzuliləşərək;

"Min can olsaydı, ah məni-dil şikəstədə
-Ta hər biri ilə bir kəz olsa idim fəda sənə.-"

demişlər.. deməlidirlər də, çünki müəyyən bir nöqtədən sonra öz qüdrət və zənginliyi ilə ayağa qalxan ruhlar, özlərini sərbəst ifadə edən duyğular, varlığı min bir mənfəzlə Ona açılan qapılar kimi tamaşa edən məntiqlər və mühakimələr elə bir səviyyəyə çatarlar ki, artıq maddə metafizikanın qarşısında bir hüdud, bir maneə olmaz, incələşərək şəffaflıq qazanar və sanki mənanın bir aksesuarı halına gələr.

Burada ifadə edilməyə çalışılan dəryadan bir damla duyğular, düşüncələr, ümidlər, hicranlar, sevinclər, inşirahlar bir çox milli röyalarımızın reallaşacağı, imanların mərifətlə dərinləşəcəyi, mərifətin eşqüşövqə çevriləcəyi, eşqlərin, şövqlərin ruhani zövqlərə yüksələcəyi yeni bir işıq çağından sadəcə bir neçə zərrədir.. dəryanı göstərən bir neçə qətrə. Hələlik uzaq kimi görünən bu röyalar aləmi, hər şəxsin istedad və qabiliyyətinə görə fərqli-fərqli görülsə, hiss edilsə də, hər şeyin bir müştərək duyğu və hiss çərçivəsində cərəyan etdiyinə şübhə yoxdur. Hər kəs belə bir gələcəyi, öz hiss, öz duyğu və öz könlünün ənginliyinə görə davam etdirsin; imanın, əzmin imkansızlıqları imkan daxilinə salacağı, bütün enişləri-yoxuşları düzəldib, dar cığırları da geniş yollara çevirəcəyi İlahi günlər yaxındır.

Elə zənn edirəm ki, maddənin və materialist düşüncənin banallaşdırdığı ibtidai ruhlar belə -əgər Allahın onlara bəxş etdiyi insani dəyərləri inadın əlinə verməsələr- bu iman və eşqüşövq dövründə Allaha yönəlmənin dirildici gücünü dərk edərək özlərini bu ümumi mənəvi dirçəliş sövqiyatının axınına buraxacaq və bu İlahi günləri bir abı-həyat kimi başlarına çəkəcəklər.

Sızıntı, Avqust 1996

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.