Xəyallarımdakı sabahlar
Bəşər övladı zaman fövqü mahiyyəti etibarilə, içində olduğu zaman dilimini dərk edib yaşadığı kimi, keçmiş dövr və gələcək zamanları da duyub yaşaya bilər. Bu gün həm içində olduğumuz zamanın dar həndəsəsinə sıxılıb qalmağı istəməməyimizdən, həm də gələcəyin xəyallarımızdakı çərçivəyə görə şəkillənib reallaşmasını təmin edən bir çox daxili və xarici dinamiklərin mövcudiyyətindən ruhlarımızın ənginliklərində zamanüstü duyğularımızı hərəkətə gətirib, bir tərəfdən keçmiş zamanlara nüfuz etmə yollarını araşdırır, digər tərəfdən də daim xoşbəxt sabahların xülyaları ilə yaşayırıq… imanın, ümidin, əzmin rəhbərliyi altında elmi təcrübə, mədəniyyət və sağlam məna kökünə söykənmə sayəsində xoşbəxt sabahların xülyaları ilə.
Biz keçmişimizin feyzinə, bərəkətinə, maddi-mənəvi zənginliyinə inandığımız kimi, aydın gələcəyin ənginlik və zənginliyinə də o qədər inanmışıq ki, onun tərtəmiz cana can qatan iqlimini, mavi səmasını, hər yanda tüllənən füsunkar gözəlliklərini və bu gözəl dünyanı təmsil edən ruh və məna nəsillərinin səslərini, sözlərini, ədalarını, üslublarını sanki indidən görməyə başlamışıq. Belə ki, keçmiş zamanları və o dövrlərdə yaşayan insanları təxəyyülümüzdə canlandırıb, içində olduğumuz eyni ab-havanı onlarla paylaşdığımız kimi, sanki gələcəyi də maddi-mənəvi bütün varidatı və özünəxas, fərqli insanları ilə yanımızda hiss edər və onları salamlayırıq.
Məhz bu mülahizə və bu duyğularla gözlərimi yumub iman, ümid və xəyallarımın təsvir-təyin etdiyi çərçivədə gələcəyi insani dəyərlərin dərinləşdiyi, duyğuların tamamilə üxrəviləşdiyi, bədənin eyni ruhi dəyərləri paylaşdığı və daim hiss dünyamızda aradığımız "itirilmiş cənnət"in təsəvvürlərimizi aşan, ən nadir cövhərlərindən meydana gətirilmiş zamanın qızıl dilimini könül gözlərimlə tamaşa edir və onun bəhrələrinin sanki xülyalarıma, röyalarıma axdığını duyuram.. duyuram və o dövrün bəxtiyar insanlarını əngin inanc, əngin təvəkkül və əngin təslimiyyətləri sayəsində ömürlərini mənəvi həzz və ləzzətlərin ən ovsunlayıcı atmosferində davam etdirərkən, bu əngin həzz və ləzzətlərin yeganə sahibləri kimi, qəlblərinin daim yaxşılıq və gözəlliklə döyündüyünü, gözlərinin xoşgörü və müsamihə düşüncəsi ilə açılıb-qapandığını, dünyanı bir cənnət kimi duyub yaşadıqlarını və öz duyğularındakı qədər hər an bütün könüllərdən, hətta bütün varlığın içindən ən rəngarəng bir nəğməni dinlədiklərini indidən təsəvvür edə bilir, ümidlərimin zirvələrində onlarla birlikdə səadətlərin ən ənginlərini bölüşür və gələcək nəsillərin talelərinə təbəssümlər saçıram.
Bəli, eynilə keçmişin gün və gecələri kimi hissi, şirin, rəngarəng və zəngin olacağına ümid bəslədiyim aydın sabahlar, o zərif və mavi ab-havası ilə nə vaxt gözlərimin önündə tüllənsə, xəyal dünyama Səadət Əsrinin boyasını vurar; könlümə o dövrün işıqlarının rəngini və ümumi havasının mülayimliyini, müsamihə və dialoqun hərarətini yağdırar və mənə xoşbəxtlik yuxuları yaşadar. Belə ki, ümid və iman dünyamda tüllənən bu yeni baharın gənc, uzun boylu mavi günlərinin içində həyat xəyallarıma o qədər yumşaq, o qədər səmimi və o qədər rəngli axır ki, sanki onda daim cənnətlərin təsəvvürlərimizə sığmayan dərinliklərini duyuram.. duyuram və bütün varlıq aləmi ilə qucaqlaşır, bütün canlıları şəfqətlə salamlayır, bütün insanları məhəbbətlə bağrıma basır və öz özümə: "Yaradanın kainatı yaratmaqdakı qayəsi yəqin ki budur" deyirəm.
Bəli, keçmişin suyu, keçmişin havası və altın çağların zərif naxışları üzərində hörülən bu dünyada qabalıq, ehtiras, bitməyən dünya sevdası, münaqişə, qalmaqal, xəyanət, yalan, zülm, rüşvətxorluq, oğruluq yoxdur. Bu dünyada mərdlik, zəriflik, diriliş əzmi, həyat sevgisi, mülayimlik və dialoq, haqqa qarşı ehtiram, əmanət duyğusu, vəfa hissi, doğruluq ruhu, ədalət və istiqamət düşüncəsi var. Bu dünyanın insanları kin, nifrət və münaqişəni lüğətlərindən silib atmış, həyatlarını sevgi, yumşaqlıq və insanlarla münasibət üzərinə qurmuşlar. Onlar ətraflarındakı insanları olduqları kimi qəbul edər; fərqli anlayış, fərqli şərh və fərqli davranışları münaqişəyə səbəb görmək əvəzinə bunu, düşüncə ənginliklərini sərgiləmə fürsəti bilib insanlara insan kimi yaşamanın yollarını göstərərlər.
Bu dünyada vəzlər (moizələr), Məhəmmədi ruhun nəfəsləri, konfranslar, seminarlar varlığın şərhi və Quran ədalı, açıq iclaslar və müzakirələr də Məsih ruhludur. Belə bir öyüd-nəsihətin verildiyi yerə yolu düşən bir insan bir anda duyğularında səhabələşər. Belə bir konfrans və seminara iştirak etmə bəxtiyarlığına nail olan biri hər kəsə və hər şeyə sevgi ilə qucaq açmanın zərurətini anlar. Belə bir açıq iclasdan nəsibini olan insan da vicdanındakı birləşdirici ünsürlərin canlanması ilə bütün varlığı şəfqətlə qucaqlaya biləcək bir ənginliyə yelkən açar.
Gözlərimi yumub həyatın günəş kimi yenidən doğulduğunu, hər tərəfin gözəlliklərlə aydınlandığını, al, bənövşəyi, sarı çiçəklərin ətrafa qəmzə saçdığını, çobanyastığının rəqs edib ərqəvanların lalədən alov aldıqlarını, növ-növ gözəlliklərlə süslənmiş ümumi ab-hava və atmosferin könüllərimizi səadət vədi ilə bürüdüyünü, ruhlarımızda əbədiyyətin rəngrləri ilə əngin bir fərəhin çağladığını, qoyun-quzu mələməsi, quşların cəh-cəhi, ağac səsi, su səsi, yarpaq xışıltısı ilə dolu, ana həyəcanı və uşaq sevinci kimi şirin bir "basubadəlmövt"ün sevilən çöhrələrdəki kimi füsunlu və cazibədar, sevən könüllərdəki kimi dolğun, inandırıcı, nəzakətli və zərif tüllənişlərini duyur, düşünür, zövqdən-zövqə keçir və yaşadığım zamanın dar çərçivəsindən çıxaraq özümü bu gözəlliklər harmoniyasına vermək istəyirəm. Mən verməsəm də, əlamətləri zühur etmiş o xoşbəxt gələcəyin rəngli, səmimi, həzz dolu və mavi günləri xəyallarımın mənfəzlərindən axa-axa könlümə boşalır, mənim olur və mənə təsəvvür edə bilmədiyim səadətləri vəd edir.
Əslində mən və mənim kimi düşünənlər hər zaman şanlı keçmişimiz kimi əngin və rəngin gələcəyimizi də bir tamaşa zövqü ilə duymuş, təxəyyül etmiş və hər şeyin daha çox könül dili ilə danışdığı, hər lövhənin insana dahiyanə duyğular ilham etdiyi, hər çöhrə, hər söz, hər mənzərənin könüllərimizdə insani duyğulara bənzəyən əməllər və imanlı xülyalarımızın zənginliyində arzular oyatdığı, oyadıb əbədi yurdumuzla bağlı gizli fikirlərimizi, məhrəm hislərimizi qıcıqlandırdığı və bizi keçmişimizi xatırladan rəngli röyalarla qucaqlaşdırdığı elə ləziz dəqiqələr yaşadar ki, nə vaxt onun ruh və məna qoxan ənginliklərinə açılsaq, ruhumuzun dərinliklərində mürgüləyən bütün hislərimiz şahlanar, coşar və bizə məhdud həyatlarımızı aşan neçə-neçə hüdudsuz səadətlər bəxş edər!
Biz xəyallarımızda yaşatdığımız bu dünyanı hər zaman bir nəğmə kimi duyar, bir məşhər kimi nəmli gözlərlə tamaşa edər və hal-hazırkı durumumuzu da o əbədi gözəlliklər yolunda bir dar keçid sayaraq, sanki önümüzə qəfildən çıxan bir boşluq kimi daim sıçramaqla keçirərik. Beləliklə də, biz heç vaxt həqiqi mənada bir boşluq yaşamarıq; ömürlərimiz təsəvvürlərimizin naxışları kimi reallıqlarla hörülər və biz də daim gözəllikdən gözəlliyə uçarıq. Bizim dünyamızda heç vaxt narahat səs-küy və ürküdən səssizlik duyulmaz; insan bu dünyada hər an sükut içində bir canlılıq və hərəkət içində bir sükunət yaşar. Burada hər saniyəsi ayrı bir mülahizənin təsiri ilə ruhun rabitələri daim möhkəm, arzular və əməllər dipdiri, görülüb duyulanlar da şəhrayinlər kimi ruhlara inşirah verir. Burada ölüm duyğusu və axirət mülahizəsi könüllərə toxunan hərarətli bir dodaq, ruhun dərinliklərində yatan əbədiyyət arzu və şövqünü coşduran sirli bir bəyan və təxəyyüllərimizə badə-badə cənnət kövsərləri təqdim edən bir saqi kimidir. Başqaları üçün hər şeyin saralıb-solduğu, hər yanın xəzanla ağladığı ən kabuslu dəqiqələrdə biz ömrümüzün ən rəngli, ən səmimi, ən cazibədar və ən ləzzətli anlarını yaşarıq.
Bu dünyada hər səs bir “başlanğıcı” müjdələr və ümidlə könüllərimizi coşdurar. Və yenə bu dünyada həyat o qədər bəqa əndamlı və mənalıdır ki, sanki hər an yaşadığımız zamanın ayrı bir şeirini, ayrı bir nəğməsini dinlərik.. hər zaman ruhun daha da açılmasına yarayan və bizi daim ən şirin xülyalarda gəzdirən, gəzdirib iliklərimizə qədər eşq və vüslət ehtiyacını körükləyən bir əfsunun içində olduğumuzu sanarıq. Şanlı keçmişimiz bu sehirli röyanın ən sağlam vəsaiti, ətrafda tüllənən min bir şəfəq əlaməti də onun ən canlı şahididir.
Sızıntı, Sentyabr 1994
- tarixində yaradılmışdır.