Yenidən çiçəklənən düşüncələr

Gecələri gündüzlər izlədiyi kimi, daima dövr edən tarixi hadisələr də az fərqlə bir-birini təqib edir. "Az fərqlə" deyirəm, çünki biri "cəbri, lütfi" insan iradəsi fövqündə cahanşümül makro planın kiçik bir nüsxəsi kimi təcəlli edir; digəri isə, “şərti-adi” planda insan iradəsinə bağlı olaraq.. birincisi uzanıb-qısalma, yeknəsək, müttərid, müntəzəm və təqvimə bağlı; ikincisi, fərqli-əsnək, dar-geniş, istəyə, diləyə, səbəbə bağlı və iradə mehvərlidir.

Gecə və gündüz hər iyrmi dört saatda bir tülu və qürub səmasında görsənib, dünyanı işıq və qaranlıqla bürüdüyü kimi, millətlərin və millətimizin tarixi təkəvvünü və təbəddülatı da iqbal və idbar tələvvünü ilə növbələşərək cərəyan etmiş və hal-hazırda da etməkdədir.

Bəli o, sərkarları etibarilə bir dövrdə məna ilə ovsunlu, bir başqa dövrdə maddə ilə məshur və talehsiz, bir zaman dilimində də materializmin əsarəti altında iffətzədə (iffəti zədələnmiş), ismətzədə, xarakterzədə olaraq daim "təbəddül (dəyişmə)" və "təkəvvün (meydana gəlmə)" arasında gəlib-getmişdir.

Böyüyən, böyüyərkən də hər yana kök salan millət və dövlətləri bir yelpik kimi bir istiqamətdə inkişaf edən, hökm və nüfuz etibarilə də bütün dövrləri, bütün məkanları əhatə edən əzəl qaynaqlı, əbəd hədəfli görmək, daha doğrusu elə zənn etmək fövqəladə yanlışdır. Hər doğulan böyümə yoluna girər, inkişaf astanasına və yüksəlmə yoxuşuna çıxar, ancaq bunlar arasında sadəcə taleyin yollarına su səpdikləri böyüyər.. və böyüyənlər də gec və ya tez, mütləq ölümlə üzləşər!

Varlıq və hadisələrlə yaxından təmas qura bilmdiyimiz nisbətdə bu aqibəti hər gün görə və müşahidə edə bilərik. Bəli, əgər əşya və hadisələri hər gün düşüncə süzgəcindən keçirə bilsək, düşüncə və xəyallarımızı bir-birinin əksi kimi sıra-sıra düzülən və ya üst-üstə yığılmış tarixi hadisələr üzərində gəzdirsək, dünyalar qədər səndələyib devrilənlərə, bir o qədər də cücərib boy atana, dirçəlib ayağa qalxana şahid olarıq.

Bir baxırsınız, qəfil bir fırtına, bir tufanla xəzana dönmüş yarpaqlar və ya qol-budağı qırılmış yaşaya bilmək üçün bığcıqları, saplaqları ilə ora-bura dolaşan, ona-buna söykənən sarmaşıqlar kimi ölümün əllərində çırpınan millətlər, toplumlar ümidin söndüyü bir anda birdən-birə içində qaynayıb coşan və dirilmək üçün suri-İsrafil gözləyən, hər filizin ən cılız tumurcuğunda, ən gözdən uzaq çiçəyində millət ağacının tarixi səhifələrindən süzülüb gələn və həşrü-nəşrə görə planlanmış bir dirçəliş və inkişaf gücü ilə sarmaşığın tutuna biləcəyi dayaq nöqtələrinə dolanması, keçmiş baharlarını bir daha həyata qaytarıb canlandırmaya çalışması kimi tarixdə ehtişamlı dövrlərinə can atdığını, köhnə izlər üzərində yol aldığını, və buna olan ehtirasını, fəaliyyətini heyranlıqla görərik.

Bəli, millətimizin kökü, gövdəsi və budaqları fırtınaya tuş gəlmiş bir ağac kimi bu günə qədər, kim bilir, neçə dəfə sarsıldı? Kim bilir, neçə dəfə qarın-buzun qəzəbinə məruz qalıb rəngi-ruhu saraldı! Neçə dəfə günəşin od-alovunda kül rənginə döndü? Və neçə dəfə müxtəlif yeni-yeni həşrü-nəşrlərlə diriliş yaşadı? Əgər xəzanlar onun həyat və canlılığının bir yönünü alıb apardısa, baharlar da onu elə al-əlvan rənglərlə bürüdü ki, o var olma təkəvvün qarşısında hər şey saralıb-soldu və bütün aldadıcı rənglər bir-bir susdu.

Hal-hazırda heyrətamiz bir ahənglə, xırda-xırda saysız-hesabsız amillərdən, amillər arasındakı səssiz və sehrli qaynayıb-qarışmadan, heç görülməyən və gözlənilməyən bir canlılıqla həyata yeriyənləri görüb səssizliyə bürünmüş görünən bu füsunlu canlılığı və parçalanmışlıq hissini doğuran bu vəhdəti necə həqiqi və əbədi ölümlə yoza bilərik? Qaldı ki, elə olsa belə, qışlar daim bahara, gecələr də gündüzlərə hamilədir...

Daima təkrar edən tarix prizmasından hadisələrə baxanda biz son əsrə: "Din pozitivizmə məğlub oldu –bəzi düşüncələr belə idi– ruh və məna materializm qarşısında yenildi.. atom hər şeyin əsasıdır..""varlıq tamamilə maddədən ibarətdir" kimi ipə-sapa gəlməyən mırıltılarla girdik. O dövrlərdə enerji məfhumu hələ tam məlum olmadığına görə, maddənin bölünməz ən kiçik parçası "atom" qeyd-şərtsiz bir bütöv kimi qəbul edilirdi. Lakin hələ iyirminci əsrin ortaları gəlməmişdi ki, materializm ilk gözlənilməz zərbəni öz içindəki “cin”lərdən yedi və sarsıldı. Bəli o, özündə olan qüvvət, "enerji" düşüncəsi ilə vuruşdu və ona məğlub oldu. Hərçənd, o günlərdə enerji hələ özünəxas dərinliyi ilə məlum deyildi, amma müəyyən səviyyədə gördüyü işlərlə özünü biruzə verməyə və diş göstərməyə başlamışdı. Bəli, fizika enerjini deyil, onun fəaliyyətini bilir və onu bir maddə və maddə sisteminin malik olduğu mexaniki işlər hasil edən qabiliyyəti kimi tanıyırdı. Bu qədər tanıyırdı və bu qabiliyyətin nə olduğundan, ümumi keyfiyyət və xassələrindən bixəbərdi.

Enerjinin özünü biruzə verib irəli çıxması ilə onun maddə üzərindəki təcəllilərini qavrayıb dəyərləndirməyə çalışan materialist fəlsəfənin bir yığın müəmma, uçurum və yoxluğun sərhədinə gəlməsi eyni dövrə düşür; bu dövrdə artıq maddə enerjiləşmiş və ruhların gəzdiyi aləmlərdə dolaşmağa başlamışdı. Bu isə o dövrdəki reallıqlara görə materializmin şahidi kimi göstərilən bir obyektin materializmin əleyhinə ifadə verməsi kimi bir şey idi.. bəli, əgər atom sıxışdırılmış və kiçik bir həcmə yerləşdirilmiş bir qüvvət isə və əgər bu qüvvətdə müqavimətləri təbdil etmə qabiliyyəti varsa, sonra əgər bütün varlıq və hadisələr bu qüvvət axarında yaradılır və öz mahiyyətini alırsa, rəqəmlərlə ifadə edilə bilməyəcək qədər böyük qəbul edilən bu gücü ortaya çıxarıb Xirosima və Naqasakini külə döndərənlər onun o məqamdakı sehrli gücü ilə məşğul olsunlar, əslində onlar materializmi dara çəkir və bir sübh azanı kimi tarixi materializmin ölümünü elan edirdilər.

Arxası məlumdur; materializmə söykənən yalançı bir sistemin dağılıb, tarimar olduğunu hamımız birlikdə müşahidə etdik.. ailə və toplum nizamı ilə, ictimai və iqtisadi quruluşu ilə, sənət və estetika anlayışı ilə, əşya və insana verdiyi dəyəri ilə aldadan bir sistemin...

Bu qədər qan-irin, bu qədər mal və can itkisi və hər baxanda heyfsləndiyimiz hədər ömürdən sonra yenidən maddə və varlığı aşan düşüncələrimizlə imani dərinliyin və dini təsəvvürün dünyasındayıq. Millətimiz min il əvvəl də buna bənzər hərcmərclik və qarışıqlıqlarla əlbəyaxa çarpışa-çarpışa o tərtəmiz vicdanında duyduğu ümumbəşəri həqiqətə və yeddi-səkkiz əsrlik möhtəşəm bir dövrə "xoş gəldin" demişdi.

Millətimizin digər bütün meyarları üstələyən dərin bünyəsində ən böyük təsirin İslamdan qaynaqlandığına şübhə yoxdur. Bu millət İslam sayəsində maddi həyatdan ruhi həyata, nizamsızlıqdan nizama, dar dünyagörüşündən böyük ideallara, məhdud xəyallardan dünya və üqbaları aşan namütənahiliklərə yönəlmiş və öz dərinliyinin fərqinə varmışdır. Bəli, o, bir vaxt itirdiyi həqiqi dəyərlərini, üslub, zəriflik və incəliyini İslamda tapmış, ona könüldən bağlanmış və əsrlər boyu daim üqba yönümlü yaşamışdır. Yaşamış və davranışlarını ibadət, sözlərini dua, baxışlarını mərhəmət və incəlik, birliyini də qüvvət halına gətirmişdi.. və yenə İslam sayəsində o hislərdən ağıla, məntiqdən qəlbə, mühakimədən ilhama yollar açmış.. o yollarda yüksəlmiş.. duyğu, düşüncə, mədəniyyət, sənət və bədii zövqü ilə əbədi var olmanın sirlərini kəşf etmişdi.

Hal-hazarkı qarışıqlıq və böhranların da eyni ruhi zəfərlər doğuracağına və millət olaraq bir "basubadəl-mövt" keçirəcəyimizə tam inanırıq. Bəli, bəşəri səfalətlərimizi müalicə edəcək, ruhlarımızı öz dərinliyinə, öz dərinliyindən də hər şeyin həqiqi mənbəyinə yönləndirəcək gələcəyin könül qəhrəmanları sayəsində itirdiklərimizi yenidən əldə edəcəyimizə qəlbən inanırıq. Əgər fantaziya sayılmayacaqsa, buna bizim intibahımız da deyə bilərik.

Şübhəsiz ki, bu böyük dirçəliş üçün müəyyən hazırlıqlara ehtiyac var. Bu mövzuda, məktəbdən məbədə, məbəddən qışlaya, qışladan zaviyəyə cəmiyyət təbəqələrindəki hər cövhəri dəyərləndirilməli, mövcud olan potensial və təcrübə istifadə olunmalıdır. Lakin bütün bu hazırlıqları özünə qapanmış, payına düşənlə mütəsəlli, onlara ayrılan imkanları paylaşmadan başqa bir şey düşünməyən nəhəng elm ocaqları deyil, ciddi bir hüquq anlayışı, sağlam bir dünyagörüşü, yığcam bir millət şüuru və əsaslı bir düşüncə fəlsəfəsi ortaya qoyan.. və bütün bunları yüz illərdən bəri var olan millətimizin mədəniyyəti ilə bütünləşdirib yoğuran səviyyəli elm və fikir adamları; qəlb-ruh-ağıl və nizam-intizam əsasları üzərinə qurulmuş elm kompleksləri ilə həyata keçirəcəklər. Maddədə, ruhda, dühada, eşqdə haqla birləşmiş elm, mədəniyyət aşiqləri ilə təmsil edilən həqiqi maarif yuvaları və məsuliyyətin hərəkətə keçirdiyi, hərəkətləri də gəlişigözəl olmayan və öz həzzini, öz zövqünü düşünməkdən daha ziyadə, məfkurəsi uğrunda mübarizə yollarını araşdıran xarakter insanı Haqq dostları ilə.

Hal-hazırda, təkrar edən tarixi hadisələr silsiləsində belə bir dövrdə olduğumuzu nəzərə alaraq vicdanlarımızı bir daha gözdən keçirir və taleyimizə təbəssümlər saçırıq.

Sızıntı, Avqust 1993

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.